“Çaynikin mığıltısı gəlməsə, ilham pərim qaçar” - İsa Muğannanın iş masası

“Çaynikin mığıltısı gəlməsə, ilham pərim qaçar” - <span style="color:red;">İsa Muğannanın iş masası
17 avqust 2016
# 11:41

“Aydın yol” qəzetinin “Yazı masası” rubrikasında dünyasını dəyişən, həmçinin hazırda aramızda olan yazıçı, şair, elm və mədəniyyət xadimlərinin iş otaqlarından, ürəklərini açdıqları yaza masasından və onların taleyindən danışılır. Bu dəfə mərhum Xalq yazıçısı İsa Muğannanın iş otağını ziyarət edib, onun yazı masasından, bu masanın ətrafında yaşanan acılı-şirinli xatirələrdən danışmaqla ruhunu yad etdik. Mərhum yazıçının qızı Sevinc Muğanna bizə bu yolda yardımçı oldu:

Kainatı iş otağına çevirmək

- Atam təkcə iş otağında düşünmürdü ki! Onun beyni daim fikir gəmisində səyahətdə idi. Bunun üçün iş otağına keçmək lazım deyildi.

Anladıq ki, Sevinc xanımın dediyi bu sözlər söhbətin əsas işıq qaynağı olacaq. İsa Muğannanın hazırda yalqız qalsa da, ailəsinin müqəddəs bildiyi yazı masası, o masanın yerləşdiyi iş otağı bu iki cümlənin içində əriyəcək. İsa Muğannanın səyahətdə olduğu fikir gəmisi nə bu iş otağına, nə də oradakı yazı masasına sığır. Saf Ağ həqiqətlərini işıq dilində yazan yazıçı əslində, kainatın özünü iş otağına, yazı masasına çevirib. Bizim gördüyümüz yazı masası isə böyük “masa”nın yer üzündəki təmsilçisidir. Yəni, İsa Muğanna ara-sıra özünün böyük “iş otağı”ndan - kainatdan ayrılıb, evindəki otağa keçib. Oradan yığdıqlarını burada “boşaldıb”:

- Cavan vaxtları atamın iş otağı mətbəx olub. Ona görə yox ki, kabineti yox idi. Ona görə ki, atam gecəyarı işləməyi sevirdi. Gözümü açandan belə görmüşəm. Atam deyərdi ki, çaynikin mığıltısı gəlməsə, ilham pərim qaçar. Gecədən səhər 6-ya kimi işləyər, 3-4 saat yatıb işə gedərdi. Sonralar səhhəti ilə əlaqədar gecə işləməyi həkimlər qadağan etdilər və məcbur olub kabinetdə işlədi. Çaynikinin mığıltısını, yəni, ilham pərisini artıq, nəvələrinin səs-küyü əvəzləmişdi. Hərdən zarafatla deyirdim ki, ay “papa”, mən yazıq cınqırımı çıxarda bilmirdim, bu uşaqlara niyə heç nə demirsən? Qımışıb deyərdi ki, xətirlərinə dəymə. İş otağında hər şey nəinki əziz, deyərdim ki, müqəddəs idi. Bunu uşaqlar da bilirdilər. Ona görə də hamı burada ehtiyatla davranırdı. Otağa, buradakı əşyalara, yazı masasına bu münasibət indi də davam edir.

Yazı masası - Ruhu Göylə bağlayan kəndir

İsa Muğanna Odər fəlsəfəsi, Saf Ağ elminin bütün kainatı qucaqlamaq gücündə olduğunu deyirdi. Kainatı qucaqlayacaq böyüklükdə olan fəlsəfə təbii ki, bu otağa sığan deyildi. Sevinc xanım da, bu detalı unutmur: otağın sirli enerjisi və onun mənbəyi haqqında danışır:

- Yazı masası sadəcə düşündüklərini ağ kağıza köçürməkdən ötrü bir vasitə idi. Bu fəlsəfə göylərə ucalırdı. İnşallah, dediyi olar, gələcəkdə kainatla qucaqlaşar. Bunun üçün gərək insanlar doğru yol tutsunlar, haqqa gəlsinlər, kamilləşsinlər.

Atam dünya şöhrətli yazıçılığa layiq ustad sənətkardır. Çox istəyirdi ki, əsərləri dünya dillərinə tərcümə olunsun, buna inanırdı da. Deyirdi ki, ola bilsin mən görməyəcəm, amma bu baş verəcək, dünya məndən danışacaq.

Yeni əsər vardı beynində - bişmiş, hazır vəziyyətdə idi. Yarımçıq qaldı. Təəssüf... Qızı yox, oxucusu olaraq, əminliklə deyirəm ki, atamın əsərləri tərcümə olunsa, Azərbaycana böyük şöhrət gətirmiş olar. Dövlətimiz sağ olsun, razıyıq. Ulu Öndər də çox böyük dəyər verirdi atama.

Bu otaqdakı, yazı masasının arxasındakı sirli enerji onun göylərə bağlılığı, Eysara məhəbbətinin əsas vasitəçisi olub. Bu məhəbbət, sirli enerji təkcə iş otağında deyil, hər yerdə onunla idi.

Bu iş otağından, bu yazı masasının arxasından insanları eşqə harayladı, kamilliyə qovuşmağa çağırdı, elmli olmağa səslədi. Nə dərəcədə eşidildi, deyə bilmərəm.

Eysardan qoparılan xatirə

Sevinc xanımdan atasının iş otağında, yazı masasının ətrafında hansısa maraqlı xatirəni yada salıb, bizə danışmasını xahiş edirik. Xəyalı uzaqlara gedir. Məhz o uzaqlardan elə bir xatirəni dartıb gətirir ki, onu ancaq Eysarın əlindən qoparmaq olardı.

İsa Muğannanın və nəvəsinin var olduğu bir epizod - o epizoddakı sevgi göylərdən qopub, bu iş otağını, yazı masasını, buradakı kitabxananı sirli enerji dumanına qərq edən bir qüvvədir. Qızı danışdıqca, biz o qüvvəni daha yaxından hiss edirik:

- Qızım balaca idi. 2-3 yaşı olardı. Atam da iş otağında çalışırdı. Bu da oyuncaq mikrofonunu götürüb düz gəlib durdu atamın qənşərində, bərkdən mahnı oxutmağa başladı. Onda çox qorxduq ki, əsəbiləşər, amma qəribədir ki, heç vecinə almadı, işinə davam etdi. Nəvələrinin məhəbbəti qarşısında aciz idi. Onlara acıqlananda inciyirdi, uşaq kimi kövrəlirdi. Məni danlayırdı ki, günah səndədir.

İndi onsuz bu otaqda addımlamaq, yazı masasına yaxınlaşmaq çox çətindir. Bircə təsəllim odur ki, onun qızıyam. İş otağının böyük bir hissəsi bu kitabxanadan ibarətdir. Atamın kitabxanasında, əsasən rus və dünya ədəbiyyatının nadir nümunələri toplanıb. Əlbəttə, klassik ədəbiyyatımızın inciləri də bura da öz əksini tapıb. İş otağının böyük bir hissəsi elə bu kitabxanadan ibarətdir. Atamın Ağstafa rayonunda şəxsi evi var. Qismət olsa, özünün vəsiyyətinə uyğun olaraq, evimizdəki, bütün əşyaları kitabxanası ilə birlikdə ora yerləşdirmək fikrim var. Bu, ustadın öz arzusu idi.

Sazın sehri

Xalq yazıçısının həm də tədqiqatçısı olan qızına “ola bilməz ki, İsa Muğannanın insanlardan incik düşən vaxtları olmasın”, sualını veririk. Sevinc xanım da fikrimizi təsdiqləyir:

- Bu anlar onun həyatında yetərincə olub. Cavanlıqda belə şeylərə o qədər də önəm vermirdi, amma axır vaxtlar mənimlə və anamla bu barədə fikrilərini bölüşürdü. Bir xasiyyəti var idi: ona pislik edənləri sadəcə həyatından silib atırdı. Eşqi güclü olduğu kimi, nifrəti də güclü idi. Genetik olaraq, mən də atama oxşamışam. Bu gün də iş otağından heç nəyi muzeyə verməmişəm. Atamın ətrini onlardan alıram”.

Yəqin ki, bu yazı masasının ətrafında çox ziyalılar oturub, dərdləşib, söhbətləşiblər. Sevinc xanımdan bu barədə danışmasını xahiş edirik. Hüsü Hacıyev küçəsindəki “Yazıçılar binası”nda böyüyən bütün insanlar kimi onun da ürəyi bu xatirələrlə doludur:

- Anar, Fikrət Qoca, akademik Nizami Cəfərov, rəhmətlik Nəbi Xəzri, Qabil, Nüsrət Kəsəmənli, siyahını artırmaq olar, bir sözlə çoxları bu kabinetdə atamla fikir ortağı olublar. Amma Zəlimxan Yaqubu və Barat Vüsalı xüsusi qeyd etmək lazımdır. Çünki ən çox evimizdə onlar qonaq olublar. Ümumiyyətlə, son zamanlar atamın yazarlar arasında dostluq etdiyi, məsləhətləşdiyi dörd insan olub: Zəlimxan Yaqub, Barat Vüsul, Nizami Cəfərov və İntiqam Qasımzadə. Onlarla fikirlərini bölüşər, dərdlərini deyərdi.

Ziyalılarımızın hər biri ilə ünsiyyət maraqlıdır. Amma Zəlimxan müəllimin sazlı, sözlü məclislərinin sədası qulağımdan getmir. Söylədiyi şeirlər, qoşmalar, hətta uşağı belə ovsunlayırdı. Bir dəfə qızım balaca olanda Zəlimxan müəllim də evimizdə qonaq idi. Uşağı heç cür susdura bilmirdim. Utandığımdan bilmirdim ki, neyləyim. Bunu qonaqlar da, atam da hiss etmişdi. Atam uşağı otağa gətirməyimi istədi. Qəribə bir səhnə idi: Zəlimxan müəllim başladı balacanı vəsf eləməyə, tərif deməyə. İnanırsız, uşağın gözündə yaş dondu, axıracan divanda oturub onu dinlədi. Görün, şeirin qüdrəti nə qədər böyükdür ki, yenicə dil açan körpəni də ovsunlaya bilmişdi.

Xatirələrim sonsuzdur. İndi fikirləşəndə ki, kimlərlə ünsiyyətdə olmuşam, qəribsəyirəm. O günlər üçün çox darıxıram. Atamlı günlərimizdə evimiz həmişə adamla dolu olardı, indi isə...

Kiçik iş otağından böyüyünə - yaxud, evdən kosmosa gedən yol

Yarımbaşlıqda haqqında söhbət edilən yol İsa Muğannanı yer üzündən ayıran yoldur. Onun özü də ömrünün sonunda harasa tələsirdi. Deyəsən, bəşəri həqiqətləri qələmə aldığı iş otağı ona çox darlıq edirdi. O, işıq gəmisinə minərək böyük iş otağına doğru getdi:

- Sonuncu gün heç özündə olmadı, elə bil tərki dünya olmuşdu. Yemək də yemədi, kabinetə də keçmədi. Sadəcə divanda susqun oturmuşdu. Axşam 6-da əhvalı dəyişdi. Gecə 01:30-da dünyasını dəyişdi. Quş kimi uçub getdi sevimli Eysarının yanına. Bizə isə ondan qalan ancaq şirin xatirələr və dahiyanə əsərləri oldu.

Elmin NURİ

# 970 dəfə oxunub

Müəllifin son yazıları

# # #