Onlar yazıçı olmasalar, nə olardılar? - SORĞU

Onlar yazıçı olmasalar, nə olardılar? - <span style="color:red;">SORĞU
22 fevral 2017
# 13:30

Hamının xəyalında yaşayan bir peşə, sənət olur. Uşaqlıqdan bu günə o istək, o arzu böyüyə-böyüyə səninlə bərabər yaşayır. Sonra isə zaman səni o xəyallarındakı peşədən uzağa salır.

Yazarlarımızın xəyallarındakı peşə hansı olub? Yazıçı, şair olmasaydılar nə olmaq istəyərdilər?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Image result for əkrəm əylisli

Əkrəm Əylisli

- On iki yaşıma qədər bostançı olmaq arzum vardı. Sonra şeir yazmağa başladım. Bir-iki dəfə “Pioner” qəzetində çap olundum. Gördüm ki, mən yazmalıyam.

Image result for əlisəmid kür

Əlisəmid Kür

- Uşaq vaxtı evdəkilər məni cərrah görmək istəyirdilər. Mən isə bıçaqdan qorxurdum, ona görə getmədim o sahəyə. Futbol oynayırdım. İstəyirdim ki, böyüyəndə futbolçu olum.

Image result for narıngül

Narıngül

- Hər kəsin ürəyinin alt qatlarında bir peşə həvəsi olur və insan özünü tanıyıb nəyə qadir olduğunu dərk etdikcə, oyuncağa olan meylini ürəyində basdırdığı kimi onu da basdırıb dəf edir. Əvvəllər dükanlardakı satıcılar mənə çox maraqlı gəlib. Elə bilirdim, onlar adamlardan bir addım öndə, səhnədə dayanıblar, qarşıdakı insanları özlərini izlətməyə məcbur edirlər. Uşaq vaxtı qonşu qızlarla oynayarkən özümə balaca dükan düzəldər, ətrafdakı rəngli şüşə parçalarını yığıb “vitrinlərə” düzərdim. Fındıq yarpaqlarından pul düzəldib “alış-veriş” edərdik. Amma böyüyəndən sonra başa düşdüm ki, bu iş bilmərrə mənlik deyil. Odur ki, bu həvəsi boğub atdım suyun içinə. Hərdən olur ki, bir vaxtlar arzuladığım peşəyə indi oynatmadığım oyuncaq kimi baxıb qımışıb keçirəm...

Image result for murad köhnəqala

Murad Köhnəqala

- Uzaq şəhərlərdən, xarici ölkələrdən qiymətli mal gətirib satmaq imkanım olsaydı heç vaxt əlimə qələm almazdım. Həmişə belə bir tacir olmaq arzum olub...

Image result for Aqşin yenisey

Aqşin Yenisey

- Qoy mənim yerimə bu suala rəhmətlik Nüsrət Kəsəmənli cavab versin:

Olan olub, keçən keçib, bəlkə də.

İndi daha kövrəlməyin yeri yox.

Əvvəlindən belə gəlib bizimki.

Əvvəlindən biri vardı, biri yox.

Image result for pərviz cəbrayıl

Pərviz Cəbrayıl

- Bircə onu bilirəm ki, çox şiddətlə futbolçu olmaq istəmişəm. Yaxşı qapıçıydım. 1986-cı il aprelin 7-də məşqdə dizimdən zədələndim. Sonra romantik ədalət axtarışı məndə hüquqşünas olmaq meyli yaratdı. İki “5”, iki “4”-lə müsabiqədən keçmədim. Sonra heç nə olmaq istəmədim. İndi də heç nə istəmirəm.

Image result for Aysel əlizadə yazar

Aysel Əlizadə

- Məişət texnikası düzəldərdim. Uşaq vaxtı evdə xarab olan əşyaları təmir edirdim.

Image result for Cəlil cavanşir

Cəlil Cavanşir

- Yazıçı olmasam, uşaq həkimi olmaq istərdim. Uşaqlıqdan ən sevdiyim peşədir.

Image result for rəbiqə nazimqızı

Rəbiqə Nazimqızı

- Zatən heç birimiz şair-yazar işləmirik, bu heç. Peşəm xüsusi fərq eləməzdi, bu fikirlər əhvalıma uyğun olaraq anbaan dəyişə bilər. Amma indi mən yalnız təyyarədə uçmaq arzulayıram deyə pilot, stüardessa, gəmiylə getmək üçün kapitan, dənizçi, hətta gəmi aşpazı, qatarla getmək üçün bələdçi və ya ezamiyyətə-məzuniyyətə getmək imkanı olan istənilən peşə sahibi olmaq istərdim. Uşaqlıqda kosmonavt da olmaq istəmişəm, arxeoloq da... İndi yalnız dincəlmək istəyirəm... Yəni yaxşı təqaüd olsa, təqaüdçü.

Könül Arif

- Qadınlara əsasən nitqində, hərəkətlərində, həyat tərzindəki estetikaya görə rəğbət bəsləyirəm. Sınanmış üsuldur ki, daxili zənginlik özünü bu tərzlərlə büruzə verir. Çox güman ki, onların tərzlərinə uyğun rənglər seçər, qumaşlar tapar, dərzilik edərdim. Bir qadın üçün dərzilik ən gözəl sənətlərdəndir.

Image result for günel natiq

Günel Natiq

- Atam futbol azarkeşi idi, ümumiyyətlə idmana böyük sevgisi vardı. Birlikdə oturub futbola baxardıq. Futbolçulara qeyri-adi insanlar kimi baxırdım, onların şöhrəti başımı gicəlləndirirdi. Sevimli komandalarım məğlub olanda həmin gecəni yatmır, gizli-gizli ağlayırdım. Yavaş-yavaş içimdə belə bir arzu oyanırdı - futbolçu olmaq. Amma qanımı qaraldan bir məqam vardı - qadın futbolçular elə də məşhur deyildilər, ümumiyyətlə qadın futboluna maraq az idi. Mən isə Maradona, Ruud Qullit, Van Basten, Pele kimi məşhur futbolçu olmaq istəyirdim. Əgər yazar olmasaydım, yəqin ki, qadın futbolunun ən parlaq nümayəndələrindən biri olardım.

Image result for zahir əzəmət

Zahir Əzəmət

- Yəqin ki, əkinçi. İndi ən çox darıxdığım şey də məhz budur - torpaq. Bəlkə, uşaqlıq xatirələrimlə bağlıdır, bəlkə şəhərdən yorulduğuma görədir, bilmirəm. Dünya yaranandan əkinçilik peşələrin ən gözəli olub deyə düşünürəm.

Image result for sevinc elsevər

Sevinc Elsevər

- Uşaqlıqdan bəri xalça toxumağa, toxuculuğa həvəsim olub. Amma öyrənə bilməmişəm. Hərdən istəyirəm ki, bu yaşımda kursa gedəm. Ümumiyyətlə, həmişə əlindən iş gələn qadınlara qibtə eləmişəm. Mən ancaq kitab oxuyurdum. Bir düyməni belə tikə bilmirəm indi. Hansısa qadın yanımda deyəndə ki, geydiyim bu köynəyi, corabı özüm toxumuşam, əynimdəki donu özüm tikmişəm, paxıllığımdan partlayıram. Qızlarıma deyirəm ki, qadın savadlı olmaqla yanaşı özünə don tikməyi də bacarmalıdır. Bir az böyüsünlər, onları dərzilik kurslarına yazdıracam. Çox zövq verərdi bu iş mənə. Sevdiyim adamlara əllərimlə nəsə toxuyardım, paltar tikərdim. Heyf, öyrənməyə də zamanım yoxdu.

Image result for azad qaradərəli

Azad Qaradərəli

- Mən uşaq olanda kəndimizə geoloqlar gələr, yastanlarda, düzəngah yerlərdə qazıntı işləri aparardılar. Onların maraqlı həyatı vardı. Kiçik çadırlarda yaşar, xörək bişirib yeyər, idman edər, zarafatlaşardılar. Hətta bizi də bəzən buyurar, dəstələrinə qoşulmağa imkan verərdilər. Mən o həyata vurğun idim. 7-ci sinfə qədər geoloq olmağı düşünürdüm. 8-9-cu siniflərdə ədəbiyyat məni yoldan çıxartdı. İlişdim iri həcmli romanları oxumağa və bir də gördüm ki, şeir yazıram. Gözümü açanda artıq filologiya fakültəsində oxuyurdum. İlk hekayələrimi tələbəykən yazdım və geoloq-filan tamam yadımdan çıxdı. Amma hərdən yazılarımda onları ağrı ilə xatırlayıram.

Image result for svetlana turan

Svetlana Turan

- Mən atam kimi təyyarəçi olmaq istəyirdim.

# 1310 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #