Anar Elçin Hüseynbəylidən yazdı: “Yenə iki od arasında”

Anar Elçin Hüseynbəylidən yazdı: “Yenə iki od arasında”
24 yanvar 2017
# 11:43

Kulis.az Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanı haqqında yazdığı “Qarabağımızın qövr eləyən yaraları” məqaləsini təqdim edir.

Azərbaycan - bütün bölgələriylə vahid, bölünməz məmləkətdir.

Ən gözəl örnəkləriylə xalqımızın həyatını, tarixini, təbiətini, uğurlarını və itkilərini, zəfərlərini və faciələrini güzgü kimi əks etdirən ədəbiyyatımız da regionlara ayrılmır.

Amma bununla belə vətənimizin elə həssas bölgələri var ki, onların həm keşməkeşli keçmişi, həm də yaralı indisi şeirimizdə, nəsrimizdə, dramaturgiyamızda özəl yer tutur. Belə bölgələrdən biri - Azərbaycanın ayrılmaz parçası, dilbər guşəsi, qədim türk yurdu Qarabağdır. “Külli Qarabağın” bayatı qədər ruhumuzu oxşayan məlahəti, mənzərələrinin füsunkarlığı, iqliminin, sularının şəfası, musiqi və söz sərvəti, zarafatlarının duzu, ləhcəsinin şirinliyi və bütün bunlarla yanaşı başıbəlalı və cəfakeş tarixinin sağalmaz yaraları daima yazıçılarımızın diqqət mərkəzindədir.

XIX əsrin sonu XX əsrin əvvəllərində Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov “bəxtsiz cavanların müsibətini”, “dağılan tifaqların eşq və intiqamını” səhnəyə çıxardılar. XX əsrdə İlyas Əfəndiyevin haqlı olaraq “elat dastanı” adlandırılan “Geriyə baxma, qoca” romanında Qarabağın həyatı, təbiəti, məişəti parlaq boyalarla canlandırıldı. Bayram Bayramovun, Sabir Əhmədlinin, İsi Məlikzadənin nəsri bu diyarı daha da doğmalaşdırdı, məhrəmləşdirdi. Elçinin romanları, səhnə və ekran əsərlərində Qarabağa tarix və folklor açısından baxdıq.

Adı çəkilən yazıçıların sırasında Yusif Vəzir Çəmənzəminlinin özəl yeri var. Onun timsalında Qarabağın tarixi fəlakətləri yazıçının öz taleyinin acılarıyla qovuşur.

Stalin repressiyalarının qurbanı olan, sürgün edilən Yusif Vəzir ölümündən sonra bəraət aldı və məşhur romanı “Qan içində” adıyla nəşr edildi. Romanın müəllif tərəfindən qoyulan əsl adı “İki od arasında”dır. Bu təşbeh - ad doğrudan da Qarabağ xanlığının (yəni elə bütün digər Azərbaycan xanlıqlarının da) iki zülm arasında - Çar Rusiyasıyla Qacar İranının arasında qalmış aqibətini dəqiq müəyyənləşdirir.

İlk dəfə 2002-ci ildə müəllifin verdiyi əsl adıyla - “İki od arasında” adıyla nəşr olunan romanına görkəmli alimimiz Yaşar Qarayev dərin məzmunlu ön söz yazıb. Bu ön sözdə Yaşar incə yumorla romanın qondarma adı məsələsinə də toxunur: “Klassik əsərlərin adlarını motivlərə görə dəyişməyə başlasaq, onda bütün “Leyli və Məcnun”lar dönüb olardı - “Qəm içində”, bütün sahil və dəniz romanları dönüb olardı - “Nəm içində”.

Yeddi Qarabağ salnaməsi qanlı səhifələrlə dopdoludur. Bihuşdarı içib yalan ölümüylə həqiqi əcəlini aldatmağa çalışan və bu yolla yarı ölü - yarı diri şəkildə doğma yurduna qayıtmağa çalışan Pənahəli xanın uğursuz cəhdi - bədəninin yarılması - Şekspir qələminə layiq süjetdir.

Rus çarı ikinci Nikolayın bütün ailəsiylə bir yerdə müdhiş qətllərindən yüz il əvvəl Qarabağ hökmdarı İbrahim xan Cavanşir əhli-əyalı, övladları, nəvələri, əshabələri, qoruyucularıyla birlikdə şəhid qəhrəman Cavad xanın qatili, mayor Lisaneviç tərəfindən acımasız şəkildə məhv edilmişdi.

Böyük şair Molla Pənah Vaqif də oğluyla birlikdə görünməmiş qəddarlıqla qətl edilir. Onun qətlinə hökm verənin özü də vaxtı gələndə öldürülür. Çar rejiminin məqsədli siyasətlə yabançıların Qarabağa köçürülməsi, təzə “qonşuların” xəyanəti, “özümüzünkülərin” daxili çəkişmələri və bu qanlı təməllərdən bizim günlərə qədər uzanan əzablı yollarda Şaumyanın bolşevik-daşnak koalisiyası tərəfindən 1918-ci ilin martında törədilən müsəlman soyqırımını da görürük, tayqulaq Andronikin Naxçıvanda, Stepka Lalayanın Şamaxıda, Amazaspın Qubada törətdikləri rəzalətləri də… Və yeni dövrdə əski “siyasətin” davamı - 37-ci ildə yüksək rütbəli NKVD rəhbərləri - Xoren Qriqoryanların, Ruben Markaryanların Azərbaycan ziyalılarının kökünü kəsmək niyyəti - iki əsr boyu davam edən zəncirin həlqələridir. Bu mənhus niyyətin qurbanlarından biri də böyük yazar, ədəbiyyatşünas alim, folklorçu, jurnalist, diplomat, neçə xarici dili mükəmməl bilən Yusif Vəzirdir.

Yusif Vəzir romanında Qarabağı nəzərdə tutaraq M.P.Vaqifin diliylə: “Ermənilər buralara çox sonralar gəlmişlər - deyir - bunlar Çingiz və Teymurləngin zülmündən qaçıb bu dağlara sığınmışlar. Görmürsənmi, erməni yaşayan yerlərə “sığnaq” deyirlər...”

37-ci il müsibətindən səksən il sonra 90-cı il tariximizə “Qara Yanvar” kimi daxil olmuş ayın ilk günlərində oxuduğum “nubar” bədii əsər istedadlı yazıçı Elçin Hüseynbəylinin yeni romanı oldu. “Azərbaycan” jurnalının iki nömrəsində (№ 9, 10. 2016) dərc edilmiş roman “Yenə iki od arasında” adlanır, alt başlığı isə “Səkkizinci Qarabağnamə”dir.

Beləliklə, əsərin mövzusu və baş qəhrəmanı elə adından və alt başlığından məlum olur. Aydındır ki, roman “İki od arasında” romanının müəllifinə həsr olunur və əsasən məlum Qarabağnamələrə istinadən yazılıb.

Əsərin qeyri-adi kompozisiya quruluşu var. Süjet bir neçə müstəvidə cərəyan edir. Bu, həm öz məzmunu olan romandır, həm də bu romanın yazılma prosesi haqqında mətndir - necə deyərlər “roman içində roman”. Bundan başqa əsərin bir qatı Yusif Vəzirin öz həyatıyla bağlı epizodlar, başqa bir qatı isə “İki od arasında” yazılmamış, fəqət yazıla biləcək hadisələrin “bərpası”dır. Bu, maraqlı olduğu qədər də riskli bir üsuldur. Axı Yusif Vəzirin yazmadığı səhnələri klassikin öz mətnləriylə nə dərəcədə səsləşib səsləşmədiyi, məşhur romanın bədii səviyyəsiylə uyğun olub olmaması - mübahisə doğura biləcək məsələlərdir.

Elçinin romanı haqqında yazmaq niyyətimlə əlaqədar Yusif Vəzirin romanını da yenidən oxudum və istər-istəməz iki əsər arasında müqayisələr etdim, Yusif Vəzir romanının ətli-qanlı olmasıyla tutuşdurulduqda Elçin Hüseynbəylinin yazısı müəyyən qədər “arıq” təsir bağışlayır. “İki od arasında” təbiət, məişət ayrıntılarının zənginliyi, etnoqrafik bilgilərin əlvanlığıyla seçilir. Yalnız Şuşanın füsunkar təbiəti deyil, dövrün adət-ənənələri, binaların daxili interyeri, geyimlər, təamlar yerli-yataqlı təqdim olunur. Amma bu parlaq dekorlar, dəqiq əlbisələr, dürüst rekvizitin içində personajların xarakterləri, iş haqqında bəhs olunan adamların daxili aləmi psixoloji durumları sönük görünür. Çağdaş dövrün yazıçısı olan Elçinin romanında isə zahiri mühit, bütün təfərrüatı ilə yetərincə təsvir olunmasa da, surətlərin xarakterləri, psixoloji aləmləri daha qabarıq görünür.

Yusif Vəzirin romanında tutalım Vaqifin dolğun obrazını görmürük (o daha çox epizodik personaj kimi verilir). Elçin Hüseynbəylinin mürəkkəb kompozisiyalı romanında, yuxarıda deyildiyi kimi əsərin yazılma prosesi də yer alır. Müəllif əsər üzərində işləyərkən Yusif Vəzirin sürgün illərində keçdiyi yerlərə səfər edir və bu səfərinin təəssüratlarını da qələmə alır. Amma, bu təsvirlərdə səfər qeydlərinə xas olan reportaj üslubu bir yana dursun, başqa bir cəhət də var.

Belə bir priyomdan Elçin Oruc bəy Bayata - Don Juana hərs etdiyi uğurlu romanında da istifadə etmişdi. Amma əgər ispan həyatının, İspaniya coğrafiyasının, məişətinin oxucularımıza az məlum olan tərəfləri maraq doğururdusa, klassik və çağdaş rus ədəbiyyatında müfəssəl təsvir olunmuş əyalət şəhnəciklərinin, qəsəbə və kəndlərinin həyat tərzi bu romanda diqqətimizi çəkmir. Düzdür, bu, Elçinin təhkiyə üslubundan irəli gəlir və özü də bu üslubu təqdir edir, amma mənim aləmimdə onlarsız da əsər maraqlıdır...

Elçin Hüseynbəyli özü sidq ürəklə inanmalıdır ki, əsərin bu səhifələrində “arağı içməkmi içməməkmi”, “balıq tutmaqmı tutmamaqmı” kimi dönə-dönə təkrar olunan cümlələr, abzaslar çıxarılsa roman bir şey uduzmaz, əksinə yığcam süjet ardıcıllığı, dinamizm cəhətdən qazanar.

Sürgün, məhbəs həyatı haqqında canlı şəhadətnamələrlə, o cümlədən, bədii ədəbiyyat mətnləriylə tanış olduğumuz üçün Elçinin yazısındakı bu səhnələr də bizi sarsıda bilmir. Yusif Vəzirin sürgün və dustaq həyatından daha çox onun Fransada çəkdiyi əzabları, kimsəsizliyi, kasıbçılığı, maddi ehtiyacları, Ceyhun bəylə münasibətlərinin idealizə edilməmiş təqdimatı, qardaşının ağır xəstəliyiylə bağlı çarəsizliyi şəxsən məni daha çox mütəəssir etdi.

Romanın ən əhəmiyyətli səhifələri tarixi epizodlarıdır. Yusif Vəzirin romanıyla müqayisəni bir qırağa qoyub bu mətnləri öz-özlüyündə qiymətləndirsək, məni Ağabəyim ağa və Batmanqılınc münasibətlərinin yozumu cəlb etdi. Ağabəyim ağanın məşhur beytindəki “Əfsus ki, yarım gecə gəldi, gecə getdi” misrasının yaranma səbəbi haqqında Elçin Hüseynbəylinin versiyası orijinaldır. Bu gecə görüşünü Ağabəyim ağa yuxusundamı görüb, ya xəyalındamı canlandırıb? Bu mətləb açıq qalır, amma hər hansı halda müəllif o yanıqlı etirafın necə doğulmasına oxucunu inandıra bilir. “Əli və Nino” romanının müəmmalı taleyi haqqında versiya da maraq doğurur. Düşünürsən ki, güman ki, elə belə də olub, ya da belə ola bilərdi.

Tarixi hadisələrdən bəhs edən səhifələrdə mətn bəzən bədii üslubdan çox salnamə təhkiyəsini andırır. Bir də onu düşünürsən ki, salnamələrdən də, bir çox tarixi əsərlərdən də yaxşı bələd olduğumuz faktların yenidən qələmə alınmasına ehtiyac vardımı? Məncə - vardı, çünki uzaq əsrlərdən başlayan bədnam qonşularımızın təcavüzkar siyasəti - hələ də davam edirsə, Ermənistanın Qarabağ anşlyusu, 1990-cı ilin Qara Yanvarı, Xocalı soyqırımı baş verirsə, bu hadisələrin kökləri, tarixi təməlləri və səbəbləri haqqında da danışmaqdan, yazmaqdan usanmamalıyıq. Məhz bu baxımdan belə mövzulara ehtiyac var.

Elçin Hüseynbəylinin yeni əsəri bu ehtiyacı ödəmək yolunda atılan önəmli addımlardandır.

17 yanvar 2017

# 2843 dəfə oxunub

Müəllifin son yazıları

# # #