“Gülən adam” – DOQQUZ HEKAYƏDƏN DÖRDÜNCÜSÜ

“Gülən adam” – <span style="color:red;">DOQQUZ HEKAYƏDƏN DÖRDÜNCÜSÜ
3 aprel 2017
# 21:00

Kulis.Az Tehran Vəliyevin tərcüməsində məşhur Amerika yazıçısı Cerom David Selincerin “Doqquz hekayə” silsiləsindən dördüncü hekayəsini - “Gülən adam”ı təqdim edir.

LAYİHƏ: DOQQUZ HEKAYƏ

1928-ci ildə, doqquz yaşım olanda, mən komançlar klubu adıyla tanınan bir təşkilatın üzvü idim və bütün esprit de corps-umla ürəkdən ona bağlıydım. Hər gün dərsdən sonra günorta saat üçdə bizim başçımız Amsterdam avenyunun yaxınlığında, 109-cu küçədə yerləşən 165 nömrəli məktəbin qapısı ağzında intizarla biz iyirmi beş nəfər komançın yolunu gözləyirdi. Və nəhayət, basabas salıb, bir-birimizi itələyə-itələyə hay-küylə onun balaca «pikap»ına doluşandan sonra başçımız bizi (valideynlərimizlə bağladığı pullu müqaviləyə əsasən) Mərkəzi parka aparırdı. Hava şəraitindən (müəyyən mənada) asılı olaraq, günün qalan yarısını futbol və ya beysbol oynamaqla keçirirdik. Soyuq, yağışlı günlərdə isə, bir qayda olaraq, başçımız bizi ya Təbiət tarixi, ya da Metropoliten muzeyinə aparırdı.

Şənbə və bayram günlərində isə başçımız sübh obaşdan qapı-qapı düşüb, bizi bir-bir mənzilimizdən götürər, özünün sınıq-salxaq «pikapı»na doldurub, onu Manhattendən uzaqlara, nisbətən daha geniş talaları ilə seçilən Van Kortlend parkına və ya Palisadesə sürərdi. Könlümüzə əsil futbol və ya beysbol oynamaq düşəndə Van Kortlend parkına gedərdik. Çünki həm oradakı meydançalar standarta uyğun meydançalar idi, həm də burada rəqib komanda sifəti ilə körpə uşaq arabası və ya əli dəyənəkli quduz qoca xanımlarla üzləşmək qorxumuz yox idi. Yox, əgər qəlbimiz asudəlik, sərbəstlik həsrəti ilə yanırdısa, onda şəhər kənarına – Palisadesə üz tutar və orada, çöl-biyabanda cürbəcür məhrumiyyətlərlə üzləşərdik. (Yadımdadır, bir dəfə şənbə günü mən Corc Vaşinqton körpüsünün qərb qurtaracağı ilə yol göstəricisi arasındakı cəngəllikdə yolu azdım, amma başımı itirmədim. İri bir reklam lövhəsinin kölgəsinə sığınaraq, gözüyaşlı, çantamdan səhər yeməyimi çıxarıb qabağıma qoydum. Toqqamın altını bərkitmək üçün. Tamam əmin olmasam da, bilirdim ki, başçımız necə olsa məni tapacaq. O, həmişə bizi tapırdı.)

Biz komançlardan yaxası qurtulan kimi, Başçımız dönüb adicə Steyten-Aylendli Con Gedsudski olurdu. İyirmi iki və ya iyirmi üç yaşlarında olan bu cavan oğlan yaman utancaq, lal-dinməz adamdı. Nyu-York universitetinin hüquq fakültəsində oxuyurdu. Amma buna baxmayaraq, çox yaddaqalan şəxsiyyət idi. Mən burada onun bütün gözəl məziyyətlərini və ləyaqətli cəhətlərini sadalamaq fikrində deyiləm. Ötəri şəkildə bircə bunu deyim ki, «Qartal qatarı» boyskaut klubunun üzvü idi və demək olar ki, 1926-cı il Amerika yığma komandasının çempionu kimi, az qalmışdı ən yaxşı hücumçu adına layiq görülsün. Məhz elə o vaxtlar belə bir şayiə yayıldı ki, öz gücünü sınamaq üçün onu çox təkidlə Nyu-Yorkun ustalardan ibarət beysbol komandasına dəvət edirlər. Bizim bütün cığal, mübahisəli oyunlarımızda ən ədalətli və ən soyuqqanlı hakimimiz də elə o olardı. Gecə tonqal qalamaq və onu necə söndürmək sahəsində əvəzolunmaz ustalığa malik idi. Çox səriştəli və çox mərhəmətli təcili yardım mütəxəssisi idi. Biz hamımız – böyüyümüz də, kiçiyimiz də onu hədsiz məhəbbətlə sevir və hər işdə ona güvənirdik.

Mən onun boy-buxununu 1928-ci ildə necə vardısa, indi də eləcə xatırlayıram. Əgər metrik ölçülər insan istəyi ilə artıb-uzana bilsəydi, biz komançların gözündə dünyada ondan nəhəng, ondan cüssəli adam tapılmazdı. Amma təəssüf ki, həyat gerçəkliyi bizim istəyimizdən asılı deyil, onun boyu, əslində, cəmi-cümlətanı beş fut üç-dörd düym ancaq olardı. Göyümtül-qara saçları gözünün üstünə düşərdi, dərhal nəzərə çarpan iri burnu vardı. Gövdəsi də elə qıçları boydaydı. Dəri gödəkcəsinin içində nə qədər güclü, cüssəli görünsə də, ensiz və qısıq çiyinləri var idi. Lakin bütün bunlara baxmayaraq, o vaxtlar mənə elə gəlirdi ki, Bak Cons, Ken Meynard və Tom Miks kimi məşhur kino aktyorların ən fotogenik məziyyətləri sıx surətdə məhz bizim başçımızda cəmlənmişdi.

Hər axşam hava xeyli qaralanda, yəni uduzan tərəf yandan vurduğu və asanlıqla buraxdığı topları artıq göz-gözü görməməklə izah etməyə başlayanda, biz komançlar oyundan əl çəkər, inadkar və xudbin uşaq tərsliyi ilə Başçımızın mahir nağılçı istedadını istismar etməyə başlayardıq. Həmin anacan biz, adətən, xeyli qızışmış, hövsələdən çıxmış olardıq və ona görə də «pikap»da Başçımıza daha yaxın yerdə oturmaq üstündə bir-birimizlə – istər əl-qolumuzla, istərsə də dilimizlə – möhkəm boğuşardıq. (Maşında bir-birinə paralel iki sıra həsir oturacaq var idi. Sol sırada əlavə üç – ən yaxşı yerlər! – var idi ki, orada oturanlara hətta sürücünü profildən görmək xoşbəxtliyi də nəsib olurdu). Başçımız ən axırda, yalnız biz hamımız avtobusda özümüzə yer eləyəndən sonra minərdi. Sonra sürücü kreslosunu geri fırladıb, asta, amma məlahətli tenor səsi ilə bizə «Güləyən adam» nağılının növbəti parçasını danışardı. O başlayan kimi, bizi dərin maraq bürüyərdi. Bu nağıl əsil biz komançıların malıydı. Bəlkə də, bu nağılda bütün klassik qanunlara riayət olunmuşdu. O getdikcə genişlənir, bütün ətrafdakıları öz ağuşuna alır, ancaq bununla bərabər, adamın yaddaşında qısa, yığcam, bir növü, portativ bir şey kimi qalırdı. Yəni sən onu həmişə özünlə evə aparıb, deyək ki, hamamda vannanın içində-filan oturub, su dolanacan təzədən xatırlaya da bilərdin.

Varlı missionerlərin yeganə övladı olan Güləyən adamı hələ lap körpə uşaq ikən Çin quldurları oğurlayırlar. Nə qədər varlı olsalar da, öz övladlarını azad eləmək üçün girov haqqı verməkdən boyun qaçırdıqlarına görə (dini etiqadlarına xələl gətirmək istəmədiklərindən) quldurlar öz nəcib hisslərini təhqir olunmuş hesab edir və körpənin beynini məngənəyə salıb, onun içindəki lazımi vintciyi iki-üç dəfə sağa bururlar. Bu cür qeyri-adi eksperimentə məruz qalan obyekt ildən-ilə boy atıb böyüsə də, başı keçəlləşib dizləri kimi armud şəklinə düşür, burnunun altında isə ağız yerinə nəhəng dairəvi bir deşik əmələ gəlir. Burun adına isə onun sifətində tük basmış iki pər izi hiss olunurdu. Buna görə də Güləyən adam nəfəs alanda burnunun altındakı iyrənc və vahiməli yarıq daha da genişlənir (mənim təsəvvürümdə), nəhəng amöb kimi hərəkətə gəlirdi. (Başçımız Güləyən adamın necə nəfəs aldığını sözlə təsvir etməkdən daha çox, onu əyani şəkildə nümayiş etdirməyə çalışardı.) Tanımayanlar onun bu qorxunc sifətini görən kimi dəhşətdən huşlarını itirir, tanıyanlar isə bu görüşdən qaçırdılar. Ancaq çox qəribədir ki, quldurlar onu öz yanlarından qovub-eləmək fikrində deyildilər, təki o, sifətinə lalə yarpaqlarından toxunmuş nazik, açıq-qırmızı rəngli maska çəkmiş olsun. Bu maska oğulluğa götürdükləri bu adamın yalnız qorxunc sifətini onlardan gizlətmir, həm də hər dəqiqə onun harada olduğunu müəyyənləşdirməkdə onlara kömək edirdi.

Səhərlər, təklikdən darıxıb-üzüldüyü vaxtlar Güləyən adam xəlvətcə (əsil pişik cəldliyi ilə) özünü quldur düşərgəsini əhatə edən qalın meşəyə soxarmış. Orada o bütün meşə heyvanları ilə: itlərlə, ağ siçanlarla, qartallarla, şirlərlə, boa konstriktorlarla, canavarlarla dostlaşmışdı. Bu bəs deyilmiş kimi, burada o həm də maskasını üzündən götürüb, yumşaq, məlahətli bir səslə bütün heyvanlara üz tutub, onların dilində söhbət edirmiş. Bu adamın sifəti o heyvanlara o qədər də eybəcər görünmürmüş.

(Başçımız nağılın bu yerinə çatanacan düz iki ay vaxt sərf etdi. Amma buradan sonrasını onu heyranlıqla dinləyən komançlar önündə daha səxavətlə danışmağa başladı).

Güləyən adam özgəsinin söhbətinə gizlincə qulaq asmaqda çox mahir adamdı və bunun sayəsində az müddət içində quldurların bütün vacib peşə sirlərindən agah olmuşdu. Lakin bu fəndlər onu o qədər də açmamış, təcili özü üçün daha səmərəli quldurluq sistemi yaratmışdı. Əvvəlcə hərdənbir, sonra isə mütəmadi şəkildə Çin ölkəsinin bütün əyalətlərinə cürbəcür hücumlar etməyə, adamları soymağa, oğurlamağa və yalnız əlacsız qaldıqda öldürməyə başlamışdı. Özünün çox fəndgir və çox hiyləgər cinayət üsulları ilə (qəribədir ki, onun tərsliyi və alicənablığı da məhz bu üsulların mahiyyətində üzə çıxırdı) tezliklə o, sadə xalqın məhəbbətini qazanmışdı. Qəribə görünsə də, onun ögey valideynləri, onu bu cinayət yoluna sürükləyən həmin o quldurlar, Güləyən adamın bu nailiyyətlərindən hamıdan sonra xəbər tutdular. Bunu biləndən sonra isə onun paxıllığını çəkməyə başladılar. Bir gecə iməkləyə-iməkləyə, xəlvətcə onun yatağına yaxınlaşdılar (elə bilirdilər ki, verdikləri tiryək onu bərk yuxuladıb) və növbə ilə yorğanın altındakı adama hərəsi bir bıçaq vurdu. Yorğanı qaldıranda isə məlum oldu ki, onun altındakı adam quldurların başçısının cəncəl və zəhlətökən anası imiş. Bu hadisə Güləyən adamın qanına susamış quldurları daha da qəzəbləndirdi və nəhayət, o da onların hamısını dərin, amma rahat və bərbəzəkli bir türbəyə salıb, ağzını bağlamağa məcbur oldu. Düzdür, onlardan aradabir oradan qaçıb onun zəhləsini tökənlər də olurdu, amma o buna görə onları öldürmək istəmirdi. (Onun xarakterindəki bu mənasız mərhəmət hissi məni təmiz dəli eləmişdi.)

