Gürcüstanda yaşayan yazıçımız: “Bu, utancverici mənzərə deyilmi?” - MÜSAHİBƏ

Gürcüstanda yaşayan yazıçımız: “Bu, utancverici mənzərə deyilmi?” - <span style="color:red;">MÜSAHİBƏ
3 aprel 2018
# 14:20

Kulis.az GYB-nin Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təkləli ilə müsahibəni təqdim edir.

“Söz sənətində “ağsaqqal imtiyazı” deyilən bir anlayışa dünyanın heç bir ədəbiyyatında rastlaşmaq mümkün deyil”!

GYB-nin azərbaycan bölməsinin aktiv olacağı haqqında Allahverdi Təkləli mənə dəfələrlə xəbərdarlıq edirdi. Dəfələrlə Tiflisin küçələrini gəzə-gəzə, kafelərində səhərə qədər oturaraq bu barədə söhbət edib, ədəbiyyat adına rəngarəng xəyallar, planlar qururduq. Nahayət, bu gün gəlib çatdı. Artıq bölmə aktiv olundu. İndi onunla bölmənin gələcək fəaliyyətləri barədə söhbət edirik.

- Müəllim, işləriniz necədir?

- Axır ki, uzun illər üzərində çalışdığımız ideyanı həyata keçirə bildik.

- Çox sevindim. Fikrimcə, bütün ədəbiyyatımız adına böyük uğurdur bu. Gəlin elə söhbəti bu yöndə davam etdirək. Bölməmizin fəaliyyəti barədə fikirlərinizi paylaşmağınız ədəbiyyatsevərlərimiz üçün də maraqlı olar.

- Öncə onu deyim ki, fəaliyyətə başlamamızı təmin etmək üçün ilk növbədə qarşımızda beş nəfər yazarımızın GYB üzvlüyünə qəbulu məsələsi dururdu. Qələm dostlarımızın üzvlük məsələsini çözdükdən həmən sonra, bölməmizin “Körük” adlı ədəbi orqanını təsis etdik. Artıq ilk sayımızın işıq üzünə çıxmasına sanılı günlər qalır. “Körük” dərgimizdən başqa, GYB ilə “Sxivi-Şəfəq” adlı iki dilli, ortaq almanax çıxarmağı da planlaşdırmışıq. Oxucular “Körük”də dünya ədəbiyyatı nümunələri ilə yanaşı, ölkəmizdə yaşayan qələm qardaşlarımızın yaradıcılığı ilə də tanış olacaqlar. “Sxivi-Şəfəq” almanaxı isə iki qardaş xalqın ədəbiyyat və mədəniyyətlərinin bir-birinə tanıdılması üçün çabalar göstərəcək. Bundan yana, ölkəmizdə yaşayan söz, sənət və mədəniyyət adamlarının yaradıcılıq gecələrinin, kitab təqdimatlarının, anım günlərinin, yubileylərinin keçirilməsi və münbit ədəbi mühitin yaradılması kimi məsələlər bölmənin fəaliyyət dairəsinə daxildir.

- “Körük” çox maraqlı ad seçimidir. Niyə məhz Körük?

- Kürədə odun diri qalması körüyün odu atəşləməsinə bağlıdır. Yəni körük kürəni “püləmirsə”, bu, kürədəki atəşin get-gedə sozalıb ölməsi deməkdir. Qısaca, “Körük” ad seçimində dayanmağımız sözün yeni körükçülərini yaratmaq, sözün yeni körükçülərinə dönmək istəyimizdəndi.

- Dərgi aylıq olacaq. Dərgidə dərc olunacaq yazıların əhatə dairəsi daha çox hansı yöndə olacaq?

- İlk növbədə əsas qayəmiz komplekslərdən, şablonlardan, standartlardan qaçmaqdır. Qeyd edim ki, dünyanın görkəmli yazarlarından öyrənmək, yeni səslərin, yeni nəfəslərin dünyaya gəlişinə şərait yaratmaq və rəvac vermək işimizin ana xəttini təşkil edəcək. Qloballaşan müasir dünyanın Nobel ödüllü şair və yazıçılarının əsərlərinin tərcüməsi ilə yanaşı avanqard, modern, postmodern düşüncə formasını içərən rəngarəng səpkili yazılara da xüsusi diqqət yetirəcəyik. Hər sayımızda ayrıca gürcü ədəbiyyatı rubrikasının yer alacağını da xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, bu ölkənin vətəndaşları olaraqdan qardaş gürcü ədəbiyyatını Azərbaycan türkcəsinə çevirib toplumumuza tanıtmaqda borcluyuq. İnanıram ki, Borçalı gəncliyinin gürcü söz ustalarının yaradıcılıq təcrübəsindən öyrənməsi yaranmaqda olan yeni ədəbiyyatımızın inkişafına daha da təkan verər, xeyrinə olar.

- “Körük” Azərbaycan türkcəsində olduğuna görə bəs gürcü dilində nələrsə çap, dərc etdirmək kimi planlarınız da varmı?

- Bölməmizin GYB ilə iki dilli “Sxivi-Səfəq” almanaxının gün işığına çıxaracağını bir az əvvəl qeyd etdim. Həmin o adı bəlli almanaxın gürcü bölməsində, eləcə də əməkdaşlıq edəcəyimiz “Siskari” dərgisində vaxtaşırı yerli müəllifləri və Azərbaycandakı soydaşlarımızın ən dəyərli əsərlərini gürcücəyə çevirib gürcü oxucusuyla tanış edəcəyik.

- GYB ilə ortaq başqa layihələr də nəzərdə tutulubmu? Çünki iki xalqın bir-birinə kultural inteqrasiyası üçün bu cür işlərə çox ehtiyac var.

- Sözsüz. Çapını ortaq nəzərdə tutduğumuz iki dilli “Sxivi-Şəfəq” dərgisi məhz iki qardaş xalqın arasındakı kultural və ədəbi inteqrasiya boşluğunu doldurmağa yönəli düşünülüb. Başqa layihələrə gəlincə onu deyə bilərəm ki, hər iki ölkənin ciddi ədəbiyyat və mədəniyyət təmsilçilərinin və eyni yolda yürüyən gənclərinin həm Tbilisi də, həm də Bakıda görüşlərini keçirmək, poeziya şölənlərini təşkil etmək, həmçinin ən layiqli müəlliflərin əsərlərinin Azərbaycan türkcəsindən gürcücəyə və ona uyğun olaraq gürcücədən də Azərbaycan türkcəsinə çevirib kitab şəklində çapı gələcək layihələrimizin qayələrindəndir. Bu layihələrimizə ən yaxşı tərcümələr üçün mükafatların təsis olunmasını da əlavə etsəm, vermiş olduğun sualı qaneedici cavablandırdığım qənaətindəyəm.

- Bildiyiniz kimi bizim burdakı Azərbaycan türk dilli bölgələrdə ana dilində ədəbi orqan ümumiyyətlə yoxdur. “Körük” bu boşluğu doldurmağı öz üzərinə götürdüyünə görə yəqin ki, hər kəsin çapını, yaradıcılığını dərc etməyi, yayınlamağı da nəzərdə tutub?

- 1883-cü ildə Tiflisdə “Kəşkül” adlı ədəbi-siyasi aylıq məcmuənin nəşrindən bu günə kimi Gürcüstanda yaşayan toplumumuzun ana dilində sırf ədəbi orqanının yoxluğu hər kəsə bəllidir. Başqalarını deyə bilmərəm, ancaq bu, şəxsən mənim ən ağrılı yerlərimdən biri olub həmişə. “Kəşkül” ənənəsini yaşatmaq, aradakı boşluğu doldurmaq üçün 2008-ci ildə Osman Əhmədoğluyla “Yazı” adlı bir ədəbi jurnal dünyaya gətirdik və göstərdiyimiz çabanın vur-tut 4 sayla sonuc verməsinə bu gün də üzülürəm. Kimsə inciməsin, başqa vaxtı milli-mənəvi dəyərlərdən danışanda “ağzımıza çullu dovşan sığışmır”, amma Gürcüstanda yaşayan milli azlıqların içində (sayca hamıdan çox olmağımıza baxmayaraq) ədəbi dərgisi olmayan yeganə toplumuq. Bu utancverici mənzərə deyilmi?! Bir anlığına hər bir millətin ədəbiyyatını bir dəniz olaraq təsəvvür et. Sənin özünə də məlumdur ki, dənizin qurumaması üçün gərək bulaqlar çaylara, çaylar da dənizlərə axıb tökülsün. Bu mənada, çox az qələm qardaşımızın bulaq pıçıltılı sözüylə öz ədəbi dənizinə qatqısını nəzərə almasaq, biz heç zaman dənizə can atmadıq. Elə bu üzdən hələ də sözümüzü ənənəvilik çidarından qurtara bilməmişik. Nə isə...

“Körük” qapısını hər kəsin üzünə açıq saxlamaqda, hər kəsə çap olunma, yayınlanma haqqı tanımaqda və qayğı göstərməkdə borcludur. Amma bu o demək deyil ki, hər sıradan yazı, boz-bulanıq söz yığını dərgidə yer alacaq.

- “Körük” necə açılır?

- Borçalı nəsrinin ən ustad qələmlərindən biri, bəlkə də birincisi Eyvaz Əlləzoğlunun “Doğum” hekayəsi ilə. Nəyə işarə etdiyimizi anladın yəqin ki. Axı, yeni doğum ərəfəsindəyik biz.

- Burdakı yaşlı nəsillə gənc nəslin arasında bir az ədəbi soyuqluq, qırğınlıq var. Onları bir araya gətirmək haqqında təklif və planlarınız nədir?

- Məncə, bizdəki gənc nəsillə yaşlı nəslin arasındakı ədəbi soyuqluq, qırğınlıq ilk növbədə ədəbiyyata baxışların fərqliliyindən yaranıb. Yaşlı nəsil gələcək davamçılarına öz baxış bucağını diqtə edir, gənc nəsilsə, əksinə yaşlı kəsimin ənənəvi düşüncəsini qəbullanmır. Bu da təbiidir. Gəncliyi çılğınlığın, dinamikanın, təzə-tər obrazlar sisteminin və eləcə də yeni poetik təfəkkürün sinonimi olduğunu nəzərə alsaq, onların daha haqlı olduğunu qəbullanmaqdan başqa yolumuz qalmır. Söz sənətində “ağsaqqal imtiyazı” deyilən bir anlayışa dünyanın heç bir ədəbiyyatında rastlaşmaq mümkün deyil. Sözün ağsaqqalı məhz sözü yeni rəngdə, yeni çalarda yaradanlardır. Bu, 20 yaşlı gənc də, 70 yaşlı qoca da ola bilər. Bir örnək deyim. Məsələn, XIX əsr Fransız poeziyasının nadir incilərini yaratmış Artur Rembo cəmi dörd il (16 yaşından 20 yaşına kimi) bədii yaradıcılıqla məşğul olub.

- Gənclər haqqında belə pozitiv danışdığınıza görə ədəbi potensialına inandığınız gənclər var deməkdir. İzləyirsinizmi gənclərin yazdıqlarını?

- Gənclərdən Aida Tağının, Azər Musaoğlunun, Nərmin Hüseynzadənin, Aytacın, Elnur Nazimin, Mirdamadın, Vaqif Səyyahın, Eltunun, Atif Abbasovun, Kamuranın, Afayətin və eləcə də sənin imzanla tanışam. Könlünü sözə qapdırmış bu gənc dostlarımızın ədəbi potensialına inanmasaydım etiraf edim ki, onların yazdıqlarını izləyib oxumağa vaxt ayırmazdım. GYB-nın Azərbayacan bölməsi adından elan edirəm: “Körük” dərgisini sizə həvalə etmək düşüncəsiylə yaratdıq! Buyurun, gəlin! Əziz gənclik, hər şey sizin öhdənizdə olacaq!

- Bu ideya və layihənin reallaşması bizim kefimizi açdığı kimi ümidvaram ki, neçə illərdir sandıq ədəbiyyatına çevrilən ədəbiyyatımızın da kefini açacaq...Uğurlar!

- Hər halda. Mən də bütün sözün körükçülərinə uğur diləyirəm!..

Söhbətləşdi: "Körük"ün redaktoru Coşqun Cəfər

# 1385 dəfə oxunub

Müəllifin son yazıları

# # #