Qatarı yan keçən sərnişin - İmir Məmmədlidən yeni şeir

Qatarı yan keçən sərnişin - İmir Məmmədlidən yeni şeir
8 sentyabr 2016
# 12:08

Kulis.Az şair İmir Məmmədlinin “Qatarı yan keçən sərnişin” şeirini təqdim edir.

Bir dəfə intihar etmək istədim,

Yavaşca uzanıb başımı qoydum

Qılınc tək parlayan dəmiryoluna.

Bəxtə bax, onda da qatar gecikdi.

Bezdim gözləməkdən, durmaq istədim,

Elə həmin anda göründü qatar.

Pıçıltıyla oxudum Həmd-surəni.

Qatar böyüyərək yaxınlaşırdı.

Böyrümü dəyişdim, dedim, qoy onun

Ölüm boyda olub lap şişdiyini

Görməyim barı.

Duyurdum arxadan gələn ölümü,

Bu daha çətindi. Göz-gözə olmaq, -

Qatarın gözünün içinə baxmaq

Xeyli asandı.

Odur ki böyrümü bir də dəyişdim.

Lap azca qalmışdı, inan lap azca,

Qəflətən qatarın yolu dəyişdi.

Sən demə vağzala ikinci yolla daxil olurmuş...

Beləcə qaldım mən fani dünyada

Qatara gecikmiş... (üzr istəyirəm)

Qatarı yan keçmiş sərnişin kimi.

Burdan qatar keçmir, qoyun uzanım

Həsrət ilə baxım göyün üzünə.

# 1096 dəfə oxunub

Müəllifin son yazıları

# # #