Çağdaş bestseller Azərbaycan dilində - Bir Hissə

Çağdaş bestseller Azərbaycan dilində - Bir Hissə
17 aprel 2019
# 15:41

Kulis.az müasir ispan ədəbiyyatının ən sevilən nümayəndələrindən olan Karlos Ruis Safonun “Külək kölgəsi” romanından bir hissəni tərcüməçi İlqar Əlfinin tərcüməsində təqdim edir.

Karlos Ruis Safonun “Külək kölgəsi” (La sombra del viento) romanı 2001-ci ildə çap olunub. Bestsellerdir. 30-dan çox dilə çevrilib, 42 ölkədə 11 milyon tirajla yayılıb. Bu məşhur roman artıq doğma dilimizdə də var. Kitab bu il “Qanun” nəşriyyatında işıq üzü görəcək. Tərcümə İlqar Əlfidəndir.

Külək kölgəsi

Unudulmuş Kitablar Qəbristanı

Atamın məni ilk dəfə Unudulmuş Kitablar Qəbristanına apardığı erkən səhəri indiki kimi xatırlayıram. 1945-ci ilin yayı yenicə başlamışdı. Biz kül rəngli səma altında, Barselona küçələrilə addımlayırdıq; bulanıq günəş Santa-Monika bulvarına ərinmiş mis kimi axırdı.

- Daniel, bu gün görəcəklərini kimsəyə danışmamalısan, - atam mənə xəbərdarlıq etdi. – Hətta, dostun Tomasa belə.

- Anama da? – az qala, pıçıltıyla soruşdum.

Atam köksünü ötürüb, sifətinə kölgə salan həmişəki qüssəli təbəssümünün arxasında gizləndi.

- Nə danışırsan, - çaşqın-çaşqın mənə baxıb cavab verdi. – Bizim ondan gizlin sirrimiz yoxdur. Ona hər şeyi danışmaq olar.

Anam vətəndaş müharibəsindən sonra, vəba epidemiyası tüğyan edəndə ölmüşdü. Biz onu Montjuik qəbristanlığında, mənim dörd yaşım tamam olan gün dəfn elədik; yadımdadı, bütün günü, bütün gecəni yağış yağırdı. Atamdan soruşdum: “Göy də ağlayır?” – cavab verə bilmədi: səsilə bacarmırdı. Anamın yoxluğu altı ildən sonra belə, qəlbimdə dərin bir yara kimi - sözlə susdurmağı heç cür öyrənə bilmədiyim səssiz bir çığırtı kimi qaralırdı. Atamla mən kilsə meydanının yaxınlığında, Santa-Ana küçəsindəki kiçik mənzildə yaşayırdıq. Mənzilimiz babamdan miras qalan dükanın üstündə idi. O dükanda kitab satılırdı - qədim, nimdaş kitabların tilsimli məmləkətiydi ora; atam fikirləşirdi ki, günlərin birində o məmləkətin sahibi mən olacam. Mən elə kitabların içində böyümüşdüm; kağızı köhnəldiyindən, toxunan kimi ovulan səhifələrin arasında gözəgörünməz dostlar tapa-tapa böyümüşdüm; o kitabların qoxusu hələ də əllərimin yadındadır. O vaxtdan bəri, məndə bir adət yaranmışdı: gecə yataq otağının alaqaranlığında yuxulayanda, anama gün ərzində baş verənlərdən, məktəbdəki iş-gücümdən, öyrəndiyim təzə şeylərdən mütləq danışırdım... Anamın səsini eşidə bilmirdim, toxunuşunu duymurdum, amma ondan gələn işıq, istilik evimizin hər küncünə dolurdu və yaşını saymaq üçün əlindəki barmaqları bəs edən birisi kimi, elə bilirdim ki, indi gözlərimi yumub onu çağırsam, anamın ruhu öz sığınacağından məni mütləq duyacaq. Atam da hərdən səsimi eşidib qonaq otağında eşidim xısın-xısın ağlayırdı – bunu da bilirdim.

Yadımdadır, bir iyun gecəsi dan yeri söküləndə, öz çığırtıma oyandım. Ürəyim elə çırpınırdı, sanki, gözəgörünməz bir pilləkən qalxmışdım. Atam həyəcan içində özünü yetirdi, məni qucağına alıb sakitləşdirməyə cəhd elədi.

- Onun üzünü yadıma sala bilmirəm. Mən anamın üzünü xatırlamıram, - boğula-boğula, kəkələyə-kəkələyə deyirdim.

