Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

Oxtay Vətənxah

Oxtay Vətənxah

13 oktyabr 2022
# 17:00

Kulis.az "Sözün Güneyi" layihəsindən Oxtay Vətənxahın şeirlərini təqdim edir.

Oxtay Vətənxah 1989-cu ilin sentyabr ayının 4-də Təbriz şəhərində dünyaya göz açıb. 2011-ci ildə Təbriz universitetində İnşaat Mühəndisliyi fakültəsinin məzunu olub.
Oxtay sərbəst şeir janrında "Biz tarixin alzeymeriyik" və "Bilməzkən utanmamaq" adlı kitabların müəllifidir.

***
Ayrılıq rahatlaşmışdı,
hər yerdə ayrıla bilirdim,
kafedə çay içə-içə,
xiyabanda tələsik mesaj yaza-yaza,
Nə keçmişdəki təki hövüşnəsi vardır,
nə aylarca depresiyonu…
Bu sonucu gözəlcəsinə mənimsəmişdim.
Ayrılıq rahatlaşmışdı!

***

Sənsizəm
və bu şeirə gözəl bir başlanış deyil.
Bir gecə qucağımda yatmışdın
yuxuda danışdın,
“Mən yatmışam” – dedin.
Yuxudaydın,
buna inanmadım.
Sonralar əl-ələ xiyabanda gəzirdik,
dedim, oyaq deyiləm!
və səndə buna inanmadın,
ikimizdə yuxu içində sədaqətə dolmuşduq.
Çox sonralar bildim o xiyaban sənin yuxularının bir parçasıydı.
Sənsizəm,
və bu şeir ortasında gözəl bir cümlə deyil,
Ruhum baş ağrı tutub,
Yuxularım qırıq-qırıq
Həyat isə ardıcıllığını uduzub,
səslər havada avara,
insanlar günbəgün çoxalır.
Bu səni görmək ehtimalının sərətanıdır.
Görüb sovuşuruq,
görməsək də, getmək zorundayıq.
Nə səni xatırladan mahnılar qaldı,
nə mənim qüruruma toxunan dekləmələr.
Səsimi rekord elədim,
və “play” düyməsini basanda hər an
spikerlər sədaqətə dolur.
“Mən maşınam”
“Mən maşınam”
Sənsizəm,
və bu heç yerdə gözəl bir şey deyil,
nə filləri dustaq eliyən kafedə,
nə “Günəş” kafesində,
və nə heç birimiz olmayan yerdə.
Nə gözəl bir şeydir,
Nə də gözəlliyə doğru gedən bir duyğu,
Hansı mənzərə bizi fikirləşdi ki?!
Hansı orman bizi gizlətmək həvəsində yarqaqlandı ki?!
Hansı yol təkcə bizimkidir ki?!
Sənsizəm,
mənzərələri ormanlara gedən yollarsız,
və bu şeirə gözəl bir qurtuluş deyil!

***

Bu şeirin yüzdə doxsanı alkoldur
Yüzdə onu isə morfin.

Gözlərimizi yumduq heç nə görməyək,
qaranlığı gördük,
qulaqlarımızı tutduq heç nə eşitməyək,
Səssizliyi eşitdik.
Dedik, sonralar danışarıq,
susduq!
Birisi qolbağı oldu qolumda,
birisi əlcək olub yırtıldı,
birisi rəsm olub asıldı divardan.
Mən heç nə olmadım deyə,
utandım…
Liftin önündən başlandı hər şey,
içəriyə girərkən o uşaq
qapı bağlandı.
dayandım!
Qapı açılarkən bir qoca gözlərimə daldı –
qorxdum!..
Sənlə bərabər liftə mindiyimdə,
ikinci qatda səni öpdüm,
üçüncü qatda qocalmışdım,
Sonralar başladım axşam saat 6-da “günaydın” deməyə.
Gecəni divara daldım,
heç bir zaman olduğum xiyabanda deyildim,
gözlərimi yumub “yuxu” adlı bir dizinin özətinə baxıram.
Çörəkxanalarda toyumdur,
düşünmüşəm su yumşaqdır,
Yuxularım dişsiz…
Saatları yatmış
xalçalarımızı dəniz üstünə salmışdıq,
inanırdıq bir səhər yuxudan oyanacağıq
“yaşamasın ölümsüzlər” – qışqırırdıq “saat qabağ”ında.
Dişlərim qulaqlarınızda sırğa olmuşdu,
saatlarım qollarınızda işləməyə başlamışdı,
sürgünəm iç-içə yuxular içində,
düşünmüşəm su düşündüyümdən daha yumşaqdır.
Bu şeirin yüzdə doxsanını içmişəm,
və yüzdə onunu çəkməliyəm…

***

Fərqliydik,
sən sinsimək duyğusunu itirmişdin,
mən isə, itirmək kəlməsini sinsitməkdə duyğulanırdım
yəni!..
Bunun yənisi yoxdur,
fərqliydik,
sadəcə bu...
Pelikanlar köçürdülər,
ara-sıra elektiriklərimiz kəsilirdi,
susayırdıq…
Azalırdıq…
Bunlar kiçik sözlər deyil,
normal sözlərdir.
Qocalığa doğru fırlanan tredmillər
Arzu nədir ki?!
Sən arzunu beynində yaşadırsan da,
arzu bizdə yemək adıdır…
Su adıdır,
İşıq adıdır,
Arzusuz su içmərik,
Yemək yemərik,
onun üçün günü gündən suya gedirik.
Fərqliydik,
sadəcə bu…
Sənin üçün “olmamaq” kəlməsi yanı yolunu dəyiş,
Burada imkansızlıq yanı sən!
***

# 2867 dəfə oxunub

Müəllifin son yazıları

# # #