Tezliklə Güləyən adam ardıcıl surətdə, Çin hüdudlarından kənara çıxıb, Fransaya, Parisə hücum etməyə başladı. Özünün bütün təvazökarlığına baxmayaraq, burada o, Marsel Düfarje adlı ümumdünya şöhrəti qazanmış bir xəfiyyəni, vərəm xəstəliyinə tutulsa da, son dərəcə iti ağla malik bir cənabı öz dahiyanə fəndləri ilə ələ salmaqdan ləzzət alırdı. Düfarje ilə onun qızı (ikiüzlü olsa da, çox cazibədar qadın idi) Güləyən adamın ən qatı düşmənlərinə çevrildilər. Dəfələrlə onu tələyə salıb tutmaq istə dilər. Güləyən adam, sadəcə olaraq, oyun, şıltaqlıq naminə onların bu hiylələrinə uysa da, hər dəfə axırda heç bir iz buraxmadan aradan çıxa bilirdi və onlar onun bu tələlərdən necə qurtulduğuna məəttəl qalırdılar. Güləyən adam hər dəfə tələdən çıxandan sonra vaxtaşırı Parisin kanalizasiya sistemində vida qeydləri yazılmış bir parça kağız qoyurdu. Bilirdi ki, onu dərhal Düfarjeyə çatdıracaqlar. Düfarjelər ailəsi Parisin kanalizasiya borularında aylarla qurdalanmalı olurdular.

Tezliklə Güləyən adam dünyanın ən varlı adamına çevrildi. O, var-dövlətinin çox hissəsini, kimliyini belə bildirmədən, yerli monastırdakı rahibələrə, həyatlarını öz ovçarkalarına təlim keçməyə həsr etmiş fağır, tərki-dünya adamlara bağışladı. Qalanını isə brilyanta çevirib, onları ehtiyatla zümrüd seyflərə doldurdu və Qara dənizin dibinə tulladı. Öz şəxsi ehtiyacları çox az şey tələb edirdi. Təkcə düyü və qartal qanı ilə dolanırdı. Tibetin fırtınalı sahillərində yerləşən, yeraltı atıcılıq tiri və idman zalı olan adi bir daxmada özünün dörd sədaqətli dostu ilə bir yerdə yaşayırdı. «Qaraqanad» ləqəbi ilə tanınan yüngülayaq, zorba canavar, «Omba» adlı qəşəng cırtdan, Honq adlı pəhləvan cüssəli monqol (ağ adamlar onun dilini kəsib atmışdılar ) və gözəllər gözəli Avrasiyalı qız onun üçün hər dəqiqə ölümə getməyə hazır idilər. Güləyən adamı hədsiz məhəbbətlə sevən və onun şəxsi təhlükəsizliyi sarıdan daim ciddi narahatçılıq keçirən bu qız bəzən hətta qoyulmuş qaydaları pozmaqdan belə çəkinməzdi. Güləyən adam öz dostlarına da üzünü göstərməz, sifətindəki qırmızı tül örtük arxasından onlara göstəriş verərdi. Hətta yaraşıqlı, sevimli cırtdan Ombaya da onun sifətini görmək nəsib olmamışdı.

Nəinki sözdə, lap elə sözün əsil mənasında, Sizi, əziz oxucu, lazım gəlsə lap elə zorla, saatlarla Paris-Çin sərhədlərindən o yan-bu yana keçirərdim, amma qorxmayın, bu dəfə elə etməyəcəyəm. Mən indiyəcən də Güləyən adamı, bir növ, deyək ki, odlu-alovlu döyüşlərdə böyük rəşadətlər göstərmiş general Robert E. Li kimi qəhrəman ulu əcdadlarımdan biri hesab edirəm. Lakin bu indiki xülyamı, 1928-ci ildə qəlbimə hakim kəsilmiş o hisslərimlə müqayisə etmək yaramaz. Çünki onda mən özümü nəinki onun birbaşa törəmələrindən biri, həm də yeganə sağ və qanuni varisi sayırdım. 1928-ci ildə mən heç də öz ata-anamın oğlu deyil, şeytan kimi hiyləgərin, fırıldağın biriydim və hər dəqiqə pusquda dayanıb onların balaca bir səhvini gözləyirdim ki, dərhal, elə oradaca, heç bir zorakılığa əl atmadan (amma o da mümkün olan şey idi) onlara əsil sifətimi açıb göstərim. Özü də, xəyalən uydurduğum anamın könlünü qırmamaq üçün ona öz cinayətkar dünyamda nə isə, hələ özüm üçün də aydın olmayan, amma heç şübhəsiz, kraliçalara bərabər bir vəzifə ilə mükafatlandıracaqdım. Lakin onda mənim üçün başlıca şey – səbirlə öz növbəmi gözləmək idi. Fürsət düşənəcən özümü üzüyola, ağıllı oğlan kimi aparmalıydım. Dişlərimi sürtməli, saçlarımı daramalıydım. Nəyin bahasına olursa olsun, öz təbii qorxunc və vahiməli qəhqəhəmi boğmalıydım.

Əslinə qalsa, o zaman özünü Güləyən adamın yeganə sağ qalan və qanuni varisi hesab edən heç də təkcə mən deyildim. Klubumuzda iyirmi beş nəfər komançın iyirmi beşi də eləcə, Güləyən adamın yeganə sağ qalan və qanuni varisi idi və biz hamımız məşum sifətli naməlum quldurlar kimi şəhərin canına daraşıb, qarşımıza çıxan hər liftçini potensial düşmənimiz bilərək, astadan, amma çox aydın eşidilən bir səslə itlərimizin qulağına cürbəcür əmrlər pıçıldayır və ya şəhadət barmağımızı irəli tuşlayıb, hesab müəllimimizi nişangaha alardıq. Gərgin bir intizar içində səbirlə, yorulmadan kiminsə sadəlövh qəlbini dəhşətə və vəcdə gətirmək üçün fürsət gözləyirdik.

Bir dəfə fevralda, bizim üçün beysbol mövsümü təzəcə başlayanda Başçımızın maşınında gözümə təzə bir şey sataşdı. Qabaq şüşənin yuxarısında, güzgüdən azca qəlbidə tələbə geyimli, başı papaqlı balaca bir qız şəkli peyda olmuşdu. Mənə elə gəldi ki, bu şəkil bizim «pikap»ın ümumi, «təmiz» kişi ahəngini pozur və dərhal Başçımızdan soruşdum ki, bu kimdir belə? Əvvəlcə bir az əzilib-büzüldü, amma sonra mənə boynuna aldı ki, qız şəklidir. Soruşdum ki, adı nədir? Nəfəsini dərib həvəssiz dedi: «Meri Hadson». Dedim kinoda-filan oynayanlardandı? Dedi ki, yox, Uellsli kollecində oxuyur. Bir qədər fikirləşəndən sonra isə əlavə etdi ki, Uellsli kolleci məşhur, çox bahalı kollecdir. Soruşdum ki, bəs onun şəklini bura, bu maşına niyə vurub? O, yüngülcə çiyinlərini dart- dı, mənə elə gəldi ki, o bununla bu şəkli guya zorla ona sırıdıqları barədə təsəvvür yaratmaq istəyirdi.

Növbəti iki həftə ərzində, bizim Başçımızın bilmirəm zorən, yoxsa təsadüfənmi boynuna qoyulmuş bu fotoşəkil yerindən tərpədilmədi. Uşaqlar nə onun üstünə Beb Rutun şəkli olan konfet kağızı yapışdırdılar, nə də onu nabat çöpləri ilə didib-dağıtdılar. Nə isə, biz komançlar istər-istəməz onun varlığına öyrəşdik. Tədricən o da bizim üçün spidometr kimi, maşının adi bir hissəsinə çevrildi.

Ancaq bir gün, Mərkəzi parka getdiyimiz yerdə, Başçımız altmışıncı küçələr rayonunda Beşinci avenyunun tinində, bizim beysbol meydançamıza yarım mil qalmış, avtobusu birdən saxladı.

Təqribən iyirmiyə qədər başbilən dərhal bunun səbəbini izah etməyi tələb etdi. Amma Başçımız susurdu. Cavab əvəzinə o, həmişəki kimi nağılçı pozası alıb, səxavətlə «Güləyən adam» dastanının yeni boyuna başlamaq istədi. Lakin heç ağzını açmağa macal tapmamış qapını döydülər. O günü Başçımızın bütün refleksləri ildırım kimi sürətli idi. Sözün əsil, hərfi mənasında o, cəld öz oxu ətrafında fırlandı və qapının tutacağını burub onu açdı. Xəz paltolu bir qız maşına mindi.

Dərhal, yaddaşımı gücə salmadan, indiyəcən gördüklərim arasında yalnız üçcə qız xatırlaya bilərəm ki, onlar öz qeyd-şərtsiz, sözsüz gözəllikləri ilə məni ilk baxışdan şok vəziyyətinə salıblar. Birini 1936-cı ildə Cons-Biç çimərliyində görmüşəm: əynində qara çimərlik paltarı vardı və nə qədər əlləşsə də, narıncı çətirini aça bilmirdi. İkincisi mənə 1939-cu ildə rast gəlib. Qəraib dənizində üzən turist paroxodunda. Onda həmin qız delfinə yemək əvəzinə alışqan tullayırdı. Üçüncüsü isə bizim Başçımızın bu tanış qızı – Meri Hadsondur.

– Gecikməmişəm ki? – gülə-gülə Başçımızdan soruşdu.

Bu cür o, «eybəcər deyiləm ki» deyə soruşa da bilərdi.

– Yox, – Başçımız dedi. Çaşqınlıq içində ona yaxın oturan komançları süzüb, işarə elədi ki, sıxlaşıb yer versinlər.

Meri Hadson mənimlə Edqar adlı (familiyasını unutmuşam, deyəsən, dayısının ən yaxın dostu içki qaçaqçılığı ilə məşğul olan bir adamdı) oğlanın arasında oturdu. Onun xatirinə o ki var, sıxlaşmışdıq. Maşın yerindən sıçrayıb qəfil götürüldü, elə bil naşı adam sürürdü. Komançların hamısı bir nəfər kimi susmuşdular.

Maşın həmişə dayandığımız yerə çatanda Meri Hadson qabağa dartınıb, şövqlə Başçımıza məlumat verməyə başladı: hansı qatara gecikib, hansına güclə çatıb. Lonq-Aylenddə, Duqlstaunda yaşayırmış. Başçımız isə dil-dodağını gəmirirdi. Nəinki özü danışmaq istəmir, heç qızın nə danışdığına da qulaq asmırdı. Yadımdadır, hətta sürətdəyişənin tutacağı da bir dəfə sürüşüb əlindən çıxdı.

Biz avtobusdan düşəndə Meri Hadson da bizimlə düşdü. Dəqiq deyə bilərəm ki, biz beysbol meydançasına çatanacan hər birimizin sifətində yalnız bircə ifadə: «Bu qız, görəsən, haçan evlərinə cəhənnəm olacaq!» ifadəsini oxumaq olardı. Hələ bu azmış kimi, başqa bir komanç ilə mən meydançanın birinci kimə düşəcəyini aydınlaşdırmaq məqsədi ilə qəpiklə püşk atanda, Meri Hadson utana-utana oyuna qoşulmaq istədiyini bildirdi. Bizim cavabımız ayrı cür də ola bilməzdi. Bu ana qədər uşaqların hamısı aramıza düşmüş bu qadın nüsxəsinə müəyyən qədər maraqla baxsalar da, indi onların baxışlarından əsil hiddət yağırdı. O isə əvəzində üzümüzə gülümsündü. Bir qədər özümüzü itirən kimi olduq. O andaca, bəzi şəraitlərdə özünü tamam itirmək bacarığını çox məharətlə bizdən gizlətmiş olan Başçımız, nəhayət, buna məhəl qoymayıb işə qarışdı. Uşaqlar eşitməsin deyə, Meri Hadsonu qırağa çəkib, onunla ciddi və zəhmli danışmağa çalışdı, amma heç nə çıxmadı. Meri Hadson onun sözünü kəsdi. Komançlar onun nə dediyini aydın eşitdilər.

– Axı mən də istəyirəm! – o dedi. – Mən də oynamaq istəyirəm.

Başçımız başını yellədib, bir də onu başa salmağa çalışdı. Əli ilə meydançanın nəm, çala-çökək olduğuna işarə elədi. Beysbol çomağını əlinə alıb, onun necə ağır olduğunu əyani şəkildə nümayiş etdirdi.

– Fərqi yoxdur, – Meri Hadson bərkdən dedi.

– Mən Nyu-Yorkdan bura diş həkiminə getmək adıyla, havayı yerə gəlməmişəm ki? Yox, mən də oynayacağam.

Başçımız yenə başını bulasa da, təslim oldu. O, ağır-ağır «Qaçaqlar»la «Əsgərlər»in – bizim komandaların adları belə idi – dayandıqları yerə gəldi və üzümə baxdı. «Əsgərlər»in kapitanı mən idim. Xatırlatdı ki, mənim mərkəz qəbuledicim evlərində xəstə yatır və onun əvəzinə Meri Hadsonu götürməyi təklif etdi. Dedim ki, mənim mərkəz qəbuledicisinə ehtiyacım yoxdur. O isə «bu nə zırrama sözdür belə» deyə üstümə çəmkirdi. Yerimdə donub qal- dım. Birinci dəfə idi bizim yanımızda söyüş söyürdü. Bu bir yana, gördüm Meri Hadson da bu tərəfdən mənə gülümsünür. Özümə gəlmək üçün yerdən bir kəsək götürüb, qıraqdakı ağaca tərəf tulladım.

Meydança bizə düşdü. Əvvəlcə mərkəz qəbuledicimizin elə bir işi yox idi. Birinci mövqedən arabir dönüb geri baxırdım. Hər dəfə baxanda Meri Hadson gülə-gülə mənə əl eləyirdi. Tərsliyini yeridib əlinə beysbol əlcəyi geyinmişdi. Dəhşət mənzərə idi!

Bizim komandadan Meri Hadson topu doqquzuncu vurmalıydı. Mən bunu ona bildirəndə ağzını bir balaca əyib: «Yaxşı, amma tez olun!» – dedi. Növbəsi çatanda paltosunu və beysbol əlcəyini çıxarıb, tünd-qəhvəyi rəngli donda meydançada öz yerini tutdu. Beysbol ağacını ona uzadanda soruşdu ki, bu niyə belə ağırdır? Başçımız bundan narahat oldu, hakimlik taxtından düşüb yanımıza gəldi. Meri Hadsonu başa saldı ki, ağacın ucunu sağ çiyninə söykəsin.

– Söykəmişəm, – dedi. – Başçımız bir də ona tapşırdı ki, ağacı var gücü ilə sıxmasın. – Sıxmamışam da, – dedi. Başçımız dedi ki, həm də gərək vuranda düz topa baxasan. – Baxacam da, – dedi. – Di o yana çəkil görüm.

Ona atılan ilk topu var gücü ilə vurub qaytardı və top sol kənar qəbuledicisinin başı üstündən keçdi. Hətta adi normal zərbə kimi də bu çox əla sayıla bilərdi, amma Meri Hadson dərhal üçüncü mövqeyə çıxdı: bax belə çox asanca.

Mənim heyrətim əvvəlcə üşütməyə, sonra isə vəcdə çevrildi və yalnız bu hisslərin hər üçündən qurtulandan sonra dönüb Başçımıza tərəf baxdım. Sanki o, top ötürənin arxasında dayanmamışdı, onun başı üzərində buğlanırdı. Hədsiz dərəcədə xoşbəxtlik içində idi. Meri Hadson üçüncü mövqedən mənə tərəf əl elədi. Mən də ona. Onun əla zərbə kəsməyi bir yana, heç üçüncü mövqedən adama əl eləməyinə də söz ola bilməzdi. Oyunun sonunacan növbəsi çatdıqca hər dəfə çox əla vururdu. Nədənsə, birinci mövqe heç ürəyinə yatmırdı, heç cür orada dayanmaq istəmirdi. Üçcə dəfə ikinci mövqeyə keçə bildi.

Kəsilən topları qəbul etməkdə çox aciz idi, ancaq başımız oyuna o qədər qızışmışdı ki, buna fikir verməyə macalımız yox idi. Əlbəttə, daha yaxşı oynaya bilərdi, bir şərtlə ki, beysbol əlcəyindən başqa nə ilə gəldi, qaytarsaydı. Onu isə heç cür əlindən çıxarmaq istəmirdi. Deyirdi ki, bu çox qəşəng şeydir.

O, ayın axırınacan, bəlkə də, bir aydan çox komançlarla həftədə iki dəfə beysbol oynamağa gəldi (məlumdur ki, həmin günlər evlərindən diş həkiminə gəlmək adıyla çıxırdı). Bəzən avtobusu vaxtında qarşılayar, bəzən isə gecikərdi. Bəzən maşında dil boğaza qoymadan danışar, bəzən isə ağzına su alıb, filtrli siqaretə güc verərdi. Adam hər dəfə onun yanında oturanda gözəl ətir iyindən bihuş olardı.

Soyuq bir aprel günü Başçımız adəti üzrə yenə də saat üçdə 109-cu küçə ilə Amsterdam avenyunun kəsişdiyi tində bizi avtobusa doldurub, onu şərqə, 110-cu küçəyə doğru döndərdi və Beşinci avenyu ilə üzüaşağı sürdü. Lakin bu dəfə o, saçlarını yaş şotkayla daramış, əyninə dəri gödəkcə əvəzinə palto geyinmişdi. O saat ürəyimdə fikirləşdim ki, Meri Hadsonla bu gün də görüşəcəyik. Və bizim həmişə parka döndüyümüz döngədən yan keçəndə, bunu lap dəqiq yəqin elədim. Başçımız maşını, güman etdiyimiz kimi, altmışıncı küçələrin birində saxladı. Sonra komançların vaxtı hədər getməsin deyə, həm də vaxtı birtəhər öldürmək üçün üzünü bizə çevirib, «Güləyən adam» nağılından yeni bir parça danışdı. Həmin parçanı bu gün də bütün təfərrüatı ilə yaxşı xatırlayıram və o hissəni burada hökmən sizə danışmalıyam.