- Qorxma, Daniel. Qorxma, mən unutmamışam; ikimizin də yerinə yadda saxlayacam, narahat olma.

Alaqaranlıqda bir-birimizə baxa-baxa, söz axtarır, olmayan sözləri tapıb bir-birimizə demək istəyirdik. Mən ilk dəfə onda başa düşdüm ki, atam qocalır; onun bomboş, dumanlı gözləri yalnız keçmişə baxırdı. Əlini pərdəyə atıb, səhərin sakit işığını otağa buraxdı.

- Hə, Daniyel, geyin. Sənə bir şey göstərməliyəm.

- Elə indi? Səhər beşdə?

- Elə şeylər var ki, yalnız alatoranda görünür, - atam üzündə yumşaq, sirli bir təbəssüm dedi; təbəssümünü elə bil, Aleksandr Dümanın hansı kitabındansa götürmüşdü; ola bilərdi.

Biz evdən çıxanda, kimsəsiz küçələr hələ dumana bələnmişdi. Şəhər öz yuxusundan yavaş-yavaş oyanırdı və özünün akvarel solğunluğunu itirənədək, Las-Ramblas bulvarındakı fənərlərin sayrışan işıqları yalnız pozuq konturlar cızırdı. Arko-del-Teatro küçəsinə çatıb Raval məhəlləsindəki səmavi tağbəndlərə tərəf döndük. Las-Ramblas bulvarının işıqları arxada qalan kimi, daha çox uzun bir çapığı xatırladan dar keçidlə irəliləyirdik. Erkən səhərin çəpəki işığı pəncərələrdən, pərvazlardan əks edib, hələ də qaranlıq olan səkiləri yalayırdı. Nəhayət, vaxtdan, rütubətdən qaralmış oymalı piştağın qarşısında ayaq saxladıq. Qədim və tərk edilmiş bir sarayı xatırladan tikili idi; məncə, belə bir yerdə əsk-sədaların, kölgələrin muzeyi də ola bilərdi; yaraşardı.

- Daniel, bu gün görəcəklərini kimsəyə danışmamalısan. Hətta, dostun Tomasa belə. Heç kəsə.

Qapını açan, üzündə qəribə quş cizgiləri duyulan, sıx çal saçları olan bəstəboy bir kişi idi. Onun qartal gözləri mənə zilləndi.

- Salam, İsaak. Bu, mənim oğlum Danieldir, - atam dedi. – Onun tezliklə on bir yaşı tamam olacaq və gec-tez, mənim dükanımı o idarə edəcək. Dedim ki, vaxtdır; onu buralarla tanış etməliyəm.

Adı İsaak olan kişi işarə ilə bizi içəri dəvət elədi. Saray mavi alatoran içindəydi. Bu alaqaranlıqda mərmər pilləkən də, üzərində mələkləri, ximeralari olan qədim freskalarla bəzənmiş qalereya da zorla sezilirdi. Sarayın dəhlizilə bələdçimizin arxasına düşüb gedərək, girdə bir zala girdik; burda əsl kilsə alaqaranlığı vardı; gün işığı zalın günbəz tavanındakı pəncərələrdən çəpəki düşürdü. Döşəmədən tavana kimi kitabla dolu rəflərin labirinti göz gördükcə uzanırdı; rəflərin düzülüşü arı yeşiyindəki pətəkləri xatırladırdı – keçidlər, pillələr, səkilər, körpülər... Bura, kitab rəflərində xaotik bir düzən duyulan nəhəng kitabxana idi elə bil. Atam üzümə gülümsünüb, göz vurdu:

- Unudulmuş Kitablar Qəbiristanına xoş gəldin.

Kitabxananın qatlarında, keçidlərində bir-neçə adam tələsmədən işini görürdü. Bəziləri uzaqdan bizi salamlayırdı; onların arasında atamın bukinist həmkarlarını da tanıdım. On yaşlı bir uşağın gözündə bütün bunlar məxfi bir cəmiyyəti – əl-kimya ilə, sui-qəsdlərlə məşğul cəmiyyətləri xatırladırdı; burda, elə bil, ağlına heç nə gətirməyən bixəbər dünyanın gözündən iraq fəaliyyət göstərən gizli qardaşlıq vardı. Atam qarşımda diz çökdü, gözümün içinə zillənib mübhəm müəmmalardan xəbər verən asta səsi ilə dilləndi:

- Bura müqəddəs yerdir, Daniel; bura ocaqdır. Burda gördüyün kitabların hərəsinin öz ruhu var və o ruhlara bu kitabları yazan insanların, onları oxuyub xəyalında yaşadanların ruhları sığınır. Hər dəfə kitab yeni əllərə düşəndə; hər dəfə kimsə onu vərəqləyib, səhifələrinə göz gəzdirəndə, kitabın ruhu da böyüyür, güclənir. Çox illər qabaq atam məni bura gətirəndə, gördüyün bu yerlər artıq böyük bir zaman kəsiyinin ağır möhürünü daşıyırdı və o möhür bəlkə də elə şəhərin özü qədər qədim olardı. Bu kitabxananı kimin, nə vaxt yaratdığını kimsə dəqiq bilmir. Mən sənə yalnız atamın söylədiklərini deyəcəm. Yer üzündən hansısa bir kitabxana silinəndə; hansısa kitab dükanı bağlananda; hansısa kitab itəndə, yaxud unudulanda, bizim kimi kitab bəkçiləri, yəni bu müqəddəs məkanın sakinləri bilirik ki, həmin kitablar mütləq gəlib bura çıxacaq. Zamanın dolanbaclarında itmiş, kimsənin artıq xatırlamadığı səhifələr burda əbədi həyat tapacaq; burdakı kitabların hamısı onlara yeni ruh vermək üçün gələcək oxucunun intizarında yaşayır. Biz dükanımızda kitab alıb-satırıq, amma əslində o kitabların heç biri heç kəsə məxsus deyil. Burda gördüyün hər kitab, bir zamanlar kiminsə ən yaxşı dostu olub, amma, indi onların bizdən başqa dostu qalmayıb, Daniel. Hə, necədir, de görüm, bu sirri qoruya biləcəksən?

Baxışlarım sehirli işıqla dolu bu ümmanda azmışdı. Başımı tərpətdim, atam gülümsündü:

- Bilirsən, ən maraqlısı nədir?

Bilmirdim; başımı buladım.

- Adətə görə, bura ilk dəfə gələn hər kəs, özü üçün tək bircə kitab seçməlidir; xoşuna gələn kitabı seçib, onu öz himayəsinə götürməlidir; onu heç vaxt itirməyəcəyinə, əbədi yaşadacağına cavabdeh olmalı, buna and içməlidir. Bu, çox vacib bir anddır, Daniel. Gərək bu andına bütün ömrün boyu sadiq qalasan, - deyə, atam izah elədi, sonra da, – Bu gün sənin növbəndir. - dedi

Mən köhnə kağız, kitab tozu qoxuyan, tilsim havası duyulan bu labirintin döngələrində yarım saata yaxın dolaşdım. Əlim kitabların sırasına sərbəst sığal çəkdikcə, onların hər biri məni səsləyirdi. Kitablar arasında illərin əpritdiyi adlarını zorla seçə bildiklərim də vardı, mənə tanış olmayan, tamam başqa dillərdə yazılanlar da. Saysız-hesabsız dəhlizlərdən, spiralvari burulub harasa aparan qalereyalardan keçirdim – hər yan kitab idi və bu kitablar elə bil, məni tanıyırdılar - mən onları tanıyandan qat-qat yaxşı tanıyırdılar, hər şeyimi bilirdilər. Birdən ağlıma gəldi ki, burdakı hər üz qabığının arxasında nəhayətsiz, mübhəm bir dünya gizlənib; bu divarların o biri üzündə isə, tamam fərqli, hər axşam başlarını qatan futbol matçları, radioseriallar ucbatından, burnunun ucundan uzağı görə bilməyən insanların bəsit əyləncəsinə çevrilmiş bir dünya qaynaşır. Bəlkə, bu fikrin; bəlkə, təsadüfün, ya da onun daha məşhur qohumu olan qismətin əmrindən, öz himayəmə kitabların hansını götürəcəyimi o dəqiqə anladım. Bəlkə də, kitabın özü dilə gəldi və mənə hamilik etməyə hazır olduğunu dedi... Sırada sonuncu olan o kitab rəfdən təvazö ilə boylanırdı. Sumağı cildinin tinində qızılı basma ilə yazılmış adı, günbəzin altından düşən səhər şüaları altında par-par yanırdı. Ona yaxınlaşdım, adını barmaqlarımın ucuyla sığallayıb, ürəyimdə oxudum:

Xulian Karaks. Külək kölgəsi

Nə əsərin, nə də müəllifinin adını heç vaxt eşitməmişdim; lakin bunun heç əhəmiyyəti yox idi. Hər ikimiz qərarımızı vermişdik - mən də, kitab da. Onu çox ehtiyatla əlimə aldım, vərəqləyib, səhifələrini neçə illərin əsarətindən qurtardım. Qaranlıq zindanından azad olmuş kitab havaya toz buludu qaldırdı. Tapıntımı qoltuğuma vurub, seçimimdən razı halda gülümsünə-gülümsünə, gəldiyim yolu qayıtdım. Bilmirəm, bəlkə də buranın tilsimli havasından idi, amma içimdə bir inam vardı ki, bu kitab yolumu illər uzunu gözləyirmiş; bəlkə də mən heç dünyaya gəlməmişdən bəri gözü yolda qalıbmış.

Santa-Ana küçəsinə - evimizə qayıdanda, otağımda təkliyə çəkildim – istəyirdim, təzə dostumun heç olmasa, başlanğıc sətirlərini oxuyum. İlk cümlələri məni çəkib apardı, kitaba necə dərindən girişdiyimi fərq etmədim; ondan gözümü çəkə bilmirdim. Romanda söhbət bütün ömrü boyu görüb-tanımadığı atasını axtaran; atasının varlığını ölüm yatağına düşən anasından eşitmiş bir adamdan gedirdi. Bu axtarışın tarixçəsi fantasmaqorik bir səyahətnaməyə çevrilmişdi və hadisələrin axınında əsərin qəhrəmanı uşaqlıqdan bəri məhrum olduğu hər bir şeyin yerini doldurmağa çalışırdı; əsas olayların arxasından isə, onu bütün həyatı boyu təqib edən nakam bir məhəbbətin obrazı boylanırdı. Hadisələr inkişaf etdikcə, romanın quruluşu mənə matryoşkanı - içində özü ilə eyni sifətdə olan çoxlu xırda kuklalar gizlənmiş rus oyuncağını xatırladırdı. Əsər davam etdikcə, minlərlə ayrıca hekayətə parçalanırdı – elə bil, roman aynalı qalereyaya düşüb, tamam fərqli və eyni zamanda, bir-birinə bənzər əksləri arasında itirdi. Dəqiqələr, saatlar ötüb keçirdi – elə bil, yuxudaydım. Mütaliənin ecazına qərq olmuşdum, kafedral kilsənin zəngi gecə yarısını vuranda belə, dumanlı şəkildə duydum. Lampanın mis işığı məni obrazlar dünyasına, əvvəllər yaşamadığım duyğular aləminə qərq etmişdi; mənə nəfəs aldığım hava qədər real gələn personajlarla birlikdə sirli macəralarla dolu labirintlərə baş vurur və bu dolaşıq labirintlərdən qurtulmaq istəmirdim. Səhifələri çevirdikcə, romanın, onun əks etdirdiyi dünyanın içinə elə girmişdim ki, bir də gördüm, sübh mehi pəncərəmdən içəri doldu. Amma, budur, yorğun gözlərim artıq sonuncu sətirləri də içinə çəkdi...

Səhərin mavi işığında çarpayımda uzanmışdım; hələ tam oyanmamış şəhərin qırmızı damlarında şırıldayan sübh yağışının səsinə bənzər boğuq uğultuya – səhərin şəhər uğultusuna diqqət kəsilmişdim. Yorğunluq, yuxu məni ağuşuna alırdı, amma təslim olmağa tələsmirdim. Bu sehrli dünyanı tərk etmək, onun qəhrəmanlarından ayrılmaq heç ürəyimdən deyildi.

Günlərin birində, daimi müştərilərimizdən hansısa maraqlı fikir söylədi: oxucuya, qəlbinə yol tapmış ilk kitab qədər təsir göstərən heç nə ola bilməz. Həmin o ilk obrazlar, zahirən çox uzaq keçmişdə qalmış sözlərin əks-sədası ömrümüz boyu bizi müşayiət edir. Onlar yaddaşımızda elə bir saray ucaldır ki, sonradan nə qədər kitablar oxusaq, nə qədər aləmlər kəşf etsək belə; yaddaşımıza nələri yazıb, nələri silsək belə, axırda mütləq ona - ilk sarayımıza dönəcəyik. Mənim üçün belə tilsimli nəsnələr Unudulmuş Kitablar Qəbiristanının labirintlərində tapdıqlarım oldu.

# 2566 dəfə oxunub

Müəllifin son yazıları

# # #