Silahların bətnindən abort ediləcək bütün güllələr – YENİ İMZA

Silahların bətnindən abort ediləcək bütün güllələr – <span style="color:red;">YENİ İMZA
18 oktyabr 2017
# 17:45

Kulis.az "Yeni imza" layihəsindən gənc şair Malik Atilayın şeirlərini təqdim edir.

Üçüncü dərəcəli siqaret

İnadının tutub əlindən

gedirsən,

Sən uzaqlaşdıqca ağrı gəlir

sevginin yerini tutur sinəmdə

Gedirsən

Gözlərinə dəsmal tutur xatirələr

Sənə ki, demişdim, sən ki bilirsən

Üçüncü dərəcəli siqaret kimi

Ağırdır sənsizlik

Çəkilmir asan

Gedirsən bəlkə,

Səni mənə unutdurmayan

xatirələrin bir azını da sən aparasan?

Abort edilmiş güllələr

Günlərin birində

Ölüm qusan silahlar susacaq,

Küçələrdən barıt iyi gəlməyəcək daha

Silahların bətnindən abort ediləcək bütün güllələr

Günlərin birində

Yığışıb gedəcəyik

Dəbilqələrdə çiçək

Səngərlərdə ağac əkməyə

Uşaqlar rahat oynasınlar deyə

Minalar tikanlar kimi təmizlənəcək.

Şamın cinayəti

Yanan şamın alovuna uzanırdı

Qələmə bənzəyən barmaqların arasında

əzilmiş siqaret

Şam işığı

Titrəyərək

Boylanırdı qaranlığa

Masa arxasında əyləşən kişinin

Ahına oynayırdı şam işığı

Divardan asılan qadın şəkli

İzləyirdi olub bitəni

Tək şahid o idi

Yandırılan siqaretə

Siqareti yandırdığı üçün titrəyən şama,

İtirdiyi xoşbəxtliyin peşmançılığını çəkib

Ağlını itirməmək üçün

başını boş qalmış əllərinin arasına alıb

Bərk-bərk sıxan adama...

Min-bir gecə nağılı

Ulduzların əvəzinə

Səmalarında mərmilərin parıldadığı yerdəsən...

Min-bir gecə nağılındasan

Şərqdəsən Əhməd...

Yerdə süfrə salınıb,

Atan, anan,

Bir də əllərini illər əvvəl itirmiş

əmin oturub süfrənin qırağında

Etdiyiniz dua yarıda kəsilir

Göydən bərəkət yerinə

Bomba düşür evinizin damına

Güllələrlə taleyin yazılır evinin divarlarına,

Və o divarlar sevdiyin yeməyin içinə,

Doğranır çörək əvəzi

Gözlərini açanda

Xəstəxana tavanını görürsən

Əminlə sənin ömrünə nöqtə qoya bilməyib güllələr

Ancaq

İkinizin də əlləri yoxdu artıq

Bir-birinizin kürəyinə vurub

“Möhkəm ol” deməyə...

Qalx göylərə

Çıxar xəyallarının ayağından qandalları,

İlk dəfə ayaq açan uşaq qorxusu ilə yeri,

Arzularından nərdivan düzəlt

Qalx göylərə

Ovuc dolusu ulduz yığ göylərin sinəsindən

Hər gecə yatanda sabahı deyil,

İllər sonranı düşün

# 1008 dəfə oxunub

Müəllifin son yazıları

# # #