Bakirəliyinə görə türk gənci öldürən Aidə - HEKAYƏ

Bakirəliyinə görə türk gənci öldürən Aidə - HEKAYƏ
22 oktyabr 2015
# 10:04

Kulis Səidə Haqverdiyevanın “Qisas” hekayəsini təqdim edir.

Şər qarışmışdı. Hava çox soyuq idi. Şaxta qılınc kimi kəsirdi. Küçədə-bayırda inli-cinli gözə dəymirdi. Kazım müəllim Bulvardakı oturacaqda əyləşib fikrə getmişdi. Onun yanaqları allanırdı. Birdən hiss etdi ki, ayaqları şaxtadan donur. Yerindən astaca qalxıb, yavaş-yavaş onu gözləyən sürücüsünə tərəf getdi. Sürücüsü avtomobilin arxa qapısını açdı. O, çox halsız idi. Həm də bərk üşümüşdü.

Sürücü:

- Kazım müəllim, hara sürüm? Bayaq dediniz evə getmək istəmirsiniz...

Kazım Həsənquluya baxıb:

- Həsənqulu, neçə ildi mənimlə işləyirsən?

- Bu il on altı il olacaq.

- On altı il?! Sən bu on altı ildə bir dəfə də olsun məni belə görmüsən?

Sürücü bir az fikirləşdi:

- Bir dəfə görmüşdüm. Ananız rəhmətə gedəndə - Sürücü güzgüdən Kazıma baxdı: - Salamatçılıqdı?

Kazım Həsənqulunun bu sualını cavabsız qoyub, gözlərini yola dikdi.

Ürəyində özü-özüylə danışmağa başladı: "Hə, Kazım... Daha dözə bilmirsən. Gücün yetmir, yorulmusan, göz yuma bilmirsən... Bəlkə təqaüdə çıxmağın vaxtı gəlib çatıb"

- Həsənqulu, evə tərəf sür - deyib yenə düşündü: “Eh Kazım, nə pis zəmanəyə gəlib çıxdın...”

Həsənqulu avtomobili saxlayıb, Kazıma baxdı.

- Həsənqulu, qızının elçiləri gəldi?

- Kazim müəllim, "həri"sin verdim...

- Allah xoşbəxt eləsin! Bəs təhsili necə olacaq?

- Şərtimi kəsib verdim... Universiteti bitirdikdən sonra toyu eləyəcəm...

- Bəs oğlunun ailəsi necədi? Harada yaşayır?

- Mənimlə. Kasıbçılıqdı, ev ala bilmədim. Evlər od qiymətinədir... Necə bəyəm?

- Heç elə-belə... Gecən xeyrə qalsın! Səhər gəlmə.

Həsənqulu çaşqın halda:

- Axı, vacib işiniz var idi...

Kazım onun səsini eşitmirmiş kimi yoluna davam etdi. Ürəyindən əməliyyat olunandan evə heç vaxt pilləkənlə qalxmazdı, liftdən istifadə edərdi. Bu gün on ikinci mərtəbəyə ayaqla qalxdı...

***

Həmişəki kimi iki yumurtanı kərə yağında qayğanaq bişirən anam sübhdən oyanmışdı. Zavod çörəyini də əlləriylə doğra-doğraya məni oyatdı. Bu gün yenə hər gün olduğu kimi mehriban idi. Bir az da ümidli. Axı dünən axşam onu müjdələmişdim ki, işə başlayacam. Yaxşı bir iş təklif ediblər deyə, lap sevindirmişdim onu. Guya 500 manat maaş da verəcəkdilər. Ara-sıra "çak-çuk"um da olacaqdı… O da bütün gecəni sevincindən yatmayıb plan qururdu. Birinci kimin borcunu verəcəkdi. Əgər lap əvvəl işə getsəydim indi Güldənəgillə lotereyaya qoşulmuşdu. Sonra maaşımdan artırıb qızıl atacaqdı... Dar günümüz üçün… O, xəyallar qurur, mən isə onu aldatmağımın xəcalətini çəkirdim. Ağır idi. Di gəl, anamı aldatmaya bilməzdim. O, artıq tükənmişdi. Fikir eləməkdən hər gün bir yeri ağrıyırdı. Üzündə dərd qırışları durmadan artırdı… Yoxluq, kasıbçılıq onun qamətini hər gün bir az da əyirdi. Onsuz da anam elə hündürboy deyildi, son günlər daha da cılızlaşmışdı. Lap uşağa oxşayırdı.

Bütün gecəni hər ikimiz oyaq qaldıq… Anam sevincindən zümzümə edir, balaca qardaşımla zarafatlaşır, gülürdü. Bu mənzərə məni nə qədər sevindirirdisə, bir o qədər əzab verirdi. Mən də sevinirmiş kimi arada onlara qoşulurdum. Hətta bəzən anama baxanda öz uydurduğum yalana özüm də inanırdım. Ancaq bir neçə dəqiqəlik. Əlimə telefonu alanda, borclu olduğum adamların məktublarını oxuyanda üzümə qaranlıq çökürdü. Oturduğum yer dar gəlirdi mənə, dərdim bu evə də, bu şəhərə də sığmırdı.

Artıq səhər idi. Durub işə getməliydim. Anama deyə bilməzdim ki, işə-zada düzəlməmişəm, heç bir yerdə məni işə götürmürlər, kim məni iş üçün qəbul edirsə, şam yeməyinə dəvət edir, mənə məşuqə kimi baxır... Deyə bilməzdim… Bir çarə tapmalıydım. Çarə də ki yağlı əppək olub göyə qalxmışdı. Yox idi bir döyə biləcəyim qapı, bir yardım istəyəcəyim adam. Yox idi. Narkotikdən istifadə etdiyinə görə həbsdə yatan atadan, hələ 12 yaşı tamam olmayan qardaşdan, bir də sadəlövh anadan başqa heç kimim yox idi. Sadəcə, olanım yaşımın azlığı, gözəlliyim, qoçaqlığım, hə, bir də bakirəliyim idi…

Bir tikə çörəyi boğula-boğula yeyib, üz-gözümə əl gəzdirməyə başlayanda anam yaxınlaşıb olan-qalanı bir cüt qızıl sırğanı mənə uzatdı. Bir də iki manat pul.

- Götür sat bunları, onsuz da maaş alana kimi sənə yol pulu lazımdı. Heç kimə ağız açma – deyəndə dizlərimin titrədiyini hiss elədim… İki manat pulu alıb sırğaları geri itələdim. Buna da bir bəhanəm vardı. Bu gün "avans" almalıydım.

Saat ona işləyirdi. Anam sağıma-soluma keçirdi ki, işə gecikərəm. Mən isə bir az da ləngimək istəyirdim ki, lap tezdən küçələrdə veyllənməyim. Anam durmadan gileylənirdi ki, ilk gündən geciksən götürməzlər birdən… Beləcə mən səhərin gün üzü görən vaxtı çıxdım evdən. Cibimdə iki manat pul, qarşımda sonu görünməyən yol…

Evimizin yanından şəhərə gedən çoxlu avtobus vardı. Elə metro da yüz metr aralıqda idi. Axı gedəsi yerim yox idi. Çox fikirləşib bütün şəhəri gəzə biləcəyim avtobusa qalxdım. Keçib lap arxada oturdum. Adam az idi. Pilləkənləri qalxanda sürücü acgözlüklə ayaqlarıma baxdı. Əlimdəki boş çantanı onun çopur sifətinə çırpmaq, barmaqlarımla domba gözlərini çıxartmaq istədim, amma "lənət şeytana" deyib, keçdim. O da avtobusun ön güzgüsünü tarazlayıb, maqnitofonun səsini artırdı. Özü kimi, dinlədiyi mahnı da ürək bulandırırdı. Lakin istəsəm də, istəməsəm də tam qırx dəqiqə bu mahnını eşitməliydim. Pəncərədən üzümü yola tutmuşdum. Avtobus yavaş-yavaş tərpəndi. Onun yavaş-yavaş getməsi mənə sərf edirdi. Çünki mən ən axırıncı dayanacaqda düşəcəkdim. Nə qədər yavaş getsəydi, səkkiz saatlıq yalançı iş vaxtımdan itirmiş olacaqdım. Amma az keçmədi ki, o başladı başqa avtobuslarla ötüşməyə. Sürət artdıqca əsəblərim tarıma çəkilirdi. Durub sürücünü boğmaq istəyirdim. Bir də yanımda oturub sevgilisi ilə nazlana-nazlana danışan qızı... Axı bu qız dozanqurduya oxşayır, bu gədə bunun nəyin istəyir?! Birdən qızın əlindəki nişan üzüyünü görəndə lap onları parçalamaq istədim. Mənim bəxtim niyə gətirmədi? Mən də ailə qura bilərdim, xoşbəxt ola bilərdim… Əgər hər oğlan bir-iki dəfə mənimlə öpüşmək, vaxt keçirmək üçün min bir yalan uydurub özünü inandırmasaydı, qarşıma dürüst biri çıxsaydı, günün bu vaxtı ərimi işə yollayıb, uşağımı əzizləyərdim… Əgər olsaydı… Mən bunları fikirləşirdim, hər avtobusdan tələsərək düşən adamlara həsəd aparırdım. Onların hamısının gedəcək yeri, cüzdanlarında pulu, mənimsə heç nəyə yaramayan gözəlliyim…

Axırıncı dayanacağa gəlib çatanda avtobusda əlil bir kişi qalmışdı, bir qoca arvad, bir də mən… Sürücünün pulunu verib, onun murdar baxışlarından qurtulmaq istəyirdim. Bir yandan da oturub bütün günü avtobusda yuxarı-aşağı gedib vaxt itirmək... Lakin bu adamla yol yoldaşlığı eləmək axmaqlıq olardı… Avtobusdan aşağı enib, pulumun qalığını aldım. O qəpikləri mənə tərəf uzadan da barmaqları ovcuma dəyməsin deyə əlimi necə çəkdimsə hamısı avtobusun pilləkənlərinə töküldü. O an "Al, haramın olsun" - deyib getmək əvəzinə pilləkənlərdən qəpikləri yığdım və bu dəfə o, mənim açılan sinəmə marıtladı. Mən hirsliydim. Göydən tökülən oda, avtobusun pilləkənlərindən dığırlanıb yerə düşən 20 qəpiyə, şorgöz sürücüyə, məni aldadan bütün şərəfsizlərə hirsliydim…

İri addımlarla harasa tələsirmiş kimi gedirdim. Susamışdım - ciyərim yanırdı. Yaxındakı qəzet köşkünə yaxınlaşdım, bu köşkdə qəzetdən başqa hər şey satırdılar - siqaret, alışqan, hətta çörək… 20 qəpik verib sadə su aldım, başıma çəkirdim ki, dayandım. Yadıma düşdü ki, hava istidir, bu suyun hamısını içsəm sonra ala bilməyəcəm. Odur ki, qurtum-qutum içməliyəm. Rəfiqələrimdən kiməsə zəng vurub görüşmək istəyirdim. Telefonumda kontur yox idi. Heç qısa zəng də vura bilmirdim. Yoldan keçən bir nəfərdən xahiş edib tanışım bir qıza zəng vurdum. O da ofislərinin yanındakı parka çağırdı. Durduğum yerdən bir dayanacaq o tərəfə... Asta-asta addımladım. Ondan bir-iki dəfə kömək istəmişdim, eləməmişdi. Lakin parkda tək oturmaqdansa onunla oturaram, deyə düşündüm. Boş-boş görüşdüyü oğlandan, ona xərclədiyi pullardan, onun bunu necə sevməsindən danışar, mən də bir qulağım onda, bir qulağım kar, dinləyərəm.

Yenə yalançı marçıltı ilə öpüşdük, yenə bir-birimizə yalançı təriflər dedik və yenə o alfons sevgilisindən danışmağa başladı. Bu dəfə səbrim çatmadı, onun şişirdilmiş məhəbbətini dinləməyə. Sağollaşıb getdim bulvara. Bir az dəniz kənarında oturub fikirləşmək istədim. Təmiz havada otursam, bəlkə ağlıma bir fikir gələr. “Azneft” meydanında avtobusdan düşüb dənizin kənarıyla asta-asta yeriməyə başladım. Düzdü, burda da bığ yeri təzə tərləmiş oğlanlar mənə imkan vermirdilər: söz atır, qışqıra-qışqıra telefon nömrələrini deyirdilər. Ayaqla çox gəzmişdim deyə, yorulmuşdum. Kölgəlikdə bir yer axtarırdım ki, oturub dincəlim. Amma hara baxırdımsa, ya yaşlı adamlar var idi, ya da bir-birinə yapışmış sevgililər. Bərk acmışdım, qaçıb dönər yeyə-yeyə gedən adamların əlindən yeməklərini almaq istəyirdim. Çox düşündüm və qərarımı verdim; ən yaxşısı ölməkdir! Dənizin lap kənarına qədər gəldim. Bu vaxt bir nəfər türk məndən “Sahil” metrosunun yerini soruşdu. Nə qədər izah elədimsə, yolu tanımadı. Onunla bərabər yeriməyə başladıq. Dedi, Bakıya ilk dəfədir gəlir. Böyük iş quracaq. Bir-iki məmurun adını çəkdi. Beləcə tanış olduq. Özü məni yeməyə dəvət elədi. Ordan-burdan söz düşmüşkən telefonuma zəng gəldi. Düzü, axırıncı dəfə işdən çıxandan bəri borclu olduqlarımdan başqa heç kim məni itirib-axtarmırdı. Telefonu götürüb kənara çəkildim ki, birdən onlar olar, qışqırar, oğlan eşitməsin! Amma anam idi, qonşunun nömrəsindən zəng vururdu. Xısın-xısın işimi xəbər alırdı. Qonşunun da kənardan səsi gəlirdi: "Qısa danış, kontur qurtaracaq". Mən anamın üzünə telefonu söndürüb qayıtdım. Oğlan artıq mərci şorbasını içib, lahmacuna keçmişdi… Göyərtiləri ətli lavaşın arasına qoyub, limonu üstünə sıxanda ağzını büzüb, üzünü necə turşutdusa, lap lahmacuna nifrət elədim. Dürməyi dişinə çəkib, nə işlə məşğul olduğumu soruşdu. Elə bu vaxt dərdim açıldı. Başladım nə vardı danışmağa, o, başa düşürmüş kimi dinləyib, mənə kömək edəcəyini bildirdi və cibindən iki yüzlük çıxardıb mənə uzatdı. Mən pulu onun əlindən elə qapdım ki, elə bil qışda küçə iti sümük qapır. Ona nömrəmi verib, uça-uça evə gəldim. Pulu anama verəndə başladı ağlamağa. O gecə anam həm sevinirdi, həm də o pulu borclular arasında necə böləcəyini düşünürdü. Mən isə... Sabah həmin türklə səhər yeməyində, üstəlik mehmanxanada görüşməliydik. Necə olacaqdı, bilmirdim, iş tapana kimi görüşəcəkdim. Bir də o bizim millətdən deyildi. Onlarda mehmanxanaya getmək pis hesab olunmur deyə düşünürdüm. Səhər tezdən onun dediyi yerə gəldim. Məni gözləyirdi. Oturduq taksiyə, gəldik bir yerdə səhər yeməyi yedik. Sonra onunla qaldığı nömrəyə qalxdım. O, sabah qayıtmalıydı və mən də guya onun çamadanını yığmağa kömək etməliydim. Onun otağı özü kimi çox səliqəsiz idi. Mənə yataqda oturmağı təklif elədi. Bədənim titrəyirdi, qorxmağa başlamışdım. Üç-beş manata görə gəncliyimi, həyatımı korlamağa dəyməzdi. Bəlkə gələcəkdə hər işim qaydasına düşərdi... Mən bunları düşünürdüm, o isə vanna otağına keçmişdi. Hamamdan şırhaşır suyun səsi gəlirdi. Mən durub ortalığı səliqəyə saldım. Başa düşdüm ki, o elə də varlı adam deyil. Çamadanı köhnə idi. Elə geyimləri də… Bir hiylə eləməliyəm, deyərəm ki, otağını təmizlədim, dünən verdiyin pulu buna çıx… Yox, bunu deyə bilmərəm. Çünki otaqları təmizləyən xadimə var, nəyinə gərəkdi… Yox, deyərəm xəstələnmişəm, özümü pis hiss eləyirəm, gələn dəfə mütləq… Hə, belə deyərəm. Onsuz da bura tez-tez gələcək, o vaxta qədər iş tapıb pulunu qaytararam… Həlim adama oxşayır, razılaşacaq... Elə bu an gördüm lüt-anadangəlmə hamamdan çıxdı. Çimdikdən sonra daha çox çirkinləşmişdi elə bil. Mən ona anamın zəng vurduğunu, ayağını sındırdığını dedim, ağlıma daha dəhşətli bu gəldi o an… O, bir az təəssüflənmiş kimi olub məni daha da tələsdirdi. Mən israrla getməli olduğumu deyəndə onun əsl siması ortaya çıxdı… Bütün borc aldığım adamların baxışları eyni imiş sən demə. Mən bu dəfə "Mən qızam, eləyə bilmərəm, başa düşürsən?" - deyəndə, o, astadan – "Bunu dünən pul almadan düşünəcəkdin"- deyib çiyinlərimdən tutdu…

- Mənə bir saat vaxt ver, qaytararam, cəmi bir saat - demişdim ki, əlinin arxasıyla mənə bir sillə çəkdi. Zərbə ağır olsa da taqətimi itirmədim, əlindən çıxıb qapıya tərəf qaçdım. O da arxamca gəlib belimdən yapışdı. Əməlli-başlı otaqdan ikimizin səsi yüksəlirdi. Mən bir daha onun əlindən qaçıb yatağın yanında yerə qoyduğu boş pivə şüşəsini götürüb başıma qaldırdım ki, qorxudum. Ancaq o, vurmayacağımı düşünüb gülə-gülə qırmızı görən öküz kimi üstümə şığıdı və o an mən şüşəylə bir neçə dəfə onun başına vurdum. Vurdum, bərk, lap bərk vurdum. Həyatımın bütün ağrı-acısının qisasını ondan aldım, cənab müstəntiq!

***

Düz altı ay bundan öncə bu sözləri eşidəndə Kazım müəllim Aidəyə kömək eləmək istəyirdi… Ona söz vermişdi, sözü bütöv adamlar kimi… Ona hökm oxunanda Kazımın başı qızının xeyir işinə qarışmışdı, sonra mütləq işə yenidən baxılacaqdı. Amma ürəyindən əməliyyat olundu. Yenə baxacaqdı, əgər Aidə sətəlcəmdən ölməsəydi…

# 1018 dəfə oxunub

Müəllifin son yazıları

# # #