Yorucu təsir bağışladı – Hekayə müzakirəsi

Yorucu təsir bağışladı – Hekayə müzakirəsi
31 avqust 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Orxan Cuvarlının “Qardaşımın atası” hekayəsi haqda yazarların və tənqidçilərin fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Cavanşir Yusifli

Bitməyən müharibə hekayə(t)ləri - Cavanşir Yusifli yazır » Manera.Az

Orxanın “Qardaşımın atası” adlı yeni hekayəsinin başlığı zahirən əlaqəsiz görünür, amma səbirlə oxunduqca bu ad mətnin içərilərinə qədər gedir və sonra hekayənin bir də, sondan əvvələ fikrən vərəqlənməsini şərtləndirir. Hekayənin fabulası hər kəs üçün nə qədər ağrılı olsa da (həm də hirslə atıb getdiyin yerlərin acı xatirələrinin yarası...) adi bir süjetə söykənir, ata, ana və oğul üçlüyü. İki qardaş var: biri sakit, zirək, digəri emosional, hər ikisi anasına bağlı, amma fərqli şəkildə. Doğma, qanından olan adamlara qarşı iki fərqli münasibətin anidən təmas tapıb birləşdiyi, üz-üzə gəldiyi nöqtə hekayənin əsas ideyalarını nişan verir, həm də onun qurulma, yazılma metodunu aşkarlayır.

Zənnimizcə, hekayəçilikdə iki cür, iki tip təhkiyə var, daha doğrusu, iki təhkiyə məntiqi: hər cümlənin, yaxud pasajın nəsə deməyə, nələrisə tələsik, yaxud uzadaraq (-!) deməyə çalışdığı mətnlər, bir də bunlarsız qurulan, qısa desək, nə deyəcəyini “düşünməyən” mətnlər. Orxanın hekayəsi bizim fikrimizcə, ikincisinə daha çox yaxındır və bu deyək ki, daha perspektli yazı metodu sayıla bilər. Bu tipli hekayələrdə əsas olan aura və atmosferdir, məhz bu ikisi mətnin ən müxtəlif yaruslarından baş qaldırıb, oxucu hislərinə təsir edib müəyyən təbəddülat yarada bilir və beləliklə, düşüncəmizi bir ideya, bir mətləbin həllini axtarmaqdan xilas edir. Bu halda “nə oldu” sualı “niyə belə oldu, yaxud olmadı” sualı ilə əvəzlənir. Hekayədə bu aura və atmosfer Eldarın Türkiyədə “Acı badem” xəstəxanasında ümidsiz vəziyyəti, ikinci dəfə bütün gücünü toplayıb gözlərini həkimin çeşməyinə zilləməsi ilə yaranır, məlumdur, bu atmosfer çox bitkindir, ağır hava və aurası ilə seçilir. Həm də oğul burda tək olduğundan hislərini, ağrı-acısını çəkə bilir, özü üçün aydınlaşdıra, ifadə edə bilir. Həmin epizodun daha ağır paraleli də var: yadınıza salın, anası artıq əldən düşmüş, bir dəri, bir sümük qalmışdı, ən son gördüyü şey nəydi onun? Anasının gözlərində öz əksini görmüşdü. Son dəfə atasını görəndə stolun üstündə hər şey onun artıq gedəcəyini bəlləyir, hər şey bitmiş, evdə bütün əşyalar pərən-pərən düşmüş, stəkansa boşdu, içilib bitmiş... Həkimin qəbulunda olanda ümidsizliyini otaqdakı stəkanı başına çəkməyi ilə batırmaq istəmişdi. İndi atasının qalxıb-enən sinəsinin, tər puçurlayan alnının bərabərindəki stəkan elə həmin stəkandır...

Hekayənin əvvəlindəki ağrı-acı, son ümidin də param-parça olması, dağılıb külə dönməsi mətnin əvvəlini sonu ilə birləşdirir və hər ikisinin təmasından yaranan “ah” (hekayədə, mətndə ən dəruni hiss və duyğunun uzaq məsafələrdən yığılıb ifadə edilməsi – !) bütün mətn boyu təhkiyədə bizi müşayiət edən “ikiləşmənin” daxili qatlarını qaldıra bilir.

Eldar hava limanında taksiyə minir, bir az keçmiş arxa oturacağın şüşəsini endirib kənara tamaşa edir, uşaqlıq, yeniyetməlik və gəncliyində gördüyü, yaddaşında saxladığı mənzərələr və bir də indiki bər-bəzəkli şəhər bozluğu, bunların yaddaşda qaldırdıqları toz-duman evə çataçatda çinar ağacının kölgəsində “yatır”, ancaq burda da uşaqlığın yaraları, daim ayağındakı yaraların qaysağını qoparmağa meylli olması, şirniklənməsi və bu adətini yaşlaşdıqca yadırğamaması, o biri qardaş – Malikin daxili susqunluğu, emosiya və içindəki duyğu daşqınını idarə etməsi, iki fərqli insanın – iki qardaşın fərqli cəhətlərindən həyatın mənası sıxılır, ağrı verir, iztirab acısı çəkilməz olur.

Real həyat və yaddaşın qütbləşməsi... Hərdən yaddaşda iz qoyan nəsnələr gerçəkləşmək, indiki zamana dönmək istəyir (biz hiss etməsək də, keçmiş heç zaman bitmir, həmişə gələcəyə, özündən sonrakılara nüfuz edir...), çünki onların kökü insanın qəlbində rişələnir. Beləliklə, itmiş, it-bata düşmüş mənalarla oyun – ayrılıq içində unudulub gedir. Uşaqlıqda alaqapıya dəyən zərbələrdən yaranmış toz izi insan üçün çox əziz və məhrəm olan mənaların xislətini açır: onlar yaddaşın ən dərin, heç işıq düşməyən yerində gizlənirlər. Nə vaxt oyansalar, sənə bənzəyən, sənin xasiyyətinə çəkən insan gəlir dünyaya və o dəhşətli iztirab yenidən başlayır...

Nərgiz Cabbarlı

Uşaqları oyuna salan şeirlər - Nərgiz Cabbarlı yazır...

Orxan Cuvarlının “Qardaşımın atası” adlı hekayəsi böyük bir insan faciəsinin səmimi, təsirli, inandırıcı və ağrı oyadan təsviri ilə yadımda qaldı. Elə adın özü (həm də məzmundan əvvəl və bu olduqca əhəmiyyətli amildir) oxucuya travmatik (müasir cəmiyyətimiz üçün artıq adiləşmiş olsa belə), ağrısını və ağırlığını itirməyən ailədaxili münasibətlərin faciəvi səviyyəsindən xəbər verə bilir. Bir-birinə yad olan doğmalar. İlahi ədalət. Tənhalıq. Uzaqlıq. Qayıdış. “O mənim üçün yoxdur” nidasının kölgəsində uyuyan qırılmaz bağlar... Bunların hər biri hekayəyə səpələnmiş problemlərdir. Baxmayaraq ki, hekayədə xilas yolu qalmamış bir ataya “son baxış” borcunu verməyə gələn övladdan danışılır. Bu gəliş – bu səfər illərin xatirələrini, yükünü, əzabını, incikliyini, unudulan və unudulmayanlarını – hamısını bir arada və bir gəlişdə yüklənib daşıya bilir. Və mətn boyunca bunların hamısını detallarla görə, hiss edə, yaşaya bilirsən. Müəllifin ən böyük uğuru bundadır. Bir də qəhrəmanının yaşadıqlarını, hiss etdiklərini əlavə şərhlərə yol vermədən təsvir edə, çatdıra bilməsində.

Hərçənd elə məqam oldu ki, xatirələri canlandıracaq detalların hamısını bir cümlədə canlandırmağa çalışması – sadalananların çoxluğu yorucu təsir bağışladı. Lakin bununla belə, ağrılı hekayədir. Müəllifini təbrik edirəm. Ağrını ötürə bildiyi üçün. Ağrıda bildiyi üçün.

Maral Yaqubova

Bakupost.az - Nəsr və nəzəriyyə: müqəddimə - Maral Yaqubova

Əslində, hekayə mövzusu ilə ata-oğul paradiqmasında keçmişin mifoloji hekayələrinə, bu günün psixoloji analizlərinə qədər genələn bir müstəvidə ortaq nələrisə hiss etdirir, oxşar nələrisə xatırladır, müştərək sezgiləri tərpəşdirir və düşündürür. Təyyarədən yükü əlində yox, içində enən yolçunun (Eldarın) yolu ikiləşir, ayaqlarının getdiyi yolla, “yükünün” qət etdiyi yol paralel hərəkət edir. Uçuş onu İstanbulun rəngarəngliyindən Bakının boğanağına salır, paraleldə isə özünə qurduğu yeni, səliqəli, sahmanlı dünyasından – indisindən (mətndə xeyli sayda indi sözü var!) zehnindəki bulanıqlığa doğru hərəkət edir. Yolboyu bu bulanıqlıqda indinin Bakısının bomboz küçələri ilə yaddaşının Bakısının rəngləri qarışır, “Bahar” qəsəbəsinə çatanda bulanıqlıq qatılaşır və “Yazıq Anam!” da kodlaşır. Taksi Qaraçuxurun (semiotik gözlə baxsaq, zehnin qara qutusunun) torpaqlı yollarından keçib qoca çinar ağacının altındakı həyət evinin yaşıl darvazasının qabağında dayanır. Zehnin yolçuluğunda isə qapının o tayındakı keçmiş “essevari” səliqə (daha fərqli ola bilərdi) ilə yaddaşın dilinə ötürülür, bu səliqədə – “Ana”nın əlvan rəngləri arasında “Ata”nın boz rəngi (“ucuz tütün iyi gələn köynəkləri” ilə) anidən görünüb itir. Yolçumuzun əlləri zehninin üçsəsli taqqıltı ilə xatırladığı üçgözlü evin yerləşdiyi həyətin yaşıl qapısını iki dəfə (!) taqqıldadır. Və Eldar və Malik qardaşları illər sonra görüşür, yolçunun “yükü”nün ipləri yavaş-yavaş çözülür. Bu ensiz həyətdə hekayənin başında diaqnozu qoyulan xəstənin kimliyi ortaya çıxır, Ataya rol biçilir, Atadan küskünlük özünü izah edir. Son addım isə tərəddüdlə daxil olduğu qonaq otağına olur, xəstə ata ilə üzləşmə zamanı oğulun ata üzərində “nə əkərsən, onu da biçərsən” məntiqinə söykənən əyrim-üyrüm rahatlama hissinə qarışmış hüznlü qalibiyyəti ilə siqaret-alışqanını verməklə, “tütün qoxusu”nda qorunan ata fiqurunun bərpasının yaratdığı məğlubiyyət duyğusu bir-birinə qarışır. Arxa otağa (Anaya görünmədən!) girmədən evi tərk edir. Malikin üstünü örtməsi, “qardaşımın atası” adlandırdığı atasını görməyə gələn oğlun özünün artıq qardaşının atası olmaq məsuliyyətinə büründüyü anı yaşaması ilə hekayə bitir.

Deməli, hekayənin səthindəki yol trayektoriyası psixoloji qatda insanın özünə, keçmişinə yolçuluğunu ört-basdır edir, gizlədir, travmatik keçmişlə (Ana itkisi, Atanın günahı və yas) üzləşmə və arınma cəhdini (psixoloji katarsisi) mətnləşdirir. Hadisənin həyatiliyi (eyni situasiyanı və ya bənzərini yaşayanların hekayələrinə şiddətli bənzərliyi) güclü reallıq effekti yaradır, oxunulanı konkretləşdirir. Yaxşı mətnlər isə həyata dair olanın konkretliyi ilə mətnə dair olanın abstraktlığının bir-birilə ünsiyyətindəki tarazlıqda yaranır. Bu hekayədə Eldarın bütün fiziki, psixoloji, bioloji əlamətləri və hekayəsi ilə birgə dilin – verbal dünyanın içində abstraktlaşmasına mane olan xırda məqamlar var, onlara toxunmaq istəyirəm.

Təhkiyəçinin perspektivinə (ki, təhkiyədə Eldarın “içindən” baxmaq niyyəti özünü göstərir) riayətsizliyinin (Eldar adının mətndə 53 dəfə təkrarlanması, Eldarın nəzərində, Eldara elə gəlirdi ki, Eldar elə bilirdi ki,) yaratdığı essevari pafos psixologizmin tam şəkildə özünü ifadəsinə mane olur.

Hadisələri eyni zamanda həm Eldarın içindən, həm Eldarın başının üstündən görmək, anlatmaq, filtrizasiya etmək (nəyi danışıb-danışmamaq məsələsi) istər-istəməz feilin zaman şəkilçilərində “partlayır”, indiki zaman keçmiş zamana, şühudi keçmiş nəqliyə qarışır, xaotik səs-küy yaranır.

O, bu, işarə əvəzliklərindən çox və yerində olmayan istifadə mətnin öz elementləri arasında qurduğu əlaqələri dağıdır, məsafələri bir-birinə qatır.

Ədatların (bütün məna çalarları ilə birgə) mətnə yersiz müdaxiləsi əks təsir göstərir, emosionallığı səthiləşdirir, psixoloji gərginliyi və dərinliyi zəiflədir.

Xırda, cüzi redaktə səhvləri kimi görünən bu məqamlar, əslində, bədii abstraksiyanın tamlığını və bütövlüyünü qoruyur, düşüncənin təhkiyədə modelləşməsində rolları böyükdür.

Son olaraq, fikrimcə, finaldakı “sürməyi səma” və “bədirlənmiş ay” hekayənin psixoloji yükünü qəflətən romantik-idillik ab-havaya bürüyür, bu da psixoloji katarsisin bir az yarımçıq qalmasına, natamamlığına səbəb olur.

Çox yazdım… Ümumiyyətlə, Orxan Cuvarlının həm bu, həm oxuduğum digər hekayələri göstərir ki, potensiallı müəllifdir, maraqlı müşahidələri var.

Fikirlərimi anlayışla qarşılayacağını düşünürəm və uğurlar arzulayıram.

İlham Əziz

İlham Əziz — Vikipediya

Mən Orxanın bədii, publisistik yazılarını izləyirəm. Birmənalı bu hekayə Orxanın ən yaxşı bədii mətnidir. Bu hekayə ilə deyir ki, hekayə janrında mən də varam. Hekayədə struktur, dil, ab-hava yerindədir. Ən əsası yeni mətndir, özüdür. Hekayə iki qardaş dili özündə əridib, bu iç-içəlik yad görünmür. Hadisələrin sentimentallığı hekayənin əsl mahiyyətini ötüb keçməyib. Orxana inanıram, uğurlar diləyirəm!

Orxan Həsəni

Azərbaycan toyuna ermənilərin oynaması – Orxan Həsəni yazır…

Orxan Cuvarlının hekayəsi son aylarda oxuduğum ən yaxşı mətnlərdən biri idi. Məncə, müəllif bu hekayə ilə öz potensialının sərhədlərini yenidən ortaya qoydu. Hekayənin forması səs-küysüz, öz içindən genişlənən olsa da, mayasında təmtəraqlı həyat detalları gizlənib. Bu detallar mövcud həyat situasiyasının fonunda həm bizi təəssüfləndirir, həm də əslində hər şeyin fiksiya olduğunu daxilən duyub müəllifin niyyətindəki uğura sevinirik. Ekzistensional filosoflar həyatda yeganə fəlsəfəsi problemin ölümə münasibət olduğunu iddia edirdilər. Ölümün ağır hökmü daşı da toza çevirir, bulanıq könülləri duruldur, bir daha həyatda olmamaq ehtimalı bizi, nədənsə, hamıya qarşı yumşaldır. Həddən artıq əsəbi, gərgin olan babamın ölümünə yaxın qayğıkeş, gülümsər çöhrəyə bürünməsi məni aylardır düşündürür. Orxan Cuvarlının hekayəsi də çadırı bu situasiyanın üzərinə qurub. Ölümün fonunda bütün incikliklər çəkilməli, qüssə hamını birləşdirməlidir. Lakin bəzən hətta ölüm də daşlaşmış xarakterləri dəyişə bilmir. Düşünürəm ki, ədəbiyyatın analiz etməli olduğu mövzulardan biri də məhz bu istiqamətdir.

# 2802 dəfə oxunub

Müəllifin son yazıları

# # #