Qorxusundan qadın soyadı götürən Əməkdar artist - Maraqlı faktlar

Qorxusundan qadın soyadı götürən Əməkdar artist - Maraqlı faktlar
27 fevral 2020
# 12:25

Bu gün Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor Mirmahmud Kazımovskinin doğum günüdür.

Kulis.az bu münasibətlə görkəmli aktyor haqqında maraqlı faktları təqdim edir.

***

Mirmahmud Kazımovski 1882-ci ildə Bakının Bilgəh kəndində anadan olub.

***

Əvvəlcə mollaxanada oxuyub, sonra isə teatr xadimi Həbib bəy Mahmudbəyovun üçsiniflik rus-tatar məktəbində Hüseyn Ərəblinski ilə birlikdə təhsil alıb. Hətta onlar ilk dəfə səhnəyə 1897-ci il martın 9-da "Lənkəran xanının vəziri” tamaşasında da birgə çıxıb.

Gallery

Mirmahmud Kazımovskinin həm də çox gözəl səsi olub. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Kazımovski Leylinin anasını yaradıb, eləcə də altıncı, yeddinci ərəb rollarında çıxış edib.

***

Mirmahmud Kazımovski ilk dəfə “Axşam səbri xeyir olar” tamaşasında Çimnaz xanım rolunu oynayıb. Onun qadın rollarında çıxış etməsi həyatda aktyora xeyli çətin anlar yaşadıb. Mirmahmud Kazımovski hər dəfə tamaşadan çıxandan sonra gənclərin təzyiqlərinə məruz qalıb. Dəstə ilə aktyorun üstünə hücum çəkən kişilər onu döyür, təhqir edir və iştirak etdiyi tamaşa afişalarını divarlardan qopardırdılar.

***

Təqiblərdən və təhqirlərdən yaxa qurtarmaq üçün Kazımovski soyadından imtina edir və afişalarda soyadını “Kazımovskaya” yazdırır. Bu dəfə də başqa bir problemlə qarşılaşır. Bir gün səhər işə getməyə hazırlaşan Mirmahmud Kazımovskinin qapısını döyən polislər ona polis idarəsinə getməli olduğunu söyləyirlər. İdarədə pristav qəzəblə: “Yalan deyirsiniz. Sizin əsl soyadınız Kazımovskayadır. Nə məqsədlə qadın soyadını daşıyırsınız? Bu nə fırıldaqdır?” deyir. Həqiqəti danışsa da, pristav ona inanmır və aktyor bir gün həbsdə qalmalı olur.

***

Bütün varlığı ilə teatra bağlı olan aktyor bir müddət nadanların ucbatından teatrdan uzaqlaşdırılır. Deyilənə görə, həmin dövrlərdə Mirmahmud Kazımovski səhər tezdən evdən çıxar, həsrət qaldığı teatr binasının ətrafında dolanarmış.

***

Kazımovski böyük maarifpərvər, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin yaxın dostlarından biri olub.

Gallery

Aktyor "Vurhavur", "Daşım-daşım", "Vəfasız məşuqə", "Molla Cəbi", "Səməd bəy", "Həmişəri mənzili", "Qadın və zülm", "Əyalət divanı" və s. dəfələrlə tamaşaya qoyularaq rəğbətlə qarşılanıb. Hətta bəzi əsərləri Orta Asiyanın bir çox şəhərlərində tamaşaçı sevgisi qazanıb.

***

Kazımovskidən yadigar qalan - əli ilə yazdığı tərcümeyi-halından bəlli olur ki, o, opera teatrı üçün dörd operetta, dram teatrı üçün isə "Kəndxuda", "Nadanlar", "Uşaqlar mənimdir" pyeslərini də yazıb.

***

Azərbaycanda idmana aid yazılmış ilk dərsliyin müəllifidir. Ötən əsrin 20-30-cu illərində orta məktəb üçün nəzərdə tutulmuş bu kitabda 200-ə yaxın şəkil olub. Maraqlıdır ki, müəllif bu dərslikdəki şəkillərin demək olar ki, hamısını özü çəkib.

Gallery

Mirmahmud Kazımovski 1906-cı ildə yaradılmış Bakı Müsəlman Teatrının ilk üzvlərindən biri və təşkilatçısı olub. 1921-ci ildə Dərbənddə teatr yaradılmasında iştirak edib.

***

Bir müddət rus dili, rəsm, nəğmə, hesab dərsləri deməklə yanaşı, həm də məktəblərdə idman dərsi aparıb.

***

Azərbaycanın tanınmış rejissorlarından olan Rauf Kazımovskinin atası, Ələkbər Kazımovskinin babasıdır.

Gallery

Mirmahmud Kazımovski 1940-cı il dekabrın 1-də Bakıda vəfat edib.

# 9087 dəfə oxunub

Müəllifin son yazıları

# # #