Kaş səni sevməyəydim; Ucuzlaşmayaydı içimdəki tənhalıq - ŞEİRLƏR

Kaş səni sevməyəydim; Ucuzlaşmayaydı içimdəki tənhalıq - <span style="color:red;">ŞEİRLƏR
30 sentyabr 2016
# 08:30

Kulis.Az Rasim Qaracanın seçmə birlərini təqdim edir.

Birlər

yaşam başqa cür olacaqdı

axşam səni ötürəndə

sağ əlindən tutsaydım

***

hətta

yol qırağındakı mal təsəkləri –

kənddə ona “çəməngül” deyirlər –

insanı keçmişə qaytara bilər

***

nə qədər yoxluq çəkdi

qışdan çıxanacan bu ağaclar

artıq

bahar gəlməsədə olar

***

sizin yerinizə gözləriniz olsaydı...

***

gənc qız

düşüb getdi mikroavtobusdan

oturduğu o boş yer

hələ də bizimlə

***

qəribədir

öpüşlərimə cavab

“sağ ol” kəlməsi qopdu dilindən

***

axşam qatarında

yorğunluqdan gözləri qapanır cavan oğlanın

sökülmüş ayaqqabılarısa

həyatla çarpışdığını

açıb tökür

***

tərslikdən göz yaşına bulaşmış o söz

sənin illərlə axtardığın

həmin o söz olacaq

***

heç kimsəniz yox deyə ümiddən düşməyiniz –

bahar bizimlədir

***

qəribədir

hələ tanış olmadığımız

zamanlarda çəkilmiş bir fotoşəkil qalıb

səndən yadigar

***

pul əvəzinə

kiçicik bir öpüş qoy

açılmış uşaq ovuclarına

***

sən yoxdun

bu axşam divarlarla içdim

qaldırıb qədəhimi divarlara vurdum

***

zibilliyə atılmış bu çarpayı belə

yaylarını çıxarıb hamıya göstərir:

“eşqin sonu budur” deyə

***

çox şey var sənə söylənəcək

ancaq sözlərlə ifadəyə gəlməz

birbaşa dodaqlarımdan dodaqlarına ötürüləsi

***

bu gecə qonağam

ayaqlarına

***

sevməsiniz də olar

bir-birinizə qarşı

tikansız olmaq yetər

***

məni ölmüş sandınız

adi baş daşına

nə tez inandınız

***

məni “sevirəm” kəlməsini dilə gətirməyə

sadəcə dırnaqlarındakı boyanın

qopmuş olması ürəkləndirdi

***

burada itlər də

ümidsizlikdən hürər

***

öpüşləri ilə

soyuq pəncərədə dodaq rəsmi çəkən

bir uşaq kimi sevmək...

***

sevdanın başqa bir adı

gözünü tavana zilləyib

saatlarca baxmaqdır

***

ütülədiyin son köynəyi

yuduğun son corabı geydim

bundan daha artıq ayrılığa

dözümüm qalmadı

***

yolumuz ayrılmalı –

səni sevməyə sadəcə

göz yaşım çatmaz

***

əvvəllər yağışı göz yaşına bənzədərdik

indisə göz yaşlarını yağışa

***

yollar təhlükəylə dolu -

qadın baldırlarının tələsinə düşmədən

sevgiyə inanmadan

və dostluğu da boş sayaraq

***

dənizə bənzədirlər mavi gözləri

halbuki qonur gözlərin də suyu duzludur

***

boş zərfin içində

bir az təsəlli

***

evlərin damına batan bu günəş

ona görə gözəldir ki

heç bir şey soruşmur

***

mənimlə külqabı arasında

bir qadının fotoşəkili

***

kaş səni sevməyəydim

ucuzlaşmayaydı

içimdəki tənhalıq

***

oturub dostlar arasında –

küləyin, yağışın, qarın

dadlı bir siqaret çəkmək

qarşısında puç olmuş arzuların

# 1541 dəfə oxunub

Müəllifin son yazıları

# # #