Dəysin başınıza on, on beş manat – Məmməd İsmayılın yeni şeiri

Dəysin başınıza on, on beş manat – Məmməd İsmayılın yeni şeiri
5 yanvar 2017
# 11:08

Şair Məmməd İsmayıl özünün Facebook səhifəsində “Qan pulu” adlı yeni şeirini paylaşıb. Kulis.az həmin şeiri təqdim edir.

Yaşyarımımdan, atamı müharibədə itirəndən 16 yaşıma qədər adıma hər ay bir miqdar pul gəlirdi, dövlət o pula nə ad vermişdi, bilmirəm, amma el arasında amansız bir adı vardı: Qan pulu!

Pulun hər ay başı gələrdi, ata
Özünün yerinə pulun gələrdi.
Bir ömür bədəlmi, beş-on manata
Səni gözləyərdik, yolun gələrdi.

Biz piyada idik, xoşbəxtlik atlı
Piyada atlıyla baş edərdimi?
Əlimizə keçən beş-on manatdı
Bir canın bədəli bu qədərdimi?

Dil deyib ötərdim hər şeyə inad
Çəksəm də qəhrini dərdin, azarın:
Dəysin başınıza on, on beş manat
Siz mənə atamı geri qaytarın…

Başıma gəlməzdi qəlbimə daman
Dünya bazarında bu nə qumardı.
Qansızlar var idi, ata, o zaman
Sənin qan pulundan qazanc umardı.

Arada Hitleri söyərdi anam,
Bəlli ki, yığvalı yana dönürdü.
Ruzun qana dönsün deyərdi anam
Beləcə can pulun qana dönürdü.

Yollarda arzuya çatmaq qalırdı
Bəxtin arxasınca qaçdım, yüyürdüm.
Pulun azaldıqca dərd çoxalırdı
Dərdin çoxaldıqca mən böyüyürdüm.

...Elə ki, güc verər dərd sarı simə
Tutaram ucundan yolçusuz yolun:
Yetim uşaqlığım gələr fikrimə
Bir də ki, bir də ki, sənin qan pulun...

Çanaqqala-Ankara yolu


04.01.2017

# 1072 dəfə oxunub

Müəllifin son yazıları

# # #