Çarmıxa oxşayacaq bütün ağaclar... – Şəhriyardan YENİ ŞEİR

Çarmıxa oxşayacaq bütün ağaclar... – <span style="color:red;">Şəhriyardan YENİ ŞEİR
7 mart 2017
# 12:21

Kulis.az gənc şair Şəhriyar del Geraninin yeni şeirini təqdim edir.

Şübhəniz olmasın Tanrının ədalətinə:

hamı üçün eyni olur ana bətni.

Daha sonra kimiləri torpağa, suya, külə qayıdır,

kimiləri İsa gedişli

çəkildiyi çarmıxdan göy üzünə - ata bətninə.

Tullayın bütün parfümlərinizi!

Körpə qoxusundan başqa bütün ətirlər əvvəl-axır gülə qayıdır.

Nədən ki,

Məryəmin bətnindən deyil, çarmıxdan dünyaya gəlmişdi İsa...

Qayıdacaqsa, hamı qayıdacaq,

hər şey geri dönəcək.

Qayıdacaqsa, İsayla birlikdə çarmıx da gələcək.

Və yonulduğu ağaca çevrilib İsadan üzr istəyəcək...

İslanacaqsa, yağışlar da əvvəl-axır islanacaq.

Üşüyəcəksə, küləklər də əvvəl-axır üşüyəcək.

Dağılacaqsa, əvvəlcə miflər dağılacaq,

bütlər yıxılacaq.

Günəş əbədi qürub edəcəksə,

daha əvvəl kölgələr işığa sığınacaq.

Həmin gün kitablardan deyil,

zamanlardan boylanacaq tarixin unutduğu qəhrəmanlar,

bizə bütün həqiqətləri pıçıldayacaqlar.

Və həmin gün

çarmıxa oxşayacaq bütün ağaclar...

# 1093 dəfə oxunub

Müəllifin son yazıları

# # #