Kitab sərgisi

Sürətlə unudulan əsərlər - Seymur Baycan

Sürətlə unudulan əsərlər - Seymur Baycan
1 oktyabr 2025
# 16:00

Kulis.az Seymur Baycanın "Sürətlə unudulan əsərlər" yazısını təqdim edir:

“Sibir” romanını oxumazdan əvvəl müəllifin həyat və şəxsiyyəti ilə maraqlandım. Vikipediyada oxudum ki, Georgi Markov iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adı alıb.

Yazıçılar arasında iki şəxs bu adı iki dəfə alıb: Georgi Markov və Şoloxov.

Yoldaş Markov uzun illər SSRİ Yazıçılar İttifaqında birinci katib vəzifəsində işləyib. Sonra Yazıçılar İttifaqının sədri olub. Soljenitsın və Saxarov əleyhinə yazılmış kollektiv bədnam məktuba imza qoyan yazıçılardan biridir.

1966-cı ildən 1989-cu ilə qədər SSRİ Ali Sovetinin deputatı olub. Lenin mükafatına görə aldığı on min manatla doğma kəndində kitabxana yaradıb. Kitabxanaya şəxsi kitabxanasından min beş yüz kitab hədiyyə edib.

Beləliklə, yalan-palanla dolu, sosrealizmin fəvvarə vurduğu, quru bir əsəri oxumağa hazırlaşdım. Lakin elə ilk səhifələrdəcə güclü, peşəkar bir qələm, geniş yazıçı nəfəsi gördüm.

Açığı, təəccübləndim və psevdolirikadan uzaq təbiət təsvirlərini, canlı dialoqları oxuduqca təəccübüm daha da artdı. Hiss olunurdu ki, müəllif yazdığı yerlərə, təsvir etdiyi adamlara yaxşı bələddir.

Romanda heç nə səthi, başdansovdu görünmürdü. Sonra öyrəndim ki, Markovun atası, babası, ulu babası ovçu olub. O, yazdığı yerləri, təsvir etdiyi adamları çox yaxşı tanıyıb. Ona görə təsvirləri elə canlı alınıb.

Burda biz zəruri bir haşiyə çıxmalıyıq.

Bildiyiniz kimi zaman ədəbiyyata, sənətə qarşı çox amansızdır. Əsərlərin çoxu zamanın sınağından keçə bilmir.

Bir vaxtlar nəyəsə görə, kiməsə görə, hansısa tarixi şəraitə görə məşhur olan əsərlər, əgər belə demək mümkündürsə, zamanın imtahanından kəsilir, ədəbiyyat tarixində quru statistikaya çevrilir.

Uzağa getməyək, səksəninci illərin axırlarında, doxsanıncı illərin əvvəllərində Azərbaycanda çox yüksək tirajlarla nəşr olunan kitablar vardı. İndi həmin kitabları oxumaq üçün böyük hövsələ yiyəsi olmalısan.

Mən oxuyuram. Çünki dünyanın ən hövsələli oxucusu yarışı keçirilsə, ilk onluğa düşə bilməsəm də, ilk iyirmiliyə yüz faiz düşərəm.

Amma tutaq ki, X. adlı bir gənc o kitabları götürüb vərəqləsə, əvvəlinə-axırına baxsa, heç cürə başa düşməyəcək ki, bu kitablar niyə yüksək tirajlarla nəşr olunub, camaat niyə bu kitabları gözlərinə təpib, niyə bu kitablar əldən-ələ ötürülüb?..

Bu təəccüb çox təbii qəbul edilməlidir. Çünki o kitablar öz dövrünün kitabları idi. Dövr dəyişdi, həmin kitablar zamanın imtahanından keçə bilmədilər. Vəssalam. Belə, buna oxşar hallar bütün dünyada olub. Bir daha təkrar edək, zaman ədəbiyyata, sənətə qarşı çox amansızdır.

Bu mənada sovet yazıçılarının işi iki qat çətindir. Sovet yazıçılarının əsərləri iki qat imtahan verməlidir. Həm zamanın qarşısında imtahan verməlidirlər, həm də onların söykəndiyi, istinad etdiyi, qidalandığı, tərənnüm etdikləri ideyalar çöküb.

Sovet yazıçılarının tərif vurduqları, təsvir etdikləri hadisələr, ideyalar, şəxslər gözdən düşüb və avtomatik olaraq əsərlərin mövzusu da, əsərlər də gözdən düşüb.

Bu əsərlərin bədii tərəfləri nə qədər yüksək olsa da, bu əsərlər nə qədər peşəkarlıqla yazılsa da, sovet hökumətinin dağılması nəticəsində əsərlər ölümcül bir zərbə alıb.

Yəni sovet yazıçılarının əsərləri ona görə gözdən düşməyib ki, həmin əsərlər zəif yazılıb, bədii cəhətdən zəifdir. Ona görə gözdən düşüb ki, əsərlərin mövzusu gözdən düşüb.

Məsələn, ümumi tirajı 26 milyonu keçən (bəli, düz oxudunuz, 26 milyon, hətta bir mənbədə 43 milyon oxumuşdum) "Gənc qvardiya" əsəri sırf ədəbiyyat nöqteyi-nəzərindən mənim şəxsi fikrimə görə yaxşı əsərdir, amma sovet hökuməti dağılan kimi bu əsər bütün aktuallığını itirdi və haqlı olaraq, ədalətli olaraq itirdi.

Sağlam rəqabət mühitində "Gənc qvardiya" o qədər yüksək tirajlarla nəşr oluna bilməzdi. "Gənc qvardiya"nın yüksək tirajlarla, dəfələrlə və dəfələrlə nəşr olunmasının arxasında dövlət təbliğatı dayanırdı. Bu əsər "komsomolun Bibliyası" sayılırdı.

Bütün hallarda mən bu gün gənclərin bu əsəri oxumasının qatı tərəfdarıyam. Qoy oxuyub ümumi tirajı 26 milyonu keçmiş əsərlə, "komsomolun Bibliyası" ilə tanış olsunlar. Heç nə itirməzlər, əksinə qazanarlar. Niyəsini az sonra izah edəcəm.

Bir vaxtlar Georgi Markovun əsərləri yüksək tirajlarla nəşr olunurdu. Əlbəttə, əsərlərinin yüksək tirajlarla nəşr olunmasında onun tutduğu vəzifələrin də çox böyük rolu olub.

İndi Georgi Markov Rusiyada sürətlə unudulmaqda olan yazıçılardan biridir. Məncə, bu bir az ədalətsiz münasibətdir. “Sibir” romanının bədii məziyyətlərini qoyuram bir kənara, bu roman qətiyyən aktuallığını itirməyib, əksinə sovet dövrü ilə müqayisədə “Sibir” romanı bu gün daha çox aktuallıq qazanıb, daha aktual görünür.

Georgi Markov “Sibir” romanında sanki bu günün Rusiyasını, bu gün Rusiyada baş verən hadisələri yazıb. Zaman dəyişib, hadisələrin mahiyyəti, məzmunu dəyişməyib.

Romandakı hadisələrlə bu gün Rusiyada baş verən hadisələrin oxşarlığına dəfələrlə mat qaldım.

İndi mən bu kitabı təkrar nəşr etməyi bizim naşirlərdən birinə təklif etsəm, naşir kitabı vərəqləyəcək, görəcək ki, kitab bolşeviklərin Sibirdəki gizli fəaliyyətindən bəhs edir və kitabı kamali-ədəblə kənara qoyacaq.

Düşünəcək ki, bolşeviklərin Sibirdə gizli fəaliyyətindən bəhs edən bir kitab kimə lazımdır, bu kitabı kim oxuyacaq?

Amma mən naşir olsam, bu kitabı məmnuniyyətlə nəşr edərəm. Niyə?

Birincisi, istəsək də, istəməsək də, xoşumuza gəlsə də, gəlməsə də, qəbul etsək də, etməsək də, sovet dövrü bir reallıqdır, tarixin bir parçasıdır. Dövr, tarix isə mütləq öyrənilməlidir.

Gənclərin əksəriyyəti sovet tarixini, ədəbiyyatını, kinosunu öyrənməyin nə qədər vacib olduğunu, ümumiyyətlə, dərk etmirlər. İnsanların çoxu, xüsusən gənclər sovet tarixini, kinosunu, ədəbiyyatını bilmədiklərinə görə bu gün baş verən hadisələri də başa düşmürlər.

Necə deyim, elə bil iki kitabdan ibarət bir əsərin birinci kitabını oxumayıb, birbaşa ikinci kitabı oxuyursan. Birinci kitabda baş verənlərdən xəbərin yoxdur və ona görə ikinci kitabda baş verən hadisələr, obrazların hərəkətləri sənə müəmmalı, qaranlıq qalır. Sən heç cürə başa düşə bilmirsən ki, bu hadisə niyə baş verdi, niyə bu adam belə hərəkət etdi?

İkincisi, “Sibir” romanının tərcüməsi əla tərcümədir. Ordakı dil təmiz, aşınmaya məruz qalmamış dildir. Bu kitaba və bu kimi digər kitablara həm də bir dil bazası, bir dil muzeyi, dil ehtiyatı kimi baxmaq lazımdır. "Yaşandı", "yaşanır", "yaşatdı" parazitləri olmadığına görə bütün qüsurlarına, nöqsanlarına baxmayaraq, köhnə tərcümələr şəxsən mənim üçün qiymətlidir.

Təzə tərcümələri qorxa-qorxa oxuyuram. Elə bil minalı sahədə gəzirəm. Lənətə gəlmiş "yaşandı", "yaşatdı", "yaşanır" sözlərinə rast gələndə qanım it qanına dönür. Etimad Başkeçidin tərcümə etdiyi "Çöl" povestini çıxsaq, son illərdə oxuduğum bütün tərcümələrdə, bəli, bütün tərcümələrdə Akop Martayanın yaratdığı süni dilin təsirlərini hiss etmişəm. Nə bilim, bəlkə də, tanış olmadığım yaxşı tərcümələr var, sadəcə rastıma çıxmayıb. Heç kimə qarşı haqsızlıq, ədalətsizlik etmək istəmirəm. Mən oxuduqlarımdan danışıram. Onların sayı isə heç də az deyil.

Yaxud götürək, Şoloxovun "Oyanmış torpaq" əsərini. İlk baxışdan əsər Stalin adına kolxozun yaranmasından bəhs edir. Stalin adına kolxozun yaranmasından bəhs edən bir əsər indi kimə lazımdır? Kimsə bu sualı versə, çox haqlı görünəcək. Amma "Oyanmış torpaq" əsərini başqa gözlə oxusan, əsərə başqa bir bucaqdan baxsan, sən orda kollektivləşmə dövründə kənd elitasının necə məhv edildiyini, milyonlarla insanın niyə aclıqdan öldüyünü görəcəksən.

Yaxud götürək, özbək yazıçısı Musa Aybekin "Müqəddəs qan" romanını. Bu romanı çoxdan oxumuşdum. Yaxınlarda bir daha oxudum. Çox gözəl romandır. Özbək ədəbiyyatında nəsr ənənəsinin zəif olduğunu nəzərə alsaq, bir özbək yazıçısından "Müqəddəs qan"dan artığını tələb etmək, artığını gözləmək böyük ədalətsizlik olardı. Axı bu roman niyə təkrar nəşr olunmasın? Niyə belə gözəl bir roman unudulmalıdır?

Nəşriyyatlardan biri sovet ədəbiyyatı, yaxud sovet yazıçılarının əsərləri seriyasından həm tarix, həm də ədəbiyyat cəhətdən əhəmiyyət kəsb edən kitabları təkrar nəşr etsə, çox gözəl olar.

Bu heç də sovet dövrünə rəğbət, sovet dövrünə nostalgiya kimi başa düşülməməlidir. Bu bir tarixdir. Tarixi isə öyrənməkdə mütləq fayda var. Hansısa işə, prosesə düzgün ad qoyulanda hər şey rahat yerinə oturur.

# 224 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər