Həsrətin sağ qalmış sonuncu dinozavr – Coşqun Cəfərdən YENİ ŞEİRLƏR

Həsrətin sağ qalmış sonuncu dinozavr – <span style="color:red;">Coşqun Cəfərdən YENİ ŞEİRLƏR
29 avqust 2016
# 19:00

Kulis.Az gənc şair Coşqun Cəfərin şeirlərini təqdim edir.

Tiflisdə Rustaveli metrosunun

çıxışında dilənən Afrikalı gəncin şeiri

Birimiz pulumuzu banka yığırıq

Birimiz bankaya

O isə papağına yığır

Pul toplayır;

Bir quru kifli çörəyə

Bir ciyər yandıran arağa

Bir də keçən ildən qalmış kilkəyə...

Biz yaşamaq üçün yığırıq

O isə ölməmək üçün...

Hər gün ayaq altda qalır

Küçədə qalmamaq üçün

Qucaqlayır Rustavelinin heykəlini;

- Şair, qara mənim rəngim deyil

Məni bu günə salanların üzüdür!

Uzadır heykəlin qabağında əlini;

- Böyük şair, başına dönüm,

Mənə bir balaca yer ver,

Yanında daşa dönüm...

Bir gün bütün ölümləri ölüb qurtarasan

Bir gün bütün yuxuları görüb qurtarasan

Heç kimə yuxu qalmaya, hamı ayıq ola!

Bütün yalqız qadınları sevib qurtarasan

Sevgisiz bir kəs olmaya, hərənin öz payı ola!

Bir gün bütün fəryadları duyub qurtarasan

İlk dəfə hamı içinə mütləq rahatlığı çəkə.

Bütün yalanları deyib qurtarasan

Yeni doğulan uşaqlar yalan qıtlığı çəkə.

Bir gün bütün yolları azıb qurtarasan

Kimisə yıxmağa çuxur, dərə, təpə, düz qalmaya...

Bütün şeir, romanları yazıb qurtarasan

Bir dənə də evdə qalmış, öpülməmiş, qarımış, bakirə söz qalmaya...

Bir gün bütün sirləri bilib qurtarasan

Ateist-dindar dünyanı şaqqalara bölməyə.

Bir gün bütün ölümləri ölüb qurtarasan

Daha heç kim ölməyə.

Bir gün sən də bax beləcə qürub edib qurtarasan

Amma heç kim bilməyə!

Kefli İsgəndərin şeiri

Gedib asasan özünü

Botanikada Axundovun qəbrindən

Üstünə də qar yağa dən, dən...

Qara ölüm xəbərini ağ qar kəfənləyə.

O xaraba yerdə

O məsciddən, kilsələrdən yuxarıda

O qədər unudulasan ki, qarğalar gözlərini çıxarda,

Sərçələr qanını dənləyə.

Üstünü qanqal basa, bədəninə ilanlar daraşa, nə gül, nə çiçək...

- Ustad, səni öləndə yalqız qoyanlar bizi sağkən qoydu tək.

Yoxsan...

Yoxsan…

Bir adamın içində min adamın içində darıxılırsan…

Tamaşaçısı olmayan faciədi səhnədə

Baxılmaq istəyir!

Yoxsan; Sənsiz azdı, yarımçıqdı

Çoxalmaq istəyir.

Yoxluğuna baş əyməyib, əyilməyib

Amma ayaqlarına yıxılmaq istəyir.

Günləri saymaqdan riyaziyyatçı olub;

Kədərlə toplanıb, təkliyə vurulub, ağrıya bölünüb…

Çıxılmaq istəyir.

Yoxsan… sənsiz boğaza yığılıb,

Dağılmaq istəyir

Varlığı yorub onu

Biryolluq yox olmaq istəyir

Yoxsan…

Məsələn mən Kolumbun

Hindistana getdiyi, amma Amerikaya çatdığı

Dalğalarla çarpışan

Qasırğalarla qapışan

O yenilməz gəmiyəm.

Xəyalımda yaratdığım qadına tərəf gedirdim

Tufan qopdu

Yolu sapdım

Səni tapdım

Xəyalıma çevrildin!

Və indi mən, mən sənsiz Yunanıstan kimiyəm,

Batdıqca batıram...

Yoxsan... devrildim...

Eyni Fevral kimiyəm:

Üzdə günəşli, sakit

Əslində isə soyuğam.

Bir azca kefliyəm,

Bir azca ayığam...

Qasırğada, tufanda dalğalarla təklənmiş,

Hüzn ilə yüklənmiş

Yelkənsiz bir qayığam...

Ah kapitan, kapitan...

Su sızdı, dalğa girdi

Məni boğmağa girdi

Bax, bax qasırğa girdi

Sən çıxdığın qapıdan

Ah kapitan, kapitan...

Qafqazda mən gecə gəzən

Səni gəzə-gəzə gəzən

Yollarında itib azan

Küçələrinə adını yazan

Bir şəhər yaşayır - Tiflis!

Bu şəhərdə bir qış günündə

Səni sevmək olan peşəsi

Ürəyi dolu önündə

Çoxlu boş içki şüşəsi

Bir nəfər yaşayır - müflis!

O bir nəfər sinəsində

Çıxışlarına dözməyən bədən!

Çırpınıb dar qəfəsində

Hamıya səni təbliğ edən

Bir peyğəmbər yaşayır - sənsiz

Hər axşam məhşər yaşayır...

Gözləri hüzurun paytaxtına

Xəyalın beynimdə vurnuxdu
Yadıma düşdü gecə vaxtı
Gözlərin hüzurun paytaxtı
Gözlədim
Darıxdım...
Qalxdım,
Acı qəhvə dəmlədim
Gecənin musiqisi kimi,
Ürək döyüntülərimi dinlədim.


Riyazi bir test yoxladım
Sevgini sənə topladım
Həsrəti vurdum,
Ayrılığı çıxdım
Hər dəfə bir qalıq qaldı, qalıq:

Tənhalıq -
8 hərf, 3 heca
Saat 11-dən sonra başlayır hər gecə
Qorxulu filmlər kimi
Qaranlıq laboratoriyalarda işıq axtaran alimlər kimi
Dekarta düzəliş etdim:
Səni + düşünürəmsə deməli varam
Pəncərənin ağzını yumdum aram.
Küləyi evə çağırırdı yolundan eləyib
Onsuz da qripəm
Sənsizlikdən mənə soyuq dəyib.


Həsrətin sağ qalmış sonuncu dinozavr
Hər gün az-az yeyir məni
Sənsiz ömür yel dəyirmanı
Mən sevginin Don Kixotu,
Divardakı saat ney kimi ötür


Ayrılıq ruhumda monarxiya qurub
Sən orda günəşin batışını seyr edirsən,
Mən isə burda edirəm qürub

Əllərin neynir?
Əllərim kimsəsizlər evi...

# 1195 dəfə oxunub

Müəllifin son yazıları

# # #