Mirmehdi Ağaoğlunun hekayəsinə sərt - TƏNQİDLƏR

Mirmehdi Ağaoğlunun hekayəsinə sərt - TƏNQİDLƏR
13 yanvar 2016
# 15:26

Kulis Mirmehdi Ağaoğlunun “Oğlum üçün hər şey” hekayəsinin müzakirəsini təqdim edir.

Qan Turalı: Yazıçıya nəyi necə yazmağı öyrətmək olmaz. Bu işi yazıçı görürsə ikiqat problemdir. Buna görə də məsələni bir az başqa bucaqdan qoyardım. İlk sualım budur ki, bu hekayəti yazmaq istəyərdimmi? Bu sual mənə çox çətin görünür. Lakin çox güman ki, yazmazdım. Mənə elə gəlir ki, hekayədə qoyulan məsələlər kifayət qədər ümumiləşdirilməyib. Hadisə nə qədər ümumiləşdirilirsə bir o qədər də fərdi, milli müstəvidən uzaqlaşır, onun milli tonal qatları yox olur. Ədəbiyyat Tanrısının yanında məncə insanlar K. , şəhərlər isə B. şəhəri kimi görünür. Yəni, hər cür lokallığın fövqünə qalxan bir ümumiləşdirmə... Bu mənada mənim üçün ən uğurlu prozanı Kafka yazıb. Kafka Praqada yaşayırdı, almandilli idi, bu dildə yazırdı, amma mənşəcə yəhudiydi. Bunları sərf-nəzər etmək də olardı, lakin Kafkanın Çexiyaya, Almaniyaya yoxsa İsrailə aid etmək mübahisəli olduğu qədər Jozef K-nın da milliyyəti mübahisəlidir. Ya da belə deyək, o, sadəcə insandır. Vəssalam.

Bizim sosial məzmunlu hekayələrdə də bu qeyri-məhdudluq mövcuddur. İnsanlar bəzən öz kəndlərində götürdükləri bir obrazı nəinki Azərbaycan, heç rayon səviyyəsinə qaldıra bilmir. Bəziləri, hətta bunun fərqində deyil, miqyası böyütmək əvəzinə əksinə kiçildirlər, obrazın danışığını ləhcə ilə verirlər ki, onun X rayonunun Y kəndinə mənsub olduğu anlaşılsın. (Söhbət ləhcənin pis olmasından getmir, “Qətl günü”ndə Yusif Səmədoğlu Qazax ləhcəsi ilə danışan dünya miqyaslı obrazlar yaratmışdı)

Mirmehdinin hekayəsində də çatmayan budur. Atasız uşaq haqqında oxuyanda biz istər-istəməz Mopassanın “Simonun atası” hekayəsini xatırlayırıq. “Uşaq fəxrlə dedi: Ölüb, mənim atam, qəbiristanlıqdadır” cümləsi bizim yaddaşımızdan silinmir. Atasızlığın gətirdiyi dramatik situasiyanın uşaq gözündən təsviri... Bəs Mirmehdinin hekayəsində biz bunu görürükmü? Əsla! Burda təsvir olunan əhvalat səviyyəsində qalır, ədəbiyyat miqyasına yüksəlmir, yəni ümumiləşmir. Əhvalat elə əhvalat kimi qalır, yazıçı qələmi onu ucalda bilmir. Mərhum atasının yerinə anasının Facebookda uşaqla yazışması nə qədər həzin bir hekayət ola bilsə yazıçı sehrli əlləri ilə onu bədii mətnə çevirə bilmir. Məsələ budur!”

Alpay Azər: “İndiki qarmaqarışıq dövründə bu cür həssas hekayənin yeri var. İki obrazın – ərini itirmiş cavan ana və oğulun olduğu kiçik hekayədə Mirmehdi kövrək məqamları verə bilib. Ananın oğlunu Feysbuka tez-tez girməsinə görə danlaması və biləndə ki, atasını itirən uşaq ona Feysbukda məktub yazır, götürüb rəhmətlik ərinin profilindən ona cavab yazmağa başlayır. Bir məqamı əlavə edim, – bu yazıda oğlanın və ananın məktubundan bir parça vermək olardı, təbii ki, o parçanın təsirli, orijinal olması şərtilə. Bu hekayəyə daha çox dramatik çalar verərdi İstənilən halda yazıçı Anarın “Mən, sən, o və telefon” hekayəsinin “Mən... Sən... O... Feysbuk...” formasında dekonstruksiyası uğurlu alınıb.”

Ayxan Ayvaz: “Abbas Kiarostaminin “On” filmi var. Mirmehdinin hekayəsində olduğu kimi ərindən ayrılmış qadınla onun uşağı arasında olan münasibətdən bəhs edilir. Məncə, filmdə bu mövzunun fonunda İran görünür və məhz buna görə maraqlıdır. Mirmehdinin hekayəsində əhvalat var, ancaq xarakterlərin psixologiyası tam açılmır, fonda Azərbaycan görünmür. Günümüzün reallığı, sosial şəbəkənin geniş vüsət almağı. Ərindən ayrılmış qadınla uşağı isə realda danışa bilmir, bir-birini anlamaqda çətinlik çəkirlər. Burda hekayə uşağa köklənməliydi, oxucuya məhz onun keçirdiyi hisslər maraqlıdır. Anası ilə danışıqları da çatdakı yazışmaya bənzəyir. Duyğu ötürülmür. Mirmehdinin Quran motivlərindən yazdığı silsilə hekayələr məncə, daha uğurlu idi.”

İkinci Mahmud: “Mirmehdi Ağaoğlunun “Oğlum üçün hər şey” adlı hekayəsini oxudum. 5-6 cümlə uzaqdan başlamaq istəyirəm.

İnsan oğlu həyatında bircə dəfə də olsa, əsasən də, uşaq yaşlarında şəkil çəkməyə cəhd edir. Qəribə maraqdı, bu maraq hardan qaynaqlanır, bilmirəm. Təzəcə ayaq tutub yeriməyə başlar-başlamaz divar kağızlarını korlayan körpələr də, Qosbustanda qayaları cızan əcdadlarımız da eyni arxaik həvəsin sehrində. (Qobustandakı qayaüstü rəsmlərdə gələcəyə mesaj axtaran tədqiqatçılara həmişə gülməyim gəlib.)

Darıxmayın, məsələnin üstünə gəlirəm.

Fikir vermisizsə, bütün uşaqların çəkdikləri insan üzləri bir-birinə bənzəyir.

Mənimçün detallar çox vacibdir, uşaqların çəkdiyi şəkillərdə də, fotolarda da, bədii mətndə də detal görmək istəyirəm. İçində özünəxas detal olmayan əsər uşaqların çəkdikləri standart üz şəkli kimidir. Hər şey qaydasındadır: əhvalat maraqlı, ideya bəşəri, mövzu yeni, di gəl ki, həyat yoxdur, inandırıcı deyil, səni inandıra bilmir, emosiya oyada bilmir.

Mirmehdi Ağaoğlu maraqla oxuduğum müəlliflərdəndir. Düzünü desəm, son əsərləri məni məyus edir, xüsusən də, yeni çapdan çıxmış romanı. Uman yerdən küsərlər. Bu tənqid deyil, bu, tələbdir. Oxucu tələbi! “İçindəki çövhəri gizlətmə!” çağırışıdır. Dəqiq bilirəm ki, o cövhər Mirmehdidə var.

Müəllif son hekayəsində də romandakı qüsurları təkrar edir. Bədii mətndə ümumiləşdirmə və fərdiləşdirmə metodlarından istifadə çox vacibdir. Bu, süjet səviyyəsində də baş verə bilər, obrazlar səviyyəsində də. Mirmehdinin qurduğu əhvalat çox maraqlıdır – bu, onda yaxşı alınır. Mövzu yenidir. Alqış! Amma detallar yoxdur. Hər şey ümumidir, qəhrəmanlar tipə çevrilmir. Əlbəttə, həcmcə kiçik əsərlərdə buna nail olmaq o qədər də asan deyil. Fikrimcə, bəhs etdiyim hekayənin ən böyük qüsuru budur.”

# 1374 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #