Məhəllə futbolu - Hekayə

Məhəllə futbolu - Hekayə
12 avqust 2020
# 17:58

Əvvəllər, vaxtımızı səmərəli keçirmək üçün yığışıb, kiçik və uçuq məhəllə meydançasında futbol oynayardıq. Sonradan, oynamaq istəyənlərin sayı artdı, daha böyük meydançaya keçmək zərurəti yarandı, dost-tanışlar bir yerə yığışdıq və həvəskar bir məhəllə komandası yaratdıq.

Komandanın təşkilati məsuliyyəti çox zaman mənim üzərimə düşür. Həftənin əvvəlindən, çətin və məsuliyyətli bir işlə qarşı-qarşıyayam: hamını toplamalı, heyəti fomalaşdırmalı, düzgün bölgü etməliyəm.

Beləliklə həftəiçi, həvəskar komandamızın bütün üzvləri həyəcanlı anlar yaşayır, messencerim sual dolu ismarıclardan şişib, partlamaq həddinə çatır.

Müasir dövrdə, internetin və sosial şəbəkələrin operativ üstünlüyü məni hamıya ayrı-ayrılıqda xəbər göndərmək əziyyətindən xilas edir. Şərti adı "Məhəllə cayılları” olan qrupa, "bu həftə oynuyursanmı?” sözünü yazıb, "enter”i basmaq və bir neçə dəqiqə gözləmək kifayətdir ki, vatzapın xarakterik cingiltisi eşidilsin. Təsdiq cavabları dolu kimi yağır. Daha bir neçə dəqiqə və budur komanda hazırdır.

Mikrorayondakı geniş bir sahəni tutan stadionumuz, vahid və böyük meydançadan ibarətdir. Stadion gündəlik oynayan məhəllə komandaları üçün ortadan iki bərabər, nisbətən kiçik hissələrə bölünmüşdür.

Ancaq, həftə sonları burada peşəkar oyunlar da keçirilir. Əvvəllər, meydançanın futbol üçün o qədər də əlverişli olmayan köhnə "rezin” örtüyü, indi müasir görünüşlü və daha rahat olan süni ot örtüyü ilə əvəz edilib. Fəqət süni örtüyün də, yağışlı və çiskinli havalarda sürüşkən olması kimi mənfi cəhətləri vardır.

Oyun günü səhər, futbol geyimimi və idman ayaqqabımı dürtərək kiçik çantama yerləşdirməyə çalışıram. Qəflətən vəziyyət gərginləşir. Evdə xoşagəlməz bəzi kiçik təzyiqlərlə üzləşməli oluram. Otaqdan anamın tənə dolu səsi eşidilir: "Bu yaşda da futbol oynayarlar? İndi bu küləkdə gedib yenə özünü soyuğa verəcəksən?!” Həmişəki kimi, anam narazıdır. Heç nə deməyib, barmağımın ucunda dəhlizə keçirəm və səssizcə aradan çıxıram.

Meydançanın kip örtülmüş dəmir darvazasını açmaq üçün azca güc sərf etməlisən. Hava toranlaşan kimi yandırılan projektorun ağımtıl parlaq işığı gözlərimi qamaşdırır. Yamyaşıl üzüyola meydança sanki, adama "haydı durma, gəl oyna, qol vur” deyir.

Komanda yoldaşlarım meydançanın kənarına toplaşıb, yubanan oyundaşlarına, yəni mənə məzəmmətlə baxırlar. Onlar qaçış çığırında yüngül məşqlər, müxtəlif qızışdırıcı hərəkətlər edir və səbirsizliklə oyunun başlanmasını gözləyirlər. Biz heyətdəki güclü və zəif oyunçuların tarazlığı pozmadan, hər biri yeddi nəfər olmaqla, iki bərabər güclü komanda yaratmalıyıq.

Vahid forma olmadığından, burada istənilən komandanın yaxud da oyunçunun formasına rast gəlmək mümkündür: "Qarabağ”, "Qəbələ”, "Real”, "Barselona”, "Qalatasaray”, Messi, Ronaldo, Arda. Bir sözlə, aləm bir-birinə qarışıb.

Bölgüdən sonra, hər komanda kiçik məşvərət və məsləhətləşmə keçirir, oyunçular mövqelər üzrə vəziyyətlərini dəqiqləşdirirlər.

Nəhayət, fit səsi eşidilir, top mərkəzdən oyuna daxil edilir və mübarizə başlayır. Oyunu idarə edən hakim, arbitr olmadığından burada, məhəllə futbolunun bütün klassik qayda-qanunları və spesifik leksikonu tətbiq edilir.

Məhəllə futbolunda aşağıdakı qaydalar keçərlidir.

- Vahid qapıçı yoxdur və o hər qoldan sonra dəyişir

- Cərimə zərbəsi, onbirmetrlik olduqda, top ələ dəydikdə tez-tez mübahisələr düşür, kimsə mütləq cığallıq edir

- Adətən, ən sürətli fint və driblinq etməyi bacaran oyunçu hücuma, qabariti və texnikası zəif olan müdafiəyə meyl edir.

- Əgər top meydançadan xeyli kənara düşərsə, onu zərbəni vuran oyunçu gətirməlidir və sair...

Beləliklə, bir saat sürətlə keçir və qarşılıqlı hücumlar şəraitində keçən prinsipial, güzəştsiz idman mübarizəsi sona çatır. Daha çox əzm, iradə göstərən, sarsılmaz dözüm nümayiş etdirən, oyuna konsentrasiya olan komanda qələbə qazanır.

Oyun bitdikdən sonra, boğucu hamam buxarının kəskin tər iyi ilə qarışdığı "razdevalka”da fərqli əhval-ruhiyyə hökm sürür. Kətil üzərində əyləşib əynimi dəyişir və komanda yoldaşlarımı bir-bir müşahidə edirəm. Uduzan komandanın oyunçuları (təəssüf, mən də o siyahıdayam) kefsiz və məyus halda oturmuş, gözlərini məchul nöqtəyə zilləmişlər. Onlar tərəfdən səs-səmir, hənirti belə gəlmir. Elə bil qurbağa gölünə daş atmısan.

Digər tərəfdə isə, vəziyyət tam fərqlidir. Səs-küy baş çatladır, ağız deyəni qulaq eşitmir. Qələbə qazanan tərəf yüngül eyforiyanın təsirindən vəcdə gələrək zarafatlaşır, qızğınlıqla başa çatmış oyunu və sərfəli nəticəni müzakirə edirlər. Kimisi, oyundaşının ötürməsini tərifləyir, digəri yaralı dizini göstərib ufuldayır, özünə qarşı edilən haqsız kobudluqdan şikayətlənir.

Duş qəbul etdikdən sonra, dostlarla sağollaşıb, təmiz havaya çıxıram. Bayırda gün batmış, hava tamam qaralmışdır. Özümü yüngül, gümrah və rahat hiss edirəm. Ryukzakımı çiynimə aşırıram, səkiyə adlayıram və yaxınlıqdakı dayanacağa tərəf addımlayıram.

# 8389 dəfə oxunub

Müəllifin son yazıları

# # #