Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi - MÜZAKİRƏ

Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi - <span style="color:red;">MÜZAKİRƏ
8 dekabr 2015
# 17:29

Uzun müddət idi “Bir şeirin dedikləri” adlı silsilə yazılar yazırdım. Yəni, şeirə baxıb, onun dediklərinə dalıb təhlillər aparmaq ... necə olmasa da adamı yorurdu. Ancaq əsas məsələ bu deyil. Əsas nöqtə, əsas məqam, yəni olmalı olan nə idisə birdən göz önünə gəldi. Şeirin özüylə danışmaq, şeirin özüylə dialoqa girmək lazımdır. İki nəfərin dialoqu iki dilin, iki hissiyyatın və şeirə yönələn ayrı və fərqli baxışların dedikləridir hardasa. Həm də demədikləri. Hər halda bir şeir üstündə belə bir ortamın yarana bilməsi ümid doğurur.

Cavanşir Yusifli

Kulis ədəbiyyatşünaslar Samirə Məmmədli və Cavanşir Yusiflinin “Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi” (Səlim Babullaoğlu, “Polkovnikə heç kim yazmır”, Bakı, “Mütərcim”, 2013, səh. 66-71) şeiri haqqında olan söhbətini təqdim edir.

Samirə Məmmədli. Bu şeir bir neçə baxımdan maraqlıdır və dialoq üçün zəmin yaradan məqamlarla zəngindir. Bir şeir, onun daxili həyatı haqqında danışmaq, fikrimcə, adi təhlildən fərqlənməlidir. Mətnə köklənirsən. Mətndən kənara çıxmaq və geri qayıtmaq mümkündür. Burda hər şey bir mətləbin üstünə gəlir. Və hər şey bir mətləbdən şaxələnir.

Cavanşir Yusifli. Həm də müəllif haqqında ümumi təhlillərdə rastlanmayan nüanslar verə bilir bu söhbətlər. Demək, belə, indi biz “Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi” şeirini müzakirəm edirik, buna qədərki söhbətlərimizdə müəllif haqqında, onun yaradıcılığı haqqında danışmışıq. Bu şeir onun digər mətnlərindən müəyyən dərəcədə fərqlənən, seçilən hadisələrdəndir. Müəyyən dərəcədə. Bütün bu fərqlərə baxmayaraq, Səlimin mətnlərində vahid sistem olur, bəzən hiss və duyğuların cızdığı süjet dolanbacları mətnin daxilinə şaxələnir, bəzən mətndən kənara, çox-çox uzaqlara proyeksiyalanır. Söhbətin başlandığı məqam o qədər maraqlı və rəngarəng hadisələrlə qalaqlanır ki, axırda bu nöqtə görünməz olur və nəticədə hər bir nöqtdə, yəni ixtiyari məqam elə başlanğıc funksiyasını daşıyır. Belə olduqda da bütün olaylar, kəskin, yaxud adi dönüşlər... bir mətləbdən şaxələnir.

Samirə Məmmədli. Nə mənada? Özünün də yazdığı kimi, bütün bunlar təcrübədən, yaşantıdan gəlir, yəni daxili dünyasının əks-sədasıdır. Birinci səs deyil, səsin neçə-neçə divara dəyib qayıtmasının, yəni, başına gələnlərin “dərsidir”.

Cavanşir Yusifli. Bu ideyanı o, sənin də oxuduğun məqaləsində mükəmməl izah eləyib. İntonasiya, səs və əks-səda haqqında ... Deyilmi?

Bir də: bu şeirdə “məzmun”un nədən ibarət olduğunu müəyyənləşdirmək o qədər də çətin deyil. Həm də asan deyil. Balıqçı uşaqları ilə görüşür, onlara həyatdan danışır.

Samirə Məmmədli. Aha. Bəli. Bu yazıda müəllif çox vacib bir məqama toxunub. Səs və əks-səda... Poeziya üçün çox vacib olan bu amil əslində diqqətdən çox kənarda qalıb və vəzn çərçivəsinə sıxışdırılıb. Halbuki bunlar fərqli şeylərdir. Ona görə bundan başladım ki, mətnin-informasiyanın içindəki enerjinin getdiyi yol - bu yolun keçilməsi, həyatın belinə sarılıb onu aşması, sonra özünə yığılması... bütün bunlar məzmundan çox irəli şeylərdir, həm də məzmunu dağıdan, parçalayan, ondan başqa şeylər yaradan ciddi mətləblərdir.

Cavanşir Yusifli. Doğru deyirsən. Apriori verilən şeyləri – vəzni, qəlibi... dağıtmaq lazımdır, ancaq bunu şair eləmir, onun daxilində bəlkə özünə də bəlli olmayan mistik bir aura bu işi yerinə yetirir.

Samirə Məmmədli. Bəli. Bu bir çox mənada vacibdir. İstəsəniz, söhbətimizin irəliləyən məqamlarında bunu geniş təhlil edərik. Səs əslində nədir? Və poeziyadakı yeri nədən ibarətdir? Bunu təhlil etmək olar və vacibdir, ancaq bu şeirin timsalında olsa, daha yaxşı olar və yerinə düşər.

Cavanşir Yusifli. Mən də onu demək istəyirdim. Əvvəl ondan başlamaq olar ki, şeirin içindəki hər bir söz – səs əslində gerçəklikdən, yəni öz gerçəkliyindən fərqli bir şeydir.

Hamı özünə məğlub olur və kölgəsi kimi öz ayağına düşür.

Bunu hiss eləyəndə hirslə ayağını yerə çırpır,

Amma kölgələri tapdalamaq olmur,

əksinə, o bizi təqlid edir, cinləndirir.

Bunu yuxarıdakı fikrin təsdiqi kimi nümunə gətirdim. Əksinə olsaydı, kölgəylə belə bir oyun da alınmazdı.

Sonra assosiasiya seli gəlir. Kölgələrlə bağlı. Səs səsi, söz sözü gətirir.

Samirə Məmmədli.

Elədir.

Uşaqlar, bir rus filmi vardı: “Kölgələr günorta yox olur”,

Başqa cürə desək, günəşin zarafatı: əşyalarla və insanla.

Şərqdə insanları kölgəsiz çəkərdilər.

Kim bilir, bəlkə bunu günəşdən öyrənmişdilər – günortalar.

Bəlkə ölümün həmişə mümkünlüyünə işarəydi bu...

Elə haqqında danışacağımız şeir bizi bu məcraya yönəldir. Əgər belə demək olarsa... Məncə...

Cavanşir Yusifli. Məncə də... Əgər fikir veribsənsə, bu şeirdə məzmun – şeirin məzmun tərəfi, yəni “süjeti” əslində bir bütöv deyildir, montajdır, ayrı-ayrı yaşantıların bir-birinə calaq edilməsi də “hiss olunur”.

Samirə Məmmədli. Həmdə sanki bütöv bir ömrün ayrı-ayrı hissələridir. Başlayır və geri dönür. Bədii mərtnlərdə bu mümkündür. Məqsəd nədir?

Cavanşir Yusifli. Ömrü təkrar-təkrar nümayiş etdirib, orda gözdən qaçan fraqmentləri bərpa etmək və bilmək ki, ömrün hesabı heç də sən bildiyin kimi deyildir.... Həm də, bu şeirin fərqli xüsusiyyətləri içərisində müəyyən priyomları da qeyd etmək lazımdır. Ekspozisiya hissəsində müəllif adi bir üsul seçir:

... Sözlər, eh sözlər...

Uşaqlar, elə sözlər var ki, onlar olmasaydı, heç nə dəyişməzdi.

Məsələn, asfalt; mən bunu sahilə, yanınıza düşərkən anladım...

Bu hissəyə diqqət elə.

Samirə Məmmədli.

Balaca bir çiçək asfaltı deşmişdi,

Və beləcə torpağı, həqiqi yolu, əsl sözü nişan vermişdi.

Cavanşir Yusifli. Nə demək istəyirəm? Mükəmməl poetik mətndə sən deyən o səs hadisəsinin izahı olur, daha doğrusu elə şeylər olur ki, bu izah və yüzlərlə izahları əvəz edir, səssizcə, sükutun diliylə. Şübhəsiz, şeirin içində susub qalan bir nəsnənin.

Samirə Məmmədli. Söz mətnin içində min-bir olaydan keçir, bunu biz görmürük və bilmirik, çünki biz artıq baş vermiş hadisə ilə üz-üzə qalırıq. Müəllif izah eləyir: balaca bir çiçək asfaltı deşir ki, həqiqi yolu, torpağı nişan versin.

Cavanşir Yusifli. Demək, səsin öz içində milyonlarla sirli xanələr var, onları olduğu kimi şeir mətninə qoyduqda heç nə alınmır, bu sirlər açılmır, heç nə ifadə etmir.

Samirə Məmmədli. Məncə, siz deyən məsələnin başqa bir tərəfi də var. Səs, yəni sözün içində gizli qalan səs o zaman aşkara çıxır ki, o bayaq dediyimiz dolanbaclardan keçsin, yəni bir daha, həmin sözə yaxınlaşsın, məqalədə bu nüans da deyilsəydi yaxşı olardı. Belə olduqda həmin işarələr aktivləşirdi.

Cavanşir Yusifli. Sonra?

Samirə Məmmədli. Təxminən buna yaxın bir fikir ifadə edilib məqalədə. Şeirə iki cür münasibət var. Birinci halda formal və zahiri əlamətlər gözlənilir. İlk baxışdan qulağa xoş gəlir və sair. Bu, aldadıcı effektdir. Amma ikinci halda sizin dediyiniz kimi, hər şey daxildə yaranır. Müxtəlif dolayı yollar keçir və boğuq əks-səda kimi qulağımıza çatır, yəni daxildə yaranır və üzə çıxmaq istəyir. Tale kimi.

Ona görə “boğuq səs” ifadəsini işlətdim. Bəlkə düzgün deyil, bilmirəm.

Cavanşir Yusifli. Nəyin doğru, nəyin yalan olduğunu qoyaq bir tərəfə.

Samirə Məmmədli. Amma mənim qulağıma çatan səs budur.

Cavanşir Yusifli. Bu cür şeirlərdə artıq o, labirintdən keçib gəlir və ona görə boğulur ki, düz yol keçmir, rəndələnir, canındakı, tərkibindəki artıq şeylərdən arınmaq üçün. Həm də hara getdiyini bilmir, nə illah eləsə də bilə bilmir. Yaddaşı gedir və qayıdır. Ekstaz vəziyyətində yazılan mətnlər var. Səlimdə də belə olur. Bu şəraitdə nəyin necə olmasını anlamaq və müəyyənləşdirmək düzgün deyildir.

Samirə Məmmədli. Bunun şeirin təhlilinə bir aidiyyəti varmı? Bu şeirdə, ümumən şairin yaradıcılığında intonasiya, səs məsələsindən danışanda bir cəhəti də vurğulamaq lazımdır. Məsələn, onun şeirlərini oxuduqda məndə belə bir təsəvvür yaranmışdı ki, onun riyaziyyatla çox mükəmməl şəkildə əlaqəsi var.

Hər şey elə düzgün və pərgarla hesablanır ki, əslində hiss edirsən ki, bu, riyaziyyatdan daha üstün bir şeydir.

Cavanşir Yusifli. Nə demək istədiyini anladım. Ancaq qeyd etmək lazımdır ki, müəllif riyazi formul həll eləmir, yəni, bu mətnlər ali poeziya nümunələridir, poeziya bir məşhur ifadədə deyildiyi kimi, tarixdən daha qədimdir, hətta belə bir fikir də var ki, poeziya riyaziyyatdan daha dəqiqdir.

Samirə Məmmədli. Bir də, məncə, bu, Səlim müəllimin şəxsi keyfiyyətlərindən irəli gələn bir xüsusdur.

Cavanşir Yusifli. Deyirlər ki, ürək kompası həmişə daha doğru istiqamətləri göstərir.

Samirə Məmmədli. Bu şeir, bayaqdan altından xətt çəkdiyimiz o təcrübələrin insan taleyi üzərində gör neçə dəfə dövr etdikdən sonra yaranıb. Bunun özündə bir qanunauyğunluq var, məhz hansı məqam təcrübənin intonasiyaya, içindəki qəribə duyğuların hərəkət formuluna çevrilməsinə şərait yaradır? Bunu nə şair bilir, nə də biz. Bizə təhlil üçün əslində çox az şey qalır.

Cavanşir Yusifli. Ağla gələn ideyanı, qat-qat üst-üstə yığılan duyğuları dərhal qələmə alsan, publisitika olar. Yaşandıqdan sonra təcrübə gəlir və dərinləşir. Sözün dərinlik ölçüsü yaranır. İntonasiya yaranıb formalaşır, sənin taleyinin yoluna və bu yolu kəsən çarpaz xətlərə bənzəyir. Ümumiyyətlə çox şeyə bənzəyir və heç biri olmur əslində.

Samirə Məmmədli. Ona görə müdrikanə bir aura yaranır. Bir də məncə, bu, başqa şeylərlə də bağlıdır. Bəli, o şeirlə sənin ömrün arasında bir məsafə yaranır və sən o məsafədən baxıb nələrisə, hətta arzu etmədiyin şeyləri görmək fürsəti qazanırsan.

Həmin məqamda, yəni hansısa nəticələrə gəldikdən sonra, təcrübi anlamda, əlbəttə, yazılanlar şeirlərdə zəngin ifnromasiya çevrilir. Bu zəngin informasiya mətndə əvvəlcə bildiyi kimi paylanır, sonra daxili gücə tabe olur və dağılır...

Beləliklə... Bütün olay bundan sonra başlanır.

Cavanşir Yusifli. Səlim bu mətndə birdən adi sözlərə üz tutur, adi deyiliş tərzindən istifadə edir və sonra nə baş verir. Adi deyiliş tərzindən intonasiya kəskin enişə düşür, məsələn belə bir keçid var:

Zaman həmişə irəliləyir.

İliyimizə.

Bir azdan zəng çalınacaq. Hamı zəngi gözləyir.

Samirə Məmmədli. Bəli, bu adi bir təsdiqdir, zaman işləyir, dayanmır. Sonra deyir: iliyimizə. Bu artıq mətləbin kəskin şəkildə döndərilməsidir.

Bu şeir belə bir məqam da var: kitab rəfləriylə bağlı.

Kitab rəfləri qürur yerləri deyil, yalnız əşyadır.

Hərçənd qorxudur,

Ancaq nahaq

Fərz edin ki, hamının yüz il yaşamaq imkanı var

Və ilk gündən oxumağı bacarırıq.

gündə bir kitab hesabıyla...

Sonra:

Odur ki, kitablarla yox, mətləblərlə öyünün

Ən yaxşısı isə öyünmək yox, böyüməkdir.

Bu da bayaqkı hadisəyə bənzər bir şeydir. Həm də Səlimin özünün yaradıcılıq yolunu bildirən bir ifadədir

Daxilən böyümək.

İçindən gələnləıri düzgün seçmək.

Və çoxaltmaq

Cavanşir Yusifli. Düzdür. Digər şeirlərində olduğu kimi burda da belə bir hadisə baş verir, sənin “çoxaltmaq” sözün yadıma saldı bunu. Onun şeirlərində mənalar sanki parçalanır, vahid məcra pozulur. Sözün içindəki mənanın “didərgin düşməsi” mətndə dilləşmə, bəhsləşmə effekti yaradır.

Samirə Məmmədli. Elədir. Biri digərini doğurur. Sözün ifadə etdiyi mənalar assosiativ şəkildə çoxalır. Zəncir qırıldığı yerdən birləşir, nə qədər qırılsa da qırıqlıq, sitüativlik hiss edilmir.

Cavanşir Yusifli. Amma bir gözlənti var: bu ömür başa çatacaq, bitəcək, üstünə güllər qoyulacaq və o güllərin arasından təzə nələrsə cücərəcək...

Əslində də belə olmalı deyilmi?! Özünün olan, özünə əks olan məna elementlərini bir yerə toplayır . Yəni bunu müəllif ideyası edir.

Sanki adi mətləbdir

adi mətləb qəfildən öz məcrasından çxıır

Tale seçmir bilirsiz, çoxdan deyilib, - bunu Səlim də adi tonla təsdiq edir

O, bizə bənd olur, əsl Leyli-Məcnun hekayətidir bu, birtərəfli

Samirə Məmmədli. Həqiqətən bu hadisə baş verir. Demək yuxarıdakı misalda, adi gedişlə Leyli-Məcnun hekayəti də mənalanır, insanların bildiyi əhvalatın da məcrasından çıxır. Və ikinci həmlədə sözün büründüyü məna, yəni həqiqət bıçaq kimi kəsir insani sanki...Ama burda onun əslində birtərəfli olması irəli sürülür

və əzab da , gözəllik də budur...

Bu kəskin dönüşlər sizcə nə ilə əlaqəlidir. Bu barədə nəsə deyə bilrsinizmi?

Cavanşir Yusifli. Bu, məncə o daxildəki səslə birbaşa bağlıdır. Görünən həqiqətlər var. Şair ilk əvvəl onu deyir və bu bizə o qədər də təsir etmir. Ancaq ikinci həmlədə, o öz həqiqətini deyir. Yəni, çatdığı həqiqəti.

Həm də nəzərə alın: bu üslub məsələsidir.

Samirə Məmmədli. Baxın, onda sanki hər şey yerindən oynayır.

Bu zaman əslində bildiyimiz həqiqətlərin əslində bilmədiklərimiz olduğunu öyrənirsiniz. Onun üslubu artıq formalaşıb, bunun əsas parametrləri təəssüf ki, araşdırmadan kənarda qalıb, halbuki bu şeirlər bizim ədəbiyyatda orijinal və yeni üslub hadisəsidir. Və bu sarsıdıcıdır, necə ki, Həmidin bir neçə şeiri.

Cavanşir Yusifli. Keçən sərin 90-cı illərində Həmid, sonra Səlim başda olmaqla milli poeziyada yeni üslublar yarandı. Onlar sovet dövrünün ənənələrindən sıçrayıb çıxaraq birbaşa orta əsrlərə yollandılar.

Samirə Məmmədli. Bunu doğru qeyd etdiniz. Bu nöqtə üzərində bir az dayanmalıyıq məncə. Hər ikisinin, xüsusən Səlimin (çünki o davam elədi, başqa janra keçmədi, onları öz təcrübəsində həll elədi) klassik mətnləri oxuması, öyrənməsi, istinadgah bilməsi müəyyən rol oynadı.

Samirə Məmmədli. Düzdür. Bir çox şeirlərindən bu aydın görünür. Səlim Nizami Gəncəvini çox ciddi şəkildə mütaliə etdi. Daha sonra Xaqani, onlara trafaret kimi deyil, orijinal bucaqdan yanaşdı.

Cavanşir Yusifli. Əsas mətləb budu: yanaşa bildi! Buna çox adam can atır, ancaq zənnimcə, düzgün yol seçmir, Nizami Gəncəviyə təkcə şair kimi yanaşmaq çox az şey verir.

Samirə Məmmədli. Əsas da budur. Yəni, öz içində elə şeylər tapdı ki, klassikanın dəyərləri ilə üst-üstə düşdü, Özü də Səlim təkcə mətn oxumur, orda poetik şeylər axtarmır təkcə.

Cavanşir Yusifli. Haqlısınız. O həm də ilahi mətləblər axtarır. Ona görə də elə bu şeirdə olduğu kimi, bu keyfiyyət, yəqin, ikimizin də fikrincə, onun üslubunun şah damarı sayıla bilər. Şeirdə etdiyi dönüşlər məhz bunlarla bağlıdır.

Samirə Məmmədli. Yəni, təsdiq eləyirsən ki, gəldiyi qənaətlər sizə hansısa ciddi didaktik əsəri xatırladır, həm də klassik şeirdəki gizli pərdələrlə bağlı mətləb Səlimin şeirində yerindədir. Söz pərdə içindədir, söz qışqırmır, sükutla danışır, daha doğrusu, sükutun dilində danışır.

Cavanşir Yusifli. Düzdür, elədir. Deməli, bu mətləbləırin işində bir üslub hadisəsi kimi daha nələr var? Məncə, yəqin elə ikimiz də belə deyə biılərik; bir dəfə kəskin dönüş olduqdan sonra trayektoriya öz içinə yığılmır, mərkəzdən qaçdıqca qaçır.

Yuxarıdakı şeirdə olduğu kimi:

8:15-dir. Zaman həmişə işləyir

İliyimizə

Samirə Məmmədli. Elədir, çox yaxşı ifadə edirsiniz bu prosesi.

Bir azdan zəng çalınacaq

Hamı zəngi gözləyir...

Cavanşir Yusifli. Birinci pasajdan sonra sanki üzümüzə didaktika havası dəyir, düşünürsən ki, müəllif nəsə nəsihətamiz sözlər deyəcək, ancaq orda da durmur,

Deyir: Bir azdan zəng çalınacaq

fikir ver, uşaqlar doğrudan da zəngi gözləyir

burda ikimərtəbəlilik var, hiss edirsənmi, zaman işləyir, ancaq iliyimizə

İki mərtəbədir məna: real və irreal

zəng çalınsa hamı harasa gedəcək…

Samirə Məmmədli. Bir də başqa bir məqam var. Sizin dediyiniz o məna anidən dəyişir, hər şey qarışır, bilmirsən, bu nədir, əcəl zəngidirmi, yoxsa başqa bir şey ?

Heminqueydəki kimi.

Cavanşir Yusifli. Bu ayrıntı, Səlimin üslubun ana xəttidir, mən biləni XVII sərdə ispan poeziyasındakı barokko hadisəsindən irəli gəlir və onu xatırladır.

Ümumiyyətlə bu yazıçıya bir istinad var şeirdə, adı çəkilməsə belə.

Bu şeirdə, sənin ifadənlə deməli olsaq, istinadlar çoxdur, həm də “sitatlar”.

Samirə Məmmədli. Nə mənada?

Cavanşir Yusifli. Bayaq barokkonu dedim.

Samirə Məmmədli. Aha

Cavanşir Yusifli. Barokko memarlığında bir şey var. Bu üslubda evləri inşa edərkən, evin içində heç bir həcmli məsamələr olmurdu, içəri daxil olursan, səp-sərin, düşünürsən, bu sərinlik hardan gəlir? Lap kənarlarda, gözlə görünməyən yerlərdə elə məsamələr var ki, bu, otağın normal sərinliyinə şərait yaradır. Bu şeirdə də belədir. Bu şeirlərin sirri gözlə görünməyən yerlərdədir, ikimərtəbəlilik deyilən məqamda.

Samirə Məmmədli. Maraqlı müqayisə və yanaşmadır. Əlbəttə, mənanın ikimərtəbəliliyi.

Cavanşir Yusifli. Sonra, gözlə oxunan şeir nə deməkdir?

Samirə Məmmədli. Bu, məncə bayaq dediyimizin hadisəyə bağlı bir şeydir. Mən bu şeiri tələbələrimə oxumuşam və təsirləniblər. Səbəbi?

Cavanşir Yusifli. Deyim. Göz şeiri nədir? Bayaq dediyin əks-səda hadisəsi olduğuna görə, necə deyərlər, qulaqdan yan keçir, lap keçməsə belə, onun qavrama dairəsindən çıxır, şeirin içində elə bir məna savaşı başlanır ki, yəni mənaların parçalanması, dağılması, bir yerə toplanması... bu proses davam edir, şeir bitənə qədər və bundan sonra da bizimlə qalır, bu kombinasiyalardan görüntü yaranır; bizim hissiyyatımız oyaqdır, sənin tələbələrinin də hərənin bir xüsusiyyəti var, o görüntü göz tələb edir, yəni daxili göz... bəsirət gözü.

Samirə Məmmədli. Aha. Yəni, bu şeir görüntülərlə maraqlıdır

Künul gözü, başqa sözlə.

Cavanşir Yusifli. Görüntü yaradan şeirdir. Bunu görməsən şeir oxunmaz. Burada məna savaşı elə bir şəkildə və sürəkliliklə gedir ki görüntü sayəsində biz “sürüşən müstəvi” effekti ilə rastlaşırıq

Samirə Məmmədli. Siz həqiqətən bu məqamı yerində qeyd etdiniz, bir məna yaranır, yerində qalmır, çıxıb gedir, yerini bir başqasına verir, amma o çıxıb gedəndə tam əksilmir, yeni yarananın tərkibində qalır. Ümumən, bütün nəticələr və hesablar 1+1 qədər doğru deyil.

Bir dediyin indi mənəm,

sabah isə başqa bir hesabdır

siz, bzi, onlar və sairə

Adətən bəzi adamlar bu tipli şeirləri elə bu keyfiyyətinə görə bəyənmirlər, şeiri adi mətləblərdən başlamaq, mənanı doğrayıb-biçmək, bir yerdə, başqa bir hesabla cəm etmək, yaxşı mənada oynamaq belədə, müstəvi sürüşür, oxucunun gözlədiyi effekt ölür, ancaq bunu dərk eləyən kim varsa, bunun əslində çox gözəl bir şey olduğunu anlayar... Bu mənada bu şeir həm də çox ciddi informasiya daşıyıcısıdır.

Əslində, başqa fikirlər də doğrudur. Məsələn, qoca obrazı.

Çünki bu obraz onun mətnlərində zaman-zaman qarşımıza çıxır və düşünürəm ki, təsadüfi deyil.

Cavanşir Yusifli. Bu Qoca obrazı, bir obraz və ya detal olaraq, daha çox onun şeirinin, xüsusən də bu mətnin kompozisiya elementidir. Şeirin sonluğunda belə deyilir:

Hə, uşaqlar, heç kimi sabahı yaşadığı kimi gözləmir,

yanınıza gələndə özümlə üz qabığındsa qızıl balıqla qocanın rəsmi olan

bir kitab götürmək istəyirdim; amma qorxdum

Fikirləşdim ki, balıq sizin dənizə atlanıb üzüb gedər

Qoca isə qarşınızdadır

Qızıl balıq və qoca

Samirə Məmmədli. Hə. Burda ola bilsin ki, sizin dediyiniz kimi, əslində şeirin sonunda belə bir obrazın gəlməsi və tapmaca effekti doğurması qəribədir.

Cavanşir Yusifli. Bəli, kompozisiya elementidir. Maraqlı olmaqdan başqa şeirin dərinliyini, sözün içindəki dərinliyi göstərə bilir.

Şeir necə başlayır, yadına salI

Gündəlik üzücü işləri, vərdişləri nəzərə almasaq,

Bir də doğuşun və qürubun səmtini,

Onda heç kim sabahı yaşadığı kimi gözləmir.

Bura gələ-gələ ilk cümlə haqqında düşünürdüm,

Kağız üzərində o təxminən belə ola bilərdi:

Adam həmişə danışmaq istəyir,

Amma çox vaxt lazımi yerdə

Və istədiyi adamların əhatəsində olmur.

Ordan çıxış eləsək, məntiqlə sonda nələrsə, hansı mətləblərsə açılmalıydı, amma açılmır, gizli qalır və tapmaca effekti doğurur. Niyə? Çünki bu, müəllifin üslubi keyfiyyətidir, heç nə açılmır, hər şey özünü, siluetini görsədib gedir, bütün mənalar qarşımızdan süzüb keçir, dayanmır, bu bir tamaşadır, mənaların cəm olub dağıldığı bir tamaşa, həyat kimi...

Samirə Məmmədli. Burdakı sözlərin söz qədər yolu var

İnsanlar qızıl balıqdan nə istəyir, - o da var...

... qorxdum ki, balıq sizin dənizə atlanıb üzüb gedər

qızıl balıq və qoca...

Cavanşir Yusifli. Qocanın qızıl balıqdan istəyəsi bir şeyi yoxdu, Qızıl balıq əslində həyatın obrazıdır, həyat fanidir, ondan nə ummaq olar ki, bir azdan dənizə atlanıb gedəcək...

Samirə Məmmədli. Düzdür. Lap nəsə istəsən də mümkün deyil,əlindən düşəcək, əbədi qalmayacaq, qoca bunu bilir və sizin qarşınızdadır...

Cavanşir Yusifli. Əslində, biz bunu bəlkə də belə izah etməməliydik, çünki Səlimin şeirləri izah etmir və izah tələb etmir, sadəcə görsədir, yəni, son olaraq nə demək olar? Şeir qapanmır, son nöqtə qoyulmur.

Samirə Məmmədli. Elədir, qurtarması zənn edilən yerdən yenidən başlanır.

O sizi bu yola dəvət edir.

Cavanşir Yusifli. İndi səy göstər bu şeiri sondan əvvələ oxu.

Gör necə qəribə assosiasiyalar doğacaq.

Bax bu, göz şeiridir, yəni daxili fəhmlə oxunan şeir ….

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #