Allah niyə pislik edir? – ərəb yazıçının hekayəsi

Allah niyə pislik edir? – <span style="color:red;">ərəb yazıçının hekayəsi
30 iyun 2017
# 21:00

Kulis Ədəbiyyat üzrə Nobel mükafatı alan ərəb yazıçı Nəcib Məhfuzun “Uşaqların cənnəti” hekayəsini təqdim edir.

- Ata...

- Nə olub?

- Rəfiqəm Nadya və mən həmişə birlikdəyik.

- Bu yaxşıdı, mənim balam.

- Dərsdə, tənəffüsdə, yeməkxanada...

- Əla. O, çox yaxşı və tərbiyəli qızdı.

- Amma “Allahın qanunları” dərsində biz ayrı-ayrı siniflərdə otururuq...

Ata toxumaqla məşğul olan anaya baxdı və onun gülümsədiyini gördü. Özü də gülümsəyərək dedi:

- Bu ki, ancaq “Allahın qanunları” dərsindədi.

- Niyə belə olur, ata?

- Çünki, sən ayrı imandasan, o ayrı.

- Necə?

- Sən müsəlmansan, o xristian.

- Niyə, ata?

- Sən hələ balacasan. Bunu böyüyəndə anlayacaqsan.

- Mən artıq böyüyəm.

- Yox, mənim balam. Sən hələ balacasan.

- Mən niyə müsəlmanam?

Hə... Müasir tərbiyə üsullarından kənara çıxmamaq üçün səbir etməli və ehtiyatla danışmalısan.

- Sənin atan müsəlmandı, anan da. Sən də buna görə müsəlmansan.

- Bəs Nadya?

- Onun atası da, anası da xristiandı. Ona görə o da xristiandı.

- Ona görə ki, onun atası eynək taxır?

- Yox, eynəyin bura dəxli yoxdu. Sadəcə onun babası da xristian olub.

O, uzaq əcdadları sadalamağı və bu yolla qızını bezdirməyi, nəhayət qızın mövzunu dəyişəcəyini düşündü. Amma qız soruşdu:

- Bəs hansı yaxşıdı- müsəlman olmaq, yoxsa xristian?

Bir az düşünən ata cavab verdi:

- Hər ikisi yaxşıdı.

- Axı hansısa daha yaxşı olmalıdı.

- Hər iki din yaxşıdı.

- Bəlkə, Nadya ilə ayrılmamaq üçün mən də xristian olum?

- Yox, qızım. Bu mümkün deyil. Hər kəs öz valideynlərinin dinini qoruyub saxlamalıdı.

- Axı niyə?

...Həqiqətən də müasir tərbiyə asan iş deyil!

- Bəlkə sən bu sualları böyüyəndən sonra verəsən?

- Yox, ata.

- Yaxşı. Sən dəbin nə olduğunu bilirsən? Bax, birisi bir dəblə ayaqlaşır, digəri başqa dəblə. Müsəlman olmaq müasirlikdi, ən sonuncu dəbdi. Buna görə də sən müsəlman olaraq qalmalısan.

- Demək Nadya köhnə dəblidi? Deyəsən, o, hardasa səhv edib. İndi necə etməli?

- Bu zövq məsələsidi. Amma hər kəs öz valideynlərinin dininə sitayiş etməlidi.

- Olar mən Nadyaya deyim ki, o köhnə dəblidi?

- Hər bir din yaxşıdı-ata tələsik əlavə etdi-müsəlmanlar da, xristianlar da eyni Allaha ibadət edir.

- Bəs niyə onlar fərqli otaqlarda ibadət edir?

- Çünki hər kəs öz bildiyi kimi ibadət edir.

- Necə yəni öz bildiyi kimi?

- Bunu gələn və ya ondan sonrakı il biləcəksən. Hələlik bu qədərini bil ki, müsəlmanlar da, xristianlar da Allaha etiqad edir.

- Bəs Allah kimdi?

Burda artıq ata özünü itirdi. Sakitliyini qorumağa çalışaraq soruşdu.

- Bəs məktəbdə müəllimə bu haqda nə deyir?

- O, Qurandan surə oxudu. Bizsə əzbərlədik. Amma mən heç nə anlamadım. Allah kimdi, ata?

- O, dünyadakı hər şeyin yaradıcısıdı.

- Hər şeyin?

- Hə, hər şeyin.

- Bəs yaradıcı nədir?

- Yəni hər şeyi O yaradıb.

- Necə yaradıb?

- Özünün əzəməti ilə.

- Bəs O harda yaşayır?

- Dünyanın hər yerində.

- Bəs dünya var olmayanda harda yaşayıb?

- Yuxarıda, göydə.

- Səmada?

- Hə.

- Mən onu görmək istəyirəm.

- Bu mümkün deyil.

- Hətta televizorda da?

- Hətta televizorda da.

- Onu heç kim görməyib?

- Heç kim.

- Bəs sən hardan bilirsən ki, O göydədi?

- Çünki bu belədir.

- Bəs Onun göylərdə olduğunu ilk dəfə kim bilib?

- Peyğəmbərlər.

- Peyğəmbərlər?

- Hə. Məsələn, Məhəmməd peyğəmbər.

- Bəs o, bunu hardan bilib?

- Özünün xüsusi gücü sayəsində.

- Onun gözləri çox yaxşı görürdü, hə?

- Hə.

- Niyə, ata?

- Çünki Allah onu belə yaradıb.

- Niyə axı?

Kişi qalan səbrini də itirərək cavab verdi:

- Çünki O, etmək istədiyi hər şeyi edə bilir.

- O necədir ki?

- Çox qüdrətli, çox güclü, hər şeyi bacaran.

- Sənin kimi. Hə, ata?

Gülməyini güclə saxladı.

- Onun tayı-bərabəri yoxdu.

- Bəs niyə göydə yaşayır?

- Çünki yer Onun üçün kiçikdir.

Qız bir az düşünüb dedi:

- Amma Nadya deyir ki, o yerdə yaşayıb.

- Çünki O, yerdə baş verən hər şeyi bilir.

- Nadya həm də deyir ki, Onu öldürüblər...

- Yox balaca. Onlar elə düşünürdü ki, Onu öldürüblər. Amma O sağdır, yaşayır.

- Onda babam da sağdı, hə?

- Yox, o həqiqətən ölüb.

- Niyə?

- Xəstə idi, ona görə.

- Bacım da xəstədi. O da öləcək?

O, arvadının qəzəbli baxışlarını öz üzərində hiss edərək alnını qırışdırdı.

- Yox, Allahın köməyi ilə o, sağalacaq.

- Bəs babam niyə öldü?

- O, xəstə və qoca idi.

- Sən də xəstələnmişdin və qocasan. Sən niyə ölmədin?

Ana qıza acıqlandı. Heç nə dərk etməyən qız bundan özünü itirdi. Tərəddüdlə gah anasına, gah atasına baxdı.

- Bizim ölümümüz Allahın ixtiyarındadır. O, nə zaman istəsə, onda da, öləcəyik. -nəhayət ata cavab verdi.

- Bəs O, niyə bizim ölümümüzü istəyir?

- Hər şey Onun hökmü ilə baş verir.

- Bəs ölüm yaxşıdı?

- Yox mənim balam.

- Bəs niyə Allah pislik edir?

- Pislik deyil. Əgər Allah lazım bilirsə, deməli insanlar ölməlidi.

- Axı özün dedin ki, ölüm pisdi?

- Mən səhv etdim, balaca.

- Bəs niyə sənə "öləcəksən" deyəndə anam acıqlandı?

- Çünku Allah hələ bunu istəmir. İstəmirsə, biz də bunu dilə gətirməməliyik.

- Bəs nə vaxt istəyəcək?

- O bizi bu dünyaya göndərir, lazımi vaxtda isə burdan aparır.

- Niyə?

- Bizim bu dünyadan gedənə qədər yaxşılıq edə bilməyimiz üçün.

- Bəs niyə burda qala bilmərik?

- Əgər insanlar dünyanı tərk etməsələr, başqa insanlara yaşamaq üçün yer çatmaz.

- Bütün yaxşı şeylər bu dünyada qalacaq?

- Biz daha yaxşı şeylərin olduğu daha yaxşı yerə gedəcəyik.

- Hara?

- Yuxarı, göylərə.

- Allahın yanına?

- Hə.

- Onu görəcəyik?

- Hə.

- Bu yaxşıdı?

- Əlbəttə.

- Elə buna görə də biz getməliyik, hə?

- Amma hələ biz edə biləcəyimiz qədər yaxşılıq etməmişik.

- Bəs babam etmişdi?

- Hə.

- O, nə etmişdi?

- Ev tikmiş, bağ salmışdı.

- Bəs əmim oğlu Tutu nə etmişdi?

Ata ümidsiz baxışlarını anaya tərəf çevirərək yardım istədi. Sonra isə dedi:

- Getməzdən əvvəl o da balaca bir evcik tikmişdi.

- Bəs qonşumuzun oğlu Lulu? Məni döyür, heç bir yaxşılıq etmir.

- O, dəcəldi.

- O da öləcək?

- Allahın istəyi olduğu zaman öləcək.

- Amma o, heç bir yaxşılıq etməyib.

- Hamı ölür. Kim yaxşılıq edibsə, Allahın yanına gedir, pislik edənlər tonqalda yanır.

O, köksünü ötürdü, bir qədər susdu. Ata isə özünü tamamilə üzgün hiss edirdi. Görəsən o, qızının suallarını düzgün cavablandırırdı? Bu zaman qız yenidən dilləndi:

- Mən həmişə Nadya ilə bir yerdə olmaq istəyirəm.

Onun təəccüblə baxdığını görüb izah etdi:

- Hətta “Allahın qanunları” dərsində də.

O, bərkdən qəhqəhə çəkdi. Ana da güldü.

- Heç vaxt ağlıma gəlməzdi ki uşaqlarla bu cür mövzuları müzakirə etmək olar.

Arvadı cavabında:

- Qızımız böyüdükdə, sən ona bütün şübhələrini deyə bilərsən.

O, cəld arvadına tərəf çevrilib bunu ciddi, yoxsa zarafatla dediyini anlamağa çalışdı. Lakin, qadın yenidən toxumaqla məşğul idi.

Rus dilindən tərcümə: Xatirə Nurgül

# 1392 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #