Söz azadlığı tənqidimizə nə verib? - Xalq yazıçısı Elçin yazır - II MƏQALƏ

Söz azadlığı tənqidimizə nə verib? - <span style="color:red;">Xalq yazıçısı Elçin yazır - II MƏQALƏ
26 oktyabr 2017
# 10:53

İkinci məqalə

Bizim ədəbi proses bəşəri bədii-fəlsəfi problematikanı ehtiva edə bilirmi? - sualının əhatə dairəsi çox geniş olduğu üçün, güman edirəm ki, 25 illik zaman vahidi çərçivəsində bu suala müsbət cavab vermək çətin, bəlkə də qeyri-mümkündür, ancaq dərd burasındadır ki, bu sualın mündəricatını xeyli dərəcədə sıxıb, sadələşdirsək də, müsbət cavab verməyə çətinlik çəkəcəyik, çünki tənqidimiz, ümumiyyətlə, bəşəri bədii-fəlsəfi mövzunu ədəbi prosesin faktına çevirə bilməyib.

Düşünmək olar ki, gərək bizdə səviyyəsi bəşəri bədii-fəlsəfi meyarlara cavab verəcək əsərlər meydana çıxsın ki, tənqid onlar haqqında yazsın, onları təhlil etsin, ancaq elə bilirəm ki, bu, yanlış bir təskinlikdir və məsələ bunda deyil. Əvvəla, az olsa da, həmin əsərlər yaranır, ikincisi və ən vacibi isə əgər o cür əsərlər meydana çıxmırsa, ya da adda-budda meydana çıxırsa, elə bunun özü tənqidə imkan verir ki, belə bir vəziyyəti araşdıraraq, onu ədəbi prosesin predmetinə çevirsin.

Əsas məsələ ondadır ki, istisnalar var, elə məqalələr, esselər yazılır ki, hiss edirsən: bəli, bu müəllif qələmə aldığı mövzunun fərqindədir, yəni müasir dünya ədəbiyyatından, müxtəlif ədəbi təmayüllərdən, həyata, yaşayışa baxışlardan, mənəvi axtarışlardan xəbərdardır, ancaq dediyim kimi, bu, ayrı-ayrı istisnalardır, ədəbi tənqidimiz bir küll halında bəşəri bədii-fəlsəfi problematikaya bələd deyil.

Ədəbiyyatın tarixi aşkar surətdə göstərir ki, milli-məhəlli bədii problematika ilə «Hamlet», yaxud «Don Kixot», yaxud da «Anna Karenina» yüksəkliyinə (aliliyinə!) qalxmaq mümkün deyil, həmin yüksəklik milli-bəşəri bədii problematika tələb edir və bu da aydın məsələdir ki, öz-özlüyündə bəşərilik yoxdur, bəşərilik - millilərin toplamıdır, yəni keçən illərdə də dəfələrlə yazdığım kimi, bəşəri bədiiyyata aparan yol millidən keçir.

Nikolay Danilevski XXI əsrin ortalarında Rusiyanı Qərbi Avropaya qarşı qoyaraq, sübut etməyə çalışırdı ki, «ümumbəşəri sivilizasiya» yoxdur və budur, 150 ildən sonra, XXI əsrdə tanınmış rus tənqidçisi Sergey Volodin yazır ki, «zaman göstərir: Danilevskinin qənaətləri uzaqgörənliklə əsaslandırılmış qənaətlərdir». («Literaturnaya qazeta», 7-13 oktyabr 2015)

Deməli, Danilevski düz deyir, ümumbəşəri sivilizasiya yoxdur və nəzərə alsaq ki, ədəbiyyat sivilizasiyanın özünüifadə formalarından biridir - o zaman belə çıxır ki, ümumbəşəri ədəbiyyat da yoxdur, yəni misal üçün, elə həmin Şekspir sadəcə (və ancaq!) ingilis yazıçısıdır, yalnız İngiltərə sivilizasiyanı ifadə edib, vəssalam. Laksness mənim üçün XX əsrin ən böyük yazıçılarından biridir, ancaq belə çıxır ki, o, yalnız 320 min əhalisi olan kiçik İslandiya sivilizasiyasını ifadə edib? Onda nə üçün mənə bu dərəcədə yaxın bir yazıçıdır, mən ki Azərbaycan sivilizasiyasına mənsub bir oxucuyam?

Azərbaycanlı valideynlər nə üçün illər boyu övladlarına uzaq, soyuq və yad bir ölkə dramaturqunun qəhrəmanlarının adlarını qoyublar: Hamlet, Maqbet, Otello, Ofelya?.. Əgər Lev Tolstoy bəşəri yox, ancaq rus sivilizasiyasının məhəlli bir yazıçısıdırsa, yaponiyalı Akutaqavadan tutmuş amerikalı Heminqueyə qədər «kənar» (başqa «sivilizasiya»!) yazıçıları necə olub ki, onu özlərinə müəllim hesab edib? Bu tipli misalları səhifələrlə sadalamaq olar və bəşəri sivilizasiya yoxdursa, biz hansı bəşəri ideyalardan, ideallardan, bəşəri dəyərlərdən danışırıq?

Bu kontekstdə bir məsələni aydınlaşdırmaq vacibdir: məhəlli ilə milli ayrı-ayrı anlayışlardır, millidən fərqli olaraq, məhəllilik - sırf bədii-fəlsəfi keyfiyyət göstəricisidir və hərgah milli dildə yazılmış, milli qəhrəmanlardan, hətta milli problematikadan bəhs edən əsərlər bədii-estetik səviyyəsi ilə sönükdürsə, fəlsəfi (həyata baxışın dərinliyi!) baxımından məhdud və primitivdirsə, o zaman, aydındır ki, bədii-bəşəri ucalığa nail olmaq mümkün deyil. O biri tərəfdən, bədii əsər maraqlı, dərin fəlsəfi mündəricata malikdir, ancaq milli kolorit, milli özünüifadə, indi dəbdə olan sözdən də istifadə etsək, milli mentalitet yoxdursa, yəni söhbət pis mənada tamam kosmopolit bir bədii-estetik auradan gedirsə, bu halda da həmin bədii-bəşəri ucalıq uzaqlarda qalacaq.

Rəsul Həmzətovun bir deyimi Sovet dönəmində məşhur idi ki, «rus dili olmasaydı, mən ancaq Avarıstan şairi kimi qalacaqdım».

Mənim elə o vaxt da bu tipli fikirlərə ikili münasibətim var idi: bir tərəfdən burada böyük bir həqiqət var - rus dilinə tərcümələri ilə Rəsul Həmzətov 250 milyonluq nəhəng bir dövlətin ən məşhur şairlərindən biri oldu, ancaq o biri tərəfdən, milli ilə bəşərini qarşı-qarşıya qoymaq nə dərəcədə düzdür? Məgər «ancaq Avarıstanın şairi olmaq» əhəmiyyətsiz bir şeydir?

İlk növbədə gərək məhz Avarıstanın böyük şairi olasan ki, bəşəri yüksəkliyə ucalasan - bəli, Avarıstan kiçik bir yerdir, avar dili ilə sən dünyada məşhur ola bilməzsən (hər halda bu, çox müşkül məsələdir), ancaq dünyada məşhur olmaya-olmaya da sən bəşəri ucalığa qalxa bilərsən - məşhurluq bədii ucalığın ekvivalenti deyil.

Görkəmli tənqidçimiz Nizaməddin Şəmsizadənin məqalələrinin bir yaxşı cəhəti də ondadır ki, bəzən fikir mübadiləsi, sağlam polemika üçün əsas verir və onun müsahibələrindən biri bu baxımdan çox maraqlıdır. Nizaməddin müəllim ədəbiyyat tariximizdə modernizm hadisəsi olmadığını deyir və olsun ki, həqiqəti deyir, ancaq bunun səbəbini onda görür ki, «biz Şərq ədəbiyyatıyıq. Qərb yeniliklərə sıçrayışla gedir, Şərq təkamüllə. Şərqdə yeniliklər keçmişin içindən çıxır, onu Qərbdəki kimi inkar eləmir. Şərqdə janrlar mühafizəkar olur. Çünki Şərqdə feodalizm daha çox hökm sürüb». («Kulis», 10 iyun 2016)

Bu yerdə Nizaməddin müəllimlə mənim fikir ayrılığımız var: məgər Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə hadisəsi nəhəng bir sıçrayış deyildimi? Mirzə Fətəli 1850-55-ci illər arasında, cəmi beş il ərzində (!) Azərbaycan ədəbiyyatının tanımadığı bir janrı - dramaturgiyanı bu ədəbiyyatın milli faktına çevirdi və hələ sovet quruluşuna qədərki dövrdə dramaturgiya ədəbiyyatımızın ən populyar və doğma (!) janrı oldu, yəni Qərbin əsrlər boyu keçdiyi yolu Şərq Azərbaycan dramaturgiyasının timsalında beş ilə keçdi.

Yaxud, hekayəni götürək: düzdür, «Aldanmış kəvakib» var idi, bir-iki başqa nümunələrə də rast gəlirik, ancaq Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev qısa bir müddətdə hekayəni bir janr kimi formalaşdırdı və 1920-ci illərdən etibarən hekayə ədəbiyyatımızın aparıcı janrlarından biri oldu.

Başqa bir misal da gətirmək istəyirəm: klassik musiqi sahəsində Avropanın əsrlər boyu keçdiyi yolu, Üzeyir bəy «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər qısa bir zamanda keçməyi bacardı. Eləcə də düşünürəm ki, danışdığımız kontekstdə «təkamül» və «sıçrayış» Şərqlə Qərbi bir-birindən ayırmır.

Nizaməddin müəllimin bu müşahidəsi isə çox dəqiqdir ki, «Şərqdə yeniliklər keçmişin içindən çıxır» və bizim ədəbiyyatımızda bu fikrin doğruluğunu ilk növbədə Mirzə Ələkbər Sabir hadisəsi çox mükəmməl sübut edir: Sabir «mühafizəkar» əruzun «içindən» tamamilə yeni bir forma «çıxartdı». Bəli, «Şərqdə feodalizm daha çox hökm sürüb» və sadəcə olaraq, ədəbiyyatın hərtərəfli inkişafına mane olub.

Başqa bir misal: gənc və istedadlı tənqidçimiz Elnarə Akimova yazır: «Milli poeziyamızda təqlid aparıcıdır, yeni nəfəs kasadlığı hiss olunur. Əksər şairlərin öz yolu görünmür, hazır qəliblərlə, obrazlarla (bura «primitivcəsinə» ifadəsini də əlavə edərdim - E.) işləyirlər». («Ədəbiyyat qəzeti», 4 iyun 2016)

Kəskin sözlərdir və eyni zamanda, gerçəklikdə özünü doğruldan sözlərdir, ancaq daha sonra Elnarə Akimova İlqar Fəhminin belə bir fikri ilə razılaşdığını deyir: «Doxsanıncı illərin poetik ab-havası, məncə (İlqar Fəhmiyə görə - E.), indikindən daha dərin, daha energetik idi. Hərçənd ki, həmin vaxtlar ölkənin vəziyyəti çox ağır idi. Sonra elə bil ki, o enerji sərf olundu və müasir ədəbiyyatımız Şərqlə Qərbin arasında qaldı… Yavaş-yavaş şair təbiətinin mahiyyəti dəyişdi, şeirdən ideya, fəlsəfə itdi».

Doğrusu, İlqar Fəhminin ideyanı, fəlsəfəni «itirmiş» şeirin aqibəti ilə bağlı mülahizəsi mənə xeyli dərəcədə şübhəli göründü, çünki ideyasız, fəlsəfəsiz (yəni bəsit) şeir (ya hekayə, roman, pyes) Şərqdə də zəif yazıdır, Qərbdə də, bu məsələdə Şərq də, Qərb də ayrı-ayrı qütblərdə deyillər, müttəfiqdirlər və bəsit bir yazı nə üçün onların arasında itib qalmalıdır?

Elnarə Akimova isə başqa fikirdədir: «Bəli, çağdaş şeirdə gələcəyə yollar aranmır». Düzdür, istisnalar var (həm də ciddi istisnalar!), ümumilikdə isə bu yerdə Elnarə haqlıdır, ancaq ardınca oxuyuruq: «Qərblə Şərqin arasında azıb qalmışıq, səmti müəyyən edə bilmirik».

Səmti, təmayülü istedad və dünyagörüşü müəyyən edir, nəticəsi də ya epiqon bir yazı, ya da modern bir şeir (hekayə, roman, pyes) olur və bunu sövq-təbii, intuitiv olaraq elə Elnarə Akimovanın özü də hiss edir: «Əsl sənət nə Şərqdir, nə Qərb. Əsl sənət dünyadı, kainatdı».

Bu, çox doğru fikirdir və ədəbiyyatımızda, bax, belə bir bəşərilik çatışmır, tənqid isə «Söz azadlığı»nın yaratdığı imkanlardan istifadə edərək, bu ciddi və mühüm problemi ədəbi prosesin faktına çevirə bilmir. Çağdaş ədəbi prosesimizin bəşəri dünyagörüşünün və estetikasının manifest səciyyəli ifadəsinə ehtiyacı var və bu yükü, aydın məsələdir, tənqid öz boynuna götürməlidir.

Elnarə Akimova başqa bir məqaləsində bu tənqidçiyə xas olan obrazlı şəkildə yazır ki, nəşr olunan kitabların, çap olunan yazıların (bizim bədii təsərrüfatın!) çoxu «istifadəyə yararsız»dır, bu cür davam edəcəksə, «boz ədəbiyyat»ın intişar tapmasına və meydan sulamasına boyun əyməkdən başqa çarə qalmayacaq». («Ədəbiyyat qəzeti», 2 aprel 2016)

Dediyim həmin diferensiallığın göstəricisidir ki, tənqidimiz bir tərəfdən Elnarənin timsalında bu vəziyyəti görür, həyəcanla bəyan edir, ancaq o biri tərəfdən isə yenə də tənqidimiz bu vəziyyəti (və ədəbi qorxunu!) nəzərə alaraq, ədəbi prosesdə strateji mahiyyətli ideya-bədii istiqamət müəyyənləşdirə bilmir, halbuki «Söz azadlığı» tənqiddən, belə demək mümkünsə, məhz bu cür «strateji məsuliyyət» tələb edir.

Mən bir müddət bundan əvvəl B.Şounun «Milyonçu qadın» pyesini tərcümə edəndə, bu qoca müdrikin aforizmlərini yenidən gözdən keçirirdim və indi, bu sətirləri yazarkən onun «populyar romanlar dünyası - axmaqlar üçün cənnətdir» fikri yadıma düşdü. Doğrudur, bu fikir ayrı-ayrı məqamlarda özünü doğrultmur («Don Kixot», yaxud «Robinzon Kruzo», yaxud da «Qarqantyua və Pantaqryuel»» kimi populyar və dahiyanə romanlar yada düşür), ancaq orası da var ki, bir ildə onlarla «Don Kixot»lar, ya da ki, «Qarqantyua»lar yazılmır və indiki halda mən bilərəkdən, ya da bilmədən kütlə üçün yazılmış, yəni əvvəldə danışdığımız kütlə zövqünü oxşayan «istifadəyə yararsız» romanları, povestləri, pyesləri, poemaları, şeirləri, oçerkləri nəzərdə tuturam.

Ən xoşagəlməyən (və simptomatik!) cəhət odur ki, bu cür yazılar vətənpərvərlik mövzusunda qələmə alınmış «bədiiyyat»da özünü daha çox gəstərir və yeni bir konyukturanı ifadə edir. «Yeni konyuktura» dedikdə mən ilk növbədə Qarabağ hadisələrinə, şəhidlərimizə, döyüşçülərimizə, erməni millətçilərinin vəhşiliklərinə həsr olunmuş yazıların çox hissəsini nəzərdə tuturam. Mən bunu artıq yazmışam da, demişəm də, ancaq yenə də təkrar edirəm: şəhidlər haqqında, Qarabağ döyüşçüləri və ümumiyyətlə, Qarabağ hadisələri, Xocalı genosidi haqqında elə əsərlər yazılmalıdır ki, onların bədii-estetik səviyyəsi şəhidlərin ruhuna, döyüşçülərin şücaətinə və faciənin cismani və mənəvi fəlakətinin dəhşətinə layiq olsun. Bu faciə ilə bağlı ikili standartların mahiyyəti və böyük ölkələrin Səməd Behrənginin balaca qara balığını udmaq istəyən Balıqudan kimi, siyasi-ictimai riyakarlıqlarının miqyası ilə üst-üstə düşsün.

SSRİ dönəmində millətçilik damğası bəzi dövrlərdə çox, hətta dəhşətli dərəcədə çox (Cavidin, Müşfiqin, Çəmənlizadənin, Cavadın taleləri!), bəzi dövrlərdə isə nisbətən az dərəcədə Domokl qılıncı kimi başımızın üstündə idi, bu gün isə «Söz azadlığı»dır və «Söz azadlığı»ndan sui-istifadə etdiyimiz üçün, çox zaman xalq, millət sevgisini bəsit patriotçuluq, şit «vətənpərvərlik» əvəz etməyə başlayıb. Ucuz, primitiv patriotluq eyni səviyyəli «ah-uf»lu «məqalələr» sayəsində ədəbi prosesə daxil olur: televizoru açırsan, qəzetləri açırsan, jurnalları vərəqləyirsən: «Babək igidliyi», «Tomris cəsarəti» («Anam Tomris kəsmədimi Keyxosrovun başını?!»), «Həcər hünəri» və s. və i.a.

Xalqı öz üzünə nə qədər tərifləmək olar?

Xalqı sevirsənsə, onu tənqid etməyi də bacarmalısan və bu gün insan alveri ilə məşğul olan nə qədər qadın həbs edilir, nə qədər satqınlarımız meydana çıxır, nə qədər ata oğulu, bacı qardaşı əmlak üstündə məhkəməyə verir, mütaliə statistikalarında tutduğumuz yerlər qətiyyən ürəkaçan deyil və s. - bu qara siyahını çox uzatmaq olar, biz isə özümüzü elə hey tərifləyirik. Məcbur olursan ki, bu ritorik sualı yenə təkrar edəsən: məgər Sabir, ya Mirzə Cəlil, ya da Üzeyir bəy xalqı sevmirdi və xalqı sevməyən bir kəs «Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz!» - deyə haray qoparda, yaxud «Ölülər»i yaza, yaxud da satqın qəzetçi Rza surətini yarada bilərdi?

Mən istəmirəm açıq qapını döyərək bu məlum söhbəti uzadım, ancaq məsələ bundadır ki, get-gedə tamam ucuzlaşan bu primitiv patriotluq (millətin başının altına yastıq qoyan patriotluq!) özünü ədəbiyyata pərçim etdiyi kimi, tənqidə və tənqid vasitəsi ilə də ədəbi prosesə sirayət edir. Bu sözləri deyərkən mən, təkrar edirəm, Azərbaycan ədəbi prosesinin ümumi mənzərəsini nəzərdə tuturam, çünki təsadüfi müəlliflər, qrafomanlar, əllərinə qələm götürüb, bəsit mülahizələri ilə özlərini təsdiq etməyə çalışanlar bu gün şəxslərini ədəbi prosesdə dəryada balıq kimi hiss edirlər - «Söz azadlığı»dır!

Bu cür patriotluq çox zaman istedadsızlığı ört-basdır edir və istedadsızlıq Sovet dönəmində traktorun, kolxozun, 150 faiz doldurulan planın, yalançı kommunist ideallarının, eləcə də yalançı komsomol romantikasının, müqəvva «müsbət surətlər» qalereyasının arxasında gizlədildiyi kimi, bu gün də xalq üçün əziz olan aktual problemlərin arxasında gizlədilir.

Baxın, «istifadəyə yararsız» yazılardakı bu cür ucuz patriotluq özü səviyyəsindəki tənqid vasitəsilə ədəbi prosesə həmlə edir və bu həmlələr də çox vaxt «kütlə zövqü» sayəsində effektli olur, ancaq professional tənqid «Ah, kimsəsiz vətən!» deyib, bu vətən kimsəsizliyini öz dövrü üçün yaxşı bir bədiiliklə göstərən Məhəmməd Hadini ədəbi prosesin faktına çevirə bilmir. Ümumiyyətlə, biz bu 25 ildə ədəbi prosesdə milli klassikamızın (xüsusən M.F.Axundzadə, Cəlil Məmmədquluzadə, Sabir, «Molla Nəsrəddin» məktəbi), o cümlədən, milli sovet klassikasının obyektiv mənzərəsini yarada bilməmişik.

Orasını da deyim ki, belə bir vəziyyət başqa postsovet ölkələrinin ədəbi prosesində də özünü göstərməkdədir və misal üçün, bizim ədəbi prosesdə «Söz azadlığı»ndan sui-istifadə edilərək, Füzuli, yaxud Mirzə Fətəli, yaxud da Abbasqulu Ağa Bakıxanov haqqında obyektivlikdən kənar və layiqsiz hökmlərə rast gəlirik, müasir rus ədəbi prosesinə də baxın, Larisa Vasilyeva yazır: «Ümumiyyətlə, Lev Tolstoy qadınları başa düşmürdü və onların layiqli qiymətlərini verə bilmirdi». («Literaturnaya qazeta», 12-18 noyabr 2015)

Bu sözlər «Anna Karenina»nın müəllifi, Nataşa Rostovanı, Katyuşa Maslovanı böyük ədəbiyyata gətirmiş bir yazıçı haqqında deyilir. (Yeri düşmüşkən, qeyd etmək istəyirəm ki, Elnarə Akimova bu problemlə bağlı «Yaşayan ədəbi yaddaş» adlı maraqlı bir məqalə yazıb. «Ədəbiyyat qəzeti», 14 noyabr 2015) Ya da diqqət etsək, görərik ki, Puşkin, Lev Tolstoy, Çexov Sovet dövründə olduğu kimi, bu gün də rus ədəbi prosesinin faktı olaraq qalır, ancaq deyək ki, Suxovo-Kobılin də Sovet dövründə olduğu kimi, bu gün də ədəbi prosesdə yoxdur.

Bir haşiyəyə çıxmaq istəyirəm: mən bir müddət bundan əvvəl Suxovo-Kobılinin pyeslərini yenidən oxudum və bir daha təəccüb etdim ki, bu çox maraqlı dramaturq nə üçün rus ədəbiyyatşünaslığının özündə belə kölgədə qalıb. Əlbəttə, Suxovo-Kobılin Çexov deyil, ancaq öz istedadına layiq bir yer tutmaq üçün Çexov olmaq da vacib deyil, ədəbiyyatda hər bir istedadın öz yeri var (hər halda öz yeri olmalıdır!). Suxovo-Kobılin XIX əsr dünya dramaturgiyası miqyasında yaradıcılığa malik bir qələm sahibidir, rus insanının xarakterinin açılması və bu zaman xislətin dərinlərinə varmaq bacarığı Suxovo-Kobılində çox güclüdür.

Ümumiyyətlə, bu gün böyük rus ədəbi ənənələri ilə qətiyyən bir araya sığışmayan bazar iqtisadiyyatının həm Rusiyada, həm də xaricdə istehsal etdiyi (tələsik və keyfiyyətsiz də tərcümə edilən) «bədii» hasilat (bayağı sevgi romanları, porno, ucuz komikslər və s.) rus ədəbi prosesinə elə hücum edib ki, kütləvilik baxımından Puşkin, Qoqol, Lermontov, Dostoyevski, Tolstoy, Çexov - bu böyük bəşəri qələm sahibləri arxa plana keçib və bunun qarşısını almaq müşkül bir məsələyə çevrilib. Bu yaxınlarda mən rus mətbuatında orijinal və təsirli bir material oxudum: rus klassiki İvan Turgenyevin adından «Yunost» jurnalına ünvanlanmış bir məktub yazıblar və həmin məktubda az qala 150 il bundan əvvəl vəfat etmiş Turgenyev çağdaş, yəni XXI əsr rus ədəbi-mənəvi mənzərəsinə baxa-baxa faciəvi bir emosionallıqla deyir: «Kitablar dağıdılmış Rusiya yollarında nəm çəkir, nəm çəkir, nəm çəkir. Əgər onlar ağlaya bilsəydilər…» («Yunost», 2017, №5, səh.32)

Ancaq biz öz mövzumuza qayıdaq.

Mən sovet dövrü ədəbiyyatına münasibət barədə geniş yazmışam (Bax: “Sosrealizm bizə nə verdi?” Bakı, Mütərcim, 2010), ancaq bu qeydlərdə də bir mühüm məsələnin üzərində dayanmaq istəyirəm: bir küll halında götürəndə, sovet dövrü ədəbi tənqidinin ən eybəcər cəhəti ədəbiyyata vulqar-sosioloji münasibət idi və paradoksal bir haldır ki, epoxalar dəyişdi, ancaq həmin vulqar-sosioloji münasibət bu gün də davam edir, sadəcə olaraq, bu «yeni» münasibət öz tənqid ünvanının istiqamətini 180 dərəcə dəyişib.

Bizim ədəbi prosesdə, misal üçün, Səməd Vurğuna münasibətə fikir verin: həmin vulqar-sosioloji mövqeyin ifadəsi olan inkarçılıqla rastlaşırıq, halbuki poeziyamızın sırf poetika baxımından zənginləşməsində, tamamilə yeni estetik rəngarənglik əldə etməsində, eləcə də xalqın milli özünütəsdiqində, milli dilin inkişafında Səməd Vurğun yaradıcılığının rolu az olmayıb və bu cəhəti onun konyuktura (yaxud da inam!) nəticəsində yazdığı poema və şeirlərinə istinad edərək görməmək, obyektiv mənzərənin yaranmasını mümkünsüz edir.

Bəli, Səməd Vurğun mənfur «26-lar»a həsr olunmuş poema yazıb, ancaq o, yarandığı dövrün kontekstində böyük vətənpərvərlik amalının və hissiyatının ifadəsi olan «Azərbaycan» şerini də yazıb ki, bu günün özündə də az qala xalqın himni kimi səslənir (sonralar şeirdə bəzi dəyişikliklər edilməzdən əvvəl də belə olub). Mən 1979-cu ildə Əziz Nesinin dəvəti ilə ilk dəfə Türkiyəyə gedəndə və solçu qələm sahibləri bu şeiri eşidəndə: «Canım, bu nə millətçi bir şeir!.. Bunu kommunistmi yazıb?» - deyə heyrət edirdilər.

Bəli, «Xanlar» pyesində jandarmalar azərbaycanlı anadan (Xanların anasından) Kobanın (Stalinin) gizləndiyi yeri soruşanda, ana sinəsini irəli verərək: «Yarın ürəyimi, ürəyimdədir!..» - deyir və bu, həqiqətdən uzaq, təmtəraqlı və ən başlıcası isə süni bir cavabdır. Ancaq Səməd Vurğun «Vaqif»i də yazıb ki, qorxunc 1937-ci ildə Azərbaycan səhnəsindən Qacarın o dövr üçün tamam assosiativ (fars dili - rus dili) səslənən «Gərək fars dilində yazsın sənətkar» şərtinə (hökmünə!) cavab olaraq:

Azəri yurdunun* oğluyam mən də,

Az-az uydururam yeri gələndə.

- deyir. (*Əlyazma variantlarında «Bizim bu dağların» variantı da var, ancaq elə bu halda da mahiyyət dəyişmir)

Siz, belə bir obyektivliyə də fikir verin: Səməd Vurğun 1935-ci ildə yazdığı həmin «26-lar» poemasında Məmməd Əmin Rəsulzadəni nəinki tənqid, hətta təhqir edir, ancaq bu şəxsi təhqir də Rəsulzadə obyektivliyinə təsir etmir və o, 1950-ci ildə ədəbiyyatımız haqqında yazdığı məlum məqaləsində «Vaqif»i «Azərbaycan vətənpərvərliyinə rəvac verən pyes» adlandırır.

Yaxşı nümunədir.

Bəyəm «Söz azadlığı» odur ki, bir tərəfi görməyəsən, yaxud da özünü görməməzliyə vurasan və yalnız o biri tərəf («26-lar», Stalin haqqında şeirlər və s.) haqqında yazasan, yalnız bunları qabardasan? Qan Turalı da yaxşı yazır ki, heç «Stalin Səməd Vurğun qədər tənqid olunmur». («Ədəbiyyat qəzeti», 5 avqust 2017)

Səməd Vurğunun «Azərbaycan» şeiri zamanın (dəyişən epoxaların!) sınağından çıxıb, ancaq misal üçün, «Klim Voroşilova» şeiri bu sınaqdan heç vəchlə çıxa bilməyib və yəqin ki, yalnız əbədi «sənətkar və dövrü» acısının nümunəsi kimi mütəxəssisləri maraqlandıracaq. Bu isə o deyən sözdür ki, sənətkardan (indiki halda Səməd Vurğundan və onun qələmdaşlarından), eləcə də sənətlə bağlı hadisələrdən (indiki halda 37-ci il hadisələrindən, yazıçılar arasındakı «ifşaçılıqdan») yazanda, dövrün spesifikasını, xarakterini nəzərə almadan əldə edilən nəticə həm ideya-bədii, həm də mənəvi-psixoloji baxımdan tam şəkildə aydın olmayacaq.

70 illik Sovet tarixini yalnız qlobal yalana (söyüşə!) çevirmək, eləcə də, qanlı-qadalı hadisələrin, böyük insani faciələrin üzərindən adlayıb yalnız yaxşıları görmək Sovet İttifaqının nəhəngliyi boyda da bir yanlışlığa gətirib çıxarar, çünki bu tarix 70 illik bir yolu düz xətlə yox, əyri-üyrü, kəskin qalxan və enən bir xətt boyu keçib, yaxşı ilə pis də, ayrı-ayrı dövrlər də bir-birini əvəz edib.

Bu yerdə mən Sovet dövrünün filoloji təsnifatının bəhs etdiyimiz kontekstdə əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm, çünki bu 25 ildə elmi-nəzəri süzgəcdən keçirilmiş dəqiq-dürüst təsnifat hələ ki, ortaya qoyulmayıb və İsa Həbibbəyli doğru yazır ki, «XX əsrin böyük bir dövrü ərzində (1928-1980-ci illərdə) Azərbaycanda meydana çıxmış akademik nəşrlərdə və ali məktəb dərsliklərində dövrləşdirmək sahəsində olan müxtəliflik, pərakəndəlik, sərbəstlik və fərdi yanaşmalar bu sahədə vahid elmi konsepsiyanın olmamasının göstəricisidir». («525-ci qəzet», 30 sentyabr 2017)

Dünənə qədər vulqar sosiologizmin bolşevik xislətli tüfəngi Əli bəy Hüseynzadəyə, yaxud Əhməd bəy Ağayevə tuşlanırdı, indi isə elə həmin əhval-ruhiyyə ilə tüfəngi Nəriman Nərimanova, yaxud da Səməd Vurğuna və onun qələm dostlarına tuşlamaq yalnız ədəbiyyatımızın yox, ümumiyyətlə, ictimai fikir tariximizin tədqiqində birtərəfli münasibət ənənəsini yaradacaq ki, bu da qeyri-obyektivliyə, yəni ümumi mənzərə natamamlığına gətirib çıxaracaq, özümüz öz mədəni-mənəvi keçmişimizin təqdimatını məhdudlaşdırmış olacağıq.

Nəriman Nərimanovu nə qədər Məmməd Əmin Rəsulzadə ilə müqayisə edib, Nərimanovun qeyri-obyektiv, birtərəfli münasibətdən doğan düşmən obrazını yalnız ədəbi prosesin yox, ictimai fikrin də faktına çevirməyə cəhd etmək olar? Əslində, siyasi xadim kimi Nəriman Nərimanovu Məmməd Əmin Rəsulzadə ilə birləşdirən ən əsas cəhət eyni idi - milli azadlıq, milli müstəqillik amalı, - ancaq onlar bu böyük amalı həyata keçirmək yoluna bir-birinə zidd bucaqlar altından baxırdılar və tarix göstərdi ki, bu siyasi rəqabətdən qalib çıxan Rəsulzadə, məğlub isə Nərimanovdur.

Mən 90-cı illərin ortalarında həm Nərimanov, həm də Rəsulzadə haqqında yazdığım yığcam monoqrafiyalarda bu barədə danışmışam və özümü təkrar etmək istəməyərək, onlardan birində yazdığım bu cümlələrlə kifayətlənirəm: «XX əsr Azərbaycan tarixinin ideyalar toqquşmasında Rəsulzadə - Nərimanov siyasi rəqabətində, amal, əqidə və əməl mübarizəsində böyük hərfli Gələcək Rəsulzadənin müttəfiqi idi və tarix bunu əsrin sonunda birdəfəlik, mübahisəsiz, heç bir şübhə yeri qoymadan sübuta yetirdi və buna görə də bu gün siyasi qalib Rəsulzadədir, Topçubaşovdur, Xoyskidir, Yusifbəylidir, amma siyasi məğlub da nifrət obyekti yox, milli tariximizin faciə qəhrəmanıdır, onu ifşa etməkdən (çox zaman da naşı qələmi ilə!) ləzzət almaq yox, ona yanmaq, heyfsilənmək və H.Z.Tağıyevin həyatına həsr edilmiş hörmət və məhəbbətlə dolu bioqrafik yazısından tutmuş bir sıra son dərəcə acı təəssürat doğuran rəsmi sənədlərəcən onun ziddiyyətli və mürəkkəb irsinə və fəaliyyətinə obyektiv qiymət vermək lazımdır… Nərimanovun səhvləri bizim tariximiz, ədəbiyyatımız və ictimai fikrimiz üçün yad bir şəxsiyyətin yox, doğmanın səhvləridir. Nərimanovun siyasi və insani faciəsi yadın yox, doğmanın faciəsidir». (Nəriman Nərimanov. Şəxsiyyəti və fəaliyyəti. Bakı, Azərnəşr, 1997)

Əlbəttə, obyektiv həqiqət həmişə olduğu kimi, gec-tez üzə çıxacaq, ancaq bu gün biz nə üçün «Söz azadlığı»nın imkanlarından bəhrələnməyərək, gələcək ədəbi nəsli bəzən beləcə sıfırdan başlamağa düçar edirik?

«Söz azadlığı» dövründə belə bir qeyri-obyektiv, naqis münasibətin - vulqar-sosioloji təmayülün diriliyi, klassiklərlə bağlı dediyim kimi, yalnız bizim ədəbi prosesin faktı deyil, belə bir hal Rusiya ədəbi prosesinin timsalında, görünür, digər postsovet ölkələrinin ədəbi prosesi üçün də səciyyəvidir. Bu gün məhz vulqar-sosioloji münasibət nəticəsində yalnız sovet dövrü yox, bütöv XX əsr rus ədəbiyyatının Leonov, Katayev, Fedin kimi görkəmli nümayəndələri yalnız təkdirə məruz qalır, yaxud «qırmızı qraf» Aleksey Tolstoy yalnız tənqid və təftiş obyektinə çevrilir, hətta Şoloxovun yazıçıların, yaxud da partiyanın qurultaylarında, Yazıçılar İttifaqındakı ayrı-ayrı toplantılarda həqiqətən də «bolşevikcəsinə» çıxışları qabardılaraq, ona - XX əsr dünya ədəbiyatının böyük romanlarından biri olan «Sakit Don» müəllifinə (bu müəlliflik artıq «Söz azadlığı» dövründə də tam surətdə sübut olunmuş elmi faktdır!) qarşı hücumlər təngimək bilmir.

Bəzən elə bir təəssürat yaranır ki, sovet dövrü rus nəsri yalnız «Doktor Jivaqo»dan və «Ustad və Marqarita»dan ibarətdir - vəssalam! «Doktor Jivaqo»nu deyə bilmərəm (doğrusunu deyim ki, mənə görə bu roman ədəbi-bədii faktdan daha artıq dərəcədə Soljenitsinin, yaxud Rıbakovun sonrakı illərdə yazılmış romanları kimi, yarandığı dövrün siyasi faktıdır), «Ustad və Marqarita» isə yenə də mənə görə, bədii-estetik və fəlsəfi miqyasına görə XX əsr dünya ədəbiyyatının faktıdır, ancaq bu o demək deyil ki, «Sakit Don» kimi dahiyanə romanın üzərindən xətt çəkmək istəyəsən (onsuz da bu mümkün deyil!).

Yaxud, baxın, dünənəcən rus sovet sənətşünaslarının teatr estetikasının şahlıq taxtında oturtduqları Stanislaskini bu gün taxtdan salaraq, az qala heçə çevirir, ən yaxşı halda isə ona çox yuxarılardan (kosmosdan!) aşağı baxırlar. Sosrealizmin (və sovet hakim ideolojinin) dəstəklədiyi və təbliğ etdiyi Stanislavski sisteminə yalnız kəc baxmaqla, kin-küdurət bəsləməklə estetik bir kateqoriya kimi köhnəlikdən uzaqlaşmaq, uzaqlaşsan da, yalnız bununla modern uğurlar əldə etmək mümkün deyil, çünki mənim düşüncəmə görə, uzun onilliklər boyu möhtəşəm rus (ümumiyyətlə, sovet) teatr məktəbinin yaranmasında böyük rol oynamış bu sistemin mahiyyətinə varmaq, onun yaxşısından istifadə etmək, zamanın («Söz azadlığı»nın imkan verdiyi üslublar, cərəyanlar azadlığının!) tələblərinə cavab verməyəni isə bir kənara qoymaqla uğurlu nəticə əldə etmək olar.

Yetmiş illik sovet dönəmində Azərbaycan teatrı da inkişaf edibsə - bu böyük inkişaf isə tamam aydın bir həqiqətdir! - bunda Stanislavski sisteminin həlledici rolu olub, çünki başqa bir yaradıcı yol, estetik səmt mövcud deyildi. O başqa məsələ ki, bu inkişaf birtərəfli olub, siyasi həyatın bir partiyalığı kimi, bir sistemli olub, ancaq olub və «Söz azadlığı»ndan istifadə edib, bu sistemlə düşmənçilik etmək, ona yararsızlıq damğası vurmaq - istifadə yox, sui-istifadədir.

Dünənəcən vulqar-sosioloji münasibət sovet hakim ideolojisinin sevmədiyi Kuprini, Bunini, Belıyı, Arsibaşevi və başqaları kimi nasirləri, yaxud Qumilyov, Pasternak, Svetayeva, Axmatova və başqaları kimi şairləri yaxına buraxmaq istəmirdi, Qorki bütləşdirilirdi, Mandelştam isə əskildilir və unutdurulurdu. Bu gün yenə 180 dərəcə əksinə, elə həmin vulqar-sosioloji münasibət Qorkini heç edir, Mandelştamı bütləşdirir. Mən rus ədəbi prosesi ilə bağlı bu söhbəti uzatmaq istəmirəm, ancaq görürsüz, təxminən eyni mənzərədir, ancaq bu, heç vəchlə təskinlik deyil.

Bir müddət bundan əvvəl Vaqif Yusiflinin, Kamal Rüstəmin və Elnarə Akimovanın «XX əsrin ilk yarsındakı ədəbi-mədəni prosesdə roman faktoru» ətrafında apardıqları maraqlı fikir mübadiləsi zamanı Elnarə deyir: «Bu dövrun (1930-cu illərin - E.) romanları sosialist realizmi tələblərinin, partiya direktivlərinin sənətdə gerçəkləşən şəklidi. Bu romanların heç birində insan yoxdu. Sadəcə, eyni «mən»lərin xoru, bir qəlibdən çıxmış qəhrəmanların, süjetlərin, mövzuların şəkillənməsi var, vəssalam». («525-ci qəzet», 9 sentyabr 2016)

Elnarənin bir gənclik maksimalizmi ilə dediyi bu sözlərdə həqiqət var, ancaq məsələ heç vəchlə «vəssalam»la bitmir. O romanlar ədəbiyyatımızda janrı formalaşdırdı və təsdiq etdi; o romanların Azərbaycan ədəbi-bədii dilinin inkişafında, zənginləşməsində, təhkiyənin, stilistikanın təmizlənməsində, saflaşmasında müstəsna xidməti oldu; o romanların dili və təhkiyəsi ilə on il əvvəlki dövrün yazılarının dili və təhkiyəsi ilə müqayisə edin - nə qədər böyük fərq var. Məgər bu azdır?

Hələ orasını demirəm ki, 30-cu illər tənqidinin əsas bədii obyekti həmin romanlar idi, bu isə o deyən sözdür ki, vulqar-sosioloji təmayüllə də olsa, tənqidimizin formalaşmasında, o romanlar ciddi rol oynayıb. 1920-ci illərə qədər Abdulla Sur, yaxud Kazımoğlu (Seyid Hüseyn) professional tənqidin yalnız embirionunu yetişdirirdilər və 30-cu illərdə tənqidimizin tam surətdə «janrlaşması» bir çox hallarda, dediyim kimi, elə o romanlara borcludur. Görünür, biz gərək «vəssalam»larla nöqtə qoymağa tələsməyək, çünki belə bir səbirsizlik (nəzəri-estetik səbirsizlik!) ədəbi prosesdə həqiqət cildində təsvir edilən qeyri-obyektivliyə (yalançı həqiqətə!) aparan bir cığıra, hətta yola çevrilə bilər.

Nəhayət, mən də bu yazıda «Söz azadlığı»na güvənib, olsun ki, çox mübahisəli, xeyli şübhə doğura biləcək bir cəhəti qeyd etmək istəyirəm: illər keçdikcə, zaman, elə bil, sovet ədəbi irsini möhkəmcə silkələyərək, sosrealizmin içindən yeni bir estetik təmayül çıxarmağa başlayır və onu bu gün bizim ədəbi-nəzəri və tarixi düşüncəmiz üçün az qala keçmişimizin yeni (!) bir cərayanına çevirir. Misal üçün, bu gün mən 1930-cu illərdə (1934-35-ə qədər) Mikayıl Müşfiqin, ya da Səməd Vurğunun Stalinə, yaxud da Süleyman Rüstəmin partiyaya, komsomola həsr etdiyi odlu-alovlu şeirləri haqqında konyukturadan doğan sosializm realizmi nümunələrindən daha artıq dərəcədə, konyukturanı kənara itələmiş sosializm romantizmi (inqilabi romantizm!) nümunələri kimi düşünürəm.

Yəni söhbət konyukturanın yalançı sənətə gətirdiyi poetik qəlplikdən, saxtalıqdan yox, istedadın təbii özünüifadəsindən gedir, kommunizm ideallarına həqiqi inamdan, əqidə uğrunda mübarizə romantikasının doğurduğu ruh yüksəkliyindən, yeniləşməyə, ictimai, sosioloji, milli və dini ətalətdən azad olmağa can atmaqdan gedir və bu kontekstdə sosializm romantizmi bədii dilin inkişafında, poeziyamızın forma müxtəlifliyi, bədii-estetik arxitektonika yeniliyi əldə etməsində də az rol oynamadı. Düzdür, həmin şeirlər poeziyamıza patetika, təmtəraq, gurultu da gətirdi, ancaq bu patetikanın, təmtəraqın, gurultunun özü də ürəkdən gəlirdi, siyasi romantikanın ifadəsi idi, təəssüf ki, sonralar süniləşdi, saxtalaşdı.

O da başqa məsələ ki, get-gedə həmin inqilabi romantizmin özü də dövrün yalnız ideoloji yox, eyni zamanda, inzibati (və cismani - 1937-38-ci illəri yada salaq) təsiri ilə konyukturaya çevrilməyə başladı, nəticə etibarilə 40-50, hətta 60-70-80-ci illərdə «sovet ədəbiyyat generalı» rütbəsi almaq ehtirasının ifadəsinə çevrildi (Stalin mükafatı, sonralar Lenin, Dövlət mükafatları, deputat təyin edilmək, dərsliklərə düşmək, mənzil şəraitini yaxşılaşdırmaq, məişət qayğılarını azaltmaq və s.).

Şəxsən mən 1934-35-ci illərə qədər yazılmış «ideoloji» şeirlərin bir qismində, təkrar edirəm, aşkar bir «Ovod» inqilabi romantikasını hiss edirəm, ancaq bu dediklərimdən belə bir bəsit nəticə çıxarmaq asan yol olar ki, guya mən dolayısı yolla da olsa, sovet poeziyasındakı siyasi mədhiyyələrə bəraət qazandırmaq istəyirəm, əksinə, mən «Söz azadlığı»nın imkanlarından istifadə edib, hətta bu mədhiyələrin də daha dərin elmi-nəzəri və bədii-psixoloji təhlil və tədqiqinə çağırıram.

Birinci məqalə burda

# 1102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #