“O, sözdən qazanc güdməyib” – yazarlar Seyran Səxavətdən danışdı

“O, sözdən qazanc güdməyib” – <span style="color:red;">yazarlar Seyran Səxavətdən danışdı
23 mart 2016
# 10:00

Bu gün Seyran Səxavətin 70 yaşı tamam olur. Seyran Səxavətin şeirləri, hekayələri, romanları Azərbaycan ədəbiyyatında önəmli yer tutur. O, bu 70 yaşa şair və yazıçı ömrü sığışdırıb. Bu gün onun yubiley yaşıdır, ancaq hələ də cavan oğlan kimi işıq saçır.

Kulis qələm dostlarının Seyran Səxavət haqqında fikirlərini təqdim edir.

Əkrəm Əylisli: “70 yaşla fəxr etməkdə olar, ondan utanmaq da. Seyranın öz 70 yaşı ilə fəxr etməyə həqiqətən haqqı var. Çünki bu 70 yaşındakı kişinin heç kəsin və heç nəyin qarşısında günahı yoxdur: nə xalqının, nə dövlətinin, nə övladlarının, nə də dostlarının. Ancaq mənə görə ən əhəmiyyətli şey budur ki, Seyranın ədəbiyyat qarşısında da heç bir günahı yoxdur. Özünün yarım əsrlik məhsuldar yaradıcılığı boyunca o, həmişə öz sözünün ağası olub. Sözdən qazanc güdməyib, sözə xəyanət etməyib. Seyranın az-çox rahat günləri də olub, ancaq narahat günləri daha çox olub. Buna baxmayaraq, Seyran özü və ailəsi üçün ən çətin günlərdə də qələmini heç vaxt yerə qoymayıb, şəxsi ləyaqətini heç vaxt itirməyib. Seyran həmişə bilib ki, rahat adam ciddi yazıçı ola bilməz və yaxşı yazmaq üçün yaxşı yaşamaq bir o qədər də vacib deyil. Mən istərdim ki, Seyranın doğum günü həqiqi bayram günü olsun: özü, ailəsi, dostları və həm də ƏDƏBİYYATIMIZ üçün. Yazıçılar İttifaqının köhnə məlumat kitabçalarının birini açıb gördüm ki, Seyranın doğum günü bayrama düşür. Bayramın mübarək, əzizim Seyran! Ayrı nə deyim sənə?...”

Aqil Abbas: “Seyran Səvaxətin 70 yaşı 40 il əvvəl olub əslində. O elə əvvəldən də müdrik, ağsaqqal biri idi. Öz üslubu, dəsti-xətti olan yazıçıdır Seyran. Həm də vurub-tutan biri idi, elə indi də elədir. Onun əsərlərindəki kolorit Azərbaycan ədəbiyyatında İsi Məlikzadədə, Əkrəm Əylislidə, Sabir Əhmədlidə var. Seyran Səxavət isə qeyri-adi yazıçıdır. Onun Qədir Rüstəmovdan aldığı müsahibə şedevrdir, qeyri-adidir. Seyranın əsərlərində dil, dialoq tamam fərqlidir, özünəməxsusdur. “Nekroloq”, “Yəhudi əlifbası”, “Daş evlər” romanları hadisədir. Qarabağ yazıçıları içində ən qeyri-adi yazıçıdır Seyran Səxavət”.

Rəşad Məcid: “Seyran Səxavəti lap gəncliyimdən tanıyıram. Əvvəl əsərlərini - duzlu, koloritli hekayələrini, povestlərini oxudum, sonra şəxsən tanış oldum. Gördüm ki, canlı Seyranın istedadı, duzu heç də əsərlərindəki Seyrandan geri qalmır. Fizulidə Seyranın ata evində, Ağcabədidə mənim baba ocağımda qonaq olduq, səfərlərdə, məclislərdə olduq. Seyran müəllim heç vaxt öz orijinallığını, maraqlılığını itirmədi. Son romanı olan “Qaçaqaç”ı böyük zövqlə oxumuşam. Əsərin su kimi ləzzətlə axan, bal kimi dadlı dilinə heyran olmuşam, hər yerdə, hamıya misal çəkmişəm tərifləmişəm. “Qacaqaç”da Seyran müəllim gözəl Qarabağ koloritini dəqiqliklə göstərib. Ədəbiyyat adamları barədə xatirələri, ləzzətli əhvalatları zövq verir. Seyran müəllim 70 yaşında da enerji və yaradıcılıq şövqü ilə doludur. Onu təbrik edirəm və Fizulinin mərkəzində qonaq qaldığım ata evində dostlarıyla birlikdə sevinc içində ad günləri keçirməsini arzulayıram.”

Vaqif Bəhmənli: “Seyran Səxavətlə 1972-ci ildən, düz 44 ildir dostuq. Ən yaxın dostumdur, onunla aramızda xoş münasibətimiz var. Mən Seyranın yaradıcılığını əzbər bilirəm, həmişə sevə-sevə oxumuşam. Həm də Seyran mənə dostdan başqa bir ustaddır. Onun zövqü mənim üçün ustad zövqüdür. Həmişə nəsə yazanda Seyranı gözümün qabağına gətirmişəm ki, görən o bəyənərmi. Seyranı şəxsən görməmiş, ilk dəfə “Araz” qəzetində şeirlərini oxumuşam. “Töhmət”, “Bizim arx”, “İlk məhəbbətim – son məhəbbətim” şeirləri hələ də yaddaşımdadır. Ona görə Seyran Səxavət deyəndə ilk olaraq yadıma bənzərsiz bir şair düşür. Obrazlı, axıcı şeirləri göstərir ki, o yalançı deyil, həqiqi şairdir. Sonra Seyran Səxavətin “Hamı elə bilirdi” hekayəsi çap olunmuşdu, məni çox təsirləndirdi həmin hekayə. Onun sonrakı hekayələri də, son zamanlar yazdıqları, “Yəhudi əlifbası”, “Qaçaqaç”, “Daş evlər” bizim ədəbiyyatımız üçün qiymətli örnəklərdir. Seyran bu gün də diridir, canlıdır, hələ də onun yazdıqları öz bədii keyfiyyətini itirməyib. O, ürəyinin hökmü ilə, böyük bir istedadla ömrünün xeyli ilini ədəbiyyata həsr edib. Özü də ardıcıl olaraq. Seyran Səxavətin nəsr əsərlərindəki obrazlar diridir, canlıdır, elə bil aramızda yaşayırlar. Əsərlərindəki koloriti, Qarabağ yumoru, şirin dili onu başqa nasirlərdən fərqləndirir. Mən Seyran Səxavəti təbrik edirəm. 70 yaş qiymətli yaşdır. Uzun ömür, can sağlığı arzu edirəm”.

# 1206 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #