Mənim məbədimdir bu yorğan-döşək – Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR

Mənim məbədimdir bu yorğan-döşək – <span style="color:red;">Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR
30 oktyabr 2017
# 17:30

Kulis.az Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Sirr adam

Yığışıb bu şəhərin bir xaraba küncünə,
gizlicə arzuladın bəxtəvər uzaqları!
Kimsə də eşitmədi qışqırdığın dərdləri,
kardımı yer üzündə hamının qulaqları?

And içdin, tövbə etdin müqəddəslər adına,
heç bir varlığı məchul çatmadı imdadına!
Vuruldun bir öpüşün tütün-tüstü dadına,
heç yuxuna da gəlməz indi o dodaqları!

Gah torpağa sarıldın, gah qucaq açdın göyə!
Gözlədin, əllərini dizinə döyə-döyə!
Hərdən şeir yazmağa bəhanən olsun deyə,
təkcə adını sevdin bütün ayrılıqların!

Nə bir kəlmə danışar, nə də susarlar səni!
Ən kiçik istəyindən tutub asarlar səni!
Çeynəyərlər, udarlar, sonra qusarlar səni!
Qaç dərinində gizlən qaranlıq otaqların!

O əsən əllərindən tutmadı ki, bir adam!
Duyğuları müəmma, yaşayışı sirr adam!
Bu qorxu, bu təlatüm, bu təlaş nədir, adam?
Üstünə itmi cumub, titrəyir ayaqların?

Sənsiz payız

Yenə sənsiz payız gəldi bu yerə...
yenə yağış yağır, yağır, biləsən!
Göy bağırır, külək əsir, çığırır,
yenə şimşək çaxır, çaxır, biləsən!

Mənsə, həmin - əli şüşəli adam...
bir az qəmli, bir az nəşəli adam...
yolum səndən ayrı düşəli, adam,
məni hicran yıxır, yıxır, biləsən!

Çəkilməz bu taleyimdən ağrılar...
yoxluğundan günüm-gecəm ağrıyar.
Ev-eşiyim, yolum, küçəm ağrıyar.
Sancı çəkər ağır-ağır, biləsən!

Tutub hələ bir ümidin ucundan,
gözləyir ki, yapışacaq saçından,
bu əllər də bir gün ölər acından,
hələ səbrin sıxır, sıxır, biləsən!

Sən deyilsən, bu taledir amansız...
zirvələri saxlamaz ki, dumansız!
Yerə-göyə üsyan edən imansız,
səni gözlər fağır-fağır, biləsən!

Şükür sənə

Yaşı yetmişi ötmüş qoca kərtənkələyəm,
məni soyuq torpağa ölü qoyun, diri yox!
İnanmadığım nağıl çin olub taleyimdə -
bu balaca yuvamda biri varsa, biri yox!

Bu nə boyda yalandı? Kərtənkələnin yaşı,
nə yetmişi haqlayır, nə də əllini ötür!
Yoxdan ağrı çəkirəm, varım da çiynimə yük...
Tanrı, bir elçi göndər, götür bu ömrü, götür!

Götür e, bu sürünmək, yıxdı evimi, yıxdı...
bu çınqıllı torpağa sinəm yatmır e, yatmır!
Məndə ki ölmək üçün azacıq hünər yoxdu,
mənim ki yaşamağa səbrim çatmır e, çatmır!

Elə bir boşluqdayam, əvvəlim, axırım yox...
nə meymun kökündənəm, nə peyğəmbər qanından.
Məni bu iztirabla çəkmə sınağa, çəkmə!
Daha nə istəyirsən bir sürüngən canından?

Dırnağım qayalara tutuna bilmir daha...
bu xaraba yuvadan bəs necə daşınım mən?
İndi sənə gəlməyə neçə şəhər sürünüm?
Sən - ey uzaq sevgilim, itən yaddaşınam mən!

Gəl, apar yaddaşını, ölməyib, sağdı hələ...!
Susan dilim açılar, deyər təşəkkür sənə!
Əl açdım bir ümidin uçurum kənarından:
şükür, ey tanrı adam, min dəfə şükür sənə!

Sonsuz gecə

Qorxuram bir gecə düşə, bir gecə...
elə bir gecə ki, uzanıb gedə!
Elə bir gecə ki, ay da, günəş də,
bu yer kürəsindən usanıb, gedə!

Sönə mənzil-mənzil bu yer üzü də
sönə ulduz-ulduz göydə küçələr,
Mən necə dözərəm qol-qola girsə,
toplanıb-toplanıb bütün gecələr?

Səhərlər rədd olub, gecələr gələn,
daha çəkmədiyim qəhər olmadı!
Bir səhər qayıtmaq istəyən adam,
mən gözlədim... birdən, səhər olmadı!?

Bəs nə gözləyirsən? İndicə çıx gəl...
çəkir daş divarlar nəm kirpiyimdən.
Uzaqda nə ağrı, nə də ki, qəm ye,
gəl e, gəl, quş südü əm kirpiyimdən.

Bu nəm xalıların üfunətinə,
bir ayaq ətrini gətir gəl, adam!
Yanımdan bir daha getməməyinçün,
nəyin var, özünlə götür gəl, adam!

Doldur ovucuna sığallarını,
titrək dodağına öpüş qoy bir az...
Haçandı təklikdən soyuqlamışam,
bir az da zəncəfil gətir, pis olmaz.

Sındı bu küçənin işıq dirəyi,
söndü otağımın işığı, adam.
Göydə ulduzlar da gözümə dəymir,
elə bil, hər yerə daş yağır, adam.

Ay da ki, günəşə qoşulub qaçıb,
gəldimi qorxduğum başıma axır?
Güzgüyə baxardım tək olmamaqçün,
işıqsız güzgü də işləmir axı...

Yaxşı yol

Mənim çəkim uyğun gəlmir yaşıma!
Hansı yara sağalmır ki?
Qaşıma!

Bu ayrılıq həsrət deyil, əcəldi!
İndi mənçün darıxırsan?
Əcəbdi!

Yaman solub ovsunlayan baxışın!
Şəkil-şəkil qocalırsan?
Nə yaxşı!

Mənsiz ömrün yorğun-yorğun əsnədi!
Elə bildin yaşayarsan?
Bəs nədi?

Sınıxmısan, sən ki belə deyildin!
Kömək etmir qürurun da?
Nə bildin?

Adam-adam dolur bütün çuxurlar!
Sən də çuxur axtarırsan?
Uğurlar!

Ümid yoxsa bitəcək bu intizar...
Bu yoxluğun adı nədi?
İntihar!

Hər ömürün çürümək var sonunda!
Sən istədin xoşbəxt olum?
Olum da!

Əvvəl-axır gələcəyəm, rahat ol!
Məndən əvvəl sən gedirsən?
Yaxşı yol!

Öz əlimdən qaçmaq

İki əli, on barmağı
gəzdirirəm saçımda.
Bir yer de mənə, tanrı,
baş götürüb qaçım da!

Niyə əsir, görəsən,
küləkdimi əllərim?
Bundan sonra kiməsə
gərəkdimi əllərim?

Mənlə sənin aranda
bir intizar pərdədir.
Mən özümdən qaçıram,
özüm də hər yerdədir.

Mənə gələn yolların
qarı, yağışları var
Məndən gedən yolların
qaçış yarışları var.

Kim daha tez çatacaq
məndən daha uzağa?
Mən də bu yarışlara
qalmışam baxa-baxa.

Qalmışam belə naçar,
canım çıxmır, İlahi!
Dünyanın mən tərəfi
sənə baxmır, İlahi?

Əvvəllər aşiq idim
kirpiyimə, qaşıma.
İndi hər şey başqadır...
mən dərdəm öz başıma!

Mən əngələm bəxtimə,
mən yükəm öz üstümə.
Başqaları cəhənnəm,
özüm durdum qəsdimə.

Bu zülmət gecələrə
mən də bir cürə şamam.
Əriyib öz suyuna,
tezdən yanan adamam.

İndi kimə qaçım mən,
indi kimdən qaçım mən?
Bir yer de mənə, tanrı,
öz əlimdən qaçım mən!

Büt sitayişim

Bu necə sirdir ki, ruhumun sənə
bitmir itaəti; tanrısan, nəsən?
Gündə neçə dəfə səcdəyə durum,
sən bu ibadəti qəbul edəsən?

Ölüb tanrısının yanına gedir,
ölüb xoşbəxt olur insan əbədi...
Ey mənim heçliyim, əbədiyyətim,
sənə qovuşmaqçün ölümmü indi?

Məchul tanrılara dönük çıxmışam,
varlığı məlumdur büt sitayişim.
Səndən qalan hər şey mehrabım olub,
sən yer dəyişdikcə qibləm dəyişir.

Mənim inancımdır, sənin sözündür,
nurundur ağlıma hər yerdən düşən.
Mənim məbədimdir sənə uyduğum,
bu otaq, bu yataq, bu yorğan-döşək.

Bu məbəd evimin səs-sədası yox,
nə günbəzi parlar, nə minarəsi.
Bu evin çölündə sarı daşları,
gözləri yol çəkən dar pəncərəsi...

Bu evin içində tütün çənbəri,
şərab, tər qoxulu döşəmə, tavan.
Bu evin içində sənə duam var,
bu evin içində özümlə davam.

Mən ki yol azmadım, nankor olmadım,
bəs mənə verdiyin bu əzab nədir?
Ey büt sitayişim, məni bağışla,
bu səfil, avara sevgimə xatir.

Yolun düşsə bu yana

Ayağımın ucundan
yanıram təpəməcən.
Gəlsən, səni saçından
öpəcəm, e, öpəcəm.

Çəkim bir ovucluqdu,
taleyim cahan boyda...
Gəl bu gəzən ölüyə
barı başdaşı qoy da!

Üstümə bu dörd divar
şığıdı, e, bilirsən?
Dərdlərimi çığırsam,
ağıdı, e, bilirsən?

Bir soba çıtırtısı
şərikdi sükutuma.
Yolun düşsə bu yana,
nolar, məni unutma.

Yenə soyuq fəsillər,
yenə donur barmağım.
Qopub düşür dərimdən
tikə-tikə dırnağım.

Otağımın içində
bir hicran mağarı var.
Növbəylə oxuyurlar
bütün bədbəxt qadınlar.

Bir ayaqlıq gücüm yox
dizlərimin qatına...
Bapbalaca boyum var,
döşək sığmır altıma...

Tikə-para çörəklər,
yarım qalmış soyutma...
Yolun düşsə bu yana,
nolar, məni unutma.

# 1480 dəfə oxunub

Müəllifin son yazıları

# # #