Azərbaycanın kino heyəti Vyetnamda təmsil olundu

Azərbaycanın kino heyəti Vyetnamda təmsil olundu
10 sentyabr 2024
# 18:04

Vyetnam Kino Assosiasiyası mükafatları, digər adları isə “Çərpələng” və ya “Qızıl çərpələng” mükafatları mərasimi 2003-cü ildən təşkil edilir.

Kulis.az xəbər verir ki, bu mükafat Vyetnamda hələ də ən məşhur kino və televiziya mükafatı hesab olunur. Tədbir müddətində Vyetnamın bütün ərazisində yerləşən kino mərkəzlərindən, TV kanallarından, studiyalardan 1000-ə qədər qonaq təşrif buyurub. Azərbaycanlı qonaqlar Vyetnam Kino Assosiasiyasının rəhbəri cənab Hum Tu tərəfindən qarşılanıb.


Bu il Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycanın Vyetnamdakı səfirliyi və Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyəti Vyetnam Sosialist Respublikasının Na-Çanq şəhərində 9-14 sentyabr tarixlərində rəsmi səfərdədir. Azərbaycan Kinematoqrafçılar İttifaqını Əməkdar artist, aktrisa Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev təmsil edir. Səfər çərçivəsində onların Vyetnamın tanınmış kino nümayəndələri ilə görüşü, Azərbaycan-Vyetnam kino əlaqələrinin gücləndirilməsi məqsədi daşıyan görüşləri nəzərdə tutulur. Heyətin verdiyi məlumata görə, Vyetnam Azərbaycan haqqında kifayət qədər məlumatlıdır.

2024-cü il sentyabrın 10-da rəsmi mərasimlərin başlanğıc günüdür. Qeyd edək ki, ölkənin ən məşhur tədbiri hesab olunan bu mərasimdə Azərbaycanın Vyetnamdakı səfiri cənab Şövqi Mehdizadə də heyətin tərkibindədir. Heyət üzvləri bu gün qırmızı xalıdan keçərək festivalın mükafatlandırma mərasiminə qatılacaqlar.

Qeyd edək ki, kino heyətinin Vyetnama səfəri Azərbaycan Kinematoqrafçılar İttifaqının və Vyetnamın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində təşkil olunub.

# 302 dəfə oxunub

Müəllifin son yazıları

# # #