Zolaqlı pişiklər – Elşən Əzimdən YENİ ŞEİRLƏR

Zolaqlı pişiklər – Elşən Əzimdən <span style="color:red;">YENİ ŞEİRLƏR
16 fevral 2016
# 11:56

Kulis Elşən Əzimin yeni şeirlərini təqdim edir.

Sonuncu küçənin sakinləri

(Neo - poema)

Küçə işıqları yox,

Işıq dirəkləri yox.

İşsiz adamlar düzülb səkilərə

işıq dirəkləri kimi

Başı aşağı, üzüyola.

Deyə bilmədikləri söz kimi tüpürürlər

Günəbəxən tumunun qabığını.

Tüpürürlər sözü yola.

Suvağı qopmuş divarlar

Zamanın ovcunda ovulur,

Vaxtın əlindən tökülür.

Tökülür səkilərə.

Və kimsəsizliyə bükülür

Bir qoca qarı.

Gəlmir urusiyətdəki nəvələr.

Dikilib gözü yola.

Nəvələrini gözləmir,

Ayın başını gözləyir

Təqaüd ala.

Satıcı oğlan nisyə dəftərini varaqlayır,

Elə bil mərsiyə oxuyur dəftərdən.

Siqaret tüstüsü ruh kimi uçur

Tindəki çayxananın nəfəsliyindən.

Və domino daşları ritm tutur

Siqaret közünün sızıltısına.

Hardasa uzaqda kabab bişir

Kabab qoxusu sümsünür qapılarda, pəncərələrdə

Sahibindən oğurlanıb özünü təpir

soyuq mətbəxlərə kabab qoxusu.

Ac uşaqların içində qurbanlıq quzular mələşir.

Pəncərədən baxan qız

Elə qəmli baxır ki,

Həyətdəki çinarın əyri budaqlarına,

Budaqdan asılan yelləncəyin kəndirinə.

Yağış gölməçəsində bir manat üzür

Süpürgəçi qadın özünü atır

Üzən manatın üstünə

Baxır ki cırılıb parası yoxdur.

Zibillikdən bir cüt köhnə ayaqqabı baxır

Baxışları toqquşur balaca oğlanın gözləriylə.

Döyükür o yan bu yana balaca oğlan.

Kənardan baxan yoxdursa

aparsın şikarını.

Zolaqlı pişiklər də

Peşman, pərişan, pəjmürdə

Və bir də...

***

Və bir də

Dəmir qapılar düzəldən qonşu
bir aydı müştərisi yoxdur
üstünə şaxta düşmüş dəmir kimidi sifəti
uşaqları əl atsa, əlləri yapışar dəmirçi atanın üzünə.

çəkic səsiydi o uşaqların həyat ritmi
hər səhər çəkic banına oyanardılar,
hər axşam çəkic laylasına yatardılar.
bir aydı müştərisi yoxdu dəmirçi atanın.

dəmir qapılar açılardı uşaqların üzünə
çörək təhnəsi kimi,
su dəhnəsi kimi,
təzə paltar düyməsi kimi
içi xəzli qış çəkməsi kimi...
bir aydı müştərisi yoxdur dəmirçi atanın
bağlanıb dəmir qapılar...

***

Təbaşir tozu dolub

Müəllimin əlindəki qırışlara.

Su da aparmır, sabun da

Təbaşir tozu un deyil, urva deyil.

Təbaşir daş deyil, kərpic deyil,

Yurd deyil, yuva deyil.

Maaş kartı da itirib

əvvəlki hörmətini.

Bank tutur əməkhaqqını kredit borcuna.

Uşaqları gözlərini qapıya dikib çörək gözləmir.

Uşaqları gözlərini ekrana dikib xəbər gözləyir

“Krediti olanlara şad xəbər:

Borclar bağışlandı.”

***

Göydələnlərə baxanda papağı başından düşür

Balaca oğlanın.

Gözləri dirənir, əlləri çatmır.

Göydələnlərin üzündən meyvə kimi asılıb

Bəzək işıqları.

Bazardakı meyvələr də göydələn işıqları kimidi

Gözləri dirənir, əlləri çatmır.

Bir dəfə soruşdu atasından:

- Bəs bizim evimiz nə vaxt olacaq?

Atasının sifəti sallandı aşağı,

Atasının sifəti axıb düşdü sinəsinə.

Qorxdu balaca oğlan.

Qorxdu ki, atanın üzü axar masanın üstünə

Salvadar Dalinin saat rəsmi kimi.

Ordan da süzülər döşəməyə.

Taxtaların arasından bu kirayə mənzilin

zirzəmisinə tökülər atanın üzü.

Qalmaz atanın üzü,

Olmaz atanın üzü oğulun yanında.

Düşündü ki, bir də dilə gətirməsin ev söhbətini...

***

Qoltuq cibindən çıxarır “çubuşu”

Çəkir başına alkaş Miko

Addımlarıyla pianino çalır küçədə

Zilə qalxır, bəmə enir.

Bir təhər tarazlayır özünü

Üzüqoylu çatır qapısına

Ağzı ilə, burnu ilə tapır qapısını.

Və qapı bağlıdır.

Arvadı evi satıb

Onu da atıb gedib.

Nalə çəkmir, haray çəkmir, nərə çəkmir

Anqırır alkaş Miko.

əllərini tutub göyə fırlanır Aıkaş Miko

onunçün göylərdən kəndir endirəcəklər.

Tutub qalxacaq havaya

Bir əlini gözünün üstünə qoyub

Axtaracaq arvad-uşağını.

***

Yalan ağacı bitib dələduz Mirişin evində

Uşaqları budaqlardan sallaşır

Meymun balaları kimi.

Uşaqların çörək ağacıdır Mirişin yalan ağacı.

Mirişin cib dəftərçəsinin varaqları

Yalan ağacının yarpaqlarıdır.

Varaqlardan, yarpaqlardan

Yalan oxuyur uşaqlar,

Yalan öyrənir uşaqlar.

Yaman öyrənir bu dərsi,

yaman öyrənir uşaqlar.

***

İçkidən gözü şişmiş müştərilər

Nimfet qız kimi baxırlar

Tənha qadının qızına

Baxışlarda Lolita böyüyür,

Nəfslərdə Lolita böyüyür.

Böyüyüb çıxacaq diz üstünə

Öpüb qoyacaqlar göz üstünə.

Şişmiş gözlərin kirpiklərindən asılacaq Lolita

Bir göz qırpımıyla düşəcək

Düşəcək sonuncu küçədən birinci uçuruma.

***

Və həyətə yığışanda

sonuncu küçənin uşaqları

Oyun uydura bilmirlər,

Oyun tapa bilmirlər.

Şeytana uyurlar,

Oyuna gəlirlər

Axırda dava düşür.

Və atalar, analar

Uşaqların hayına gəlirlər.

Çeşidli söyüşlər,

Bəzəkli qarğışlar başlayır.

28.01.2016

# 1036 dəfə oxunub

Müəllifin son yazıları

# # #