...İş elə gətirir ki, Güləyən adamın ən sədaqətli dostu – «Qaraqanad» ləqəbli zorba canavar Düfarjelərin məharətlə qurduqları çox hiyləgər bir tora düşür. Güləyən adamın çox nəcib və sədaqətli adam olduğunu bilən Düfarjelər ona xəbər göndərirlər ki, əgər özü təslim olsa, Qaraqanadı azad edəcəklər. Güləyən adam da onların bu şərtinə sadəlövhcəsinə inanır. (Onun beyninin ən xırda şeylərdə belə dahiyanə işləyən mexanizmi, hansı müəmmalı səbəbdənsə bu dəfə səhvə yol vermişdi.) Belə şərtləşirlər ki, Güləyən adamla Düfarjelər Parisin dövrəsindəki qalın meşədə, xəlvət bir talada gecəyarısı görüşsünlər və orada ay işığında onlar Qaraqanadı azadlığa buraxsınlar. Lakin, əslində, Düfarjelər Qaraqanadı buraxmaq niyyətində deyildilər, çünki ondan həm qorxur, həm də bərk nifrət edirdilər. Təyin olunmuş gecə onlar Qaraqanadın əvəzinə başqa bir canavarı ağaca sarıdılar, onu Qaraqanada oxşatmaq üçün arxadan sol ayağını ağappaq qar rəngində rənglədilər.

Lakin Düfarjelər iki şeyi nəzərə almamışdılar: bir Güləyən adamın ürəyiyumşaqlığını və bir də onun canavar dilini bilməsini. Tikanlı məftillə nəhəng bir ağaca sarınmaq üçün özünü Düfarjenin qızının ixtiyarına verən kimi, Güləyən adam öz qəlbinin sövq-təbii istəyi ilə köhnə dostu hesab etdiyi bu canavarla son dəfə vidalaşmaq üçün məlahətli bir səslə onun dalınca qışqırdı. Ay işığı ilə işıqlanmış bu talada bir neçə addım aralıda dayanan yalançı canavar bu naməlum adamın linqvistik istedadına heyran qaldı və onun həm şəxsi, həm də peşə baxımından dəyərli olan son vida məsləhətlərinə səbirlə qulaq asdı. Ancaq, nəhayət, o bu məsləhətlərdən bezikdi və ayağının birini götürüb, birini qoymağa başladı. Sonra birdən təngə gəlib Güləyən adamın sözünü kobudcasına yarımçıq kəsdi. Dedi ki, əvvələn, o nə Ağqanad, nə Qaraqanad, nə Bozayaqdır, özü də, belə sarsaq ləqəblərdən onun zəhləsi gedir və adı da Armandır. İkincisi də, o, ömründə Çində olmayıb, azacıq da olsa, ora getmək arzusuna düşməyib.

Bunu eşidəndə Güləyən adam qəzəbindən üzündəki örtüyü dili ilə vurub kənara atdı və ay işığında öz müdhiş sifətini Düfarjenin qızına göstərdi. Madmazel Düfarje o andaca dəhşətdən qəşş eləyib huşunu itirdi. Ona nisbətən atasının bəxti gətirdi. Bəxtindən, həmin anda onu həmişəki kimi vərəm öskürəyi tutdu və o bu müdhiş sifəti görməyə macal tapmadı. Öskürəyi kəsəndə isə qızının arxası üstə yerə sərildiyini görüb, hər şeyi dərhal başa düşdü. Bir ovcu ilə gözlərini yumub, o biri əli ilə tapançasındakı bütün güllələri birbaşa Güləyən adamın ağır, fışıltılı nəfəsinin səsi gələn səmtə boşaltdı.

Nağılın bu qismi də burada qurtardı. Başçımız cibindən bir dollarlıq saatını çıxarıb baxdı, sonra oturacağını qabağa fırladıb, mühərriki işə saldı. Mən də öz saatıma baxdım. Beşin yarısı idi. Maşın tərpənəndə ondan soruşdum ki, məgər Meri Hadsonu gözləmirik? Amma o dinmədi və mən sualımı təkrar etməyə macal tapmamış başını geri döndərib dedi:

– Gəlin bu andır avtobusda səs-küy salmayaq. Hansı yana yozsan da, yenə bu çox mənasız əmr oldu. Çünki maşında bundan əvvəl də, elə indi də tam sakitlik idi. Hamının fikri-zikri tələyə düşən Güləyən adamın yanındaydı. Yox, ona heç nə ola bilməzdi, biz bu sarıdan nigarançılığın daşını çoxdan atmışdıq, çünki onun gücünə tam əmin idik, lakin o hər dəfə çətinliyə düşəndə, söhbət eləmək heç yadımıza da düşmürdü.

Həmin gün üç-dörd taym oynamışdıq ki, birdən Meri Hadson uzaqdan gözümə sataşdı. O, sol tərəfdə, bizdən təqribən yüz addım aralıda skamyada, yanlarında uşaq arabaları olan iki mürəbbiyənin arasında oturmuşdu. Əynində xəz kürkü, siqaret çəkə-çəkə, deyəsən, bizə tamaşa edirdi. Bu cür mühüm kəşfdən bərk həyəcanlandım və top ötürənin arxasında dayanan Başçımızı harayladım. O, püfərək, az qala qaça-qaça yanıma gəldi.

– Hanı? – dedi.

Göstərdim. Bir anlığa o tərəfə baxdı, sonra «bir dəqiqə gözləyin, indi gəlirəm» dedi. Ağır addımlarla meydançadan çıxdı. Paltosunun yaxasını açıb, əllərini şalvarının ciblərinə qoydu. Birinci mövqedə dayanıb onun ardınca baxırdım. Meri Hadsona yaxınlaşanda əllərini ciblərindən çıxartdı, paltosunun yaxasını düymələdi.

Beş dəqiqəyəcən qızın başı üstünü kəsdirib durdu, deyəsən, ona nə isə deyirdi. Sonra Meri Hadson ayağa qalxdı və hər ikisi meydançaya tərəf yollandı. Yolda ikisi də susmuşdu, heç bir-birlərinin üzünə də baxmırdılar. Meydançaya çatanda yenə də öz yerini tutdu. Mən ona tərəf qışqırdım:

– O da oynayacaqmı?

O mənə «səsini ud» dedi. Mən də uddum, amma Meri Hadsondan gözümü çəkmədim. O, əllərini xəz paltosunun ciblərinə salıb, meydançanın qırağı ilə o baş-bu başa ağır-ağır var-gəl eləyirdi. Axırda gəlib üçüncü mövqedən arxada, yerindən oynadılmış skamyada oturdu. Yenidən bir siqaret yandırıb, qıçını-qıçının üstünə aşırdı.

Vurmaq növbəsi «Qaçaqlar»a keçəndə, onun oturduğu skamyaya yaxınlaşıb ona dedim ki, sol cinahda oynamaq istəmir? Başını buladı. Dedim, bəlkə, soyuq olub? Yenə də başını buladı. Bir də təkrar etdim ki, sol cinahda oynamağa adam yoxdur, mərkəzdə oynayanımız həm də sol cinahda oynamağa məcburdur. O hətta bu xəbərdən sonra da dinmədi. Mən də beysbol əlcəyimi havaya tullayıb, onu havada başıma keçirmək istədim, amma bacarmadım, yuvarlanıb palçığa düşdü. Götürüb şalvarıma sildim və Meri Hadsona dedim ki, könlü haçan istəsə, nahara bizə qonaq gələ bilər. Başa saldım ki, elə Başçımız da bizə tez-tez qonaq gəlir.

– Mənlə işin olmasın, – dedi, – xahiş edirəm, məni tək burax!

Gözüm kəlləmə çıxdı. Sonra cibimdən balaca bir mandarin çıxartdım və onu havada atıb tuta-tuta bizim «Əsgərlər»in oturduqları skamyaya doğru yönəldim. Yolun yarısında, üçüncü mövqeyin tuşunda geriyə çevrilib Meri Hadsona baxa-baxa və əlimdəki mandarini havada oynada-oynada, dalın-dalın yoluma davam etdim. Başçımızla Meri Hadson arasında nə iş olduğunu başa düşməsəm də (heç indi də başa düşə bilmirəm, amma dumanlı şəkildə hiss eləyirəm), anbaan Meri Hadsonun bizim komançlar qəbiləsindən həmişəlik tərk edildiyinə əminliyim daha da artdı. Bütövlükdə götürəndə, mənim bu əminliyim inandırıcı və sanballı faktlara əsaslanmasa da, dalın-dalın geriyə getmək qabiliyyətimi elə korladı ki, qəfil uşaq arabasının üstünə aşdım.

Növbəti taym qurtaranda, hava oyunu davam etdirmək üçün çox qaranlıq oldu. Oyun dayandırıldı və biz şeylərimizi yığışdırmağa başladıq. Mən sonuncu dəfə dönüb Meri Hadsona baxanda, onu üçüncü mövqenin lap yaxınlığında dayanıb hıçqıran gördüm. Başçımız onun xəz paltosunun qollarından tutmaq istədisə də, o qoymadı, dartınıb əlindən çıxdı. Beton cığırın üstü ilə qaça-qaça meydançadan uzaqlaşdı və tamamilə gözdən itdi. Başçımız onun dalınca getmədi. Yerindəcə dayanıb onun necə gözdən itdiyinə tamaşa etdi. Sonra dönüb meydançanın ortasına tərəf getdi və bizim orada qoyub gəldiyimiz beysbol ağaclarının hər ikisini əyilib yerdən götürdü. O ağacları həmişə biz orada atıb qaçırdıq, çünki bilirdik ki, o özü gətirəcək. Yaxınlaşıb ondan soruşdum ki, Meri Hadsonla dalaşıb-eləməyib ki? O isə cavabında «burnunu hər yerə soxma» dedi.

Həmişəki kimi biz komançlar hay-küylə, itələşə-itələşə meydançadan yüz addım aralıda dayanan maşına tərəf götürüldük. Hamımız əmin idik ki, indi hökmən «Güləyən adam» nağılının ardına qulaq asacağıq. Küçəni keçəndə uşaqlardan kimsə ehtiyat sviterini əlindən saldı, mən də ona ilişib üzüqoylu yeri qucaqladım. Durub maşına çatanacan isə, artıq yaxşı yerlərin hamısı tutulmuşdu. Ayrı əlacım qalmadı və orta sıraların birində özümə yer tutmalı oldum. Buna görə də hirsimdən sağ tərəfimdə oturan oğlanın böyrünə dirsəyimlə bir dürtmə ilişdirdim və sonra da pəncərədən bayıra boylanıb, küçəni keçən Başçımıza tərəf baxdım. Hələ elə də çox qaranlıq deyildi, amma saat altıya on beş dəqiqə işləmişdi, istər-istəməz toran düşürdü. Başçımız beysbol ağacları qoltuğunda, paltosunun yaxasını qaldırmış, başıaşağı küçəni keçirdi. Günorta gələndə yaş şotka ilə səliqəli daranmış qara saçları indi qurumuşdu və adi mehdən belə yellənirdi. Yadımdadır, ona baxanda ürəyimdən keçdi ki, kaş indi onun əlcəkləri də əlində olaydı.

Həmişəki kimi o, avtobusa minəndə içəriyə sakitlik, daha doğrusu, teatrda işıqlar sönməyə başlayanda olduğu kimi, müəyyən mənada, sakitlik çökdü: kimi öz söhbətinə tələm-tələsik pıçıltıyla yekun vurmağa tələsdi, kimi isə dərhal səsini kəsdi. Amma buna baxmayaraq, Başçımızın ilk sözü yenə bu oldu ki: «Yaxşı, ya sakit olun, ya da heç bir nağıl-filan olmayacaq!» Bir andaca avtobusa qatı sükut çökdü və Başçımızın öz yerinə keçib bu sükutu pozmaqdan savayı bir əlacı qalmadı. Yerinə keçəndən sonra dəsmalını çıxarıb burun deşiyinin əvvəlcə birini, sonra isə o birini ona fınxırıb sildi. Biz bu səhnəyə çox səbirlə və hətta mən deyərdim ki, bir qədər maraqla tamaşa edirdik. Burnunu silib qurtarandan sonra dəsmalı səliqə ilə qatlayıb cibinə qoydu. Və yalnız bundan sonra «Güləyən adam» nağılının yeni parçasını danışmağa başladı. Əvvəldən axıra kimi bu parça cəmisi beşcə dəqiqə çəkdi.

Düfarjenin Güləyən adama dörd gülləsi dəymişdi, özü də ikisi düz ürəyinin başından. Onun müdhiş sifətini görməmək üçün gözlərini əli ilə qapamış olan Düfarje qarşıdan, Güləyən adam tərəfdən ölümqabağı inilti səsləri eşidib sevindi. Qatilin xəbis ürəyi sevincdən atılıb-düşməyə başladı və o, huşunu itirmiş qızına tərəf qaçıb, onu ayıltdı. Sevincdən ağıllarını itirmiş halda, hər ikisi qorxaqlara məxsus bir məğrurluqla yalnız indi Güləyən adama tərəf baxmağa cəsarət etdilər. Can verən adamlar kimi onun başı sinəsinə düşmüş, çənəsi sinəsinin al-qanına bulaşmışdı. Ata ilə qız yavaş-yavaş, hərisliklə öz qurbanlarına yaxınlaşdılar. Ancaq qabaqda onları çox gözlənilməz bir hadisə gözləyirdi. Güləyən adam ölməmişdi və öz sehrli fəndlərini işə salıb qarın əzələlərini yığırdı. Düfarjelər lap yaxına gələndə o, birdən başını qaldırıb qorxunc və vəhşi bir bağırtı ilə nərə çəkdi və sonra çox səliqə ilə, mən deyərdim, hətta vasvası adamlara məxsus bir səliqə ilə dörd güllənin dördünü də bir-bir yerə tüpürdü. Onun bu hərəkəti Düfarjeləri elə vahiməyə saldı ki, sözün əsil mənasında, onların ürəkləri yerindən qopdu və meyit kimi, Güləyən adamın ayaqlarına sərildilər. (Əgər bu parçanı qısa eləmək lazım gəlsəydi, onu elə buradaca qurtarmaq olardı: komançlar Düfarjelərin qəfil ölümünü özləri üçün çox asanlıqla izah edə bilərdilər. Lakin nağıl burada bitmədi.)

Günlər keçir, Güləyən adam hələ də tikanlı məftillə ağaca sarınmış halda qalır, ayaqları altda isə Düfarjelərin meyitləri çürüyüb iylənirdi. Yaralarının qanı kəsmirdi, yanında isə ehtiyat qartal qanı qalmamışdı. Güləyən adam ömründə ölümlə bu qədər yaxından üzləşməmişdi. Bir gün xırıltılı, boğuq, amma məlahətli səsi ilə meşə heyvanlarını köməyə çağırdı. Onlardan xahiş etdi ki, yaraşıqlı, gözəl cırtdan Ombanı onun yanına çağırsınlar. Onlar da çağırdılar. Lakin Parisdən Çinə gedib-qayıtmaq çox uzun çəkdi və Omba əlində dərman qabı və təzə qartal qanı gəlib çıxanda, Güləyən adam artıq huşunu itirmişdi. Omba hər şeydən əvvəl öz mərhəmətini göstərdi: öz ağasının qırmızı tül örtüyünü madmazel Düfarjenin qurd basmış meyitinin üstündən götürüb, böyük məhəbbətlə Güləyən adamın sifətinin müdhiş yerlərini örtdü. Yalnız bundan sonra yaralara dərman qoyub sarımağa başladı.

Güləyən adamın xırdaca bəbəkləri, nəhayət, azca aralananda, Omba tələsik qartal qanı bardağını onun ağzına yaxınlaşdırdı. Ancaq Güləyən adam onu içmədi. Əvəzində, astaca öz sevimli dostunun, Qaraqanadın adını çəkdi. Omba özünün azca

nahamar başını aşağı salıb, Düfarjelərin Qaraqanadı öldürdüklərini ona bildirdi. Güləyən adamdan çox qüssəli, adamın ürəyini parçalayan bir inilti çıxdı. Əlini birtəhər qartal qanı bardağına yaxınlaşdırdı və onu xışmalayıb əzdi. Qartal qanı onun barmaqları ilə xırdaca çaylar kimi üzüaşağı süzülüb yerə axdı. Ombaya əmr elədi ki, üzünü yana çevirsin, Omba da hıçqıra-hıçqıra onun dediyinə tabe oldu. Özünü qanlı torpağa çırpmazdan əvvəl Güləyən adamın gördüyü sonuncu iş əli ilə üzündəki maskanı götürüb atmaq oldu.

Aydındır ki, nağıl burada bitmişdi. (Ardı heç vaxt olmadı.) Başçımız maşını işə saldı. Qonşu sırada mənimlə yanaşı oturan və komançların ən kiçiyi olan Billi Uolş bərkdən acı-acı hönkürməyə başladı. Heç kəs ona kiri demədi. Özümün isə yadımdadır, dizlərim əsirdi.

Bir-iki dəqiqə keçəndən sonra, Başçımızın maşınından tökülüşəndə, təsadüfən, fənər dirəyinin dibində gözümə qırmızı sarğı kağızı sataşdı. Külək onu dirəyə çırpırdı. O kağız lalə yarpağından hörülən o tül maskaya yaman oxşayırdı. Evə gələndə dişlərim aramsız göynəməyə başladı və o dəqiqə mənə yatağa girməyi əmr etdilər.


Banan balığının asan ovlanan günü-DOQQUZ HEKAYƏNİN BİRİNCİSİ

Topal dovşanın Konnektikut səfəri – DOQQUZ HEKAYƏNİN İKİNCİSİ

Eskimoslarla müharibədən azca qabaq - DOQQUZ HEKAYƏNİN ÜÇÜNCÜSÜ

# 2183 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #