Şəhid oğlundan 20 il sonra məktub alan qadın - HEKAYƏ

Şəhid oğlundan 20 il sonra məktub alan qadın - <span style="color:red;">HEKAYƏ
21 noyabr 2017
# 13:50

Kulis.az Mahir Orucovun “Umudun məktubu” hekayəsini təqdim edir.

Dayanacaqda gözəl bir qız dayanmışdı. Üz cizgiləri mənə o qədər tanış gəldi ki, elə bil onu hardansa tanıyırdım. Qeyri-ixtiyari maşını saxlayıb, ona yaxınlaşdım. Salam verməyə macal tapmamış məndən qabaq dilləndi:

- Bayaqdan səni gözləyirdim, yağış məni əməllicə islatdı.

Özümü bir anlıq itirdim. Payız olsa da, hava yaxşı idi, hərdən günəş də buludların arxasından boylanırdı. Ətrafda heç kim olmasa da, arxaya boylandım ki, bəlkə heç mənimlə deyil. Arxaya çevriləndə gördüyüm mənzərə məni heyrətləndirdi...

Uzaqdan bir oğlan bizə tərəf gəlirdi. Əlində çətir vardı, amma çətiri başına yox, əlindəki əşyanın üzərinə tutmuşdu. Oğlan bizə tərəf yaxınlaşdıqca həyəcandan yerimdən tərpənə bilmirdim. Bir-iki addım da atandan sonra onu tanıdım. Bu, Umud idi...

Bədənimi soyuq tər basdı. Onun qəzəbli baxışlarından mənə nə demək istədiyini anladım. Amma dillənmədən, məni narazı-narazı süzərək qıza tərəf yaxınlaşdı. Gülümsəyərək, çətirin altında tutduğu bir dənə al qızılgülü qıza uzatdı:

- Bağışla məni, günah məndə deyil, - deyərək çətiri qızın başına tutdu. Bir anda ikisi də gözdən itdi.


Yerimdə quruyub qalmışdım sanki, tərpənə bilmirdim. Nə baş verdiyini dərk eləməyə çalışdığım anda bir səs məni çağırdı. Dayanacaqda oturan yaşlı bir qadın əlindəki qızılgülü mənə uzatdı:

- Oğlum, xahiş edirəm, axırıncı gülü də sən götür.


Əlimi cibimə saldım ki, pul çıxardım. Qadın başını bulayaraq, baxışları ilə mənə lazım deyil söylədi və asta-asta yolu o biri tərəfə keçdi.

Qadın maşın yolunu keçməyə macal tapmamış səs eşitdim. Arxaya qanrılanda qadının yerə yıxıldığını gördüm. Ayaqlarım sanki yerə yapışmışdı. Mən qadının yanına çatanda artıq xeyli adam onun başına yığışmışdı. Heç 10 dəqiqə keçməmiş təcili yardım maşını gəldi, onu maşına qoyub apardılar...

Hadisələrin bir anlığa bir-birinin ardınca baş verməsindən özümü itirmişdim lap. Çaş-baş qalmışdım. Bəlkə yuxu görürdüm?!

“Hər şeyin günahkarı mənəm!” deyə-deyə tez maşınıma tərəf addımladım. Qazı basıb, sürətlə ordan uzaqlaşdım. Hara getdiyimi bilmirdim, amma Umudun qəzəbli baxışları gözümün önündən çəkilmirdi. Umud çoxdan ölmüşdü axı...


Dodağımı dişləyə-dişləyə olanları bir daha yada salmağa başladım.

***

Umudla mənim tanışlığım düz 24 il bundan öncə olmuşdu. 1993-cü ilin avqust ayı idi. Müharibənin qızğın vaxtlarıydı. Düşmənlə sərhəd olan rayonumuzda, Zəngilanda şiddətli döyüşlər gedirdi. O vaxt mənim 17 yaşım təzə olmuşdu. Dostlarımla tez-tez döyüş bölgəsinə gedir, əsgərlərə əlimizdən gələn yardım edirdik. Əsgərlərin içində heç kimə yovuşmayan, sakit, bədəncə elə də qüvvətli görünməyən bir əsgər vardı. Bizimlə tay-tuşa oxşayırdı. Nədənsə mənim onunla münasibətlərim ilk gündən alındı. Bir-iki görüşdən sonra artıq o, mənimlə rahat-rahat söhbətləşir, zarafatlaşırdı. Hətta mənə şeir yazdığını da söyləmişdi, arada-bir imkan olanda yazdıqlarını mənə oxuyurdu.

Artıq onun haqqında demək olar ki, çox şey bilirdim. Məktəb vaxtlarından bir qıza vurulduğunu, onun üçün saatlarla dayancaqda necə gözlədiyini, ən gözəl xatirələrini mənimlə bölüşməkdən çəkinmirdi.

Sentyabr ayı idi. Döyüşlər şiddətlənmişdi. Xəstəxanada həkim işləyən atam gecə evə zəng edib anama dedi ki, xəstəxanaya minaya düşmüş çəlimsiz bir əsgər gətiriblər, gözlərinin ikisi də zərbədən çıxıb, vəziyyəti də heç yaxşı deyil, çoxlu qan itirib. Bunu eşidən kimi içimi qəribə bir hiss bürüdü, elə bil dünya başıma fırlandı. Gecə olmasına baxmayaraq, gödəkcəmi çiynimə atıb xəstəxanaya tərəf qaçdım.

Atamı tapıb, ondan həmin əsgərin adını soruşdum. Kişi rəngimin saraldığını görüb heç nə soruşmadan, qorxaq səslə Umud dedi... Gecəni xəstəxanada keçirdim. Bir stulda elə oturduğum yerdə yuxu məni tutmuşdu. Səhərə yaxın ora-bura qaçışan adamların səs-küyü məni yuxudan oyatdı.

- Təcili qan lazımdır.

Umuda qan lazım idi - müsbət 1. Mənim qanım...

***

Artıq 2-3 gün olardı ki, Umudu palataya köçürmüşdülər. Vəziyyəti get-gedə yaxşılaşırdı. Mən yanında qalırdım, bir dəqiqə də olsun onu tək buraxmırdım. Özüm yeməyini yedirdir, çayını içirdirdim. Onun üçün əlimdən gələn hər şeyi etməyə çalışırdım. Bircə bu dünyanı yenidən görməsinə kömək edə bilmirdim...

Beləcə, bir aya yaxın vaxt keçdi, artıq oktyabr ayı idi. Ermənilər rayonumuzu mühasirəyə almışdı. Tez-tez həyəcan siqnalı çalınırdı. Hamı təşviş içində idi, amma heç kim rayonu tərk etməmişdı. Bir-iki gün öncə paytaxtdan yüksək vəzifəli şəxsi göndərmişdilər ki, heç olmasa uşaq-qadınları çıxartsınlar. Camaat tutub onu girov saxladı ki, yaxşısı budu bizə hərbi yardım göndərsinlər...

Mən hər gecə evə gedir, səhər açılan kimi Umudun yanına xəstəxanaya qaçırdım. Bu gün də səhər Umudun yanına gəldim, salamlaşdım, evdən yemək gətirmişdim. Yeməyini, çayını verəndən sonra Umud məndən bir kağız-qələm götürməyi xahiş etdi. Başladı asta-asta şeir deməyə. Bu, anasına məktub idi, şeir halında.

Onun dilindən çıxan hər bir misra qəlbimi xəncər tək kəsib doğrayırdı, gözlərimdəki yaş içimə axdıqca yaralarımı daha da ağrıdırdı.

- Yazırsan? - deyə tez-tez soruşurdu.

Axırıncı misranı deyib, bir-iki saniyə susdu. Sonra dilləndi:

- Söz ver ki, bu məktubu nə olursa-olsun anama çatdıracaqsan

Bu an həkim iki əsgərlə otağa girdi, Umudu aparmağa gəlmişdilər, xəstələri çıxardırdılar.

Umud son dəfə onu qucaqlamağı xahiş etdi. Qucaqlaşdıq. Həmin vaxt qulağıma bir söz dedi, sonra da mənə yastığının altından parçaya bükülmüş bir şey verdi.

Səhər başlayan narın yağış mən xəstəxanadan çıxanda gücləndi. Əlimdəki bükülmüş parçanı gödəkçəmin iç cibinə qoydum ki, yağış islatmasın. Qaçaraq evə gəldim. Yol boyu rayon camaatının ağlaya-ağlaya evlərini tərk etdiyini gördüm.

Demə, yerli radioda elan edilmişdi ki, düşmən üç tərəfdən hücuma keçib, rayonu tərk edərək, Araz çayını keçib İran tərəfə gedin.

Gecəni Arazın qırağında keçirdik. Arazboyu kənddə uzaq qohumumuz yaşayırdı. O vaxt sərhədlər açılanda atamgil onlarda olmuşdu. Həmin qohum soraqlaşıb gecəylə bizi tapdı və evinə apardı ki, heç olmasa yağışdan islanmış üst-başımızı dəyişək. Mənə də geyinməyə bir şey tapıb verdilər, cırılmış, yaş olmuş gödəkcəmi əynimdən çıxartdırıb, köhnə də olsa başqa bir quru gödəkcə geyindirdilər.

Səhər İran tərəfdən İmişliyə gəldik, sərhədi keçəndən sonra gödəkçəmi orada unutduğum yadıma düşdü. İçimdə öz-özümə elə qışqırdım ki, sanki o hayqırtı ürəyimi param-parça etdi.


- Umud, məktub, şəkil...

***

...Artıq 20 il keçmişdi.

Olanlar gözümün önündə canlandıqca Umuda verdiyim sözə əməl etmədiyimə görə vicdan əzabı çəkirdim.

Umudu çox axtardım. Axırda həkimlərdən birindən Umudu elə Arazın o tayında torpağa tapşırdıqlarını eşitdim və ailəsinin də xəbər tutduğunu öyrənəndən sonra artıq hər şeyin bitdiyini düşündüm. Həm də mən o şeiri aparıb anaya verib, onsuz da onun yaralı olan qəlbinin yarasını bir daha qopara bilməzdim.

Bu gün baş verənlər isə olanları mənə bir daha yaşatdı.

Evə qayıtdım. Artıq axşam düşmüşdü. Yemək yeməyə belə iştaham yox idi. Sənədlərin içindən xarici pasportumu götürüb cibimə qoydum. Səhər tezdən İrana getmək qərarı vermişdim. Oğlum da səfərə hazırlaşdığımı duymuşdu:

- Ata, axı məni sabah kayuselə apaymalısan.

- Get yat, Umud, gedim gəlim aparacam, söz!

***

Tezdən birdən-birə yağış yağması vicdanımı yenidən sorğu-suala tutmağıma səbəb oldu. Bütün yol boyu baş vermiş hadisələri düşündükcə Umudun qulağıma söylədiyi o iki kəlmə qəlbimin dərinliklərində inildəyirdi. Həmin ay, həmin hava, həmin yağış...

Sərhədə yaxınlaşırdım. Mənim hələ Allahla bu qədər danışdığım, bu qədər ona yalvardığım olmamışdı. Bir möcüzə gözləyirdim. Həmin gödəkcəni, həmin parçaya bükülmüş məktubu və şəkli tapmaq mənə necə lazım idi, bunu sözlərlə ifadə etmək üçün hərifləri qanla yazım gərək.

Bəli, Umudun verdiyi o parçaya bükülmüş, açıb diqqətlə baxa da bilmədiyim o şəkli tapmalıydım. Şeiri isə tapmasam da, beynimə həkk etmişdim illərdir.

Günorta həmin kəndə çatdım. Məni doğmaları kimi qarşıladılar. Bir az təəccübləndilər. Gəlməyimin səbəbini bunlara izaha edə bilməzdim, sadəcə söhbəti o dövrlərdən salıb gödəkcəmi soruşmalı idim. Amma çox qorxurdum. Yeyib-içəndən sonra evin xanımı yan otaqdan əlində bir taxta qutu mənə tərəf gəldi.

- Allahım, sən ucasan, sən ürəkdən gələn diləkləri eşidənsən!

Qutunun içindən çıxan həmin parça idi, rəngindən tanıdım, qan rəngində idi. Tez parçanı açıb məktubun və şəklin orda olub-olmadığını yoxladım. Məktub necə yazılmışdısa, eləcə də qalmışdı, hətta yazdığım həriflər elə bil indicə mürəkkəbin altından çıxmışdı. Şəkil isə elə bil bir az solmuşdu. Şəklə diqqətlə baxanda qadının baxışları elə bil məni ildırım kimi vurdu.

- Ola bilməz, yox, bu qədər də olmaz axı.

Bu, həmin qadın idi.

...Artıq hava qaralmışdı. Elə gecəykən geri qayıtmaq istəyirdim, amma sərhəddən keçə bilməyəcəyimi yəqin edib, səhərin açılmasını gözləməli oldum. Saatları, dəqiqələri iplə çəkirdim elə bil. O qədər tələsirdim ki... Ömrümdə belə tələsməmişdim heç. O baxışların verdiyi sualı cavablandırmalıydım.

Səhəri diri gözlü açdım. Sübhə kimi o ananın baxışları məni yandırıb, külə döndərmişdi. Onun mənə uzatdığı o qızılgül bütün bədənimi doğrayırdı. Bəli, həmin qadın. Mənə dayanacaqda “Oğlum, xahiş edirəm, axırıncı gülü də sən götür”, - deyən qadın Umudun anasıymış... Umud ürəyində gəzdirdiyi anasının şəklini vermişdi mənə. Anasını nə qədər sevdiyini, onunla nəfəs aldığını hər dəfə deyərdi mənə. O məktubu anasına çatdırmasını xahiş edəndə də demişdir ki, bir vaxt bu şəkil sənə nəsə deyəcək. Elə bil olanları qabaqcadan yaşamışdı Umud.

Bundan artıq gecikə bilməzdim. Axı ananı özüm təcili yardım maşınına mindirmişdim. Özümü xəstəxanaya dərhal çatdırmalıydım. Həm də istəyirdim ki, Umudun yatdığı torpağa tərəf bir az da yaxınlaşım, ona verdiyim sözü mütləq edəcəyimi bildirim.

Çiskinli, dumanlı bir səhər idi. Qohumlarla sağollaşıb evdən çıxdım. Ev yiyəsinin oğlu məni maşını ilə sərhəddə aparacaqdı. Ondan xahiş etdim ki, məni gizli şəkildə Arazın o tayına 5 dəqiqəlik keçirsin. Umudun məzarını görmək istəyirdim. Oğlan əvvəl imtina etdi, sonra necə pis olduğumu görüb dedi:

- Baba, bir erməni zabit dostum var. Bəlkə o nəsə kömək edə bizə.

Biz gizli yollarla lap Arazın qırağına kimi gəldik, yerli camaat asanlıqla sərhədi keçib bizim torpaqlara gedib-gəlir, ermənilərlə əmməli-başlı əlaqələr yardırdılar. Oğlan məni maşında qoyub gözdən itdi, bir xeyli sonra geri qayıdaraq mənə ora keçə bilməyimin mümkünsüz olduğunu bildirdi. Ovcunun içindəkini mənə tərəf uzatdı:

- Bundan artığını edə bilmədim.

Bu, torpaq idi. 20 il hicranından sızladığım torpaq. Həsrətindən burnumun ucunun göynədiyi torpaq. Doğulub boya-başa çatdığım torpaq. Umudun yatdığı torpaq...

Torpağı əlimə alan kimi məni elə bir gözəl qoxu vurdu ki, ətri içimə yayıldı. Qeyri-ixtiyari gözümdən iki damcı yaş düşdü...

***

Bakıya çatan kimi birbaşa “Semaşko”ya gəldim. Ana küçədə yıxılanda təcili yardımla bu xəstəxanaya gətirilmişdi. Onu burda tapacağıma əmin idim. Elə də oldu, qardaşımın həkim yoldaşlarının köməkliyi ilə ananı tapdım, amma...

Ananı dünən xəstəxanadan çıxarmışdılar. İnsult keçirmişdi. Vəziyyəti ağır idi. Həkimlər onun xəstəxanada qalmağının artıq mənasız olduğunu söyləmişlər. Ünvanı öyrənib onlara tələsdim.

Darvazanın zəngini basdım. Ya zəng işləmirdi, ya da mən səsini eşitmədim. Bir müddət gözlədim, darvazanın qapısına açıb içəri boylandım. Gözlərim önündə hər tərəf qırmızı göründü. Yox, əslində doğrudan da al qızılgüllər bütün həyəti qırmızı rəngə boyamışdı. Bir az içəriyə tərəf addımlayırdım ki, “Kim lazımdır?”, - deyə kimsə səsləndi. Bir an dilim söz tutmadı elə bil. Qarşımda bir cavan oğlan dayanmışdı. Üz cizgilərindən Umuda oxşayırdı.


- Bura Umudgilin evidir?

- Mən Umudun qardaşıyam.

... Ananın çarpayısının başında oturub, onun bir nöqtəyə zillənib qalmış gözlərinə baxırdım. İnsult keçirdiyi üçün tərpənmir, danışmırdı, bircə nəfəsi gedib gəlirdi.

Umudun ölüm xəbərindən sonra ananın saçları birdən-birə ağarmış, qaməti bükülmüş, qocalmışdı. Hətta indiyə kimi də Umudun yoxluğuna inanmır, hər dəfə “yox, Umud mənə xəbər göndərməmiş ölməz” deyirmiş. Hər dəfə oktyabr ayı gələndə həyətində əkdiyi qızılgülləri yığıb, şəhərdə Umud yaşda olan oğlanlara paylayır, hər gün yemək bişirir, aparıb Şəhidlər Xiyabanındakı məzarların üstünə qoyurmuş. Bütün bunları qardaşı mənə danışdıqca məktubu anaya necə çatdıracağımı götür-qoy edirdim. Artıq taqətim qalmamış, ürəyimin sancısından özümü çox pis hiss edirdim. Amma nə olursa-olsun bu, mənim Umuda verdiyim sözü yerinə yetirmək üçün son şansım idi.

Özümü toplayıb, yan cibimdəki məktubu çıxardım. Baxışlarımla Umudun qardaşından sanki icazə alırmış kimi ona tərəf baxdım, o da başı ilə mənə “oxu” işarəsi verdi. Ananın əlini əlimə alıb titrək səslə Umudun məktubunu ona oxumağa başladım:

Töküb göz yaşını məzarım üstə,
Ağlama
, ay ana, qurbanın olum!
Yolub saçlarını
, vurma dizinə,
Ağlama
, ay ana, qurbanın olum!

Öpərdin boynumdan, hey əzizlərdin,
Mənim igid oğlum, qoçum”, - deyərdin
Yəqin
şəhidliyi heç düşünməzdin,
Ağlama
, ay ana, qurbanın olum!

Bölüşüb mənimlə sən öz sirrini,
Arzun görmək idi nəvə, gəlini
Gözaltı etmişdin mənə birini,
Ağlama
, ay ana, qurbanın olum!

Sən fəxr et oğlunla, o, şəhid olmuş,
Vətəni uğrunda qanın axıtmış
Yüz düşmən öldürüb
, heyfini almış,
Ağlama
, ay ana, qurbanın olum!

Kaş ki, öldüyümü heç bilməz idin,
Bu qədər acını sən çəkməz idin
Tezliklə dönərəm, yol gözləyərdin,
Ağlama
, ay ana, qurbanın olum!

Gündə gətirirsən mənə yeməklər,
Qoyursan qəbrimə tər qərənfillər
Oxuyursan lay
-lay, həm mərsiyələr,
Ağlama
, ay ana, qurbanın olum!

Görmək istəmirəm belə halını,
Əymə qamətini, dik tut başını
Hər gün qucaqlama məzar daşımı,
Ağlama
, ay ana, qurbanın olum!

Bircə o südünü halal et mənə,
Əydim qamətini, dağ
çəkdim sənə,
Bir daha qəbrimə nə olar gəlmə,
Ağlama
, ay ana, qurbanın olum!

Mən şeiri qurtaran kimi ana mənə baxdı, yanağından iki damla yaş axdı və gözlərini əbədi olaraq yumdu.

# 1361 dəfə oxunub

Müəllifin son yazıları

# # #