Filmimiz ilk dəfə bu beynəlxalq festivalda

Filmimiz ilk dəfə bu beynəlxalq festivalda
7 iyun 2018
# 13:51

“Qaranlıqdan reportaj” (“Reporting from Darkness”) tammetrajlı bədii filmi bu il Marsel Beynəlxalq Film Festivalında (Festival International de Cinéma Marseille - FID Marseille) Azərbaycanı təmsil edəcək.

Kulis.azın məlumatına görə festival bu ilin 10-16 iyul tarixləri arası 29-cu dəfə keçiriləcək.

Filmin rejissoru Elvin Adıgözəl, prodüserləri İntiqam Hacılı və Teymur Hacıyev, ko-prodüseri (co-producer) fransız Etienne de Ricaud, operatoru Vasif Vəlizadə, icraçı prodüseri Əfsanə Əliyeva, art-direktoru Nilufər Hacılıdır.

Ekran əsərində Elşən Ədalətli, Pərviz Gülməmmədov, Nigar Kulahmədova, Cahangir Məlikov, İlqar Dadaşov, Əhməd Qala, Vüqar Arıqlar, Tarix Vüsallı, Sevil Əlibəyli, Ruslan İsmayılov, Tərlan Rəsulov, Ayşad Məmmədov, Ziyadxan Əliyev çəkiliblər.

Filmin prodüseri İntiqam Hacılının verdiyi məlumata görə, film Biləsuvar rayonunda və Bakı şəhərində çəkilib. Memuar Filmsdə (Fil prodakşn və Caracteres prodakşnın iştirakı ilə) istehsal olunan “Qaranlıqdan reportaj” “FID Marseille”in əsas yarışma bölməsində Almaniya, Cənubi Koreya, Çili, Fransa, Braziliya, İspaniya, Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Belarus kimi ölkələrdən olan rejissorların filmləri ilə birgə yarışacaq.

Festival həm də öz spesifik xüsusiyyətinə görə seçilir. Yəni Marsel Beynəlxalq Film Festivalının fərqi ancaq dünya premyerası olacaq filmləri seçməsidir. Bu o deməkdir ki, yarışmada iştirak edən ekran əsərləri ilk dəfə ancaq “FID Marseille”də göstərilir.

“Qaranlıqdan reportaj” Azərbaycan kino tarixində ilk filmdir ki, bu festivalda iştirak edir. İntiqam Hacılı bu uğuru Azərbaycanda müstəqil kinonun (independent cinema) uğuru kimi dəyərləndirir.

# 1720 dəfə oxunub

Müəllifin son yazıları

# # #