Ramiz Rövşən: tənəzzül, yoxsa təkrarsızlıq - MÜZAKİRƏ

Ramiz Rövşən: tənəzzül, yoxsa təkrarsızlıq - MÜZAKİRƏ
17 dekabr 2015
# 10:22

Bu günlərdə məşhur şairimiz Ramiz Rövşənin 69 yaşı tamam oldu. Bu münasibətlə tanınmış ədəbiyyat adamları onun yaradıcılığını müzakirə ediblər.

Rüstəm Behrudi

- Ramiz Rövşən mənim əziz dostumdur. Heyif ki, indi xəstəxanadayam və onun ad günü ilə bağlı nəsə yaza bilmirəm. İstərdim sizin vasitənizlə Ramizə təbriklərimi çatdıram. Ramizin elə şeirləri var ki, bütöv bir dövrü özündə əks etdirib və dillər əzbəri olub. Təbii ki, Ramizə oxşamağa çalışan çoxlu şairlər meydana gəldi, onu yamsılamağa çalışdılar, amma bu mümkünsüzdür. Özümüz də gördük ki, Ramiz Rövşəndən sonra elə böyük şeiriyyat yaranmadı. Çünki Ramizə oxşamaq hələ şair olmaq anlamına gəlmir. Qəbul edək ki, Ramiz təkrarsız şairdir.

Yalçın İslamzadə

- Ramiz Rövşən çox sevilən, çox oxunan şairdir. Oxucuları ilə müzakirələrdən gəldiyim qənaət onun şeirlərinin alt qatı, ciddi fəlsəfəsi olduğunu düşündüklərdir. Dili ustalıqla istifadə edir və aldadıcı bir “müdriklik” təəssüratı yaradır. Tarixi-sosial səbəblərdən bizim ölkəmizdə sosial sərmayə - insanların bir-birlərinə və gələcəyə inamları azdır. Ramiz Rövşən cəmiyyətdəki bu meyli gücləndirir. Cəmiyyətdə bir pessimizm var, bu pessimizm Ramiz Rövşənə diqqət yaradır, Ramiz Rövşən bu pessimizmi şeirləri ilə gücləndirərək, estetizə edərək cəmiyyətin qənaətini möhkəmləndirir. Nəticədə bu dünyanın dəyərsizliyi qənaəti möhkəmlənir. Ramiz Rövşən anti-renessans şairdir. Onun bədbinliklə yüklənmiş şeirləri “Üzünə ölüm küləyi dəysin”, “Göy üzü daş saxlamaz”, “Bu yaz gecəsində ölməyə nə var”, “Dünya qəfil işıqlansa”, “Dost evini dost yıxar” və sairdir. Onun yaradıcılığının böyük hissəsi belə qalın qara xətlə çəkilmiş mənzərələrdir. Bu pessimizm insanlara necə təsir edir? Bunu anlamaq üçün sosial-psixoloq John Barghın apardığı bir təcrübənin nəticəsinə baxmaq lazımdır - neqativ, yaşlılıq, qocalıq mövzulu kəlmələrin olduğu cümlələr oxutdurulan sınaq qrupu enerjili, gümrahlıq, gənclik mövzulu kəlmələrin olduğu cümlələr oxutdurulan kontrol qrupuna görə daha ləng, yorğun, həvəssiz davranmışdılar. Bu təcrübə sözərin, xüsusilə sevərək, bəyənərək oxuduğumuz mətnlərin şüuraltına necə təsir etdiyini göstərir. Bu mənada Ramiz Rövşən şeirlərini, xüsusilə gənclər üçün depressiv, demotivasiya edici olaraq görürəm.

Vurğun Əyyub

- Ramiz Rövşən haqqında söz demək həm çox çətindir, həm də asandır. Ramiz Azərbaycan poeziyasında yeni nəfəsdir və yeni bir məktəbin əsasını qoyub. Əgər fikir versək, son otuz ildə Azərbaycan poeziyasında Ramizin səsiylə danışmağa çalışan şairlərin sayı çoxdur. Ramizin şeirlərində Azərbaycan türkcəsinin yeni-yeni qatları açılır. Poeziyanın həqiqiliyi və ləyaqətliliyi üzə çıxır. Bu mənada Ramiz sevilməyə haqqı olan şairdir. Bəzən gənc şairlər Ramiz Rövşənin uğurunu həzm edə bilmədiyi üçün onu bədbinlikdə günahlandırırlar. Ancaq kim deyir ki, bədbinlik şair üçün pis şeydir. Onda gərək biz Molla Vəli Vidadini Azərbaycan poeziyasından silib ataq. Bu cür yanaşma sosial realizm tərəfdarlarına xasdır. Bir vaxt vardı, onlar Məhəmməd Hadini də bədbinlikdə günahlandırırdılar. Şübhəsiz ki, şairə necə yazmaq, nə yazmaq, hansı əhvalda yazmaqla bağlı məsələhət verənlər həmişə ədəbiyyat qarşısında uduzur. Azərbaycan poeziyasında yalançı nikbinlik poeziyasının təmsilçiləri çox olub, indi də var və onların yazdıqlarının elə bir dəyəri yoxdur.

Rasim Qaraca

- Şübhəsiz, Ramiz Rövşən istedadlı şairdir və Azərbaycandakı şeir anlayışına onun özünəməxsus təsiri vardır. Ramiz Rövşən şeirindən təsirlənərək meydana atılan, hətta uğur qazanan çox sayda şair vardır. Lakin mənim görüşümə görə Ramiz Rövşən özünün və onu sevənlərin şişirtdiyi dərəcədə böyük şair deyil, ədəbiyyat tarixinə iz qoyub-qoymayacağı da mənə görə mübahisəlidir. Hətta deyərdim, Ramiz şeiri poeziya tariximizin tənəzzülü sayıla bilər, çünki pis-yaxşı, modernistik ənənələrin yeni-yeni ayaq üstə durmağa başladığı zamanda Ramiz özünün pessimistik əhval-ruhiyyəsi, kahin qılıfıyla bu ənənəni bir anlamda yarıda kəsir, haradansa qaranlıq yerlərdən xəbərlər gətirən bir üslub şeirimizə hakim kəsilir, "filan şey filan şeydir" deyən şairlər güruhu meydana çıxır, Salam Sarvan, Aqşin Yenisey, Şəhriyar Del Gerani kimi istedadlar həmin kəhanətin birər qurbanlarıdır. Hər birinin şeirdə 3, 5, 10 illik hakimiyyəti var. Bu şairləri qaranlıqda uçuşan və vahimə yaradan yarasalara bənzətmək olar ki, günəşin doğmasıyla öz anlamlarını büsbütün itirərlər.

Əsəd Cahangir

- Ramiz Rövşən XX əsr Azərbaycan poeziyasının bir neçə ən istedadlı nümayəndəsindən biridir. Bura Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Vaqif Bayatlı və s. daxildir. Ramiz Rövşən o şairlər sırasında xüsusi yer tutur. Ona görə ki, Ramiz Rövşən şeiriyyatımızda yeni bir mərhələ yaradıb. Bizim poeziyamızda yuxarıda adını çəkdiyim şairlərin hər biri xüsusi mərhələ yaradıb. 30-cu illərdən etibarən poeziyamızda iki əsas xətt olub. Birincisi, heca şeiri - Səməd Vurğun və onun xəttinin davamçıları, ikincisi, sərbəst şeir- Rəsul Rza və onun xəttinin davamçıları. Bunların arasında poeziyada hakim xəttə çevrilmək uğrunda mübarizə gedirdi. Bu mübarizə otuz il çəkdi, 60-cı illərə qədər davam etdi. Bu zaman Ramiz Rövşən yaradıcılığı ortaya çıxdı. Onun yaradıcılığı bu iki xəttin hər ikisinə aiddir və yüz faiz heç birinə aid deyil, sintez xəttidir və bu xətt qalib gəldi. Ramiz Rövşən bizim şeiriyyatımıza Avropa şeir ənənələrini gətirdi, Rilkedən, Lorkadan təsirlənmiş şeirlər yazdı, rus gümüş dövr şeir ənənələrini, yapon şeir ənənələrini Aşıq Abbas Tufarqanlı, Qaracaoğlan, Yunus Əmrə, Füzulidən gələn mill şeir ənənələri ilə sintez etdi. Buna görə Ramiz Rövşəni hərtərəfli şair hesab etməliyik. Ramiz Rövşən üsyankar şairdir, amma bəziləri bu üsyankarlığı bədbinlik kimi qiymətləndirir. O, sosializmin şairlərə təlqin etdiyi “mutlu kommunist yarınları”na, boğazdan yuxarı bolşevik təbliğatına qarşı həqiqəti söyləmək üçün belə bir silahdan istifadə edirdi. Bu mənada sovet dövründə bu cür “bədbin” şeirlər yazmaq böyük qəhrəmanlıq idi. Onu çox tənqid edirdilər ki, sən niyə “işıqlı kommunist cəmiyyətində” ölümdən, bədbinlikdən yazırsan, allaha inanırsan. Şeirlərinə görə Ramiz Rövşəni tipik sovet şairləri, məsələn, Məmməd Rahim tənqid edirdi. Ramiz Rövşənin, məsələn, “Bu yaz gecəsində ölməyə nə var”, “Göy üzü daş saxlamaz”, “Kəpənək qanadı”, kimi nikbin ruhda yazılmış, sevginin tərənnümünə həsr olunmuş, eyni zamanda fəlsəfi şeirləri var. Düşünürəm ki, Ramiz Rövşən haqqında bu cür tənqidlər ona qısqanclıqdan irəli gəlir. İstəyir, sovet dövrünün ordenli-medallı şairləri, istərsə də indiki gənc nəslin bir sıra nümayəndələri onu qısqanırlar. Çünki onun, şeirin gücü ilə qazandığı uğuru, şöhrəti dövrünün şairləri arasında heç kim qazana bilməyib. /xəbər365.com/

# 4024 dəfə oxunub

Müəllifin son yazıları

# # #