Bakı Abadlıq Xidmətindən yazı müsabiqəsi - Mükafat fondu 4000 AZN

Bakı Abadlıq Xidmətindən yazı müsabiqəsi - Mükafat fondu 4000 AZN
5 avqust 2024
# 10:45

Məlum olduğu kimi, Bakı Abadlıq Xidməti “Zəfərdən sonra...” mövzusu ilə bağlı yazı müsabiqəsi elan edib. Xidmətin Qarabağda və Şərqi Zəngəzurda görülən fəaliyyətlə əlaqədar jurnalistlər üçün elan etdiyi yazı müsabiqəsi sözügedən ərazilərdəki dəyişikliklərlə bağlı fərqli müəllif yanaşmaları, orijinal baxış bucağı axtarışındadır.

Kulis.az xəbər verir ki, müsabiqə haqqında daha ətraflı Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Lalə Əliyeva məlumat verib:

"Bildiyiniz kimi, Qarabağın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri çox böyük sürətlə davam edir. Amma bir məkanın dirçəlməsi üçün sadəcə, zahirini abadlaşdırmaq yetməz. Qarabağda hər şəhərin, qəsəbənin, kəndin öz tarixi, ənənəsi – fərqli siması olub. Elan etdiyimiz yazı müsabiqəsinin məqsədi budur ki, qələm adamları – jurnalistlər, yazıçılar, tarixçilər 32 il işğal səbəbindən boş qalmış yurdun gələcəyi ilə bağlı öz fikirlərini, təkliflərini paylaşsınlar. Bəlkə də bu ideyalar quruculuq prosesində hansısa yeni layihələrə təkan verəcək".

Lalə Əliyeva müsabiqədən gözləntiləri barədə bunları deyib:

"Bakı kəndlərində abadlıq işləri aparılarkən, yerli adətlərin müasir zamana uyğun canlanması üçün xeyli işlər görüldü. Sakinlər arasından istedadlar seçildi – rəssamlar, bədii döymə ustaları öz kəndlərinin tərtibatında iştirak etdilər. Qədim duluzçuluq, xalçaçılıq ənənələri Balaxanıda “Gilabi”, “İslimi” kimi brendlərin yaranmasına səbəb oldu. Qarabağda da eyni niyyətlə müxtəlif mərkəzlər, hamının ürəyincə olan özəl məkanlar qurula bilər. Böyük şəxsiyyətlərin açdıqları yolun davamı gəlməlidir – yeni təşəbbüslər tarixiliklə müasirliyin sintezindən doğulur. Yəni hətta bu gün üçün fantastik görünən təklifləri ortaya qoymağın ən yaxşı yolu - essedir. Xəyali quruculuq - qələm əhlinin əlindən gələn bir işdir. Məşhur əsərdə deyildiyi kimi, əlyazmalar heç vaxt yanmır.

Abadliq.az saytında qeyd edilən mail ünvanına göndərilən bütün yazılar jüriyə imzasız təqdim ediləcək. Münsiflərin balları əsasında önə keçən nümunələr oxucuların da mühakiməsinə veriləcək. Bircə bunu qeyd edim ki, yenidən qurulan Qarabağın yeni tarixinə mədəni, sosial, mənəvi qatqısı olan ideyaları dəyərləndirənlər yalnız jurnalistlər deyil, quruculuq prosesində işrtirak edən müxtəlif sahələrin təmsilçiləri olacaq".

O, mükafatların simvolik məbləğ olduğunu qeyd edib.

"Müsabiqənin birinci mükafat fondunun az olmağına gəldikdə isə, bu, əlbəttə ki, simvolik məbləğdir. Amma ideyanın gerçəyə döndüyünü görməyin özü də bir mükafat deyilmi? Həm də Qarabağda.. Əminəm ki, müsabiqə bir çox yaradıcı insanlar arasında körpü yaradacaq, maraqlı müzakirələr üçün zəmin olacaq. Yazarlarla layihə işləyən mümarlar, rəssamlar, böyük quruculuğu həyata keçirən qurumlar arasında ünsiyyət produktiv nəticələrini verəcək. “Zəfərdən sonra” ehtiyacımız birliyədir" - deyə Lalə Əliyeva vurğulayıb.

# 930 dəfə oxunub

Müəllifin son yazıları

# # #