Humay təkayaqlı bir qərinədir... – Bir Səməd Vurğun şedevri

Humay təkayaqlı bir qərinədir... – Bir Səməd Vurğun şedevri
13 yanvar 2021
# 17:12

Kulis.az Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasında xüsusi diqqət çəkən hissələrdən olan “Humay” bölməsini təqdim edir. Humay saf və nakam bir kənd qızıdır...

Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küskün baxışlı qara gözləri
Nələr düşündürür...
Onun həyatı,
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış,
Bütün diləkləri gözündə qalmış.
İcazə versəniz danışaram mən
O, qız xəyalının incəliyindən:
Daldığı musiqi - sazların səsi,
Ya da ki, quşların vəhşi nəğməsi...
Dağların döşündə gəzinən çoban
Dərdlənib neyini çaldığı zaman,
Yaşarır Humayın qara gözləri,
Həyata gəldiyi o gündən bəri.
Bilirəm dərdini, bilirəm nədir,
Humay, tək ayaqlı bir qərinədir...

Əlinə ömründə kitab almamış,
Böyük şəhərlərdə qonaq qalmamış,
Nə bir dəmir yolu, nə də bir qatar
Görməmiş... Gecələr o qatar-qatar
Uzanan durnalar nələr andırar?
Humayın qəlbini niyə yandırar?
Bəzən qonşuluqda ağlaşma səsi,
Kəndli qadınların ediləşməsi.
Dil deyib ağlayan yaslı gəlinlər,
Qanadlı nalələr, ahlar, əninlər,
Qızın xəyalını qaldırıb yenə
Uçurur göylərin dərinliyinə...
Bəzən də göylərdə qızartı varsa,
Üfuqdə bir qızıl şimşək çaxarsa,
Qorxub təbiətin hikmətlərindən
Humay ahu kimi ürkərək həmən
Soxulur çadırın küncünə sarı,
Gözaltı seyr edir ta uzaqları.
Dünyanın sirrini nə bilir Humay;
Bəzən də göyləri gəzən sülğun ay
Yarıb buludları hücuma çıxar,
Onun səngəridir sıx-sıx buludlar.
Humay bu lövhədən maraqlanır pək,
Ayın arxasınca fikirləşərək,
Nəhayət yorulur, kütləşir başı,
Donub kölgələnir məyus baxışı.
Bilirəm dərdini, bilirəm nədir,
Humay təkayaqlı bir qərinədir...

O hər gün oyanır quşlardan qabaq,
Yaxın bir təpənin üstdən aşaraq,
Tərpənir sahilə - bulaq başına,
Qoyub səhəngini sahil daşına,
Seyr edir səslənən ormanlıqları,
Pozur saçlarını səhər ruzgarı...

Bir az da Humayın axşamlarından:
Qaranlıq döşünü gərdiyi zaman
Onun da ruhuna qaranlıq çökür.
Çırmayıb qolunu, itə yal tökür;
Qapının ağzında paltar-palazdan,
Nə varsa içəri götürür asta,
Cehiz sandığına bir qıfil vurur;
Humayın gündəlik işləri budur.
Əl-ayaq yığışır, hamı əyləşir,
Ağlına gələni danışır bir-bir.
Kişilər dəm vurur pəhləvanlıqdan.
Güləşdən, güllədən, ölümdən, qandan.
Qocalar qızışır, danışır hərdən
Zal oğlu Rüstəmdə olan hünərdən.
Sonra Koroğludan, bir də Qıratdan...
İnsan yorulmadı bu xatiratdan...

Molla Nəsrəddinin məzhəkələri
Ellərin ağzına düşəndən bəri,
Uşaqlar da onu sevərək oxşar,
Dünyanın qəribə macərası var...

Sonra qadınlar da növbəylə bir-bir
Qohumdan, qonşudan qeybət eləyir:
- Ay qız, Gülcamalın tutarı yoxdur,
Bu qoca vaxtında heç arı yoxdur.
Yenə sırğalanır, sığallanır, bax;
Deyən, ər axtarır bu qoca sarsaq:
Rəng alıb, rəng verir, gözlərin aydın.
Bu saxta sözləri deyən bir qadın.
Oynadır qaşını, süzür gözünü,
Gülünc bir şəkilə salır özünü.
Altmış ildir ki, sənəti budur,
Səhər dediyini axşam unudur...

Humay xoşlamayır bu söhbətləri
Əyrini, doğrunu seçəndən bəri.
Sonra süfrə gəlir, oturub yerdən,
Qatıqdan, qaymaqdan, yağdan, pendirdən
Nə varsa yeyilir, üstündən də çay...
Hamıdan az yeyir, az içir Humay.
İştahı olsa da, hey çəkinərək:
"Qız olan bəndələr az yesin gərək".
Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küskün baxışlı qara gözləri
Nələr düşündürür...
Onun həyatı,
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış,
Bütün diləkləri gözündə qalmış...
Bilirəm dərdini, bilirəm nədir,
Humay təkayaqlı bir qərinədir...

# 5872 dəfə oxunub

Müəllifin son yazıları

# # #