Kitabxanalara oxucuların girişi məhdudlaşdırıldı - Rəsmi

Kitabxanalara oxucuların girişi məhdudlaşdırıldı - Rəsmi
12 mart 2020
# 18:55

"Yayılmaqda davam edən yeni növ koronavirus infeksiyasının Azərbaycanda kəskin xarakter almasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir".

Bu barədə APA -ya Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat verib.

Onun sözlərinə görə, Mədəniyyət nazirinin martın 3-də verdiyi əmrlə tabelikdə olan təhsil müəssisələrində təhsil prosesi müvəqqəti olaraq dayandırılıb: “Martın 6-da verilən digər əmrlə infeksiyanın mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tətbiq edilib. Hazırda Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür, qapalı ərazilərdə kütləvi tədbirlər təxirə salınır, xarici ezamiyyələrin məhdudlaşdırılması, maarifləndirmə və cari işlərin aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

İ.Hümbətov aparılan tədbirlərin davamı olaraq, bu sahədə işlərin daha effektiv həyata keçirilməsi üçün martın 12-də növbəti əmr imzalanıb: “Həmin əmrlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, regional mədəniyyət idarələrinin və mədəniyyət müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Tapşırıqlara əsasən həmin müəssisələrdə iş planlarına yenidən baxılması, sənədləşmə və kargüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi, internet saytlarının zənginləşdirilməsi, sosial şəbəkələrdəki fəaliyyətin təşviqi, statistik göstəricilərin, hesabatların, maliyyə sənədlərinin yoxlanılması, tədris proqramlarının şagirdlər tərəfindən tam mənimsənilməsi məqsədi ilə məktəblərin və müəllimlərin iş planlarında müvafiq dəyişiklərin edilməsi, müəllimlərin uşaq musiqi və incəsənət məktəblərinin tədris portalından intensiv istifadəsinin təşviq edilməsinə dair tapşırıqlar verilib. Habelə həmin əmrlə teatr-tamaşa-konsert müəssisələrində yaradıcı heyətin məşq proseslərini və texniki heyətin işə davamiyyətinin müvafiq qaydada tənzimlənməsini, cari təsərrüfat problemlərinin həlli tapşırılıb”.

O, eyni zamanda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal prosesində planlaşdırılmış kütləvi səhnələrin çəkilişlərinin müəyyən müddətə təxirə salınmasının, həmçinin “Nizami” Kino mərkəzinin böyük zalının bağlanması ilə əlaqədar olaraq iki kiçik zalına nəzarətin gücləndirilməsinin və davamlı şəkildə sanitar-profilaktik tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: “Muzeylərdə veb-saytların yenilənməsi, sənədləşmə, fondların təkmilləşdirilməsi və muzey işinin təhlili istiqamətində tədbirlər həyata keçirilməsi, elmi-tədqiqat, bərpa işlərinin və muzey ekspozisiyalarının internet üzərindən virtual olaraq təqdim olunması, habelə fərdi ustad dərsləri və mühazirələrin canlı yayım vasitəsi ilə ictimaiyyətə təqdim olunması tapşırılıb”.

İ.Hümbətov kitabxanalarda kitab və köməkçi fondların yoxlanılması, fondların inventarizasiyası, kataloq və kartotekaların redaktə, təmizlənmə və qaydaya salınması, biblioqrafiyanın və elektron məlumat bazalarının tərtibi, virtual kitabxana xidmətlərinin təkmilləşdirilməsinin də tapşırıldığını diqqətə çatdırıb.

“Sonuncu əmrlə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzey bə mərkəzi kitabxanalarda iş fəaliyyəti ilə bağlı qeyd olunan dəyişikliklərin həyata keçirilməsi və muzeylərə tamaşaçıların, kitabxanalara oxucuların gəlişi məhdudlaşdırılıb”, - deyə İ.Hümbətov bildirib.

# 2089 dəfə oxunub

Müəllifin son yazıları

# # #