Fotoya görə işdən qovulan mer müşaviri - HEKAYƏ

Fotoya görə işdən qovulan mer müşaviri - <span style="color:red;">HEKAYƏ
26 oktyabr 2015
# 12:32

Kulis Şərif Ağayarın “Şərab bayquşları” hekayəsini təqdim deir

Dünən Azad Yazarlar Ocağının başqanı Namiq Hüseynlinin “Saraclı” kafesindəki kupati və çaxır qonaqlığında İlyas adlı maraqlı bir kişiylə tanış oldum. Təsadüfən ikimiz də “Əsgər atası” filminin baş qəhrəmanı Maxaraşvilinin təkcə “Saraclı” kafesinə deyil, bütün Azərbaycana, Gürcüstana, hətta Ermənistan xaric bütün Qafqaza nur saçan iri rəsminin altında oturmuşduq. Turş gürcü çaxırının əsəri gəldikcə daha da doğmalaşmış, Namiq bəyin “yeraz” şəstiylə idarə etdiyi məclisdə xudmani bir muxtariyyət yaratmışdıq. Elə həmin səmimi şəraitdə İlyas müəllim şəhər meriyasında işlədiyini söylədi. Əvvəl inanmadım. Kişinin çallaşmış bakenbardlarına, qətiyyətlə üzümə dikilən palıdı gözlərinə baxanda özüm-özümdən utandım və badə dostum bu utancaqlığı hiss etməsin deyə araya söz qatdım. Sözüm də nə olcaq? Vaxtıyla meriyada işləyən mərhum dostum, şair Dərviş Cavanşiri soruşdum. Səmimiyyətlə gülümsədi, qarşımızdakı qırmızı “Marlboro” siqaretindən birini alıb damağına qoydu, alışqanla od verdi, kədərli bir qullab alıb ah çəkdi. Elə bildim Dərviş Cavanşirdən ötrü qüssələnir. Ona gör sözü fırlayıb yazıçı Əlabbasın üstünə gətirdim. Çünki, Əlabbas da meriyada işləyir, o da ədəbiyyat adamıdır və onunla da dostam. Ən başlıcası Əlabbas müəllim sağ-salamatdır və onu yada salmaq heç kimə qüssə gətirməz. İlyas müəllim son dediklərim üçün də səmimi təbəssüm ifadə edib söhbətimizə uzaqdan-yaxından zərrəcə dəxli olmayan belə bir sual verdi:

- Ömər Xəyyamı tanıyırsan?

- Əlbəttə. Mikayıl Müşfiqin tərcüməsində bir-iki rübaisini əzbər də bilirəm. Hahaha! – düşükcə güldüyümü hiss elədim, amma aldırmadım, əlimdəki şərab bardağını qaldırıb davam elədim:

– Şərab məclisində Ömər Xəyyamdan söz salmağınız lap yerinə düşdü – yaltaqlanmaq istədim. Həm ortamı yumşaltmaq üçün, həm də nə olar-nə olmaz, Bakı meriyası balaca yer deyil:

– Mən bilən Ömər Xəyyam şeirlə xobbi kimi məşğul olub. Yəni, əsas sənəti şairlik deyilmiş. Amma...

İlyas müəllimin gülməkdən uğunduğunu görəndə sözümü yarımçıq saxladım. O qədər güldü ki, ağzından su süzələndi. Ona salfet uzatdım, asqırıb öskürə-öskürə özünü birtəhər ələ alıb buyurdu:

- Onu demirəm, rəhmətliyin oğlu, onu demirəm! Hahaha! - Gülüşün dalğadan sonrakı ləpələri hələ də çəkilməmişdi - Mən cavan Ömər Xəyyamdan danışıram! Ömər Xəyyam Nirvanidi, nədi, o gədədən...

- Həəə - bu səfər məni gic bir gülmək tutdu – Dostumdu, çox yaxınıq, mənə “əmi” deyir həmişə, maraqlı uşaqdı...

Diqqətlə üzümə zillədi. Bu mövzunun onun üçün maraqlı olduğunu təxmin edib daha da qızışdım:

- Son günlərəcən onun əsl adının Ömər, yoxsa Xəyyam olduğunu mən də dəqiq bilmirdim. Bir dəfə içib onlara getmişdim. Yan otaqdan “Ömər!” deyə qışqırdım, hay vermədi, “Xəyyam!” – dedim, o saat, cavab verdi. Onda bildim ki, bu uşaq əslində Ömər yox, Xəyyamdır. Moşennikin biridi əclaf. Hahaha!

Ciddiləşdi. Və elə ciddiləşdi ki, bir azca qorxdum da! Ürəyimdə Allaha yalvardım ki, bu səydərəş Ömər Xəyyam hardasa İlyas müəllimin xətrinə dəyməmiş olsun, yoxsa Namiq Hüseynlinin aldığı kupatinin də, çaxırın da dadı qaçacaq.

İlyas müəllim:

- Yanında da biri hərlənir eee... O da tüklü-müklüdü, arada eynək də taxır. Sultan Süleymandı-nədi...

- İkinci Mahmud! – Qəfil necə qışqırdımsa məclisdəkilər bir anlıq yeməyi-içməyi saxlayıb üzümə baxdılar. Özümü itirdim. Yaxşı ki, İlyas müəllim dadıma çatdı:

- Ay sağ ol! Ay sağ ol! Həmən gədə!

- Cavandılar – keflənmişdim – yəqin belə adlar götürürlər ki, diqqət çəksinlər, yazıları maraq doğursun. Amma, İlyas müəllim, sizi əmin edirəm, onların hər ikisi çox istedadlı, çox dəyərli, ən əsası, çox sədaqətli uşaqlardır. Saqqallarına baxmayın...

Bu yerdə İlyas müəllim məni lap təəccübləndirdi:

- Əlbəttə! Əlbəttə, mənim əzizim! Bütün bunlar normaldır. Əsas ortalıqda olan mətndir. İmzan lap Sevdimalı olsun, məsələyə dəxli yoxdur.

Bir az susdu. Deyəsən, nədəsə tərəddüd edirdi. Səsini lap qısıb ağzını qulağıma yaxınlaşdırdı:

- Sənə bir söz deyim, amma aramızda qalsın!

- Problem deyil - əlimi ürəyimin üstünə qoyub Budda əminliyi ilə söylədim – vicdanıma and olsun, dedikləriniz aramızda qalacaq.

- Mən merin gizli mətbuat müşaviriydim. Bu “fiktivni” Ömər Xəyyama görə işimdən qovuldum.

Udqundum. Bilmədim məzələnir mənimlə, yoxsa doğru danışır. Amma adam çox ciddi idi. Heç yalan deyənə oxşamırdı. Özümü necə itirdimsə qeyri-iradi çevrilib Maxaraşvilinin nur saçan sifətinə baxdım. Və bu nur saçan sifət mənə dedi ki, çaxırdan bir qurtum al, kupatidən bir tikə at ağzına, gəvəzələ getsin, hər şey yaxşı olacaq.

- Bir gün mer məni qəfil kabinetinə çağırdı və əsəbi tonla soruşdu: “Ömər Xəyyamı tanıyırsan?” – İlyas müəllim merin gər səsini təqlid eləməyə çalışanda bildim ki, o da keflənib – Mən də eynən sənin kimi cavab verdim. Mer daha da əsəbləşdi, mənə bildirdi ki, söhbət o Ömər Xəyyamdan yox, bu Ömər Xəyyamdan gedir. Fərqləri isə təkcə o deyil ki, o Ömər Xəyyam bir neçə yüz il əvvəl yaşayıb. Fərqləri həm də budur ki, bu Ömər Xəyyam hələ də sağ olduğu çox təhlükəli adamdır. Xüsusən bizim meriya üçün!

İlyas müəllim duruxub daha bir siqaret yandırdı. Araya uzun sükut çökdü. Mən bu uzun sükutdan istifadə edib Maxaraşviliyə iki-üç dəfə də baxdım. Adam hər dəfə eyni əminliklə gülümsəyirdi. Nədəncə düşünürdüm ki, şəklin də əhvalı bizim söhbətə uyğun dəyişməlidir. Amma təbii ki, bu mümkün deyildi. Ona görə Maxaraşviliyə tərəf üz-gözümü turşudub təkrar müsahibimə baxdım. Özümdən asılı olmadan ağzımdan bu kəlmə çıxdı:

- Niyə?

İlyas müəllim altdan-altdan mənə baxıb qımışdı:

- Sovetskinin xarabalıqlarında şəkil çəkdirib paylaşdığına görə! – səsini alçaltdı - Mer çox əsəbi idi. İnterneti açıb şəkillərin bir-neçəsini mənə göstərdi. Kimsə bu şəkilləri onun şəxsi e-mailinə atmışdı. Və “Gələnlər qovluğu”nda daha bir linki klikləyəndə Ömər Xəyyamla bax o Sultan Süleyman idi, kim idi...

- İkinci Mahmud...

- Hə... İkinci Mahmudun söhbəti çıxdı. Şəkilləri də yanaşı... İkisi də üzü tüklü...

- Yəni, saqqallı.

- Yox, nə saqqal?! – İlyas müəllim əl-qol ata-ata əsəbi tərzdə dilləndi – Saqqalın bir mənası, bir hikməti var. Bunlarınkı sadəcə tükdü. Onlar saqqalı parik kimi geyiniblər. Obraza giriblər. Onların həyatında, yaşayışında, davranışında saqqaldan əsər-əlamət yoxdur. Saqqalsız yaşayıb, saqqallı görünən cüvəllağılardı bunlar... Bax əsl Ömər Xəyyamla, əsl Sultan Süleymanın...

- İkinci Mahmudun... – yenə düzəliş verdim.

- Hə, əsl İkinci Mahmudun əsas fərqi də məhz burdadır. Başa düşürsən?

- Məncə çox fəlsəfi danışırsız – mən bunu tərif üçün dedim, ancaq İlyas müəlim tənqid kimi başa düşdü. Əlindəki çəngəli elə qəzəblə yuxarı qaldırıb yellədi ki, dedim, bu saat gözümü deşəcək:

- Qətiyyən! Qətiyyən! Mən fəlsəfi-zad danışmıram. Bu çox sadə, gözlə görünən məntiqdir. Bunu hörmətli merə də dedim, o da başa düşmədi məni. İzah edə bilmədim ki, əslində geydirmə Ömər Xəyyamın orijinaldan fərqi məhz saqqallı yox, tüklü olmasındadır. Elə buna görə də təhlükəlidir!

Nə deyəcəyimi bilmədim. İlyas müəllim çaxırın son damlalarını da içib, hətta bəlkə əmib dodaqlarını yaladı, bardağı yerə qoyub mülayim səslə davam elədi:

- Məsələnin qəlizliyi burda da deyil. Məsələnin qəlizliyi ordadır ki, merə atılan sonuncu linkdə saxta Ömər Xəyyamla saxta Sultan Sül...

- İkinci Mahmud...

- ... Toest... İkinci Mahmud söhbət eləmişdilər. Və o söhbəti bizim merimiz heç cür başa düşmürdü. Mənə də acığı tuturdu ki, sən necə müşavirsən, bu boyda haqq-hesabdan xəbərin yoxdur.

- Nə danışmışdılar ki? – ayılmağa başlamışdım artıq.

- Saxta Ömər Xəyyam saxta Sul...

- İkinci Mahmud.

- ...Aha ...İkinci Mahmuda demişdi ki, hamısında şəkil çəkdirmişəm, xarabalıq qurtarıb, bəs indən belə Facebookda paylaşmaq üçün harda şəkil çəkdirəcəm? Sovetski kimi yeri hardan tapacam? Sultan Süleyman da – iradımın mənasız olduğunu görüb bu dəfə “İkinci Mahmud” ifadəsini ürəyimdə dedim – cavab vermişdi ki, narahat olma, nə qədər merimiz dəyişməyib, belə xarabalıqlar çox olacaq!

İlyas müəllim son sözləri deyəndə ağlamsındı. Üzünə əsl Məhərrəmlik hüznü verib səsinin tonun aşağı saldı:

- Fəlakət bu da deyil?

- Bəs nədir? – hövsələm elə daraldı ki, az qala qalxıb Maxaraşviliyə yumruq atacaqdım.

- Fəlakət budur ki, söhbəti əvvəlcə güc-bəla anlamışdım, di gəl, merə başa salmaq istəyəndə mənə elə bir söz dedi, bütün qənaətlərim alt-üst oldu.

- Nə söz? – bunu dilimdə, “İncimə Maxaraşvili” – bunusa ürəyimdə dedim və boğazında qaysı tumu qalan uşaq kimi yerimdə qurcuxdum.

- Mer qəzəblə ayağa qalxıb qapını göstərdi. Dedi, rədd ol! Get, adını dəyiş, sonra gəl. Sən bu adla meriya binasına girsən, çox sarsaqlayacaqsan!

İlyas müəllim sözünü bitirib laübalı baxışlarını üzümdə gəzdirdi və dodaqları əsə-əsə pıçıldadı: “Priçom tut mənim adım?”

Başım hərləndi, əllərim əsdi, özümü ələ ala bilmədim. Qəfil ayağa qalxıb, Maxaraşviliyə möhkəm bir yumruq atdım. Gülməyin, deyəsən, o da məni vurdu. Namiq Hüseynli tutmasaydı arxası üstə yıxılacaqdım. Namiqin qucağındaca huşumu itirdim. Eşitdiyim son sözləri də, deyəsən, o pıçıldadı qulağıma: “Bayaqdan kiminlə danışırsan?”

# 1247 dəfə oxunub

Müəllifin son yazıları

# # #