21-əsr, 21-ci xromosom – “Kül” romanı haqqında TƏNQİD

21-əsr, 21-ci xromosom – “Kül” romanı haqqında TƏNQİD
13 dekabr 2016
# 14:03

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovanın yazıçı Zahid Sarıtorpağın “Kül” romanı haqqında yazdığı “Kül altından közərən ocaq” məqaləsini təqdim edir.

Hərdən fikirləşirdim: yəqin, bu dünyaya adi bir insan

kimi deyil, poçt qutusuna salınmış bir zərf kimi düşmüşəm;

hələ uzun zaman bu qutunun zülməti içində gözləməyə

məhkumam və bəlkə də, gözəl günlərin birində, nəhayət,

kimsə bu mübhəm qutunun qapağını açacaq, məni buradan

çıxarıb öz ünvanıma çatdıracaq. Bəs bu qutunu kim açacaqdı?...

Zahid Sarıtorpaq çağdaş Azərbaycan ədəbiyyatının istedadlı qələm sahiblərindəndir. Ənənəvi janrda bəzi uğurlu eksperimentləri, fərqli bədii təxəyyül və təfəkkür imkanları Z.Sarıtorpağı ədəbiyyatımızda modernist təmayülçülərdən biri kimi xarakterizə etməyə imkan verir.

Ədəbiyyata keçən əsrin 80-ci illərindən gələn Z.Sarıtorpaq yaradıcılığa şeirlə başlasa da, müəyyən müddətdən sonra qələmini nəsrdə sınadı. Görünür, bu, bir qədər də onun nəsrin geniş imkanlarından yararlanmaq istəyilə bağlı olub. İlk nəsr əsəri olan “Əlifba bayramında qətl” (2012) 2013-cü ildə Respublika Milli Kitab Müsabiqəsinə təqdim edilmiş 250-yə yaxın əsər içərisində birinci onluğa düşdü. Həm “Əlifba bayramında qətl”, həm də “Dərdin sarı çəpkəni” (2014) romanları onun potensial və perspektivli yazıçı kimi təqdimatına imkan yaratdı. “Kül” romanı ilə isə Z.Sarıtorpaq özünü istedadlı yazıçı kimi, bir növ, təsdiqləmiş oldu.

Z.Sarıtorpağın nasirliyə şairlikdən gəlməsi onun romanlarında dil, təhkiyə tərzi, təsvir üsulları və s. baxımından müəyyən məqamlarda bu və ya digər dərəcədə hiss edilir. Onu da qeyd edək ki, Z.Sarıtorpağın əksər şeirlərinin dili müəyyən dərəcədə nəsr dilinə yaxındır və romanlarının dili bu tip şeirlərilə müqayisədə daha sadə və aydındır. Bu, bədii nəsr üçün vacib amillərdəndir. Fikrimizcə, yazıçının romanlarının oxunaqlı olması bir qədər də bu amillə bağlıdır.

“Kül” Z.Sarıtorpağın sayca üçüncü romanıdır. Əsər, bütövlükdə, çağdaş roman yaradıcılığımızda uğurlu əsərlər sırasındadır.

“Kül” əsərinin həcmcə bir qədər yığcam olması ilk baxışdan bizdə onun janr etibarilə povest olması ehtimalını yaratdı. Lakin əsəri oxuduqda gördük ki, bu nisbətən yığcam olan mətndə süjet xəttinin əhatəliliyi, müxtəlif hadisə-əhvalat bolluğu, obraz və personaj zənginliyi, müəllifin problemə yanaşma tərzi, diqqəti çəkən bəzi struktural xüsusiyyətlər və s. onu doğrudan da roman kimi xarakterizə etməyə imkan verir.

Bu məsələni ona görə qeyd etdik ki, son vaxtlar bəzi müəlliflər janr müəyyənliyində qeyri-dəqiqliyə yol verirlər. Bu, iki səbəbdən ola bilər: Ya həmin müəlliflər ayrı-ayrı janrları xarakterizə edən xüsusiyyətləri o qədər də dərindən bilmirlər və öyrənmək istəmirlər, yaxud bilərəkdən öz yazdıqlarını başqa adla təqdim etməyə çalışırlar. Təbii ki, burada söhbət nəsrdən gedir.

“Kül” romanı Z.Sarıtorpağın yaradıcılığının ümumi xəttinə uyğun olaraq magik-realist üslubda yazılmışdır. Metafizik düşüncə, semantik tutumun ağırlığı, ideya-mövzu dərinliyi, süjetdaxili müxtəlif maneralar, ümumiləşdirmə və simvolik anlam, burada, xüsusilə, diqqəti çəkir.

Elə əsərlər var ki, ilk səhifələrindən artıq sonluğun necə olacağını asanlıqla təxmin etmək olur. “Kül” romanında isə bu, o qədər də asan deyil. Müəllifin ustalığı bundadır ki, o, oxucusunu sona qədər maraqda saxlaya bilmişdir. Bəzən, hətta artıq hər şeyin aydınlaşdığını düşündüyün anda səni yenidən həmin hadisələrə qaytarır, nələrin baş verdiyini analiz etməyə, dərk etməyə sövq edir və görürsən ki, yox, bu, hələ son deyil!

Əsərin əsas qəhrəmanı Tağıdır. Yazıçı Tağını təsirli və obrazlı-poetik şəkildə elə onun öz dili ilə təqdim edir: “Bu, mən idim – “adı bəlli qoç Koroğlu”. Hə, mən idim, mən!... – nakam eşqi ucbatından bir zamanlar hamının dilində-ağzında gəzən, söhbətlərin yavanlığına dönən, haqqında bir doğru deyiləndə, yüz də yalan uydurulan, xeyir-şər yığıncaqlarında, çayxanalarda, dükan-bazarda söz-söhbətlərə bais olan, gah şar kimi üfürülüb göylərə qaldırılan, gah da daş kimi yerlərə çırpılan – mən!... Mən idim gələn! – intihar eləyib ölə bilməyən Tağı... Bir vaxt ölümlə qucaqlaşsa da, doğmalaşa bilməyən, sivişib Əzrayılın cəngindən çıxan Tağı... Anası dayı qapısında, qardaşı qürbətin girdabında, bacısının ixtiyarı bir daşürəyin əlində olan, bir də... bir də ki, Kəbirəsi Aranın ilan mələyən ucqar kəndlərindən birində yad bir ocağın çırağını yandıran bədbəxt Tağı...” Amma, özü demişkən, sonradan başına elə hadisələr gələcəkdi ki, bütün bunlar onun yanında “toya getməli” olacaqdı. Bu dəhşətli hadisələr Tağının maşın qəzası keçirməsi nəticəsində on altı il komada qalması və bu on altı illik zaman kəsimində onun şüuraltı yaşantıları və görüntülərilə bağlıdır. Müəllif sözügedən məqamları yazıçı fantaziyası, yazıçı təxəyyülünün köməyilə o qədər inandırıcı və ustalıqla işləmişdir ki, elə təsəvvür yaranır ki, sanki, o, oxşar taleli adamlarla bu istiqamətdə müəyyən söhbətlər aparmış və onların danışdıqlarından bəhrələnmişdir.

