Sən məni sağ qalan şəkillərdə sev – Yeni Şeirlər

Sən məni sağ qalan şəkillərdə sev – <span style="color:red;">Yeni Şeirlər
4 mart 2019
# 17:30

Kulis.az gənc şair Elməddin Nicatın şeirlərini təqdim edir.

Şəkillər sağ qalır...

Sən məni yaşayan xatirələrdə,

Sən məni sağ qalan şəkillərdə sev...

Boylan ürəyimin pəncərəsindən,

Ömrü küçə-küçə çək illərdən...sev !

Saxla qar içində şəkillərimi,

Adını "darıxmaq" sərgisi elə.

Adımı dilinin ucunda unut,

Qəfil unudulanlar cərgəsi ilə...

Hardasan, gecikdin, ömür tələsir,

Axşamdan sabaha ümid bir udum.

Səni doya-doya içimə çəkdim,

Səni şəkillərlə necə unudum?!!!

Elə dəlisiyəm...

Bütün payızların gözü xəzəldi,

Sevgilər gün görür baxışlarında.

Bütün fəsillərdən payız gözəldi!

Bir ayrı ətri var, yağışların da...

Saçları öyrənib sığallarıma,

Adı dilə düşüb, ağızdan keçir.

Sığınıb yamyaşıl xəyallarıma

Bu qız çətiriylə payızdan keçir.

Bəxtəvər başına bu ilki qışın,

Dünya nə vecinə belə payızın.

Elə dəlisiyəm, gözləri yaşıl -

Ürəyi ağappaq, sarışın qızın!!.

***

Tanrı, bu gecəni sabaha çıxarmazdın...

Bilirdin batacaq günaha...çıxarmazdın.

...bir də gətirməzdin, bir daha çıxarmazdın

bu qərib ömrün başına ayrılıqları.

Sükutun dilində nəğmə oxuyardı ay...

Göydə bir ulduz axsa yerdə qopar haray !

...Buludlar dəstə-dəstə ürəyimdə lay- lay

Səpər gözümün qışına ayrılıqları...

Yanğı kar etməz, içində od olmayana -

Eşq damağında bir udum dad olmayana...

Gülü qönçə solub könlü ud olmayana

Nağıl eləmə boşuna ayrılıqları.

***

Özünü buluddan atıb,

düşdü pəncərəmə bugünkü yağış.

Əllərim üzümə qısıldı...

...Yudu arxanca yol çəkən gözlərimin izini.

Bu qədər yaxından görməmişdim payızı,

necə də sənə oxşayır,

ey könlümün yaşılgözlü,

sarısaçlı qızı...

...Darıxdı otağımda adın boyda sükunət,

sıxıldı içim,

elə bil başıma daraldı məmləkət.

...Aynamda şəkil çəkdirib

yarpaqları köç etmiş tut ağacı.

Əl şəkilli çinar yarpağı

qucaqlayıb torpağı,

sızıldayır acı-acı...

...Ətrin burnuma gəldi

çölə şıdırğı yağan yağışla.

İçimdə yelləncək qurub qısqanclığım,

çətrini unutma evdə,

mən ki, qaldım payızda.

...bağışla,

məni bağışla!

***

Bir gün əlimin sığalıyçün

Saçlarının darıxmağı baş qaldırsa

Başını köksümə söykə

Barmaqlarını dodağıma...

Bir gün dilinin ucunda adım göynəsə

Ürəyin köksündə atlı kimi çapsa.

Gözünə görünsə ulduzlar birtəhər,

Göy nəsə

Özünü mənə yetir

Əgər darıxmaqdan macal tapsan...

Əlindən bərk yapış ürəyinin

Gözümün içindən yapışdığın kimi...

Qoru alnındakı öpüş yerimi.

Qəfil ömrümə gəldiyin kimi.

Bir gün sübh azanından axşam günbatanına,

Dilinin ucunda adım darıxsa,

bir misram ayə əvəzinə dodağında səyrisə

Kəssə amanını "bəlkə"... "Nə isə"...

Tanrı duası bil sənə yazdığım şeirləri...

# 2820 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #