Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə

Qonağa vurulan gəlin - <span style="color:red;">Ataqamdan Yeni Hekayə
10 aprel 2019
# 13:07

Kulis.az Ataqamın “Oyconbi” hekayəsini təqdim edir.

Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin yaratdığı sarkastik ifadə ilə Perovun “Ovçular birhovurda” rəsmindəki ortayaşlı ovçuya bənzəyirdi. İşi çətinə düşəndə başala barmağını baş barmağına yaylayıb palıdı təvərə papağının dimdiyinə çırtma vururdu.

Babakulov yol boyu buraların ormanlarından, qaban dolu meşələrindən, çeçə barmağını sıxan kimi uyub çarpayıya yıxılan qızlarından danışdı. Hər şənbə-bazar Havalıca meşəsinə qaban ovuna getməyini xüsusi iftixarla dedi.

Bir neçə gün Babakulovla ucqar kişlaklarda qurduğumuz su sitemlərini təftiş etdikdən, onun ara-sıra qaban ovu barədə danışıqlarını dinlədikdən sonra məni iki sual düşündürürdü: Tarzoblular qatı müsəlman idilər, qaban ətinin adını eşidəndə belə, öyüyürdülər. Babakulov evli olsaydı, o qədər əti ailəsinin yediyini, ya qış küpünə basdırdığını ehtimal edərdim. Bəs ovladığını neyləyirdi? Bu, birinci sual idi. İkinci sual isə daha qəliz idi. “Yaxında - Tarzobdan bircə saat aralı qaban dolu meşə ola ola, Babakulov niyə məhz dörd saatlıq daşlı-kəsəkli dağ yolu ilə Havalıcaya gedir?” sualına verdiyim cavabların heç biri mənə məntiqli gəlmirdi.

Birinci sualıma Babakulovun cavabı sadə oldu: “Ovlayıram, gətirib hərbi bazada kilosu yüz əlli rubla rus zabitlərinə satıram". İkinci suala isə məkrlə gülümsəyib mənə göz vurdu: “Gedək, özün gör”.

***

Havalıcaya günorta çatdıq. Yeddi evdən ibarət kişlağın ayağında Babakulov QAZ-69-unu saxlayıb qatır arabasının üstündə yığılmış səyyar dükandan günəbaxan yağı alıb qayıtdı. Sualımı gözləməyib “qapının cırıltısı məni bezdirib, yağlayacam” - dedi.

Havalıcada Babakulovun köhnə tanışı Abducabbor kişigilə düşdük.

Babakulov maşını çovustanın tuşunda saxladı, ovçu cəldliyiylə maşından düşdü, qollarını açıb danışa-danışa Abducabbor kişiyə tərəf getdi. Qucaqlaşıb görüşdülər, əsl asiyalılar kimi bir-birinin suallarına cavab vermədən uzun-uzadı kef-hallaşdılar. Babakulov başı ilə məni göstərib “qonağımdı, qaban ovuna gətirmişəm” - dedi.

Abducabbor kişinin yaşı yetmişdən artıq olardı, amma çox gümrah görünürdü. Ayıbala kərpicdən ikigözlü, eyvanlı evi, həyətində arı pətəkləri, qaz sürüsü, mal-qarası, keçiləri vardı.

Abducabbor kişi xırda butalı araqçınını dala itələyib mənə əl uzatdı, qabanların qarasına xeyli danışdı, hər il iki-üç ton meyvəsini zay etdiklərini söylədi. Qolumdan tutub evin arxasına apardı. İki qadın, bir kişi qəbrinin yanından ötəndə başını döndərmədən əlini qəbirlərə uzatdı, rəhmətlikləri narahat etməmək üçün ağzını qulağıma yaxınlaşdırdı: “Bizimkilərdi”. “Allah rəhmət eləsin” deyib kamança tarı müşaiyət eləyən təki Abducabbor kişinin ardınca salavat çevirdim.

Dörd yanına səliqə ilə selav daşı döşənmiş bulağın başında dayandıq. Abducabbor kişi əlini alnına günlükləyib meşəyə qədər uzanan meyvə bağını göstərdi. “O çər dəymişlər gecələr sürü ilə gəlib bağa doluşurlar, bir salamat ağac qoymurlar. Bu sağ olmuş tatar balası gəlib ovlamasa, əlimə bir cürük qoz da gəlməz”

Babakulov siqaretini tüstülədə-tüstülədə bizə yanaşıb söhbətə qoşuldu: “Bilirsən nə ziyankar heyvandı?! Mərdümazar qonşu kimi murdarlığı ağızlarında daşıyırlar”.

Həyətə qayıdıb maşından ov alətlərimizi – tüfəngi, qara gecə paltarımızı, fonarları götürüb yerbəyer elədik. Günəbaxan yağını götürəndə Babakulov fındıq gözlərini qıyıb qımışdı: “Mənə ver”

Abducabbor kişi başını çovustanın qapalağından içəri uzadıb səsləndi: “A bala, Oyconbi, qonaqlara çay qoy, ayaqlarını yumağa isti su gətir”

Çovustandan iri mavi gözlü, ağ butalarla bəzənmiş, ətəyindən qırmızı qotazlar sallanan yaşıl çarşablı bir qız çıxdı. Qız bizə dilucu salam verib evə girdi, iki piyalə, nəlbəkidə kişmişlə qarışıq fısdıq ləpəsi, kəllə qənd gətirib tapçana düzdü, yenə özünü çovustana soxdu.

Bir azdan Oyconbi əlində bükülü çətən, parç, bir vedrə su gətirib gəldi. Çətəni yerə sərdi. Babakulov corablarını çıxarıb ayaqlarını çətənin üstünə qoydu. Oyconbi sarı-qırmızı güllü çit şalvarının balağını yığıb Babakulovun qarşısında çöməldi, bir əli ilə parçla vedrədən götürdüyü suyu şırnaqla töküb, o biri əli ilə onun ayaqlarını yumağa başladı.

Mən Oyconbinin Babakulovun ayaqlarını canı-dildən ovxalaya-ovxalaya yumasına, Babakulovun da ləzzətlə ofuldamasına maraq qarışıq çaşqınlıqla baxırdım. Oyconbi ilə Babakulovun yaxın qohum olduqlarını düşünürdüm.

Oyconbi Babakulovun ayaqlarını cansilənlə quruladı, corablarını geydirdi, vedrəni çalıb çovustana getdi.

Babakulov Oyconbiyə oğrun-oğrun baxdığımı gördü, təvərə papağının dimdiyinə çırtma vurub ağzını qulağıma yaxınlaşdırdı:

- Buynuzlu İsgəndərdən qalma maldı. Marıtlama, vermir. Altı aydı hərləyirəm, qonduğu qanaddan qoparda bilmirəm.

- Ağacın qanadına arxayındı, ya öz qanadlarına? – atmaca ilə rişxənd qarışıq sual verdim.

- Qanadı sındırmışam, gecələrin birində də qanadlarını sındıracam, -Babakulov yanlış söz deyən adam kimi cəld özünü toparladı, - bu gecə yox ha, hələ tezdi, tam yetişməyib.

Oyconbi su dolu vedrə ilə qayıtdı, gəlib yanımda durdu.

- Keç otur, Oyconbi sənin də ayağını yusun, - Abducabbor kişi böyürdən çıxıb əlini kürəyimə şappıldatdı.

Diksindim:

- Mənim ayağımı?! Niyə?!

Hər üçü ürəkdən güldü.

- Yox, ayağım təmizdi, tezdən çimmişəm. Yumaq lazımsa, odey, bulaqda yuyaram.

Bulağa tərəf getmək istəyəndə Babakulov qarşımı kəsdi:

- Hoqqa çıxartma, qoy yusun, adətdi.

- Yox! Belə adət olar?!

- Timurçin aka, - Oyconbi iri, mavi gözlərini qaldırıb Babakulova baxdı, - siz gedin, uşaq utanır, - işvə ilə dedi.

Abducabbor kişi ilə Babakulov bulağa tərəf getdilər. Oycobninin mənə “uşaq” deməsinə gülümsündüm.

- Neçə yaşınız var, xoharcon? Əminəm ki, yaşda məndən kiçiksiniz?

Oyconbi dinmədi.

- Mən iyirmi yeddinin içindəyəm,- Oyconbini danışdırmaq üçün astadan dedim.

- Üç il gözləsən, gəlib sənə çataram, - buraların daş qaydasını pozub, birbaşa “sən”ə keçib laqeydliklə cavab verdi, - ayağımı özünə tərəf çəkdi, corabımın birini çıxartdı, ayağımı dartıb çətənin üstünə qoydu.

- Ayıbdı, Oyconbi, lazım deyil, özüm yuyaram. Bu nə ədətdi belə?

- Nə bilim, adətdi də. Ata-babadan qalıb. Evin gəlini qonağın ayağını yumalıdı... Qonağın ayağını yuyuruq, özümüzsə kirli ayaqla gəzirik, - Oyconbi kədər qarışıq ikrahla dedi.

Söz məni bərk tutdu. Tez ayaqlarımı çətəndən çəkib kətilin altına yığdım.

Oyconbi əlini uzadıb ayağımdan yapışdı, çətənə tərəf çəkdi. İmtina etmək istəyəndə, qəflətən dırnağını baldırıma batırdı. Dik atıldım. Oyconbi pıqqıldadı.

- Demək, sən bu evin gəlinisən, hə?

- Hə.

- Bəs ərin hardadı?

- Bilmirəm... deyirlər, Ukraynadadı. Avaralanır orda. Keçən il kişlakdakı bir dostuna zəng eləyib deyib ki, çıxım gedim evimizə.

- Bəs niyə getmirsən?

- Kimdi məni qəbul eləyən? Bizim kişlakda qotur qatıra ərsiz arvaddan çox hörmət eləyirlər.

Oyconbi susdu. Mən də dinmədim, danışsaydım, söhbətinin dalını gətirməyəcəkdi.

- Ərim qaban idi; mənə bircə dəfə də xoş söz demədi. Timurçin aka da elədi, xəlvətə düşən kimi yanbızımı çimdikləyir. Bir dəfə sərinci başına çırpmışam, indi məndən gen gəzir.

Oyconbi qəflətən gözlərini qaldırdı, əllərini döşlərinin altında çataqladı:

- Sən də qabansan?

Çiyinlərimi çəkdim:

- Səni başa düşmürəm, Oyconbi. Məndən nə istəyirsən? Mən neyləməliyəm? Sənə xoş söz deməliyəm? Axı bu, doğru deyil. Sən ərli qadınsan.

Oyconbi dilinin altında nəsə dedi, dalınca da laylaya oxşayan bir melodiyanı zümzümə etdi.

Abducabbor kişi Babakulova iki ay qabaq doğulmuş buzovlardan danışa-danışa yaxınlaşanda, ayağımı Oyconbinin əllərindən qopartdım, cansilənlə qurulamağa başladım.

Oyconbi mənə acıqla baxdı, qab-qacağı götürüb çovustana getdi.

Abducabbor kişi yanını tapçanın tilinə söykəyib piyaləsindən yaşıl çayı hortlada-hortlada gəlininin qarasına danışdıqca Babakulov “indiki gəlinlərin əlindən-götündən bir iş gəlmir, nə ərə baxırlar, nə sərə, qoyasan, bütün günü kişlakdakı qəhbə arvadlarla mırt vuralar...” deyib oda qamqalaq atırdı.

Babakulovun sözləri Abducabbor kişinin canına yağ kimi yayılırdı; onun hər cümləsindən sonra “Ay dədən rəhmətlik!” deyib əlini dizinə çırpırdı”.

“Madar oğlum bunun dilbilməzliyinə, susqunluğuna dözməyib getdi”, - əlini seyrək saqqalına çıkdi. “Hamısın o arvad elədi, o əmcəyi qurumuş arvad. Sonrakı arvadı deyirəm... Qabaqkı xəstələndi, öldü. Demişəm, bilirsən. Qocalıqda yorğalıq elədim, gedib ikincini aldım, o da ocağımı söndürdü. Getdi yolqırağı kişlakdan bu canıyanmış qıdım dayçanı aldı, özü gəbərdi getdi, bizi bu yaman yaranın əlində qoydu”. “O fərsiz oğul kaş bir nəvə qoyub gedəydi...”

Çurpomuzu yeyə-yeyə Abducabbor kişini dinləyirdik, hərdən canım yanır kimi başımı tərpədirdim.

Oyconbi süfrəni yığışdırdı. Babakulovla Abducabbor kişi kurpaçaları düzüb tapçandaca mürgüləyib yatdılar. Oycobni mənə evdə yataq təklif elədi. Yatmaq istəmədim. Günorta yatanda ağırlaşıram. Başımı qatmaq üçün təzədən samovarı qaladım.

Oyconbi çovustanda “Uzun gecə” filmindən tanış mahnını oxuyurdu: “Niqoh mekunem. Namebinem. Çaşmi maro havoi tu pur karde…”. Səsi samovarın cızıltısı ilə qəribə ahəng yaradırdı.

Qulağıma nəsə toxunub yandırdı. Qor olduğunu düşündüm, dağlanan yeri qaşıdım. Oyconbinin asta pıqqıltısını eşidib qanrıldım. Oyconbi ucuna gicirtkan qanadı keçirdiyi uzun qarğını yelləyirdi. Əl işarəsilə nə istədiyini soruşdum. O da əl işarəsi ilə məni yanına çağırdı. Yerimdən tərpənmədim. Məndən nə istədiyini anlaya bilmirdim. Bir məsələ dəqiq idi: artıq hərəkət etməyəcəkdim; mənə belə öyrətmişdilər: çörək yediyin yerdə sevişmə, sevişdiyin yerdə çörək yemə.

- Ət doğramağa kömək edə bilərsən? -Oyconbi tərpənmədiyimi görüb dedi.

- Gətir, burda doğrayaq.

- Kötük ağırdı, gücüm çatmaz.

Oyconbi məni çıxılmaz vəziyyətə salmışdı. Özü də bunu bilirdi. Qalib görkəmlə nə edəcəyimi gözləyirdi.

Oyconbi qabaqda, mən də dalınca çovustana girdik. Hər ehtimala, aralarına qarğı yamanmış əyri-üyrü armud ağacından qayırılmış qapalağı açıq qoydum.

Oyconbi keçi cəmdəyinin iki ayağını əlimə verdi, özü də qırmızı naxışlarla bəzənmiş şirmayı saplaqlı bıçaqla əti xırda-xırda kəsib siniyə yığmağa başladı.

- Danış, - Oyconbi şirin təbəssümlə bıçağın şiş ucunu mənə tuşladı, - yoxsa səni cəzalandıraram.

- Nə danışım? – çiyinlərimi çəkdim.

- Nağıl danış. Maraqlı olsun.

- Nağıl bilmirəm. Həm də mən danışmağı elə də xoşlayan adam deyiləm. Sən danışsan, həvəslə dinləyərəm.

Oyconbi keçi ətindən bir neçə tikə kəsib siniyə atdı.

- Yaxşı, danışım...

“Bir gün iki yolçu ruh əkizlərini tapmaq üçün yola düzəlir. Az gedirlər, üz gedirlər, gəlib bir diyara çatırlar. Axşam imiş, gecələmək üçün bir evin qapısını döyürlər. Ev yiyəsi yoxsul bir adam imiş, onları hörmətlə qarşılayır, olandan-qalandan yedirib doydurur, yer salır, yatırlar. Səhər dururlar, bu evdə gördükləri xoş sifətin əvəzini çıxmaq üçün qapıdakı çətin işləri aşırırlar; iri kötükləri yarırlar, tövləni kürüyürlər, kərməni kəsirlər, arxın çiləkənini təmizləyirlər. Heybələrini yığıb yola çıxmaq istəyəndə yan otağın eyvanında corab toxuya-toxuya qəmli nəğmə oxuyan bir qız görürlər. Ev yiyəsinin qızı imiş. Yolçulardan bir ayağa durur, qıza baş əyir. Dostuna deyir:

- Mən getmirəm, ruh əkizimi tapdım!

Dostu təəccüblənir:

- Sən varlı bir kişinin oğlusan, yaraşıqlısan, bu qızın isə nə gözəlliyi var, nə də dalına qoşulacaq bir cehizi. Ağlını itirmə!

-Yox! Mən burdan o yana getməyəcəm. Bu qızın ruhunu duydum, canını sevdim.

Dostlar ayrılır.

Qalan dost qızın atasına elçi düşür. Qız atası da varlı oğlanın elçiliyinə tərəddüd edib onu fikrindən daşındırmaq üçün deyir: “Bizim yerlədə adət var. Qızın özündən soruşacam, razı olsa, on inək başlıq verib arvadın edə bilərsən”.

“Çox gözəl! Soruş!”

Kişi qızın anasını çağırıb məsələni ona danışır.

- Qızına de, qonaq ona elçi düşüb, gör nə deyir?

Ana sevincini zorla gizləyib qızının yanına qaçır, qısa müddətdən sonra qayıdıb qızın razı olduğunu, son sözü ata-anasının öhdəsinə buraxdığı xəbərini verir.

“Sizin ellərin adətinə görə, başlıq kimi qızınız üçün on inək verəcəm”, - yolçu deyir, - “elə indicə gedib bazardan alacam”.

Oğlan getmək istəyəndə kişi onun qolundan tutub tərəddüdlə deyir: “Oğul, gördüyün kimi, mən yoxsulam, amma ədalətli adamam, bilirəm ki, qızım ağıllı olsa da, gözəl deyil, ona görə də səndən üç inək istəyəcəm”.

“Mən də ədalətli adamam, - yolçu dərhal cavab verir, - sizin qızınızı mahalınızın ən gözəl qızlarına bərabər sayıram, ona görə də elə on inək verəcəm”.

Yolçu bazardan on seçmə inək alıb başlıq verir, qızı alır, toy çaldırır, ayrı ev tutub şad-xürrəm yaşamağa başlayırlar”.

- Allah xoşbəxt eləsin, - dedim.

Oyconbi iri mavi gözləri ilə məni süzdü:

- Hələ bitməyib, - baltanı götürüb kötükdəki cəmdəyin buduna çırpdı, qopardığı sümüklü iri tikəni süni hikkə ilə qucağıma atdı.

Tikəni birəlli göydə qapdım. Oyconbi pıqqıldadı.

Sini dolmuşdu. Oyconbi arxasını mənə çevirib yumru yançaqlarını burcuda-burcuda sinidəki əti qazana boşaltdı. Arada qanrılıb təbəssümlə dedi:

- Arxamı sənə çevirmişəm, incimə.

Mən də bu yerlərdə qəbul olunmuş bəlağət tonunda cavab verdim:

- Qızılgül hər yandan gözəl ətir saçır.

Oyconbi boş sinini silib söhbətinə davam elədi...

“Aradan bir il keçir. Yolçunun dostu dünyanı dolaşıb qayıdır, yolunu dostu ilə ayrıldığı mahaldan salır, gəlib dostunu tapır. Qucaqlaşıb görüşürlər, süfrə başına keçirlər. Bu zaman evdən əlində çay dəsti, su pərisindən də gözəl, hamilə bir xanım çıxır. Xanımın gözəlliyindən qonağın gözləri qamaşır.

“Bu kimdi?” – qonaq təəccüb qarışıq heyranlıqla soruşur, - “başqası ilə evlənmisən?”

“Yox, bu, elə sən gördüyün həmin qızdı”.

“Bu necə ola bilər?! O qız axı elə də yaraşıqlı deyildi...”

“Sən bunu onun özündən soruş”.

Qonaq dostundan icazə alıb xanımdan soruşur: “Məni bu məsələdən agah elə, xanım, vallah, heç nə anlamıram”.

Qız gülümsəyir: “Burda anlayacaq bir şey yoxdu. Özümü on inəyə dəyən qız kimi dərk eləyən andan içim də, çölüm də dəyişdi”.

İkimiz də xeyli susduq. Sükutu mən pozdum:

- Ərin niyə səni atıb qaçıb?

- Bilmirəm, - laqeydliklə dilləndi, - yumru daşlar yosun tutmaz, yəqin ondandı.

- Sən çox gözəlsən, amma...

- Həm də ağıllıyam! – sözümün arxasını gətirməyə qoymadı. Mən “bəxtsizsən” deyəcəkdim.

- Hə, ağıllısan...

- Bu evdə həmişə dava-şava olub, nə səbəb olsa, hamı həmişə özünü haqlı sayıb. Atam evində belə görməmişdim. Bizdə hamı özünü günahkar sayırdı, ona görə də umu-küsü olmurdu, - Oyconbi hirslə bıçağı keçinin qabırğaları arasına soxub şırımladı.

Onun səsi getdikcə kallaşırdı, elə bil, içində ağlayırdı.

- Günü qayınanam - Xocəstə bibi - Abducabbor bobodan otuz yaş kiçik idi. Bobo qırx iki yaşlı havalı, qarımış bibini yaraşığına görə, özü də yataq xəstəsi Parand bibinin üstünə almışdı. Xocəstə bibinın qazanı buğum-buğum buğlanırdı. -Bax, belə,- Oyconbi sinidəki keçi ətinin iri bir tikəsini götürüb ovcunda bir neçə dəfə bərk sıxıb-boşaltdı, hər sıxanda ət barmaqlarının arasından pırtlayıb çıxdı,- bobo isə ağzına duz səpilmiş ilbiz kimi sönmüşdü. Xocəstə bibinin elçiliyiylə məni bu evə gəlin gətirəndə Parand bibi can verirdi. Evdəki otaqların arasında pəncərə var; bilirsən, buralar soyuq olan yerdi, çöl divara pəncərə qoyanda küləyin vıyıltısınadan, yağışnın çiləyindən, qarın sovuruğundan evdə durmaq olmur, gərək səhərə qədər soban yana. Toy gecəsi Xocəstə bibi o pəncərənin ağzını kəsdirib durdu. Pəncərənin qırçınlı pərdəsini aralayıb gözünü yatağımıza zillədi. Biz işığı söndürsək də, onunku yanılı qalmışdı, pərdənin dalından onun silüetini görürdüm. O gecə ərimlə aramızda heç nə olmadı. Sonrakı gecələr də Xocəstə bibinin işığı sönmədi. Bir dəfə Xocəstə bibiyə yumşaqca işıq düşəndə yata bilmədiyimi dedim, o gündən mənimlə ləj düşdü, anladım ki, qəsdən söndürmür. Düz bir ay bu cür davam elədi. Elə gecə olurdu, yuxum qaçırdı, görürdüm, Xocəstə bibi də ya yatmayıb, ya da başını pəncərəyə söykəyib mürgü döyür. Hər səhər biz durub otaqdan çıxan kimi – bir neçə dəfə pusmuşdum - Xocəstə bibi gəlib kurpaçalarımıza əlini çəkir, burnuna tutub iyləyirdi. Bir dəfə, hətta, dili ilə də yoxlamışdı. Heç nə görməyib otağına çəkilir, orda dayanmadan qəhqəh çəkirdi. Ərim evə gec gəlir, nə yemək varsa, basıb yeyir, çox vaxt yatağa şalvarda girir, girən kimi də xoruldayırdı. Qonşuda küpəgirən bir arvad var idi, bir gün məni yanladı: “A qaragün, bu düdəmənin nəyinə gəlmisən?! Bilmirsən, bu mal ələyir? Beyni at təsi çəkməkdən quruyub!”. “At təsi nədi, qaratuman?”, -soruşdum. Öyrəndim ki, hər səhər nas sümürür, günorta qərə atır, axşam da anaşa çəkib gəlirmiş. Həmin gün yeddi inəyimi əlimdən aldılar. Axşam penisilin şüşəsinə xəlvətcə toyuq qanı yığdım, sinəçulamda gizlətdim. Səhər yuxudan duranda qanı kurpaçaya çaladım. Bilirdim ki, biz otaqdan çıxan kimi Xocəstə bibi adəti üzrə yenə oğrun-oğrun gələcək, kurpaçaya tökdüyüm qanı görəcək. Xocəstə bibinin otağından yanıqlı hönkürtü günortaya qədər kəsmədi. Bibi sitəmli-sitəmli ağlayıb-ağlayıb yatağa düşdü. Üç gündən sonra Xocəstə bibi öldü.

***

Tapçanda yatanların oyanıb-oyanmadığını bilmək üçün arabir qanrılıb baxan kimi Oyconbi keçinin cəmdəyini silkələyir, məni ona baxmağa məcbur edirdi.

Əti doğrayıb qurtardıq. Oyconbi mənə təmiz cuna uzatdı, əlimi sildim. Çovustandan çıxanda Oyconbi dedi:

- Mən qız istəyirəm.

- Nə qız? Necə yəni qız istəyirsən? – təəccüblə soruşdum.

Oyconbi başını aşağı saldı. Yenə eyni sözü dedi:

- İstəyirəm, qızım olsun.

- Ərin qayıdar, inşallah, olar.

- Ərim qayıtmayacaq, qayıtsa da ərimdən istəmirəm.

Tapçana göz atdım, Abducabbor kişi ilə Babakulovun dənizin gələn dalğası ilə qayıdan dalğasının bir-birini döyməsinə bənzəyən xorultusunu eşidib Oyconbiyə yaxınlaşdım. O, dərhal qayışımdan tutdu. Əlini araladım:

- Oyconbi, ağlını itirmə, odla oynayırsan. Özün bilirsən ki, qarnın şişən kimi səni doğrayarlar.

- Qarnım şişəndə nə edəcəyimi bilirəm, - əllərini bütpərəstlər kimi döşləri arasında cütlədi.

- Axı bu, yaramaz işdi. Mən qonaq olduğum evi murdarlaya bilmərəm.

- Bu evdə murdar olmayan bircə mənəm.

Bərk həyəcanlanmışdım. Dilim beynimlə qovğada idi. Oyconbini də, özümü də bu fikirdən daşındırmaq üçün dedim:

- Axı, lap istəsək də, bunu necə edə bilərik?

Oyconbi sözlərimi eşitcək çovustanın küncünə çəkildi, donunun ətəyini qaldırıb çiyinlərinə keçirtdi, rəngli şalvarını dizinə qədər endirdi, əllərini qasığının üstündə çarpazlayıb başını aşağı saldı:

- Onlar gec oyanacaq...

- Yox, Oyconbi, məni bağışla, olmaz, - çovustandan çıxıb bulağa tərəf getdim. Oyconbi tərəfə baxmamağa çalışırdım.

***

Abducabbor kişi ilə Babakulov oyanıb gərnəşdilər.

Oyconbi bizə çay gətirəndə yaşmaqlanıb sifətini qapamaq istəsə də, ağlamaqdan gözlərinin qızarıb şişdiyi aydın görünürdü. Arada bir neçə dəfə mənə nifrətlə göz atdı.

Şam yeməyi yeyib ov alətlərimizi rahladıq. Eyvanın sərin divarına söykənib bir xeyli susduq. Oyconbinin həyətdə mavi gözlü, uzun kiprikli qızı ilə “çatalqaç” oynamağını təsəvvür elədim.

“Bu qapının cırıltısı lap zəhləmi töküb” - Babakulov ayağa durdu, günəbaxan yağını gətirib qapının yuxarı-aşağı həncamasına axıtdı. Bir neçə dəfə qapını açıb-örtdü, cırıltı kəsdi.

