Dilarə Səlim: “Prustu heç cür sevə bilmədim” - MÜSAHİBƏ

Dilarə Səlim: “Prustu heç cür sevə bilmədim” - <span style="color:red;">MÜSAHİBƏ
24 may 2016
# 08:30

Kulis.Azın kitabla bağlı suallarını telejurnalist Dilarə Səlim cavablandırır.

- Uşaqlıqdan və indi oxuduğunuz kitablar hansılardır? Nələr qalıb yadınızda?

- Mən rus bölməsində oxuduğum üçün demək olar ki, bütün rus və bir çox dünya klassiklərini məktəbdə oxumuşam.

- Heç kitab oğurladınızmı?

- Məktəb kitabxanasından Pasternakın “Doktor Jivaqo”sunu alıb geri qaytarmamışam.

- Şəxsi kitabxananız var?

- Böyük kitabxanam var. Atamdan qalan və sonra da özüm aldığım kitablardır. “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından olan kitablara abunə yazılmışam. 150 kitabdan ibarətdir.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?

- Var. Marsel Prustun “İtirilmiş zamanın axtarışında”. Hələ də bitirməmişəm.

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Təəssüflər olsun ki, dərs kitablarım qalmayıb. Lakin universitetdə yazdığım mühazirələr hələ də durur.

- Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Yazı yazmağı.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Kağızdan və ya dəridən olan kitab arası (zakladka) qoyuram.

- Şeir əzbərləyirsiniz?

- Məktəb vaxtından əzbərlədiyim şeirlərin çoxu yadımdadır.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Puşkin “Qızıl xoruz haqqında nağıl”. İlk roman M.Rid “Başsız atlı”

- Kitab bağışlamısınız?

- Çox.

- Sizcə, aktyor, müğənni, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Savadlı, bilikli və məlumatlı olmalıdır.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Hal-hazırda Yasunari Kavabatanın “Qarlı diyar”ını oxuyuram.

- Avtobusda çantasından kitab çıxarıb oxumağa başlayan adam görəndə nə düşünürsünüz?

- Vaxtını səmərəli və faydalı istifadə edən adam olduğunu düşünürəm.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Zənnimcə, var, lakin çox deyillər.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Bir vaxtlar hekayə və şeir yazmışam.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Afaq Məsud, Aqşin Yenisey, Seymur Baycan, Səlim Babullaoğlu, Çingiz Abdullayev.

- Svetlana Aleksiyeviçi tanıyırsız?

- Belarus yazıçısı və Nobel mükafatçısı olduğunu bilirəm. Amma təəssüflər olsun ki, heç bir əsərini oxumamışam.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- İncili və Quranı. Amma hələ də oxumuş və ələlxüsus da dərk etmiş sayılmıram.

- Son olaraq tamaşaçılara, oxuculara sözünüz.

- Çox mütaliə edin, amma hər şeyi oxumayın. “Oxuyan insan - düşünən insandır” deyirlər. Hər zaman düşünməyi arzulayıram!

# 1071 dəfə oxunub

Müəllifin son yazıları

# # #