Gölməçədəki günəşi yalayan pişik... – Yeni Şeirlər

Gölməçədəki günəşi yalayan pişik... – Yeni Şeirlər
9 mart 2018
# 17:33

Kulis.az yazıçı-şair İmir Məmmədlinin yeni şeirlərini təqdim edir

Salam verin

Burdan keçəndə

Salam verin

Soldakı evin darvazasına.

Orda gölməçəyə düşən günəşi

Sevgilisi kimi yalayan pişik

Yaşayırdı neçə il qabaq.

Həmin darvazanın ehtiyacı var

Xoş bir salama.

Salam versəniz,

Elə bil küçədə tənha bir kəsin,

Kibriti olmayan bir zavallının

Siqaretini

Gölməçəyə düşən günəş alovu ilə

Alışdırdınız.

Burdan keçəndə

Salam verin

Soldakı evin darvazasına.

Evimiz

Atam elə yerdə ev tikmişdi ki,

Üstündən keçirdi günəşin yolu.

Belədə insanın duzu, çörəyi,

Suyu və şərabı işıqlı olur.

Atam elə yerdə ev tikmişdi ki,

Tavanında quşlar yuva salırdı.

Bizim pəncərəmiz gündüz günəşi,

Gecələr hilalı yola salırdı.

Atam elə yerdə ev tikmişdi ki,

Ətrafı qorusun şəfəq qoşunlar,

Qapımızı daim tapa bilsinlər

Qonaqlar, qohumlar, bir də qonşular.

Yol qırağında duran tənha ağac

Mən bir ağacam,

Tək-tənha durmuşam yol qırağında,

Gedib-gələnləri seyr eləyirəm

Hər səhər axşam.

İşə gedən yol da, qayıdan yol da

Yanımdan keçir.

Qayğılı-qayğılı tələsən kəslər

Görmürlər məni.

Yazda çiçək açıb,

Payızda yarpaq tökdüyümdən

Xəbərləri yox.

Onların arasında tək bir nəfər var -

İmir Məmmədli

Hər səhər-axşam burdan keçəndə

Durub heyran-heyran baxır, baxır və

Gözüylə oxşayır çiçəklərimi.

Duyuram, bilirəm, hiss eləyirəm,

İlk sevgilisinə bənzədir məni;

Payızda yarpağım xəzəl olanda,

Ağbirçək anası yadına düşür.

Mən bir ağacam,

Tək-tənha durmuşam yol qırağında,

İmirin yolunu gözləyirəm

Gah sevgilisi,

Gah da ki ağbirçək anası kimi.

Tanrı və insan

Tanrının yanından insan həmişə

Yan keçib gedir.

Tanrıdan anrıda

Tanrı axtarır.

Tanrısa gedənin dalınca baxıb

Köks ötürəndə

Göy guruldayır

Od sorağında

Bağışla, əzizim, axşamın xeyir!

Bəlkə siqaretimi alışdırasan!...

Bəxt yazan bəxtimi tüstüylə yazıb,

Elə buna görə çıxdım küçəyə,

Yoxsa bu zaman

Mənim buralarda nə itim azıb.

İstədim atəşi yaxından görüm,

Odun oynaq əksi gözümdə qalsın,

Elə yaxından ki, alovun dili

Kirpiklərimi bir-bir yalasın.

Kibriti yaxın tut, hiss edim odu,

Alovun içində onu tanıyım,

Qışqırım: Odu!

Şəkillər

Mənə külək şəkli çəkmək istəsən,

Əyilmiş bir ağac şəkili bəsdir,

Dağılmış telləri bir gözəl qızın,

Ya da bir oğlanın kəkili bəsdir.

Əgər sevgi şəkli çəkmək istəsən,

Çiçəkli kolların şəkili bəsdi.

Tənhalıq şəkili çəkmək istəsən,

Ot basmış yolların şəkili bəsdi.

Həatın şəklini çəkmək istəsən,

Ağır bir ömürün şəkili bəsdi,

Yəni ağac kimi qəddi bükülmüş

Qocalmış İmirin şəkili bəsdi.

Image result for imir məmmədli

# 1333 dəfə oxunub

Müəllifin son yazıları

# # #