Mikoyanın Bakı konserti... – Məşhur şairin xatirələri

Mikoyanın Bakı konserti... – <span style="color:red;">Məşhur şairin xatirələri
10 dekabr 2014
# 14:58

Kulis.az görkəmli şair İsa İsmayılzadənin indiyədək heç bir yerdə dərc olunmamış xatirələrini dərc edir. Xatirələri redaksiyamıza tanınmış yazıçı tərcüməçi Nəriman Əbdülrəhmanlı təqdim edib.

Əvvəlki hissələr:

“Anarın, Əkrəmin, Famil Mehdinin dönüklüyü...”- Məşhur şairin xatirələri

Görkəmli şairdən ŞOK İTTİHAMLAR

“İsi Məlikzadə vəzifəsindən sui-istifadə edirmiş”

37-də nə qədər adam satmışdın?

1 avqust 1989-cu il

AXC yazıçı özəyinin iclası… xeyli adam gəlib – mənim otağım başdan-başa dolub. Sevinirəm. Neçə gün əvvəl, birinci iclasımızda cəmi 6-7 adam vardı, indi isə…

Avqustun 5-

Lenin meydanında böyük mitinq…

Avqustun 12-

Meydanda keçirilən mitinqə yarım milyonadək adam toplaşmışdı.

Avqustun 15-i

…Lenin adına sarayda bolqar müğənnisi Emil Dmitrovun baş tutmayan konserti.

22 avqust

Ən böyük, ən mütəşəkkil mitinqlərdən biri…

Sentyabrın 2-si

… Avqustun 22-də, mitinqdə bildirilmişdi ki, AXC-nin tələbləri ödənməsə, həmin gün (sentyabrın 2-də) ümumrespublika mitinqi keçiriləcək. O gün gəlib çatdı. Mitinqə təxminən yarım milyondan çox adam toplanıb. Yenə milli bayraqlar dalğalanır. Saat 1805-də Üzeyir bəyin «Koroğlu» operasının üverturası (bu, mitinqlərin marşı kimi qəbul olunub; axırda da bu marş altında mitinq dağılır) səslənir. Zərdüşt Əlizadə (?) aparır mitinqi. (Çingiz, onun əmioğlusu Güloğlanla bir yerdə maşınla getmişdik). O sözü B.Vahabzadəyə verir. Bəxtiyar müəllim düşdüyümüz acınacaqlı vəziyyətdən danışır:

- Mən başa düşə bilmirəm, niyə Pribaltikada, başqa respublikalarda Xalq cəbhələri təsdiqlənir, biz də yox?... Deyəsən, bunun çox dərin kökləri var. Bu, az qala ümumislam, ümumtürk dünyasına qarşı çıxmağın bir yoludur. Bizim bircə yolumuz var: birləşmək, əlbir, dilbir olmaq! Mən sizin hamınızı Xalq Cəbhəsi ətrafında, demək öz ətrafımda birləşməyə çağırıram!..

Yusif Səmədoğlu Azərbaycanda yaşayan başqa millətlərə AXC-nin müraciətini oxudu. Çox demokratik ruhlu müraciət idi (sonra eşitdik ki, şəhərdə başqa millətlər-ermənilərdən başqa! – dərindən köks ötürüblər).

AXC-nin liderlərindən Etibar Məmmədov, N.nəcəfov qeyri millətlərin (rus, yəhudi) nümayəndələri, həmçinin A.Qriç çıxış etdilər. Əvvəlcə azərbaycanca, sonra rusca… Erməni ekstremizmini, rus şovinizmini, bizə münasibəti sərt tənqid etdilər. Xəbər verildi ki, Bakıda AXC-yə qarşı provakatorlar «işləyir», zəng vurub onların adından hədələyir, təhqir edirlər. Bütün günahları XC-nin adına yazmaq olmaz…

Başqa bir xəbər: bu günlərdə millətin atası Zeynalabdin Tağıyevin anadan olma günü münasibətilə qəbrinin üstünə AXC adından gözəl əklil qoyulub. Əklil hazırlayanlara 50 manatlıq sifariş olunmuşdu, amma onlar çox qiymətli, gözəl əklilə görə heç bir qəpik də almayıblar.

Kürsüdən səs: - Tehranda çıxan «Varlıq» jurnalının baş redaktoru Cavad Heyət meydandadır, gəlin onu salamlayaq!..

E.Məmmədov dedi ki, Ermənistanda milli ordu yaradılıb… Biz də milli müdafiələri yaratmalıyıq – hər yerdə, hər kənddə, rayonda, idarədə, müəssisədə… Hətta o, Bakıdakı milli müdafiə qərargahının telefon nömrəsini də dedi…

O, yekun çıxışında çox ağır bir xəbər verdi: bu yaxınlarda, Moskvada, Siyasi Büroda görüşdə (Ermənistan və Azərbaycan büro üzvlərinin iştirak etdiyi yığıncaqda) Azərbaycan rəhbərliyi Dağlıq Qarabağda prezident idarə üsulunun tətbiqinə razılıq verib… Bu, bizim milli (Yerdən səslər: «Ar olsun!», «Ar olsun!») faciəmizə çevrilir. Bu təklifə Sov. İKP MK-nın milli münasibətlərə həsr olunmuş plenumunda baxılacaq, - sonra sessiyada, sonra xalq deputatlarının qurultayında… Başqa bir pis xəbər (biz bunu çoxdan bilirdik, demək istəmirdik). Mayın 20-də Azərbaycan Nazirlər Sovetinin sədri DQMV-nin bütün iqtisadi əlaqələrinin Rusiyaya bağlanmasına imza atıb.

(Yerdən səslər: «Ar olsun!») (Bu qərar hələ mayın 6-da qəbul olunmuşdu. Altdan-altdan bizim xalqa qarşı, görün necə alçaq hərəkətlər edilir).

- Mikoyanın nəvəsinin Bakıda sentyabrın 4-5-də konserti gözlənilir. Biz onu avqustun 15-də bolqar müğənnisi Emil Dmitrovun konserti kimi boykot eləməliyik! («Boykot»! «Boykot»!)

- Moskvadan xəbər gəlib: paytaxtda yaşayan azərbaycanlıların siyahısı tutulur… bir də bizə qarşı münasibəti provokasiyaya çevrilə bilər.

E.Məmmədovun son sözü:

- Biz bazar ertəsindən, sentyabrın 4-dən bir həftəliyə ümumrespublika tətili elan edirik. Bir nəfər kimi!..

(Yerdən səslər: «tətil», «tətil»!). Sonra, III gün yenə bura yığışırıq. Əgər tələblərimiz ödənməsə, tətil davam edəcək, sonra respublika rəhbərliyinin (MK-nın I katibi, Nazirlər Sovetinin sədri, Ali Sovetin sədri nəzərdə tutulur) istefa verməsini tələb edəcəyik. Bir nəfər kimi! Elə rəhbərlər bizə lazım deyil! Son məqsədimiz: tələblər ödənməsə, biz SSRİ-nin tərkibindən çıxmaq məsələsini qaldıracağıq. Başqa yolumuz yoxdur: «Ölüm, ya olum»,

Mitinqin sonunda səs verməməklə bağlı Azərb. SSR prokurorluğuna və AXC-yə ərizə formaları paylandı: «Mən 26 mart 1989-cu il tarixində keçiriləcək seçkilərdə iştirak etmişəm»…

…Respublika Statistikasında rəsminin məlumatında deyilirdi:

Azərbaycanda seçicilərin 98,5 faizi (?!) səs verib…

Bu boyda yalan olar?

Mitinqdə sonuncu bildiriş:

- AXC hələ təsdiqlənmədiyindən cari hesabı yoxdu, odur ki, məcbur olub Y.Səmədoğlunun kassadakı hesabını özümüzə cari hesab kimi açdırırıq. Yaza bilərsiniz: Kassa № 3538/012, hesab-A-2989, Vəkilov Yusif Səməd Vurğun oğlu…

4 sentyabr 1989

tətilin ilk günü… Səhər saat ona kimi metro da işləmir. axşam xəbər çatdı: xeyli müəssisə (bir-iki gün sonra onların faizi doxsan beşə çatacaq) işi dayandırıb Bakıda… Eləcə də Sumqayıtda (100 %), Gəncədə, Mingəçevirdə və b. yerlərdə.

dəstə-dəstə cavanlar avtobusların, taksilərin qabağını kəsib avtoparka, qaraja qaytarır. belə dəstələrdən birini «Moskva» univermağının yaxınlığında öz gözümlə gördüm. Yanlarında da QAİ (DAM) işçisi dinməz-söyləməz dayanmışdı… «Moskva» univermağında dedilər ki, cavanlar ora da gəlibmiş; tələb eləyiblər ki, bağlansın univermaq. Milis işçisi onlara bir söz deməyə çəkinib. bizim evin yaxınlığındakı spirtli içkilər mağazasını bağlatdırıblar – (yaxşı eləyiblər) – deyiblər ki, içib şəhərdə şuluq salanlar var.

Yusif Səmədoğlunun otağındayıq. Soruşuram: «Dağlıq Qarabağın prezident üsul-idarəsinə verilməyi xəbərini hardan bildi AXC?» Deyir: «Biz bunu eşitdik, amma dəqiq olub-olmadığını bilmirdik. Qərar aldıq ki, mitinqdə deyək, görək reaksiyası necə olacaq… Reaksiyanı da görürsən də… Üç gündür MK o xəbəri – əgər yalan idisə – təkzib eləmir».

Gözəl yazıçımız «Sovet Gürcüstan»ının «qocaman» korrektoru (?!) Eyvaz Əlləzoğlu redaksiyaya, mənim yanıma gəldi.

Dedi ki, Gürcüstanda yeni-yeni partiyalar yaranır – hələlik onların sayı 4-ə çatıb: Milli-xristian partiyası (rəhb. Qamsaxurdia), Milli Demokrat partiyası (rəhb. – sereteli), Gürcüstanın Milli azadlıq partiyası (rəhbəri – Kostava), bir də… Çanturiyanın yaratdığı partiya (adı yadımdan çıxıb).

Eyvazın başına qəribə bir iş gəlib: üç il bundan əvvəl mətbəənin verdiyi yaşıl-qırmızı rəngli dəsmalı… gürcülər İslam bayrağı sayıb hay-küy qaldırıblar…

***

Amma bir gün sonra, sentyabrın 5-də o xəbər, o acı xəbər guya təkzib olundu: BK-nın I katibi Müslüm Məmmədov televiziyada çıxış elədi, xalqı səbirli olmağa, təmkinli olmağa, işə çıxmağa çağırdı; sonra da dedi ki, Xalq Cəbhəsinin dediyi o fikir yalandı… Ancaq bu təkzib də elə belə söz idi – bu yolla tətilin qarşısını almaq istəyirdilər.

Sentyabrın 5-İ

Əvvəlcədən danışıldığı kimi, saat 6-da Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun salonunda Bakıda yaşayan Gürcüstan azərbaycanlılarının yığıncağı keçirildi. 40-50 nəfər olardı. Gürcüstan azərbaycanlılarının vəziyyətinin getdikcə pisləşməsi bizi bir yerə yığmışdı. İnstitutun direktoru vəziyyəti Zahid Qaralov bütün ağrı–acısı ilə şərh elədi - konkret faktlarla, əyani vasitələrlə (qəzetlər, kitablar…). Görüşü Zahid müəllimin razılığı ilə Azərb. Dövlət Politexnik İnstitutunun müəllimlərindən Şamil İsmayılov, Zahid Eminaqarov (nə qəribə famildi…) bir də mən təşkil elədik. Abbas Abdulla, Hüseynqulu Məmmədov, Nəriman Hüseynov (Azərb. ali məhkəməsi Rəyasət Heyətinin üzvü), Fərman Həsənov (Qarayazı), Ələddin Hüseynov (Neft və Kimya İnstitutu) və b. da gəlmişdi. Görüş az qala dörd saat çəkdi (dərd çox olanda vaxta baxmırsan). bir neçə təklif olundu: Moskvaya nümayəndə getsin;

Azərb. KP MK-ya müraciət olunsun;

AXC-nin «Borçalı» özəyi yaradılsın;

(Bu, Abbasın təklifləri idi). Borçalıda, kəndlərdə ağsaqqallar şurası yaradılsın;

Köçüb gələnlərin qarşısı nə yolla olur-olsun, alınsın ( Ən mühüm, həlli vacib problem!).

aydın oldu ki, indiyədək Başkeçiddən 500 ailə (inana bilmirəm!), Ən çoxu da Rusiyaya, Bolnisdən 300 ailə (çoxu Azərbaycana) köçüb. Bu xəbər məni sarsıtdı; axı biz apreldən-maydan bu yana tez-tez Gürcüstana-Marneuli, Bolnisi kəndlərinə gedir, söhbət aparırdıq, «öldü var – döndü yoxdur, son nəfəsismizə kimi duruş gətirəcəyik» - deyirdik. Nə oldu bəs? Hətta Abbas elan eləmişdi ki, onlar yox, biz, Azərbaycanda yaşayan borçalılar ora gedəcəyik-lazım gəlsə. Bu da baş tutmasa – Abbas özünü öldürəcəyini bildirmişdi (Mən təklikdə ona etiraz eləmişdim, sonra səhv elədiyini başa düşdü)… Həsən Həsənov da maraqlı söz demişdi: elə bir axın başlasa Gürcüstandan, onda mən Qırmızı körpüdə pulemyot qurub Azərbaycana qaçanları qıracağam.

borçalı özəyini (Azərb. Xalq cəbhəsi nəzdində) yaratmaq qərara alındı. İdarə heyəti seçildi (mən də ora düşdüm). Gələn həftə təsis konfransı keçirməliyik. Arif Ağalın başçılığı ilə işçi qrupu seçildi. Bir gözlənilməzlik: idarə heyətinə (şərti idi, çünki bu heyətə konfransda baxılacaqdı, həm də ağsaqqallar şurası seçiləcəkdi) Eyvaz Borçalı da təklif olunmuşdu, kimsə, gərək ki, Rabitə Nazirliyinin məsul işçilərindən qeyrətli, təpərli eloğlumuz Xalid… etiraz elədi: Eyvaz Borçalı guya bu işlərə o qədər də can yandırmır, özü də çək-çevirə salandır… təklif qəbul olundu, onun yerinə başqasını seçdilər.

sentyabrın 9-u

böyük, az qala bir milyonluq mitinq. Beşgünlük Ümumrespublika tətilinin yekunlarına həsr olunub. Xalqa ilk təşəkkür sözünü Y.Səmədoğlu dedi: «Eşq olsun sizə!...» Ümumrespublika tətili haqda AXC idarə heyətinin üzvü, gözəl natiq Etibar Məmmədov danışdı: «Respublika Ümumtətil Komitəsinin icazəsi olmadan bir vaqon da tərpənə bilməz. (Alqışlar). Bütün dəmiryolu dayanıb, tələblərimiz ödənməsə – beləcə də qalacaq. Biz respublika rəhbərliyini diz çökdürməliyik. Şayiə yayılıb: guya su olmayacaq Bakıda; kimyəvi maddə ilə təmizləyincə – su tükənəcək. İki vaqon istədilər-beşini verdik. Sonra… aydın oldu ki, suyu onlar heç təmizləmirlər də! Dəmir yol nəqliyyatı naziri Konarev zəng vurub Qorbaçovun adından hədələyib – heç nə çıxmayıb. Moskvadan Naxçıvana zəng vurub xahiş eləyiblər ki, İran diplomatları qatarla yola salınsın. İcazə verilməyib – diplomatlar düşüb piyada İrana keçiblər… Hətta Korlar Cəmiyyəti də tətilə qoşulub. Xoşagəlməz hadisələr də baş verib: rus dilli məktəblərə basqınlar olub…

Bəziləri Xalq cəbhəsi adından düşüb dəstə-dəstə, hədə-qorxu ilə idarələrdən, pullulardan pul yığırlar… Ermənistandan gələnlərlə yerlilər arasında toqquşmalar törədirlər. Etniklər arasında münaqişə yaratmaq istəyənlər də var. Halbuki, Azərbaycan Demokratik Respublikasının bayrağındakı səkkizguşəli ulduz – Azərbaycanda əsasən 8 etnik yaşamasına işarədir.

Biləcəri dəmiryol deposunun işçisi Zeynal Məmmədov:

- Moskvadan zəng vurub bizi qorxudurlar, yerimizə əsgərlər işləyəcək deyirlər. Azərbaycan Dəmiryol İdarəsinin rəis müavini məni belə hədələdi: «Sənin yerin ya qəbirdi, ya Sibir!».

İdarə Heyətinin üzvü Rəhim Hacıyev AXC-yə partiyalardan söz saldı. Dedi ki, bizim rəhbərlikdə ermənilərin təəssübünü çəkənlər az deyil.

11 aprel 1989-cu il tarixli «Bakinski raboçi» qəzetinin bütün tirajı bir cümləyə görə (təxminən 9 ton kağız!) yandırılıb: «Masis və Ararat rayonlarında azərbaycanlıların evləri yandırılıb…».

…Dəmiryol İdarəsinin rəisi Abdullayev işdən çıxarılmış iki rus maşinistin vəsiqəsini özlərinə qaytaranda (AXC-nin tələbi ilə!) təəccüblə soruşub: «Siz niyə işləmirsiniz?» Cavab veriblər: «Dağlıq Qarabağdakı vəziyətə görə…».

…Azərb. KP MK-nın məsul işçisi (gərək ki, ümumi işlər şöbəsindən) «Kommunist» nəşriyyatı işçilərini hədələdiyinə görə ordan qovulub. sonra da ermənicə «Kommunist» qəzetinə mətbəə işçiləri, başqa redaksiya əməkdaşları hücum çəkib ordakıların hamısını hədələyib qovublar.

«SSRİ-də Həmkarlar İttifaqı – dövlət arabasının (maşınının) beşinci təkəridir!...»

….Naxçıvan Xalq Cəbhəsinin nümayəndəsi Elman Cəlilov (incidilmiş, haqsız işdən çıxarılmış – Xalq cəbhəsində fəaliyyətinə görə – hüquqşünas) bu sözləri uzun bir uğultu ilə qarşılandı.

Qeyd: polyoniçkonun məzmunsuz-mənasız çıxışı mitinqdə çox pis qarşılandı.

Fəhlələrin məktubu oxundu: «Anar keçən il noyabr-dekabrda mitinqlər zamanı qulaq xəstəliyindən yatırdı. onda demişdi: «Mən sizinləyəm!». Bəs indi hardadır?» Sonra özü gəlib kürsüyə çıxdı, onu fitə basdılar, danışmağa qoymaq istəmədilər. Anar: «Mən Xalq Cəbhəsinin təsdiqini yuxarılarda dönə-dönə təklif eləmişəm. Həmişə xalqa bağlıyam. Guya mənə təzyiq göstərirlər. Mənə nə aşağıdan, nə də yuxarıdan heç kəs təzyiq göstərə bilməz»…

B.Vahabzadə dedi: «Sizin ayaq qoyduğunuz yerə mən başımı qoyaram. Kifayətdi – əslində bizim dərimizə saman təpdilər. Mənə zəng vururlar: «Xalq cəbhəsində uşaq-muşaqlar, nalayiq adamlar var». Mən deyirəm: «O nalayiqləri MK-da axtarın».

Ziya Bünyadov: «Arutyunyan bu yaxında çıxışında deyib: «Dağlıq Qarabağ baş tutmasa, biz silahlı müdaxiləyə başlayacağıq… Nyu-Yorkda beynəlxalq simpozium keçiriləcək, bilmirəm gedim-getməyim-ermənilər məni möhkəm hədələyirlər…».

Sentyabrın 11-İ

Axır iki ilin məşəqqətləri mənim ürəyimi üzüb. Fiziki, mənəvi, psixoloji yorğunluq elə güclənib ki, son aylar həyətə çıxmağa, klubda söhbət eləməyə taqətim qalmayıb. İşdə hər gün neçə-neçə adamla eyni mövzuda üzücü söhbətlər, bir-birindən xoşagəlməz xəbərlər (Dağlıq Qarabağdan, Naxçıvandan, Gürcüstan) əsəblərimi sarsıdır. Yaxşılığa doğru bir addımlıq da ümid yoxdur.

Yenə Yusifin (Səmədoğlu) otağındayıq. O, Hollandiya, beynəlxalq simpoziuma gedəcək. «Kirovabadskiy kommunist» (4 sentyabr 1989) qəzetində Ç.Firidunoğlunun yenidənqurma və son hadisələrlə bağlı çox gözəl məqaləsi çıxıb, hamımız ondan danışırıq. Elə bu arada «Nyu-York sutu» qəzetinin (ABŞ) müxbiri Aleksandr Frolov içəri girir. Yusiflə vədələşirlər (müsahibə götürmək üçün).

Sentyabrın 13-ü

AXC Yazıçı özəyinin növbəti yığıncağı. Yenə redaksiyaya, mənim otağıma yığışmışıq. Bir məsələni müzakirə elədik: Qarabağ haqqında (həmçinin didərginlərlə bağlı) təcili ayrıca bir kitab hazırlamalıyıq. Bu axşam mitinq olmalıdır. Razılaşdıq ki, hamımız Kommunist küçəsinə, redaksiyanın qabağına yığışaq, transparantla piyada, dəstə ilə meydana gedən. saat 5-də 30-40 nəfərlik yazıçı dəstəsi Azneftə, ordan da Lenin meydanına üz tutduq. Kukla teatrının yaxınlığında transparantla – mikrofonlu böyük dəstə gördük. Bizi-Yazıçı özəyini ucadan salamlayıb «Eşq olsun!» dedilər (Dəstəmizdə kimlər vardı! – Qoy yadıma salım: Sabir Əhmədov (sədr), Fikrəc Qoca, Tahir Hüseynov, İntiqam Qasımzadə, Ələkbər S., Əhəd Muxtar, Camal Y., A.Abdulla və b.) Konservatoriyanın xalq cəbhəsi özəyi də gəlib çatdı.

Dünəndən AXC-nin liderləri ilə Ə.X.Vəzirovun dialoqu davam edirdi. Xalq cəbhəsini heç cür təsdiqləmək istəmirdi. Halbuki, bazar günü Polyaniçko ilə uzun sürən görüş zamanı razılıq alınmışdı (onda Vəzirov Moskvada idi, Polyaniçko telefonla hər şeyi ona demişdi, o da razılıq vermişdi – həm Xalq Cəbhəsinin təsdiqinə, həm də Ali Sovetini növbədənkənar sessiyasına, orda qoyulacaq məsələlərə). Həmin axşam, o görüşün sonunda (söhbət səhər saat 10-dan axşam saat 9-a çəkmişdi) televiziyada xüsusi veriliş oldu: Respublika Mərkəzi Həmkarlar Şurasının sədri, BK-nın I katibi Müslüm Məmmədov, AXC-nin rəhbərlərindən Y.Səmədoğlu, E.Məmmədov, Ə.Əliyev çıxış etdilər. Xalq cəbhəsi tətili dayandırmağa söz verdi – bu şərtlə ki, cəbhə təsdiq olunsun, növbədənkənar sessiyanın məsələləri qəzetdə elan olunsun, Dağlıq Qarabağ haqda xüsusi qərar çıxarılsın… M.Məmmədov məğlub ordunun sərkərdəsi kimi başını qaldırıb baxa bilmirdi.

İki gün sonra, sentyabrın 12-də, 13-də Vəzirovla görüşlərdə hər ey dəyişdi: Vəzirov Xalq Cəbhəsini, onun qayəsini təsdiq etmək istəmədi. 13-də mitinq gedə-gedə MK-da söhbət davam edirdi. arabir iki-iki gəlirdilər: İ.Qəmbərov, N.Nəcəfov gəldilər. Hamı həyəcan içində idi. Axırda Y.Səmədoğlu və Ə.Əliyev gəldilər, əllərində də MK ilə (Vəzirovun və AXC sədrinin, Y.Səmədoğlunun imzası ilə) razılıq protokolu: sessiya ilə, D.Qarabağla, Azərbaycanın suverenliyi və s. ilə bağlı… Bu, böyük, məşəqqət dolu qələbə idi. Vəzirov hər sözü-cümləsi çək-çevirə sala-sala AXC-nin rəhbərliyi ilə zülm eləmişdi, hamısı qəzəblənmişdi…

14 sentyabr - 1989

Partiyanın Milli münasibətlərlə bağlı platforma layihəsinin müzakirəsinə həsr olunmuş yığıncaq keçirdik (Natəvan klubunda). Bu, açıq partiya iclası idi. ermənilərin, rus şovinizminin xeyrinə olan maddələr kəskin tənqid olundu. axırda Anar çıxış elədi. Əsəblərin gərildiyi bir vaxtda Anar dedi ki, mən ermənilərə nifrət eləmirəm. Mən yerimdən qışqırdım: «Nifrət eləmək lazımdır!» İntiqam da mənim səsimə səs verdi. Anara iki «xoşagəlməz» sual verildi: «Ədəbiyyat və incəsənət» qəzetində ermənilərlə bağlı məqaləni çap etdirməyə nə vadar eləmişdi? (Qabilin sualı); «Sizin əziziniz, yaxın adamınız o cür alçaldısa, təhqir olunsa, öldürülsə, necə, nifrət eləyə bilərdinizmi?» (sualı Azər Abdulla verdi). Hər iki suala hirsli cavab verildi. A.Abbasın da bir sözü yaxşı qarşılanmadı: istefa (dünənki mitinqdə tez-tez belə tələb irəli sürülürdü) tələbinə guya ehtiyac yoxdu, o, (Vəzirov) getsə, nə bilirik nə olacaq, kim gələcək.

«İste-fa!» «İste-fa!» çox gözəl tələb idi.

sentyabrın on dördü çox ağır gün oldu. Belə ki, əsəbi partiya iclasından çıxıb Abbasla (A.) baş qa bir iclasa – AXC-nin Borçalı özəyinin (biz hələlik onu Borçalı cəmiyyəti adlandırılıb) təsis konfransına getdik. Konfrans əvvəlki yerdə – Elmi-Tədqiqat Pedaqogika İnstitutunun binasında keçirilirdi. 70-80 Gürcüstan azərbaycanlısı (Bakıda yaşayanlar) yığışmışdı. İnstitutun direktoru Zahid Qaralov ön söz söylədi. sonra təsis qrupunun hesabatı (Arif Acalovu), Borçalıdakı vəziyyətlə (ümumiyyətlə, Borçalı haqda) bağlı söhbət (A.Abdulla) dinlənildi, cəmiyyətin strukturu, Nizamnaməsi müzakirə olundu. Cəmiyyətin qrupları elan olundu, qrupların rəhbərləri seçildi: Özünü müdafiə qrupu (rəhbəri – Xalid İsmayılov), mətbuat və informasiya (rəhbəri-mən seçildim), operativ qrup hüquq (rəhbəri-Məmməd Əliyev); Elm, maarif və mədəniyyət (Zahid Qaralov); maliyyə (Səlim Səlimov); təbliğat yarımqrupu (Zəlimxan Yaqub); səhiyyə (Loğman Məmmədov); Əlaqələndirmə qrupu (Arif Acalov); tarix, etnoqrafiya (Nəsib Nəsibzadə)…

Cəmiyyətin ağsaqqal şurası (Camal Mustafayev, Nəriman Hüseynov, Əflatun Saraclı, Mahal Məmmədov, Sabir Daşdəmirov, Məhəd Sofiyev və b. (cəmi 14 nəfər), idarə heyəti də (qrup rəhbərləri, həm də idarə heyətinin üzvləri də) seçildi.

15 sentyabr

azərbaycan tarixinin, məncə, ən maraqlı səhifələrindən biri… AXC-nin təklifi ilə Azərb. SSR Ali Sovetinin növbədənkənar onuncu sessiyası açıldı və… televiziya ilə birbaşa transliyası başlandı. Sessiyada deputatlarla yanaşı (hərçənd, salonda yox, yuxarıda, «balkonda» əyləşmişdilər) AXC-nin rəhbərləri də iştirak edirdilər. Səhər iclasındakı Dağlıq Qarabağdakı vəziyyətlə bağlı İsa Qəmbərov çox gözəl çıxış elədi. (Əvvəlcə, Azərb. SSR Nazirlər Sovetinin sədri A.Mütəllibovun məruzəsi dinlənilmişdir). Ali Sovetin Rəyasət Heyətinin sədrinin müavini İ.Fətəliyevin Dağlıq Qarabağ haqda məruzəsi, mən deyərdim ki, nifrətlə qarşılandı. Məruzəçi sözünü bitirən kimi N.Xəzri ayağa durdu, qəzəblə qışqırdı: -Bəsdir, başımızın altına yastıq qoydunuz, xalqı aldatdığınız! Bu nə məruzədir?! Xüsusi idarə komitəsinin ləğv olunması azdır, sədri Volski həbs edilməlidir. Sonra Bəxtiyar Vahabzadə hirsli-hirsli kürsüyə yanaşdı, D.Qarabağla haqsızdan boğan sərt, amansız suallarını (yazılı şəkildə sessiya göndəribmiş) salona, Vəzirovun başına yağdırdı. Sonra da gözəl bir nitq söylədi. Onun rəngi ağappaq ağarmışdı, üzünün cizgiləri səyriyirdi… Nəbi müəllimə, Bəxtiyar müəllimə baxdıqca məni sevincdən ağlamaq tutmuşdu: xalqın acınacaqlı taleyi şair oxucuları ayağa qaldırıb, özü də necə qaldırıb!

Günortadan sonra Etibar Məmmədov geniş çıxış elədi. Onun siyasi savadına, məntiqinə, dəmir əsəbinə heyran qaldım: neçə dəfə Vəzirov ona «sataşdı», atmaca atdı, hər dəfə təmkinlə Vəzirovu, necə deyərlər, yerində oturtdu. Arada Vəzirov qışqırdı: «Bunu hamı bilir», Etibar kürsüdə su içə-içə ona kəsərli cavab tapdı – «Qoy televiziyadan da eşitsinlər!» Qarabağ faciəsini son dərəcə dəqiq şərh elədi, axırda da dedi: - Bu sessiya tarixi sessiyadır (bu fikir İ.Qəmbərovun çıxışında da vardı) bizim tarixə qızıl hərflərlə də yazıla bilər, qara ləkə kimi də qala bilər. Bu da sizdən asılıdır, deputat yoldaşlar! Mən sizi qeyrətə çağırıram. İclas gecə saat 230-dək davam elədi. Azərbaycan Konstitusiyasının 70-ci maddəsinə çox ciddi dəyişikliklər və əlavələr edilməli idi (AXC-nin əvvəlcədən razılaşdırılmamış təkidi ilə), indi Vəzirov onun üstündən keçmək istəyirdi. Gərgin, dramatik anlar… Nəcəf Nəcəfov icazəsiz-filansız əlində razılıq protokolu (Vəzirova və Ə.Əliyevlə Y.Səmədoğlunun imzaladığı)… Vəzirov rusca onun üstünə qışqırır: «Уходи, ты мне мещашешь. Уходи говорю! Не хулиган!» Nəcəfi hətta itələmək istəyir. Nəcəf sakitcə ona cavab qaytarır: «Qışqırmayın!» Axır dözmür: «Yoldaşlar, Vəzirov bizi aldatmaq istəyir, burda hər şey yazılıb!». Vəzirov qışqırır: «Prokuror, prokuror, görürsən ölçü götürmək…» Sonra da Etibarı «köməyə» çağırır: «Etibar, Etibar!» Etibar kürsüyə yaxınlaşır, protokolu Nəcəfin əlindən alıb havaya qaldırır: «Burda hər şey yazılıb. Baş tutmasa – sabah hamı tətilə! Bu rəhbərlik istefa verməlidir!». Fasilə elan olunur – 15 dəqiqəlik! On beş dəqiqə əvəzinə təxminən saat yarım gözləməli oluruq. Böyük mübahisədən sonra xalq cəbhəsi istədiyini eləyir: 70-ci maddəyə bizim xeyrimizə əlavələr və dəyişikliklər olunur, suverenlik haqda qanun qəbul edildi, Əbülfəz çıxış eləyib sessiyaya razılığını bildirir, deyir: «Azərbaycan xalqı ən çətin, ən məsul günlərini yaşayır. Əlbəttə, biz o xalqdan deyilik ki, öz ağrısı barədə bütün dünyaya car çəkir, hay-küy salır. Bəlkə bu yaxşıdır, bəlkə də pis, ancaq dünya səsimizi eşitmirsə, bizi təqsirkar saya bilər. Digər tərəfdən çox hay-küy salmaq da hörmət gətirmir. Bununla belə xalqımızın haqqını bildirmək üçün hər cür vasitədən istifadə etməliyik. Başlıca vasitə isə, demokratiyanı daha da inkişaf etdirməkdir… Səhərdən gecə saat 230-a kimi xalqımızın qeyrətli oğul və qızları Ali Sovetin qabağında, transparantda dayanmışdılar: «Deputatlar, xalqın səsinə səs verin!» «DQMV-də xüsusi İdarə komitəsi ləğv edilsin». «Azərb. xalqı öz təbii sərvətlərinin tam sahibi olmalıdır», «Volnski Qarabğdan getməlidir!» və s. Arabir «İstefa!», «İstefa!», «İstefa!» deyə qışqırdılar. Sessiya, bəlkə də tarixdə birinci dəfə 6-7 günlük fasilə götürdü. Sov. İKP MK-nın millətlərarası münasibətlərə həsr olunmuş plenumdan (19-da başlayır) sonra öz işini davam etdirəcək.

Sentyabrın 17-si

Kommunistin birinci səhifəsinə birinci səhifəsinə baxanda gözüm yaşardı: yuxarıda adını çəkdiyim 70-ci maddədə dəyişikliklər və əlavələr haqda Azərbaycan SSR-nin Qanunu və Azərb. SSR-in suverenliyi haqqında» Azərb. SSR-in Konstitusiya Qanunu verilib. Böyük əvəzçiz qələbəmiz! Düzdür, suverenlik haqda Qanunun layihəsidir bu, eyni yox, xalqın iradəsi ilə təsdiqlənir. demək, tarixdə birinci dəfə öz torpağımızın, sərvətlərimizin yiyəsi olmaq imkanımız var. Demək, Azərb. hökuməti istədiyi vaxt tərkibindəki muxtar vilayəti və ya respublikanı ləğv edə bilər, istədiyi rayonunda xüsusi idarə üsulu tətbiq edə bilər. Alçaq daşnakların beli qırıldı ki! Görək, necə həyata keçəcək….

Sentyabrın 18-i

Xankəndində (Stepanakertdə) sonuncu azərbaycanlı evləri «ləğv» olundu – yandırıldı. Daşnaklar həmin günü bayram elədilər – ilk yanğınların birilliyi bayramı!... Gücümüzə baxın… Bizi evimizdən qovurlar, adını da qoyurlar: Azərbaycan Ermənistanı və DQMV-ni blokadaya alıb! (?) Görəsən, Kim kimi blokadaya alıb? Yarımaydan çoxdur ki, Erm-na qatarlar işləmir. Mənim yanacağımla, benzinimlə mənə hücum eləyirsən, evimi yandırırsan, qarşısı alınanda da adını «blokada» qoyursan?

19-20 sentyabr

Sov. İKP MK-nın Milli məsələyə həsr olunmuş plenumunda I gün (19-da) Arutyunyan çıxış elədi. «Siyasi, iqtisadi», az qala «siyasi» blokadaya görə Az-nı tənbeh elədi, buna siyasi rəng verdi. Özü də həm Ermənistan, həm də Dağlıq Qarabağ blokadasına görə… Heç soruşan olmadı: necə yəni Dağlıq Qarabağı blokadaya aldı, bəs sizin Ermənistanın nə işi var? Siz sessiyanızda niyə Dağlıq Qarabağ məsələsini qoyursunuz? Kim bu haqqı verib sizə? Bu qanunu pozmaq yox, tapdalamaqdır. Bunu Moskva, Siyasi Büro deyilən pedişitlar yuvası niyə görmək istəmir? Bəlkə sərf eləmir? Əlbəttə, erməni mafiyasının xətrinə dəyməyə kimin haqqı var! İkinci gün, sentyabrın 20-də Ə.Vəzirov çıxış elədi. Bu ötən ilin mayından, hakimiyyətə gəldiyi gündən indiyədək vəzirovun ən yaxşı çıxışı idi. Sərt, məntiqli, erməni ekstremizminə qarşı amansız…

Sentyabrın 23-

Azərbaycan SSR Ali Sovetinin X sessiyası öz işini davam etdirdi – 8 gündən sonra. Elə ilk sözündə Bəxtiyar Vahabzadə plenumdakı çıxışına görə xalq adından Vəzirova öz razılığını bildirdi: Sonra… təəssüf ki, Bəxtiyar müəllim danışa-danışa kürsüdən general Bərşadlı, Füzuli rayonunun I katibi Cavanşir Məmmədovla (?) deyişdi. «Sən sus, səsinin yoğun yerinə salma, səni yaxşı tanıyırıq» yerindən söz atan katibə belə dedi, katib də onu təhqir elədi («sən ermənisən», nə bilim, nəsən). Sabir Rüstəmxanlı tarixboyu xalqımızın, torpağımızın başına açılan oyunlardan, bu gün də xalqa divan tutan «balaca padşah»(!)lardan qəzəblə danışdı. Raykom katiblərindən kimsə bu ifadəyə görə Sabiri tənbeh eləyəndə alqışlar qopdu – sən demə, «Balaca padşahların» kölgələri burda imiş! Vəzirov son söz söylədi, xalqı bu çətin vaxtda birliyə, parçalanmağa yox, möhkəm, monolit olmağa çağırdı. sonra üzünü Sabirə (R.) tutub dedi ki, sənə münasibətimi bilirsən də, özün bilirsən (yaxşı münasibəti deyirdi), amma…. çıxışın xoşuma gəlmədi (Bu dəfə Sabir rəhbərliyin yox, xalqın xoşuna gəlmək üçün bu cür çıxış eləmişdi. Axır aylar xalq arasında ona münasibət dəyişib; ötən il, meydan hadisələri zamanı guya satqınlıq eləyib, həm yuxarı, həm də xalqa işləyib, guya «danosu» var… Nə isə… Heç istəməzdim belə sözlər eşidim). Yenə də sessiya gedə-gedə bayırda, ali sovetin binası qarşısında xalqın qeyrətli oğulları-qızları mitinqə, etiraza, tətil çağırışına hazır vəziyyətdə dayanmışdılar.

24 sentyabrda

Əvvəldən bildirildiyi kimi, mitinq oldu. Mitinqi Abbas Abdulla aparırdı. Gürcüstanda vəziyyət yenə də gərgindir – xüsusən Bolnisidə.

Sentyabrın 25-də

Elmi Tədqiqat Pedaqogika İnstitutunun həyətində gürcüstanlıların – Bolnisdən, Kazretidən, Msxetadan gələnlərin yığıncağı oldu. Gələnlər çox həyəcanlı, tənbeh olunmalarına görə çox narazı idilər. Doğrudan da, bütün gələnləri (odun-alovun ağzından çıxan, evi yandırılan, dağıdılan) namərd, satqın saymaq olarmı? Bu, çox mürəkkəb məsələdir. Onlardan biri də mənim tanıdığım «Sovet Gürcüstanı»nın keçmiş müxbiri Elxan Ocaqovdur. İşdən çıxarıldı, Kəmərçiyə, Bolnisiyə ayaq basa bilmir (tutulmaq qorxusu var). Bakıdan savayı haraya sığınsın Elxan? Bəlkə, burdan daha yaxşı yol göstərmək olar ordakılara? bugün SSRİ Ali Sovetinin ikinci sessiyası açıldı. Gündəliyin məsələləri müzakirə olunan kimi daşnak-deputat Ambarusmyan kürsüyə qalxdı: blokadanı siyasi cəhətdən ittiham elədi, bunun siyasi qiyməti verilməlidir – dedi. Dalınca Z.Balayan danışdı – həmin havada… Bizim Elmira Qafarova qorxa-qorxa dedi ki, blokada əslində iki tərəflidir. Heç kəs heç nə başa düşmədi. Üstəlik əlavə elədi ki, bizim özümüz gərək oturub problemləri müzakirədən keçirək, axı qonşuyuq həmişəlik… (Sessiya iki ay işləyəcək – noyabrın 24-nə kimi). Dağlıq Qarabağa gedən komissiyanın məlumatı dinləniləcək… Yenə əlimiz ürəyimizin üstündə qalacaq (Dünən, bugün Azərb.-n və Erm.-n rəhbərliyi, deputatları Dağlıq Qarabağ problemini üz-üzə müzakirə eləmişdir – bunu sessiyada xəbər verdilər). Sentyabrın 25-də AXC İdarə heyətinin üzvü Hikmət Hacızadədəyə zəng vurdum. O, dedi: sessiyadan iki gün qabaq idarə heyətinin üzvlərindən İ.Qəmbərov, N.Nəcəfov, L.Yunusova, Z.Əlizadə Moskvaya yola düşmüşlər, deputatlarla xüsusən ukraynalılarla görüşüb xeyli iş aparıblar. Yusif Səmədoğlu da onlara qoşulub (Yusif Hollandiyaya getməli idi). İnanırıq ki, hər şey yaxşı olacaq görək…

Sentyabrın 26-.

Fərhad (H.) bizə gəldi. dedi ki, sabah Gürcüstana – Camaatla söhbət aparmaq məqsədilə yola düşürük. Heyf… ev zəhrimarın təmiri yarımçıq qalıb, bu dəfə mən gedə bilməyəcəyəm. Gecə yarıdan keçib. Oturub sessiyanın gedişinə baxıram. Bir az əvvəl Nemət Veysəlli zəng vurdu. Bir bəd xəbər var dedi… Dünən, axşam saat 6-da Çar Çartaz ermənilərindən bir-ikisi nəhəng yük maşınını Veysəllidə camaatın üstünə sürüb, camaat qaçıb-dağılıb, onda alçaqlar maşının bir motoskletin arxasınca sürüblər… Şakir Tahirov ölüb, Bakir Quliyev ağır yaralanıb. Hələ bu harasıdır? O, alçaqlar maşını Çartaza sürüb, guya bizimkilər onu öldürmək istəyirmiş deyə, camaata (3 minədək adam!) Veysəlliyə hücum çəkiblər. Kəndin girəcəyinə az qalmış əsgərlər özlərini yetirir, erməni basqınının qarşısını alır. …Bugün səhər Bəxtiyar müəllim (V.) zəng vurdu, mən onun sessiyadakı «dialoqundan» özünə gileyləndim. Dedi ki, onlar (partiya işçiləri) xalqın qanını soranlardır, odur ki, partiyadan onəlli yapışırlar. Sonra… belə bir vaxtda şerini soruşdu – haman nömrəyə göndəriləcək (iki dəfə bu haqda telefon söhbətimiz olmuşdu). Heyrətlənirəm. Hər nə olursa-olsun, yazısının taleyi ondan ötrü hər şeydən üstündür. 45 ildir Bəxtiyar müəllim beləcə səliqə-səhmanlı, ardıcıllıqla, inadkarlıqla yazılarının taleyini izləyir, onları ərsəyə yetirir… …Dünən cəlilabadlı dəliqanlı şair Abbasağa redaksiyaya gəldi, şerləri 10-cu yox, 11-ci nömrəyə göndərildiyi üçün əməlli-başlı qalmaqal saldı, mən də ona çox sərt cavablar verdim. Əlüstü səsini kəsdi. Sonra şerini oxuyub təbrik elədim. Öpüşüb ayrıldı.

Sentyabrın 28-i

…Bakı şəhər İcraiyyə Komitəsinin qarşısında… qadınlar mitinqi… İcraiyyə Komitəsinin sədri Qaraqaşlıya qarşı piket. O, respublika Ali Sovetinin sessiyasındakı çıxışında və başqa sənədlərdə xalq cəbhəsinə qarşı çıxıb, onları «ekstremist» (blokada ilə bağlı) adlandırıb. «Xəyanət!», «Xə-ya-nət!», «Ar olsun!», «Ar olsun!» nidaları möhtəşəm binanın qalın divarlarına dəyib qayıdır. Zərif qadın səsi ilə bu gönü qalınlara, qalın divarlar arxasında səngərlənib millətə böhtan yağdıranlara, ancaq ciblərini güdənlərə necə kar eləmək olar? Qadınların hüzuruna gəlmir, qadınlar özləri yuxarı qalxırlar… Bir azdan AXC-nin liderlərindən E.Məmmədov, Ə.Əliyev və başqaları yuxarı, Baksovetə çıxırlar. Qusardan cavan yazıçı Tacəddin İsmayılov həyəcanla danışır: orda ləzgilərlə azərbaycanlıların arasını vurmaq istəyirlər. Mən onu liderlərdən biri – Becanla tanış eləyirəm. Axşam saat 6-da AXC-nin ştabında (L.Şmidt küçəsi) görüşəcəklər…

Oktyabrın 1-də

Bazar günü saat 4-də «növbədənkənar» mitinq oldu (əslində 8-də olmalı idi). Blokada ilə bağlı Moskvada, sessiyadakı vəziyyəti xalqa çatdırmaq lazım idi. Etibar bir maraqlı təklif irəli sürdü: madam ki, azərbaycanlı əsgərlərə qarşı silah qaldırılır, onlara güllə atılır (bu yaxınlarda hardasa, RSFSR-də ermənilərin «təşkili» ilə 15 azərb. əsgəri həlak olub), onda bizim analar öz oğullarına SSRİ-nin harasına gəldi əsgər göndərməyəcək! Bizim oğullar ancaq Azərbaycanda əsgəri xidmətdə olacaqlar…

Oktyabrın 3-də

Saat 11-də Yazıçılar İttifaqında iclas oldu. İttifaqın katibləri, Rəyasət Heyətinin üzvləri, redaktorları müvainlər çağırılmışdı. Azərbaycan yazıçılarının nizamnaməsinin yeni layihəsi oxundu. Bəyənilmədi. Ciddi redaktəyə, suverenliklə bağlı əlavələrə ehtiyac var. Yenidən işləyib müzakirəyə vermək üçün komissiya yaradldı: Q.Abdullayev, A.Abdulla, C.Novruz, İ.İsmayılzadə, C.Məmmədzadə. İttifaqdan Abbasla çıxdıq. mənim maşınıma mindik. Xalq cəbhəsi binasının qarşısına sürdüm. Çoxlu adam vardı. Zaqfqaziya, xüsusən Azərbaycan dəmir yollarının idarəsini hərbçilərə tapşırmaq haqdakı təklif (sessiyada dünən belə söhbətlər getdi) böyük narazılığa səbəb olub. Dünən gecə AXC-nin liderləri və Ə.Vəzirov Moskvaya yola düşüblər…

Oktyabrın 4-də

Xoş xəbər eşitdik: dünən SSRİ Ali Sovetinin sessiyasında dəmir yollarını hərbi blokadaya almaq təklifi əsasən rədd edilib (amma bunu televiziyada demədilər və göstərmədilər- birdən erməni xalqının xətrinə dəyər!). Eşitdik ki, dünən Vəzirov blokada barədə sərt çıxış eləyib, «erməni blokadası»nın iç üçünü açıb, «ekstremist axtarırsınız?-buyurun!» deyib, Arutyunyanı (Ermənistan KP MK-nın I katibi) və onun dövrəsindən daşnakları göstərib.

E.Qafarova da (prezidentimiz) sərt danışıb; deyib ki, suveren Azərb. Respublikasının işinə qarışmağa SSRİ Ali Sovetinin ixtiyarı yoxdur, blokada xalqın haqlı etirazıdır!

Bu gün telestudiyaya zəng vurdum. Dedilər ki, Vəzirovun çıxışının üzünü Moskva vermir, çap olunmağına da qadağan eləyib…

Dünən Zəlimxan Yaqubla gedən dəstə Bolnisdən qayıdıb gəldi. Vəziyyət gərgindir. Gürcülər blokadadan sonra bir az yumşalsalar da, bizimkiləri hələ də sıxışdırırlar. Dmanisinin gürcüləşmiş erməni katibi Eloşvili (13 yaşınadək Eloyan), həmçinin üçüncü katibi (o da ermənidir) yamanca meydan sulayırlar. (Bolnis rayon partiya komitəsinin I katibi Devnozaşvili də ermənidir) – Gürcü suyunu, görün, kimlər bulandırır…

Oktyabrın 3-də «Sovet Gürcüstanın» qəzetinin fed. müavini Həmid Vəliyev bizm redaksiyaya mənim yanıma gəldi. Tbilisidə nisbətən sakitlikdir, amma benzin qıtlığı (litrini bir manata satırlar) gürcülərin kürkünə yamanca birə salıb.

…İki gün əvvəl, (ayın 2-də) gecə saat 4-də Yusif Səmədoğlu Hollandiyadan saat 4-də zəng vurub İntiqam Qasımzadəyə, buradakı vəziyyətlə maraqlanıb. Amma, burda eyvanda oturub çay içə-içə «uzaqdan-uzağa» meydandakı mitinqi seyr eləyənlər var…

Oktyabrın 5-i

eşitdim ki, dünən, pedaqogika cəmiyyətinin qurultayında üzdəniraq professor, savadsız, mədəniyyətsiz (bu sözləri ona görə işlədirəm ki, adını çəkəcəyim adam neçə ay bundan əvvəl redaksiyamızda Vaqif Yusiflinin, Mövlud Süleymanlını möhkəm təhqir eləyib) Yəhya Kərimov bizim jurnalın, xüsusən mənim ünvanıma ağlına gələni danışıb… Niyə? Çünki səviyyəsiz, məntiqsiz məktubu jurnalda çap olunmaqla redaksiya qeydində (V.Yusifli yazmışdı) haqlı olaraq möhkəm tənqid olunub. oxucular bu şərhi çox yaxşı qarşılayıblar. Heyf… Bir yaxşı iş görən kimi nadan söyüşü üstünə yağış kimi yağır…

…Fərhadla (H.) Telman Nəzərli də Qarayazıdan gəldilər.

Kəndlərdə –Qarağalar, Ağtəhlə, Qaratəhlə, Kosalı, Nəzərli, Candar – olublar, camaatla söhbət aparıblar. Xalq bircə söz deyir: öldü var, döndü yoxdur, biz öz doğma torpağımızdan tərpənən deyilik… Ürəyim o yerlərdə qalıb-ov təmiri başımı elə qatıb ki…

…Bu cəmiyyət, deyəsən, yavaş-yavaş başını itirir: xalq doğma yurdundan-yuvasından (Fərqanə, Ermənistan) qovulur, «köçürülür», amma… Çernobıl zəhəri içində boğula-boğula qalanlar, nə qədər istəsə də, mitinq keçirsə də Belorusiya kəndlərindən tərpədilmir («Комсомольская правда», 4 oktyabr, 1989).

Oktyabrın 27-

Elmi – tədqiqat Pedaqogika İnstitutunda (hər ikinci gün olduğu kimi) «Borçalı» cəmiyyəti idarə heyətinin növbəti məşğələsi. Bu dəfə əsas məsələ cəmiyyətin qəzetinin təsis edilməsi idi.

Noyabrın 3-ü – 1989

Tbilisidən jurnalist Nurəddin Məmmədov redaksiyaya, yanıma gəldi. Məni muştuluqladı: «Gürcücə kitabın çıxıb!». Təbrik elədi; kitabı alıb varaqladım, heç sevinmədiyimi görüb məətəl qaldı. Necə sevinəydim – Gürcüstandakı vəziyyətə görə ürəyimdən qara qanlar axırdı…

Həm də, «gördüm bir günəş var…» (Gürcüstana həsr olunub) şerimi oxuyanda əsəbiləşdim: şerdən Borçalı, Qarayazı sözləri çıxarılıb…

Noyabrın 7-

Qardaşoğlu Nizami rayondan-Qarayazıdan gəldi. Dedi: «Sakitlikdir, bizimkilərdən vəziyyəti soruşanda heyrətlənirlər:

- Nə olub ki?.. Aya işinizdə olun, gürcü kimdir – zad kimdir?

Camaat süpürgəsini biçməklə, yeyib-içməklə məşğuldu, heç nə veclərinə deyil… Arxayındılar…»

Dedi ki, üzdə olan sovxoz direktorlarının işini də yavaş-yavaş qurdalamağa başlayırlar. Kosalı (Русского-?) sovxozunun direktoru Bədirxanın işi yaş ola bilər. İcrakom sədri Telman Vəliyevə «vəzifə» veriblər: raykomun müavini… Bu vəzifənin adını təzəcə eşidirəm.

Noyabrın 9-u 1989

Bu gün unudulmaz qardaşımız, dostumuz Vidadinin (M.) evinə, adına axşamına-daha doğrusu, ilinə yığışmışıq. Elə bil, dünən rəhmətə gedib!.. Dünən qəbir üstünə çıxıblar, mən bilmədiyimə görə çox pərt olmuşdum. Eh, Vidadi, Vidadi, sənin yerin, deyəsən, ömürlük boş qalacaq. Özün deyirdin ki, dədəmin goru haqqı, hamını yola salıb sonra… İndi bura, bir il əvvəl səni o dünyaya yola salanlar yığışıb.

Söhbətimiz yenə millət söhbətidir. Ayağa duranda Abbasa (A.) dedim:

- On beş yasa da yığışsaq, bu dərdli, ağrılı söhbətimiz qurtarmaz.

Abbas xeyli Türkiyə səfərlərindən danışdı. Vidadinin yadigarı - oğlu Vaqifdən başqa hamı danışırdı, ağız deyəni qulaq eşitmirdi. Nə qədər dərdimiz, problemimiz olarmış ilahi? Deməklə qurtaran deyil.

Dünən Kamil Vəliyevlə telefonla danışdım, bugünlərdə İraqdan qayıdıb. Dedim ki, Vidadinin kitabını çap etdirmək üçün material toplamalıyıq: hekayələrini, məqalələrini, müsahibələrini bir də… ona həsr olunmuş şerləri, yazılacaq xatirələri… Qonorarını da ailəsinə çatdırmalıyıq. Natiqlə (S.) mən toplamalıyam.

25 NOYABR 1989

Bu gün Qarayazıdan Bakıya gəldim. Üç gün orda qaldım. Çox adamlarla görüşdüm (qohum-əqrabanı demirəm), istədim xalqın fikrini-zikrini öyrənim… Az-çox öyrəndim də…

Bu axşam televiziyada «Aşıq Pəri məclisi»ni verdilər. Şair Səadət Buta (Başkeçid) bir şer dedi, iki misrası məni yaman tutdu:

Gün kimi dağları aşdı kişilər,

Əlləri uzalı qalıb dünyanın…

Kim bilir, bəlkə də Qarayazıdan ürəyimdə gətirdiyim pərtlik idi məni kövrəldən?

Axşam qardaşlığım Çingizlə (H.) görüşdüm (bizə gəlmişdi). Hələ Qarayazıda ikən bir xoş xəbər eşitmişdim: Bakıda Şaumyanın heykəlini xalq özü uçurub. Çingiz başqa xəbər də verdi-xeyli küçə adı dəyişdirilib. Bir neçəsi yadımda qaldı: S.Osipyan-S.Rüstəm, Basin-Füzuli (!), Şaumyan-Azərbaycan, L.Şmidt-R.Behbudov, Spandaryan-Qarabağ və s. çingiz sevinə-sevinə, bəzəyə-bəzəyə Şaumyanın heykəlinin uçurulmasından danışdı:

- Hə… 20 minə kimi adam toplaşıb yox ey, qan-qan deyə-deyə cumub heykələ tərəf. Əsgərlər də, milislər də çəkilib qırağa. Əvvəl qulağını qoparıblar. Sonra boynuna zəncir salıb «buksirə» qoşublar. Yox, bağışla, uçurulmamış boynuna təkər keçirib yandırıblar. Uçurulandan sonra yerinə ip bağlayıb qabağına kolbasa qoyublar…

- Ə, ağ eləmə görək…

- Hələ bu harasıdı… srağagün Şaumyanın muzeyini də dağıdıblar.

İndi növbə Kirovun, «XI qızıl Ordu»nundu…

Çingizi yola saldım. Nə isə, özümü yaxşı hiss eləmirəm.

Fikirləşirəm: üç gün Qarayazıda, nə qədər gərginlik olsa da (üç yas yerində olmuşdum), kefim kök idi, bəs indi nə olub belə? Torpaq, ana torpaq – Qarayazı çəkir bizi, qardaş! Burda, Bakıda o bomboz, aran gözəlinin – Qarayazının sehri-mehri çatışmır…

Dekabrın 9-da

Yeni mənzilimizə köçdük. Dostlar, qohumlar – Əli, Fərhad, Nizami, Telman Nəzərli köməyə gəlmişdilər. Əcəmi Naxçıvani, 33a, mənzil 25, 27… Bakıda ailəmin yaşadığı ikinci mənzil. Doğrudan da, insan bu dünyadan köçəridir: kirayədə yaşayırsan illərlə, tez-tez də yer dəyişirsən – bu da bir köçərilik! Sonra da guya həmişəlik yaşayış yeri-mənzil verirlər. O qədər könülsüz köçürsən ki, ilk gündən təzə ev haqqında fikirləşməli olursan. Mən beləcə könülsüz-könülsüz, xoşuma gəlməyən bir mənzildə - P.Lumumba küçəsindəki 31a nömrəli evdə, 2 №-li mənzildə nə az, nə çox, düz 15 il yaşayası oldum (ora 1974-cü ilin sonunda köçmüşdüm). adam istəməzmi ki, bu boyda şəhərdə öz doğmaca, əbədi mənzili - öz yurd yeri olsun? Biz çox yurd sevərik; şəxsən mən, ağaca da, daşa-divara, küçəyə, səkiyə, mənzilə, mehmanxana nömrəsinə, yaradıcılıq evlərindən otaqlara da elə vuruluram ki, sonra ayrılıq çətin olur. Bu gün köhnə mənzilimizdən, hamıdan gizlincə, göz yaşı içində ayrıldım; lap axırıncı çıxdım otaqdan, ürəyimdə halallaşdım onunla, köhnəcə divarından öpdüm. Zarafat deyil, 15 il bu divarlara sığınmışam, 15 il bu divarlar mənim bütün anlarımın, saatlarımın, günlərimin şahidi olub…

Həyətdə kim rast gəldisə görüşüb halallaşdım, dedim ki, onsuz da tez-tez gələcəm, hələ sizdən ayrılmaq fikrim yoxdur.

Saat 3-də təzə evimizə gəlib çatdıq. Yükləri boşaltdıq, sonra bir balaca oturub çörək kəsdik, boğazımızı yaşladıq. Mən, demək olar, sevinmirdim; bu mənzil nə qədər rahat olsa da, elə bil ən əziz bir adamımı – köhnə mənzili orda qoyub gəlmişdim. Bu xiffət, bu ayrılıq ağrısı məni sevinməyə qoymurdu.

Dekabrın 31-i

Bu ilin son günü. Bu il başımıza açılan oyunlara görə təzə ili bayram kimi qarşılamaq fikrində deyilik. Heç bir millətin, heç bir məmləkətin haqqı bu qədər tapdana bilməz! Qarabağın dağlıq hissəsindən ötrü burnumuzun ucu göynəyir. Xalq öz doğmaca torpağından didərgin düşüb; hər addımda haqqı-hüququ tapdanır, qan tökülür. Bu yandan da son 5-6 ayda Gürcüstanda - Borçalıda başımıza açılan oyunlar… Bəlkə bizə taleyin qarğışı keçib? Bəlkə allah türk dünyasını-müsəlman dünyasını unudub?

İlahi, millət kimi necə təkləyiblər bizi! Bəlkə, erməni quldurları demişkən, doğrudan da Azərbaycanı Livana, Bakını-Beyruta çevirəcəklər?

Uşaqlarımızdan ikisi - Arazla Mustafa rayona yola düşüb (Qarayazıya), evdə üçümüz qalmışıq – Nərgiz, anası, bir də mən. Ürəkaçan heç nə yoxdur. Gecəni qonşumuzun – Rəfiqə Hüseynovanın sözünü yerə sala bilməyib sonra qonaq gedirik. Bir azdan gözəl insan, zarafatcıl Emin müəllim (Mahmudov) də həyat yoldaşı Ayna xanımla gəlib çıxır. Məclis başlayır. İraq olsun, elə bil yasda oturmuşam. Xalqımızın dərdi, zindan kimi ürəyimdən açılıb, ha istəyirəm o zindanı azca da olsa kənar eləyib məclisdə deyib-gülən adamlara qaynayıb-qarışım – alınmır ki, alınmır. Emin müəllim nələr danışır, zarafatından qalmır, mən də elə azacıq qımışıb baxa-baxa qalıram.

Sonra, əlində şampan şüşəsi başqa bir qonşumuz – Elmira xanım öz qızı ilə gəlib çıxır.

Mən öz evimizə gedirəm, gecə saat 3-ə kimi televiziyaya baxıram. Dünyanın tək-tənha, yazıq, bədbəxt bir millətinin oğlu kimi…

Son...

# 1804 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #