Yetənə vurulan şair - İsmayıl İmanzadənin yeni şeirləri

Yetənə vurulan şair - <span style="color:red;">İsmayıl İmanzadənin yeni şeirləri
6 iyul 2018
# 15:38

Kulis.az tanınmış şair İsmayıl İmanzadənin yeni şeirlərini təqdim edir.

İçimdə boğulan səs

Eşidən yox harayımı,

Ünüm yetmir uzaqlara.

Yol ayrıcında qalmışam,

Bilmirəm üz tutum hara?

Ayağıma ilişən daş

Buraxmır ki, çıxıb gedəm.

Gözlərimdə donubdu yaş,

Yaxamdan yapışıbdı qəm.

Üz-gözümdən qırov yağır,

Hər anım bir soraq kimi.

Arxamca düşən qara yel

Ulayır yalquzaq kimi.

Zülmət kəsdirib üstümü,

Səbrimə sığınıb ahım.

Yuxum ərşə çəkilibdir,

Açılmaq bilmir sabahım.

Hərdən üzümə toxunur

Ölümün soyuq nəfəsi.

Bilmirəm harda dəfn edim

İşimdə boğulan səsi...

Köhnə kişilər

Boş qalıbdı yerləri,

Minib köhlən atlara

Getdi köhnə kişilər.

Saflıq nişanəsiydi

Ruzi-təhnə kişilər.

Dünya malından ötrü

Göynəyən deyildilər.

Çətinə düşəndə də

Dillərini heç zaman

Çeynəyən deyildilər.

Üz tutdular zülmətə,

Yel qanadlı kişilər.

O gümüşü papaqlı,

Kəhər atlı kişilər.

Savaş günü yaxına

Qoymazdılar yadları.

Yenilməz gücləriydi,

Bir qala bürcləriydi,

Vəfalı arvadları.

Ağır, batman kişilər

Ərən-sultan kişilər

Yel kimi hər tərəfə

Üz tutub əsməzdilər.

Namərd adamla heç vaxt

Duz-çörək kəsməzdilər.

Güclüyə yarınmağı

Bacaran deyildilər.

Kasıbın komasını

Uçuran deyildilər.

Qorxmazdılar ölümdən,

İgid-ərən idilər.

Haqqa tapınmışdılar,

Uzaqgörən idilər.

Onlar çörəkkəsən yox,

Çörək verən idilər.

Səsdə-ündə getdilər,

At üstündə getdilər.

Vədələri çatanda

Qoydular el-obanı

Yaman gündə, getdilər.

Əyri işlə, yalanla

Olmazdı araları.

Zəmanə dəyişəndə

Bir də baxıb gördük ki,

Seyrəldi sıraları...

Ləyaqət simvoluydu

Çeşmə-dəhnə kişilər.

Minib köhlən atlara

Geriyə boylanmadan

Getdi köhnə kişilər.

Хudаfərin körpüsü

Аy ulu dаş kitаbəm, gəcаvəm-tахtım mənim,

Bаkı-Təbriz biçimli könül pаytахtım mənim.

Vüsаlа həsrət qаlаn tаlеyim-bахtım mənim –

Şаhım, хаnım, sultаnım - Хudаfərin körpüsü.

Аrаzın sinəsində dаşlаşаn su sоnаsı,

Tаnrıyа şükrаnlıqdır аdının ilk mənаsı.

Vətənin iki qütbə pаrçаlаnmış dünyаsı –

Хəttim, imzаm, ünvаnım - Хudаfərin körpüsü.

Hər аşrımı su yоlu, hər tаğı bir möcüzə,

Qəzəbi mürgüləyən sivri uclu bir nizə.

Bilən yох, dаş dilində nələr söyləyir bizə –

Rəvаyətim, dаstаnım - Хudаfərin körpüsü.

“Gülüstаn”dа bоğulаn səsimdi-аvаzımdı,

“Türkmənçаy”dа sərhəddə çеvrilən Аrаzımdı.

Sаğаlmаyаn yаrаmdı, qаnlı аlın yаzımdı –

Vаrlığım, аnd-аmаnım - Хudаfərin körpüsü.

Şeir

Göz açdım, söz məni saldı kəməndə,

Əlimdən yapışdı duman da, çən də.

Sal daşa söykənib mürgüləyəndə -

Yorğanım səmaydı, yastığım şeir.

Böyüdüm... dilimdə avaza döndü,

Gah qışa çevrildi, gah yaza döndü.

Kürdən soraq verdi, Araza döndü -

Bağrımın başına basdığım şeir.

Damla işartısı, ay işığıydı,

Sevinclə nisgilin qarışığıydı.

Saflıqdan söz açan haqq aşığıydı -

Şəklini sinəmdən asdığım şeir.

Nə ürək sızıltım, nə sancım idi,

Süfrəmə dad verən qazancım idi.

Sevdalı çağımda dilmancım idi -

İlk dəfə bir qıza yazdığım şeir...

Var

Ürəyi isitməz şöləsi şamın,

Sükutu dilsizdir hər uçuq damın.

Hərdən bəxt üzünə gülmür adamın -

Yuxarı qalxmağın enməyi də var.

Yoxdur günahların hesabı-sanı,

Kimsə kəsə bilmir tökülən qanı.

Çatır əzəl-axır zalımın sonu -

Tanrının üzünün dönməyi də var.

Hələ də yalanla gözlər qamaşır,

Aşır dərd yükünü çiynindən, aşır.

Haqqı tapdananın səbri tez daşır -

Məzlumun kükrəyib dinməyi də var.

Gör nələr gizlənir torpağın altda,

Sağalmaz yaradır ürəkdə çat da.

Əbədi deyildir heç nə həyatda -

Gur yanan ocağın sönməyi də var.

Related image

Şair

Sevgisi qəlbi coşduran,

Gəlini-qızı çaşdıran.

Baxışı göz qamaşdıran -

Yetənə vurulan şair.

Tüstülənər hər yaşında,

Tapar dilini daşın da.

Bir qəfil söz savaşında -

Düyməsi qırılan şair.

Gizlətməz başını qında,

Bənd olan deyil heç yanda.

Tək bircə göz qırpımında -

Bulanıb-durulan şair.

Qədrini nə bilir naşı,

Qəzəbi də ər savaşı.

Nadanla getsə yanaşı -

Usanıb yorulan şair.

Ömrü-günü verməz bada,

Ağzı sözlə gələr dada.

Sınmayır dar ayaqda da -

İçindən qırılan şair.

Gecənin bu vaxtı

Bu yaz da əritmədi

Həsrətimin buzunu.

Bilirəm nə boydadır

Dərdin “eni-uzunu”.

Bir qaranlıq nöqtədə

Fikrim ilişib qalıb.

Ciliklənən ümidim

Hardasa düşüb qalıb.

Arxasınca qaçıram

Ötüb keçən anların.

Qar yağır gözlərimdən

Üstünə gümanların.

Əl atıb yapışmışam

Bəxtimin yaxasından.

Sızlasam da oyanmır

Gecə div yuxusundan.

Nədənsə

Yoxmuş insanlığın “əlinin duzu”,

Yaxşılıq nədənsə tez yaddan çıxır.

Xoş söz əritməsə qəlbdəki buzu,

Sonda qaşınmayan yerdən qan çıxır.

Şirin xəyallarla ovunur insan,

Kim deyir yalanın ömrü az olur?

Ürək heydən düşüb üzüləndə can,

Adamın çöhrəsi tanınmaz olur.

Ömrü uzun imiş nisgilin-qəmin,

Dərd əhli bilir ki, sızlamaq nədir.

Nədənsə əzəldən bir ağlı kəmin,

Bəxti yeyin olur - çox qəribədir...

Sönür əzəl-axır od da, ocaq da,

Şan-şöhrət çoxunu yaman çaşdırır.

Zülmət kök atanda küncdə-bucaqda,

Şüşə parçası da göz qamaşdırır.

Vaxt-vədə bir yeyin köhnə fırfıra,

Qarışıq səslərdən baş gicəllənir.

Yerlər səhv düşəndə pozulur sıra,

Əcəl qəfil gəlir, kəsilir hənir.

Gizli bir ucu var hər müşkül işin,

Ürək korun-korun yanan ocaqdır.

Sevinc-qüssə yüklü ömür sərnişin,

Ölümsə sonuncu dayanacaqdır.

Necə deyim

Mənmi suçlu, sənmi haqlı,

Bu sual bir az maraqlı.

Hardaydın sevgi soraqlı

Evimiz tikilən vaxtı?

Nəyin əskik idi, nəyin

Sızladımı heş ürəyin?

Qeyb oldun gülün-çiçəyin

Seçilib əkilən vaxtı.

Rəngi solanda üzümün,

Qar yağdı üstə izimin.

Gəlib çıxmadın gözümün

Yollara dikilən vaxtı.

Dilimdən düşmədi adın,

Nəyə gərəkmiş inadın?

Sütunum-tağım olmadın

Belimin bükülən vaxtı.

Sən idin arzum-diləyim,

Dilimdən düşmür gileyim.

Bilmirəm sənə nə deyim

Dişimin tökülən vaxtı.

İtən səsim-ünüm idi,

Dərd “uzunum-enim” idi.

Mənim ölən günüm idi,

Sən qeybə çəkilən vaxtı...

Ürəyim açıq qapıdır

Yalqız dayanma sahildə,

Yel əsib üşüdər səni.

Yuxunu sulara danış,

Oyaqdır, eşidər səni.

Gözlərində şəkli qalıb

Bu boz sifətli payızın.

Ürəyim açıq qapıdır,

Keç içəri bir az qızın...

Öldürür

Dünya köhnə xırman yeri,

Havaya sovrulur diri.

Zülmətdə qərq olur biri,

Birini Tanrı öldürür.

Dərd ürəkdə gizli çatdır,

Anlar şahə qalxan atdır.

Ölüm bir şux zarafatdır, -

Güldürüb sonra öldürür.

Od gəzirəm

Qayğılar başımı qatıb,

Dinməyə yoxdur macalım.

Puç olan ümidlərimin

Sorağını kimdən alım?

Qırov bağlayan ürəyim

Bir qalam od sorağında.

Yuxularımda gəzirəm

Hərdən Araz qırağında.

Nə gözləməkdən usanıb,

Nə yaşamaqdan doyuram.

Sükutla ötən anları

Kipriklərimlə sayıram...

Söz

Cavabsızdı “nə üçün”lər, “nədi”lər,

Haqqımızı çeynədilər, yedilər.

Üz qaraldar əzəl-axır dedilər -

Bic doğulan yalan kəlmə, yalan söz.

İsidəcək canımızı təzədən,

Kəsdirəcək yanımızı təzədən,

Duruldacaq qanımızı təzədən -

Bulud kimi kövrələn söz, dolan söz.

Nizamidən, Füzulidən söz açdı,

Xətainin qılıncında iz açdı.

Məmməd Araz hikmətində göz açdı -

Zaman-zaman qiymətini alan söz.

Zərifliyi bir bənövşə həyası,

Selə dönsə sal daşları oyası.

Sönən deyil közərtisi, ziyası -

Yaşayacaq bizdən sonra qalan söz.

Image result for ismayıl imanzadə

# 2820 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #