Yazıçılar əsərlərinin adını necə qoyurlar? – SORĞU

Yazıçılar əsərlərinin adını necə qoyurlar? – <span style="color:red;">SORĞU
19 dekabr 2016
# 13:19

Bəzən əsərin adı oxucuya çox söz deyir. Biz ilk dəfə əsərin adı ilə qarşılaşırıq. Bəs yazıçılarımız əsərin adını necə seçirlər? Ad seçimində çətinlik çəkirlərmi? Kulis.Az bu barədə yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Anar

Adı qoymaqda çətinlik çəkmirəm. Bəzən əsərə başlayanda adını qoyuram, bəzən də əsəri bitirdikdən sonra.

Əkrəm Əylisli

Əsəri yazandan əvvəl adını qoymuram. Uşaq doğulmamışdan qabaq ad qoymurlar axı. O adı mən sonra fikirləşirəm. Birdən bir ad gəlir ağlıma və deyirəm ki, bax bu olar. Mənim əsərlərim rus dilinə tərcümə olunanda adını başqa cür qoyuram. Məsələn, “Kür qırağının meşələri”. Bu rus dilində belə səslənə bilməzdi. Ona görə də onu belə adlandırdım: “Над крой в теплых лесах”. Yaxud da “Mənim nəğməkar bibim” hekayəsini götürək. Rusca bu çox şit çıxır. Ona görə onu ruscaya çevirəndə belə elədim: “Сказки тотишки наедине”.

Ad gərək çox bağıran, çığıran olmasın. Çox sadə olmalıdır. Dünya ədəbiyyatına fikir verək. “Don Kixot”, “Səfillər”, “Madam Bovari”, “Karamazov qardaşları”. Görün necə sadədir. Bizdə isə əsərin adı ilə məzmununu müəyyənləşdirmək istəyirlər. Estrada yazıçıları adla əsəri təbliğ edirlər. Adı ilə əsərini gözə soxurlar.

Çingiz Hüseynov

Əsər alınmayanda istər "qızılgül" qoy adını, istər "qaraqul", fərqi yoxdur... Amma alınanda "adı" yox, "dadı" qalır..."

Elçin Hüseynbəyli

Məndə ad məsələsi yazıdan qabaq yaranır. O da öz-özünə yaranır. Yazının mahiyyətindən doğur. Nadir hallarda dəyişdiyim olub. Mən ad seçməkdə heç vaxt çətinlik çəkməmişəm.

Mübariz Cəfərli

Mənim ən yaralı yerimdir. Zülmlə tapıram əsərin adını. Bəlkə yazı prosesində 20 dəfə dəyişirəm əsərin adını. Ən çətin yerimdir. Yalandan bir ad qoya bilmirəm.

Nəriman Əbdürrəhmanlı

Heç vaxt əsərlərimə ad seçməmişəm, ad təbii şəkildə mövzu ilə birgə doğulur, ilkin adı da dəyişmirəm. Cəmi bircə dəfə belə təsadüf olub. “Yolçu” romanının birinci adı “Karvansaray” idi, yazı prosesində duydum ki, bu ad romanı bütövlükdə ifadə eləmir, ona görə də təbii halda ağlıma gələn “Yolçu” ilə dəyişdim, bunun üçün də peşman deyiləm. Bəzi adlar (məsələn, “Dönəlgə”, “Yelçəkən” ) çox işlək sözlər olmadığından bəzən mənasını özümdən soruşurlar, buna da normal baxıram.

Cavid Zeynallı

Adətən belə bir çətinliyim olur. Bəzən mənə elə gəlir, yaxşı ad seçmək əsər yazmaqdan daha çətindir. Ona görə mövzu beynimdə yarananda çalışıram ki, bəri başdan adını tapım. Hətta bir neçə hekayənin qeydlərini götürmüşəm, artıq onların adını telefona yazmışam ki, yaddan çıxmasın.

Alpay Azər

Bəzən hekayələrimə ad tapana qədər çox əsəbiləşirəm. Aylar keçir, 4-5 variantdan birini güclə seçirəm. Məsələ burasındadır ki, tənqidçi, yazıçı dostlar da hərdən ad məsələsində mənə irad tuturlar, hərçənd düşünmürəm ki, hekayələrimə qoyduğum bütün adlar uğursuzdur.

Hesab edirəm ki, uğurlu ad əsərin oxunması üçün vacib olan şeydir. Çünki oxucu, adətən, kitabı açanda, ilk olaraq mündəricatdakı adlara baxır, cəlbedici ad onu o dəqiqə özünə çəkir.

# 1199 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #