“Üzümə tüpürməyə gəliblər” – Orxan Bahadırsoydan YENİ ŞEİR

“Üzümə tüpürməyə gəliblər” – Orxan Bahadırsoydan YENİ ŞEİR
2 noyabr 2017
# 10:45

Kulis.az Orxan Bahadırsoyun “Yağış yağdıran” adlı yeni şeirini təqdim edir.

Bir otağın içində o baş-bu baş yeridim,
gah qaçdım, gah dayandım, gah da yavaş yeridim.
O qədər fırlandım ki, göyün başı hərləndi.
Elə ah çəkdim, yazıq buludlar zəhərləndi.
Nəhayət, göy ögüdü, gurultular qarışdı,
buludlar qusdu, hamı elə bildi yağışdı.
Taxta skamyalarda islandı kimsəsizlər,
narahat yuxusundan oyandı kimsəsizlər!
Mənsə isti yorğana bürünüb gəzdim yenə,
bir fincan da çay süzüb, şeirlər yazdım sənə:
Daha ağrılarıma başqa çarə yoxdu da!
Sənsiz bu evin içi çölündən soyuqdu da!
Amma kimə deyəsən? Kim anlayar bu halı?
Nə bilsinlər min ildi qurumur əl dəsmalım!?
Rədd olsun vitaminlər, lazım deyil aspirin,
antidepressantların istəmirəm heç birin,
neçə ildi bu həblər nə işə yaradı ki?
Mənim bu sənsizliyim elə bir yaradı ki,
nə kardioqramda, nə rentgendə görünər,
sınan bir ağ işıqdır, yeddi rəngdə görünər.
Bapbalaca canımdan sən boyda adam qopub,
necə izah edim ki, mənə hansı dərd hopub?
Qaçıb iştahım, yuxum, pozulub əsəblərim,
sənin barmaqlarındı xoşbəxtliyin həbləri!
Əllərin yara bandı, qoxun astma dərmanı,
tərin dəri məlhəmi, gəl ki, sağalsın canım!
İndi mənim dərdimə tək əlacsan, birdənəm!
Birinci və sonuncu ehtiyacsan, birdənəm!
...Qəfil döyüldü qapım, şeirim qaldı yarımçıq.
Çöldə bir dəstə adam qışqırdı ki:
- Çölə çıx!
İlahi, mən neyləyim, gizlənim ya bağırım?
Qonşuları çağırım, yoxsa polis çağırım?
Ən yaxşısı polisdir! Hardadır telefonum?
Bəs nömrəsi neçəydi? Üçlə bitirdi sonu...
- Salam!
- Salam! Buyurun!
- Bağışlayın, mən bayaq,
bir cinayət işlədim fərqində olmayaraq,
otağımın içində o baş-bu baş yeridim,
gah qaçdım, gah dayandım, gah da yavaş yeridim.
O qədər fırlandım ki, göyün başı hərləndi,
elə ah çəkdim, yazıq buludlar zəhərləndi.
Nəhayət, göy ögüdü, gurultular qarışdı,
buludlar qusdu, hamı elə bildi yağışdı.
Taxta skamyalarda islandı kimsəsizlər,
narahat yuxusundan oyandı kimsəsizlər.
İndi mənim üzümə tüpürməyə gəliblər!
Ya da məni söyməyə, öldürməyə gəliblər!
Axı bu kimsəsizlər dadanıblar canıma,
nolar, polis göndərin təcili ünvanıma!
- Anladıq! - dedi, qadın, söndürdü telefonu.
İndi bu axmaqların gətirəcək sonunu!
Bir az sonra vıyıltı doldu bizim küçəyə,
boylanıb pəncərədən baxdı gözüm küçəyə.
Bu nə böyük maşındı!? Nə çox gəlib polislər!?
Hə... axı bir yığındır bu axmaq kimsəsizlər!
Bu evdən çıxmayanı çöldə dəyişib həyat,
aman tanrı, polis də geyinərmi ağ xalat?

# 2351 dəfə oxunub

Müəllifin son yazıları

# # #