"Şəhriyar Del Geraninin piarına hesablanmış bir yarışma idi" – İştirakçılar od püskürdü

"Şəhriyar Del Geraninin piarına hesablanmış bir yarışma idi" – İştirakçılar od püskürdü
25 iyun 2018
# 17:38

Xəbər verdiyimiz kimi, “Xalqın şairi” yarışmasının qalibləri bəlli oldu. Birinci yerə tanınmış şair Şəhriyar Del Gerani layiq görüldü. Bəziləri bu qərarla razılaşdı, bəziləri isə narazılığını bildirdi.

Kulis.az “Xalqın şairi” yarışmasında qaliblərin sırasına düşməyən şairlərdən münasibət öyrənib. Cavabları təqdim edirik.

Ulucay Akif:

“Bu cür verilişin olması ədəbiyyatın təbliğatı üçün gözəl fikirdir, amma narazı olduğum məqam münsiflərin yanaşma tərzi idi. Sərbəst şeirə qarşı aqressivlik çox hiss olunurdu və köhnəlmiş qafiyələrlə münsifləri aldatmaq olurdu. Final mərhələsində Vahid Əzizin münsifliyi həddindən artıq bərbad idi. Adam az qala "qoşma və gəraylıdan başqa heç nəyi şeir saymıram" deyirdi. Əvəz Qurbanlı da qəzəl eşidəndə sevincdən ürəyi gedirdi. Ümumiyyətlə, yaşlı şairlər anlamalıdırlar ki, ənənəvi şeirlərlə dünya ədəbiyyatına çıxmaq bir yana, heç özümüzdə ədəbi zövqü formalaşdıra bilməyəcəyik. Nə qədər olar hər şeirdə "özüm, sözüm, gözüm" tipli qafiyələrlə özünü və oxucuları aldatmaq. Dua edirəm ki, tez müddətdə geri qafalı şairlər dünyasını dəyişər, biz də rahatca ədəbiyyatla məşğul olarıq”.

Oğuz Ayvaz:

"Xalqın Şairi" yarışması Azərbaycan televizya məkanında ən yadda qalan, ən lazımlı layihələrdən biri oldu. Ədəbiyyatın gündəm olması, şeirdən danışılmasının nəyi pis ola bilər ki? Mən bu yarışmaya sırf imzamın tanınması üçün qatılmışdım. Deyərdim ki, imzam xeyli də tanındı. Layihədən razı qaldım. Heç bir tənqdim yoxdu. Kaş bu cürə layihələr telekanallarımızda çox olsun”.

Tural Turan:

“Xalqın şairi” yarışmasında ilk olaraq ARB telekanalına təşəkkür edirəm ki, belə bir yarışma təşkil etdi. Bu öz yerində. Doğrudan da təqdirəlayiq hal idi, kitab təqdimatlarında üç-beş qohum, 15-20 oxucudan başqa adam yığa bilməyən şairlərə efir imkanı vermək doğrudan da təqdir olunası haldır.

Amma münsiflər heyətində Rüstəm Behrudi ilə Qulu Ağsəsdən başqa ədalətli qərar çıxaran, sözü tanıyan adam görmədim. Bu müsabiqə gənc şairlərə Məti Osmanoğlu, Əvəz Qurbanlı kimi ədəbi imzaları tanıtdı. Bunu final mərhələsində elə münsiflərin üzünə dedim. Yazarları xalqa tanıtmağından təkrar danışmaq əlbəttə ki, yersiz olar.

Bu müsabiqədə efir imkanı qazanmış hər şair özünə, yazdığının səviyyəsinə uyğun oxucu da tapdı. Bölgədən gələn şairlər üçün də bu müsabiqə uğurlu oldu. Bakının qaynar mühitini gördülər, efir imkanı qazandılar, ən azından öz rayonlarında populyarlaşdılar. Ən azından bir çoxları məclis şairi damğasından canlarını qurtaracaq; kənddə mahalda deyəcəklər ki, “ə, o elə-belə adam deyil ee, “Xalqın şairi”nə çıxıb, ta ona araq üstə şeirli sağlıq dedizdirməyin”.

Hə, gələk əsas məsələyə, Vahid Əziz kimi adamın münsiflərdə oturması, varsağı üslubda yazanları ön plana çıxarmaq cəhdi ilə nəticələnə bilərdi. Yaxşı ki, Vahid müəllim ilk mərhələlərdə yox, finalda gəlib orada oturdu. Yoxsa, məclis, tamada gəraylıları yazan qazaxlı Dilənçi adlı şair indi bu yarışmanın qalibi olacaqdı. Baba Vəziroğlunun paxıllığını, “dostcanlı” qiymətləndirmələri də gözümdən yayınmadı. Mən özümü o yarışmada ilk üçlükdə görürdüm. Dediyim şeirlərin orijinallıq baxımından digərlərinin söylədiyi düzgülərdən geri qalmadığını düşünürəm. Bu müsabiqədə yalnız bir tanımadığım imzanı tanıdığıma sevindim. Mənim üçün Mehman Rəsulov uğurlu imza idi və “Xalqın şairi” bu imzanı istedadlı və ya elit ədəbiyyat camiasına qazandırdı. Fuad Cəfərli, Ulucay Akif, Oğuz Ayvaz, Xəlil Adıgözəl, Vasif Zöhraboğlu kimi imzaları onsuz da bu müsabiqədən əvvəl tanıyırdım və qələmlərinə bələdəm.

Final qiymətləndirmələri ilə razılaşmasam da finalda qalib gələnlərə uğurlar diləyirəm”.

Taleh Mansur:

“Əvvəl onu deyim ki, bu müsabiqə gedən müddətdə yaradıcılıqdan əlavə altıncı hissimin də güclü inkişaf etdiyini kəşf etmiş oldum. Hələ aylar öncə müsahibələrimin birində Şəhriyar Del Geraninin "qalib" olacağını vurğulamışdım. Proqnozum düz çıxdı. Nastardamus kimi adamam. İndi istəyirəm yaradıcılığı bir tərəfə qoyub ekstrasensliklə məşğul olum. Ümumiyyətlə "Xalqın şairi"konkret olaraq Şəhriyar Del Geraninin piarına hesablanmış bir yarışma idi. Mənim üçün bu müsabiqə hələ ötən ilin dekabrında keçirilən yarımfinal mərhələsindən sonra bitmişdi. Hərçənd ki mən də final mərhələsinə adlayan 8-10 nəfərdən biriydim. Kim necə qəbul edir etsin, mən o müsabiqəyə yenidən anamın təkidi və xahişi üzərinə qayıtdım. Həm də iştirakçı kimi yox, anasının istəyini yerinə yetirən bir övlad kimi. Bilmirəm efirə gedəcək ya yox, çıxışımdan öncə münsifləri və yarışmanı kəskin tənqid etdim. Açığı bunu ona görə etdim ki, münsiflər qəzəblənib mənə aşağı bal versinlər. Allahıma çox şükür, düşündüyüm kimi də oldu, sayğıdıyər münsiflər onların iç üzünü açmaqda olan bir gənc yazarı Müşfiq kimi divara dirəyib “güllələdilər”. Baba Vəziroğlu kimi münasibətə və tanışlığı rəhbər tutan münsiflərdən mənim kimi adamın yüksək xal alması Perunun dünya çempionu olması kimi bir şeydi. Bilmirəm fikir verirsiniz ya yox, bu müsabiqə haqqında bir türlü sonacan ciddi danışa bilmirəm. Ciddi olmayan bir şey haqqında bir yerə qədər ciddi danışmaq olur. Və birdən adamı gic gülmək tutur. Səhərdən özümü zorla saxlayıram, icazə verin ürəkdən gülüm.

# 1225 dəfə oxunub

Müəllifin son yazıları

# # #