Əsərdə baş verənlərin, obraz və hadisələrin birtərəfli, yalnız realist aspektdən yozumu yanlış olardı. Burada ümumiləşdirmə və simvolik anlam daha güclüdür və əslində yazıçı özü də mövzuya məhz bu aspektdən yanaşmışdır. Tagı kimdir? Yazıçının məqsədi doğrudanmı təkcə bir insanın faciəvi taleyini bədii əsərin predmetinə çevirmək olmuşdur? Xeyr! Fikrimizcə, Tağı bir fərd olmaqdan daha çox ümumiləşmiş bədii obraz, simvoldur. Tağı, təxminən, 1980-ci illərin sonlarında (Bu, romanda dəqiq göstərilməsə də həmin illərdə respublikamızda baş verən məlum hadisələrlə bağlı süjetdə rast gəlinən bir sıra məqamlar, təxmini olaraq, sözügedən tarixi xarakterizə edir) maşın qəzası nəticəsində komaya düşür və on altı ildən sonra komadan ayılır. Bu zaman kəsimində çox hadisələr baş verib: anası onun dərdindən dünyasını dəyişib, SSRİ dağılıb, Azərbaycan müstəqil ölkə olub, ermənilər Qarabağı işğal ediblər, avara, dələduz və qumarbaz qardaşı Xanoğlan indi sayılıb-seçilən, hörmətli və imkanlı bir iş adamı olub, vaxtilə Tağını bəyənməyib, – “Neynir o məni? Xəstə anasına qulluq eləməyə alır? Hi-hi-hi... Qoy Tagı hoppanıb tayını tapsın...”, – deyib başqasına ərə gedən Kəbirə boşanıb və sair... İndi daha həyat da onun gördüyü deyil: “Heç vaxt görmədiyim cib telefonu, videomaqnitafon dünyanı bürüyüb az qala. Öz pulumuz da var, adına “Məmməd”, “Şirvan” deyirlər. Amerika pulu dollar da yaman dəbdədi... Bakıda binalar tikirlər ki, göyün üzündə – adam baxanda papağı düşür... Hər şey yuxu kimi gəlir lap... Deyirlər, hələ ölkədə o qədər xarici maşın artıb-çoxalıb ki, “Jiquli”lərin üzünə baxan yoxdu... Mənim gördüyüm həyat bütünlüklə kəllə-mayallaq olub, dəyişib. Divarın o üzündəki dünya məndən ötrü sirri-xuda kimi bir şeydi indi.”

Diqqət etsək görərik ki, Tağının komada olduğu zaman kəsimi, təxminən, keçid dövrü ilə üst-üstə düşür. Cəmiyyətdə sürətlə bir neçə qütbləşmənin getdiyi keçid dövrü ilə. Bu qütbləşmədə Xanoğlan kimilər əyri yollarla pul, var-dövlət qazanıb dünyanın kefini sürürlər. Qütbləşmənin başqa və böyük bir hissəsi isə cəmiyyətin mənəvi keyfiyyətləri özündə hələ qoruyub saxlayan, sadə və saf insanlardan ibarət olan zümrəsidir. Tağı məhz bu zümrənin simvoludur. Cəmiyyətin keçid dövrü deyilən anlayışı və bu dövrdə baş verən bir çox mətləbləri, hadisələri hələ dərk etmək iqtidarında olmayan və bütün bunların müqabilində sanki koma halına düşən qütbünün ümumiləşmiş bədii obrazı, simvoludur! Tağı komada on altı il qalır. Bu, nədənsə, bizə “Kitabi-Dədə Qorqud” eposunda Baybörə oğlu Bamsı Beyrəyin kafir elində dustaq olduğu on altı ili xatırladır. Tağının da xilası Bamsı Beyrəkdə olduğu kimi on altı ildən sonra baş verir. Dəqiq rəqəm isə 16 il, 1 ay, 12 gündür. Yenə “Kitabi-Dədə Qorqud”! – 1 müqəddimə, 12 boy və Beyrəyin kafir elində dustaq olduğu 16 il!

Yaxşı olardı ki, əsərdə Tağının qəza yerindən necə, hansı vəziyyətdə və kim tərəfindən tapılmasının bəzi təfərrüatlarına diqqət çəkiləydi. Bundan başqa, əsərdə, adı çəkilməsə də, Bakıdakı məşhur Alov qüllələrindən bəhs edilir. Alov qüllələrinin tikilmə tarixi ilə romanda sözügedən Azərbaycanın keçmiş milli pul vahidi – AZM-in dövriyyə tarixi kontekstində də burada zaman uyarsızlığı nəzərə çarpır. Lakin bunlar süjetin gedişatına xələl gətirmir.

Romanda adı keçən obrazların, demək olar ki, əksəriyyətinin ayaması vardır. Digər maraqlı cəhət burada az qala hər bir obrazın həyatının müəyyən məqamları ilə bağlı yığcam əhvalatların yer almasıdır. Bu əhvalatların bəzilərinin süjetlə birbaşa əlaqəsi olmasa da, onlar bir bütöv halında yazıçı məqsədinin və əsərin ümumi ideyasının çatdırılmasında konkret rol oynayır. Əslində burada yazıçının əsas məqsədi müxtəlif insan talelərinin fonunda görünən və görünməyən problemləri, zamanın doğurduğu sosial-siyasi məsələləri və s. açıb göstərməkdir. Taygöz Ağasəfər, Tumsatan Bikə, Mığmığa Cavanşir, Cavad, Camalın atası və b. ilə bağlı əhvalatlar bu qəbildəndir. Sözügedən əhvalatlar Tağının komada olarkən irreal aləmdə qarşılaşdığı qəribə situasiyalarla əlaqəli şüuraltı xatırladığı əhvalatlardır. Bu kontekstdə Taygöz Ağasəfərlə bağlı əhvalat xüsusilə diqqəti çəkir. Ağasəfər rayon xəstəxanasının “morq”unda gözətçi işləyirmiş. Baş həkim Qurgen Adamyan Ağasəfəri işdən çıxarmaq və həmin yerə öz qohumunu götürmək üçün onu yerli-yersiz danlayır, başına min oyun açırmış. Axırda cana yığılan Ağasəfər ölüləri “morq”dan çıxarıb divara söykəyir, özü də çılpaq vəziyyətdə onların yanında əyləşir, hərəsinin də qarşısında bir loto kartı, guya loto oynayırlar. Qurgen içəri girən kimi Ağasəfər qəflətən əlindəki kisədən bir loto daşı çıxarır, yuxarı qaldırıb – “Səksən səkkiz! Davolna!”, – deyib qışqırır. Qurgenin qorxudan ürəyi gedir. Bu hərəkətinə görə Ağasəfəri altı illik həbs edirlər. Deyirlər, məhkəmə zalında da Ağasəfər Qurgeni görən kimi eynilə – “Səksən səkkiz! Davolna!”, – deyib qışqırır. Qurgen yenə özündən gedir, ayılan kimi də durub qaçır. Sonralar bu söz uşaqların da dilinə düşür. Uşaqlar hər dəfə onu görəndə bu sözü deyirmişlər, havalanıb dəli olan Qurgen də qaçırmış evə. Əslində bu kiçik əhvalatda müəllif bir sıra siyasi mətləblərə toxunmuşdur. Anti Azərbaycan, anti Türk siyasətinə xidmət edən məkrli ermənilər sovet dövründə xəstəxanalarda, xüsusilə doğum evlərində insanlarımıza qarşı gizli və məqsədyönlü şəkildə bir sıra cinayətlər həyata keçirmişlər. Bu baxımdan Qurgenin məhz xəstəxananın “morq”una öz adamını işə düzəltmək məqsədi də təsadüfi deyildir. “Səksən səkkiz! Davolna!”da səksən səkkiz rəqəmi Qarabağ Müharibəsinin başladığı tarixə – 1988-ci ilə, altı illik həbs isə şərti şəkildə işlədilən Birinci Qarabağ Müharibəsinin müddətinə (1994-cü ildə imzalanmış atəşkəs rejiminə qədərki müddət nəzərdə tutulur) işarədir.

Uşaq vaxtı pilləkəndən yıxılaraq ayağından və başından zədə alan, ömrü boyu “komunxoz”da zibilatan işləyən Səy Usubun əhvalatı isə bir başqa tərəfdən maraq doğurur. Heç vaxt toya-yasa çağırılmayan “Səy Usub toyları sevərdi, toy yiyəsini tanıdı-tanımadı, gedib toyxana çadırlarını çöldən aralayıb uşaq kimi sevinə-sevinə içəri baxardı. ...toy qurtaranda isə kişilərin arxasınca axsaya-axsaya, həm də kişi-kişi geri dönərdi. Evdə arvad-uşaq soruşanda ki: “Əşi, bəs hardaydın?” Deyərdi: “Toyda. Bəs, görmürsüz, camaatnan toydan gəlirəm?” Soruşanda ki, “Bəs toy necə keçdi?” Şellənə-şellənə, səy-səy: “Əla!” – deyərdi. “ – Əla keçdi toy! Pəh-pəh! Yedilər, içdilər, dağılışdıq...”” Əslində, yazıçının üst qatda adi “məzəli əhvalat” kimi təqdim etdiyi bu əhvalatın alt qatında dərin və kədərli bir məzmun ifadə olunub. Bu, təkcə Usubun əqli və fiziki xəstəliyi, cəmiyyətin belə insanlara olan münasıbətilə bağlı deyil. Bu dünya, doğrudan da, sanki həmin çadıra bənzəyir. Toy çadırının içərisindəkilər həyatı xoş keçən, dünyanın səfasını sürən, hər işi qaydasında olanlardır. Həyatı doyasına yaşamayan, dünyanın bir xoş gününü görməyən bədbəxt Usub kimilər isə oraya daxil ola bilmirlər. Onların qisməti yalnız kənardan baxmaqdır, Usubun çadırın arasından həsrətlə, bir az da qorxacaq baxdığı kimi. Ölüm hamı üçündür, vaxtı çatanda hamı bu dünyadan “dağılışır”, amma, nə yazıq ki, “Yaşadı, dünyanın səfasını sürdü, öldü” ifadəsi hamı üçün deyil. Səy Usubun dili ilə deyilmiş “Yedilər, içdilər, dağılışdıq” simvolik deyiminin semantik tutumu da məhz bunu ifadə edir.

Fikrimizcə, öz-özlüyündə hərəsi bir insan taleyini əks etdirən bu əhvalatlar süjetə o qədər də ağırlıq gətirmir, əksinə, onu bir qədər də canlı və maraqlı edir.

“Kül” romanı struktural baxımdan ənənəvi romanlarımızdan fərqlənir. Əsərdə təsvir olunan real və irreal məkan və hadisələr, ruhi anlamda yerdəyişmələr, onların kəsişdiyi müstəvi süjet boyu bir-birilə əlaqəli, belə demək mümkünsə, iç-içə əks etdirilir. İrreal kontekst, təbii ki, Tağının koma vəziyyətindəki təhtəlşüur yaşantıları ilə bağlıdır. Əslində, irreal adlandırdığımız, yaşı bilinməyən yaddaşımızda şifrələnmiş kodlar şəklində mövcud olan şüuraltı görüntülərimiz içərisində yaşadığımız və formal olaraq (!) adiləşmiş maddi həyatdan daha realdır. Lakin insanın idrakından kənar olan reallıq! Süjetin metafizik və mistik səpgidə yazılmış hissələri oxucunu məhz sözügedən əhvala kökləyir, ruhi-psixoloji təsir edərək onu bu mövzu ətrafında düşünməyə sövq edir.

Bədii nəsr nümunələrini maraqlı edən amillərdən biri də yazıçının əsərin ideya-məqsədini açıq-aşkar, belə demək mümkünsə, çığıran bir şəkildə deyil, bir qədər alt qatda, müəyyən maneralarla ifadə etməsidir. Z.Sarıtorpaq da burada məhz ikinci yolu seçmişdir. Bu kontekstdə romanda irreal aləmin sakini kimi təsvir olunan, doktor adlandırılan “qoca qulyabanı” – Daun və onun mistik səpgidə təqdimi maraq doğurur. Gah təbib, gah hakim, gah öncəgörücü və s. olan bu müəmmalı qoca irreal aləmdə hakimi-ixtiyardır. Bu aləmdə hamı ona tabedir. Lakin Daunu da narahat edən, qorxudan məqam var: Bu, iyirmi bir rəqəmidir! Daunda iyirmi birə qarşı yaranan nifrətin, qorxunun səbəbi isə insan bədənindəki iyirmi birinci xromosomla bağlıdır. Daun XXI əsri də anomaliyası nəticəsində insanlarda Monqolizm-Daun sindromuna səbəb olan xəstə iyirmi birinci xromosomla müqayisə edir və eyniləşdirir. Onun fikrincə, iyirmi birinci xromosom insan bədənindəki xromosomların xəstə və şikəsti olduğu kimi, XXI əsr də bütün zamanların xəstə və şikəst əsri – xromosomudur:

“– De görüm, canındakı hüceyrələrin cəmi iyirmi üç cüt xromosomdan ibarət olduğunu bilirsənmi? Yox... bilmirsən... De görüm, canındakı iyirmi birinci xromosomun anomaliyasından xəbərin varmı? Hardan olacaq axı?.. Yox... bundan da xəbərsizsən... Sənin kimilərinin iyirmi birinci xromosomu şikəst olur, Allahın iyirmi birinci əsri kimi – şikəst, çarəsiz... Bildin? Nə sənin çarən var, nə də iyirmi birinci əsrin!.. Sən də zülmlər çəkəcəksən, o da... Başınız bəladan heç vaxt ayılmayacaq... İyirmi birincilər!.. Siz bədbəxtsiz, iyirmi birincilər!.. Əlini üstünüzdən götürən götürüb... İyirmi birincilər!..”

Maraqlıdır ki, onun adı da sözügedən xəstəliyin və bu xəstəliyi aşkar edən alimin adını əks etdirir – Daun.

Daun iyirmi bir rəqəmini bir işarə hesab edir. Bu işarə isə yaxşı heç nə vəd etmir. İnsanlar bədbəxtlik və fəlakət gətirən bu işarədən xəbərsiz laqeydcəsinə qütbləşmədə davam edirlər. Sonlarının necə olacağı haqqında düşünməyi isə ağıllarına belə gətirmirlər. İnsanların hərəsi bir cür günah sahibidir, qəlblərində bir-birlərinə sevgidən çox paxıllıq, kin-küdurət, biganəlik qərar tutub. Tamahkarlıq, yalan, riyakarlıq, ədalətsizlik və sair... İnsanları qəribə suallarla imtahana çəkən Daun, əslində, onları özlərindən də yaxşı tanıyır. O, bir il əvvəl suda boğaraq öldürdüyü milçəyi həmin sudan çıxarıb üzərinə kül tökərək dirildir və bu qeyri-adi hadisəni izləyən ucu-bucağı görünməyən insan selinə səslənir: “– ... sevgisizlikdən sizin hamınız... həyatın içində də, astar üzündə də suda boğulmuş milçək kimi komadasız! Təpənizə kül olmayana qədər ayılmayacaqsız!... Yadınızda saxlayın, kim olursuzsa, olun, – qurtuluşunuz təpənizə olan küldədi!..”

Əslində, bu, bir xəbərdarlıqdır. Daun bununla, sanki insanları “koma”dan ayıltmağa çalışır. O, səbəbi də, qurtuluş yolunu da göstərir. Əgər faciəmizin səbəbi sevgisizlikdədirsə, deməli, xilasımız da Sevgidə – Haqqa tapınıb ruhi-mənəvi saflaşmada və idrakdadır. Yalnız bu yolla nicat tapmaq olar. Yoxsa, doğrudan da, Daunun dediyi kimi, qurtuluşumuz başımıza olan külə qalacaq!

Daun bütün mənalarda ziddiyyətli obrazdır. Ağappaq saç-saqqalı, baxışı-duruşu, boy-buxunu ilə “filmdəki Dədə Qorquddan seçilməyən”, əl ağacına söykəkli, qəribə qiyafəli bu qoca, bəzən, xeyirxah və müdrik olması ilə yanaşı, həm də qorxunc və vahiməlidir. O, hər zaman vəhşi və nəhəng goreşən sürüsü ilə peyda olur. Bəs bu mistik obraz kimdir və nəyi ifadə edir? Bəlkə, o, var gücü ilə XXI əsrə düşmən kəsilmiş XX əsrdir, ya ölüm kabusu, yaxud iblisdir? Bəlkə, elə o, həqiqətən də doktordur? Xəstə cəmiyyətin, onun ayrı-ayrı ünsürlərinin, yaxud XXI əsrin diaqnozunu qoyan mistik doktor. Ya da XXI əsrin proqnozunu verən və çıxış yolunu göstərən öncəgörücü...

“– Sevgi çatışmır... Yoxdu sevgi... – Bunları nədənsə, o, astadan dedi. – Bədbəxtlər!.. Sevgisiz yaşayıb sevgisiz ölən bədbəxtlər!.. Sizin üzünüzə sabahmı açılar? Üfüqdəki buzlağı çilikləyib sabahı doğuzdurmaqdan ötrü ling yox, külüng yox, raket yox, – sevgi lazımdı, sevgi!.. Bildiz?..”

Diqqət etsək görərik ki, Tağının qəza keçirməsi gecə vaxtı baş verir. Komada olduğu on altı il ərzindəki şüuraltı yaşantıları da yalnız gecə ilə əlaqəlidir. Bu, bitib-tükənməyən, sabahı açılmayan bir gecədir. İrreal aləmdə zaman Tağının ruhi-psixoloji və fiziki vəziyyətinə uyğun hesablanıb. Burada vaxt ölçüsü, zamanın yerdəyişməsi yoxdur. Zaman, sanki fələyin çarxının fırlanıb gecənin üzərində dayandığı vaxtda donub qalıb:

“Onu ilk dəfəydi görürdüm. Bizim yerlərin adamına oxşamırdı. Üstü-başı, qiyafəsi qəribəydi...

– Xoş gəlmisən, – dedi. – Birdəfəlik gələnə oxşayırsan... Ya mən yanılıram, hə?

Davudun “doxtur” dediyi bu adam mənə yaxınlaşdı, istiqanlılıqla əlini çiynimə qoydu.

– Bu gündən sən də qoşuldun bizə... Heç bilirsən nə qədərik? Sayımız-hesabımız yoxdu...

Özümü toparlayıb: – Səhər açılsın çıxıb gedirəm... Bakıya gedəsiyəm... Maşını pis əzmişəm.., – dedim.

– Nə açılsın dedin?.. Səhər?..

O, bir qədər aşağı əyildi, başımın sarğısının düyününü dartışdıra-dartışdıra, gözlərini gözlərimə zilləyib çiyinlərini ata-ata səssizcə gülməyə başladı...

– Yəni, açılacaq deyirsən səhər? Hə?

Sonra üzümə çox qəribə baxdı, mən bu baxışların mənasını min il də yaşasam çözə bilməzdim, buna gücüm çatmazdı. Onun baxışlarında ölməyə də, dirilməyə də şans yoxuydu... Onun gözlərinin içinə sorulurdum elə bil... Ovsunlanmış kimi sorulurdum...”

Tağı komadan əvvəl və sonra da ruhən sanki bir qaranlıq içərisində idi. Komadan ayıldıqdan sonra Xanoğlan ona hər cür şərait yaratsa da, o, özünü naqolay hiss etdiyi bu həyata alışa bilmir. Hər şeyin yad göründüyü bu yeni həyat onu sıxır. Təsadüfi deyildir ki, əsərin sonunda Tağı Xanoğlanın Bakıda ona aldığı villadan, “Prado” markalı maşından, düzəltdiyi vəzifədən imtina edərək rayondakı ata-baba evlərinə dönmək qərarına gəlir.

Daun obrazı simvolik anlamda olub mahiyyət etibarilə müəllif fikrinin ifadəçisi funksiyasını yerinə yetirir. Bu kontekstdə əsərin ideya-məqsədinin ortaya qoyulmasında əsas ağırlıq, demək olar ki, sözügedən obrazın üzərinə düşür. Təsvir edilən irreal aləm isə axirət deyildir. Bu, komada olan insanın mistikaya köklənmiş təhtəlşüur yaşantılarıdır. Və bu yaşantılar müəllifə müəyyən mətləblərin çatdırılması üçün müxtəlif maneralar etmək imkanı yaradır.

Əsərin adı da simvolik məna kəsb edir və başlıca olaraq, iki yozumda anlaşılır. Hər iki yozum folklordan, xalqdan gəlmə motivləri əks etdirir. Lap qədimlərdə bəlaya düçar olmuş, doğma və əziz adamını itirmiş, yurdu viran qalmış, evindən-ocağından olmuş, dərdli-ələmli insanlar başlarına kül və ya torpaq ələyərmişlər. Bu adət bəzi yerlərdə indi də qalmaqdadır. Xalq arasında sözügedən adətin izlərini saxlayan bir sıra deyimlər də mövcuddur. “Başıma haranın külünü töküm”, “Kül olub başına”, “Başı küllü”, yaxud birinə qarğış edərkən “Kül təpənə” və başqa bu kimi deyimlər başa kül ələməyin dərd, qəm-kədər, nisgil, ayrılıq və ölümə işarə oldugunun təzahürüdür. Azərbaycan aşıqlığının görkəmli nümayəndələrindən olan yaradıcı-ustad sənətkar Molla Cumanın sevgilisi İsmi-Pünhanın ayrılığına həsr etdiyi və ağılarla müşayiət olunan bir şeirində də sözügedən motivə rast gəlirik:

Dərdim çoxdur, təbib yoxdur danışam,

Qəhərlənib öz-özümə ağlaram.

Matəmdaram, sağ əlimlə eyləyib,

Torpaq başa, kül gözümə ağlaram.

Bundan başqa, xalq arasında “Külü çox üfürsən, altından köz çıxar”, yaxud “Külü qarışdırsan, altından köz çıxar” deyimləri də var. İstək olanda külün altındakı balaca bir köz də böyük bir ocağa çevrilə bilir!

“Kül” romanında, demək olar ki, sözügedən hər iki motiv əsas götürülmüşdür. Bu kontekstdə və ümumilikdə, romanın Tağı ilə Həşim kişinin qısa dialoqu üzərində qurulmuş və nikbin notlara köklənmiş sonlugu əsərin ideya-məzmununa maraqlı bir yekun kimi səslənir:

“Dogrudan da sabah açılmışdı. O, yuxulu-yuxulu maşının pəncərəsindən boylanıb yenicə doğmuş günəşə baxdı, sonra çiyinlərini çəkdi, adəti üzrə yaylığını çıxarıb selin-suyun içində xoşbəxtcəsinə parıldayan gözlərimi sildi, yenə də həmişəki kimi: “ağlama, – dedi, – dözümlü ol...”

Onun bu sözlərinə gülümsünüb bir qapaz da o biri dizinə vurdum.

Bu dəfə o qımışdı. Saçlarımı qarışdırıb:

– Başını çırp, müəllim, – dedi. – Külün içindədi bütün...

Maşının güzgüsünə baxdım. Saçlarımın ağardığını, ya çallaşdığını heç cürə ayırd edə bilmədim. Deyəsən, başım doğrudan da külün içindəydi...”

Hər kəsin doğulub böyüdüyü bir yurd yeri var. Böyük Vətən anlayışı məkan kontekstində məhz həmin yurd yerindən, doğma ocaqdan başlayır. Tağının on yeddi ildən sonra doğma ocağa qayıdışı bütövlükdə doğma yurda, vətənə sahib çıxmaq, özünə, öz keçmişinə, soykökünə qayıdış anlamlarını simvolizə edir. Tağı bu qayıdışı ilə sanki başına ələnmiş küldən də azad olur. Buz bağlamış gündoğanın buzlağı əriyir və illərlə gözlədiyi sabah açılır! Bu, Tağının ömrünə açılan sabah idi!

“Azərbaycan” jurnalı

# 1422 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #