“OD Media Production” tərəfindən istehsal olunan “Sərt gözəllik” tammetrajlı sənədli filminin istehsalı yekunlaşmaq üzrədir.
Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) ötənilki müsabiqəsinin qaliblərindən olan film ölkənin ən yüksək dağ kəndlərindən biri olan Xınalıqda köçəri həyat tərzi sürən ailələrdən bəhs edir.
Ekran əsərində mövsümi köç səbəbindən internat məktəbində təhsil alan uşaqların gündəlik həyatı, ailə həsrəti və təhsil uğrunda qarşılaşdıqları çətinliklər əks olunur.
Çəkilişlər Xınalıq və qışlaq ərazilərində aparılıb, final səhnələrinin isə yaylaqda lentə alınması nəzərdə tutulur. Filmin əsas məqsədi valideynlərin övladlarının təhsil alması naminə göstərdikləri fədakarlığı və ailə dəyərlərinin əhəmiyyətini tamaşaçıya çatdırmaqdır.
Filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Esmira Eyyubdur.