***

Qaranlıq düşməmiş pusquda duracağımız ağacı məhlimlədik. Əslində, Babakulov hansı ağaca çıxacağını bilirdi, mənim üçün ağac seçirdik. Elə ağaca çıxmalıydım ki, qabana atılan güllə təsadüfən mənə dəyməsin.

Babakulovun dediyinə görə, qabanlar bağa gecə düz saat birin tamamında doluşurlar.

- Sən o ağaca çıxarsan, - Babakulov yerin yiyəsi kimi mənə bağın aşağı küncündəki vələs ağacını göstərdi, özü isə ov tüfəngini iyirmi addımlıqdakı çinarın qanadına keçirdi.

Tüfəngin üstünə çeçə barmaq boyda lazervuran bərkitmişdi; “Qabanın ya boğazından vurmalısan, ya da fəqərəsindən, ayrı yerindən vursan, yaralı-yaralı qaçacaq, gecə vaxtı tapa bilməyəcəksən, dalınca düşsən, üstünə qayıdar, ona görə də gecə ovunda bu lazervuranla əvvəl nişanlayıram, sonra atıram” – mənə belə izah etmişdi.

O gecə saat on ikidən ikiyə qədər ağacda gözlədik. Qabanlar gəlmədi.

Ağacdan düşüb evə qayıtdıq.

Abducabbor kişinin xorultusu həyəti başına götürmüşdü.

Babakulov bərk dilxor idi. Ona ürək-dirək verirdim, kar eləmirdi.

Həyətdə bizi Oyconbi qarşıladı.

- Güllə səsi eşitmədim.

- Hə, - Babakulovu qabaqladım, - bu gün qabanlar gəlmədi.

Oyconbi qaranlıqda guya yıxılmasın deyə qolumdan tutdu. Canından yasəmən qoxusu gəlirdi.

- Yerinizi salmışam, çay da hazırdı, için, gedin yatın, canınız sağ olsun, qaban gəlmədi, gəlmədi. Bu gün qabanların bayramıymış, demək.

Oyconbi çay süzəndə dabanını ayağımın üstünə qoyub bütün ağırlığını saldı. Səsimi çıxartmadım. O, çayı piyaləyə bir neçə dəfə süzdü, piyaləni guya yaxalayırmış kimi qaynar suyu ayağıma tökdü. Yenə dinmədim.

Hava xeyli soyumuşdu. Havalıcada gecələr yayın ortasında da sərin olur.

Otağa keçdik, soyunub yerə girdik. Babakulov yorğanı başına çəkib durmadan mızıldanır, söyüş söyür, kiminsə, ya nəyinsə qarasına qarğış yağdırırdı.

Ayın işığı otağa süzülürdü.

Yuxum gəlmirdi. Oyconbi cürücə olub beynimdən çıxmırdı. Babakulovun qarğışlarını eşitməmək üçün çox çalışdım. Yuxum gəlməyəndə gözümün qabağına kaftarın ağız atıb kəlin xayasını qopartmasını, ağrıdan dizləri qatlanan kəli kaftar sürüsünün arxadan başlayıb diri-diri yeməsi səhnəsini gətirirəm. Kaftarlar başlarını kəlin dalından soxub içalatını yeyir, kəl isə var gücü ilə böyürüb acizliyin himnini oxuyur.

Kəlin böyürtüsü bu dəfə qulağıma elə aydın gəldi ki, mən də istər-istəməz zarıdım. Kaftarların başları kəlin içində itəndə qulağıma gələn səs kəsildi. Mən də sakitləşdim.

Gözlərim yarıaçıq idi: yatışım belədir. Babakulovun üstümə əyilib nəfəsimi dinşəmsini aydın hiss etdim.

Babakulov yatdığıma əmin olub günəbaxanla yağladığı qapını açıb ehmalca otaqdan çıxdı.

Oyconbinin otağında pıçıltılı danışıq eşidilirdi. Səs getdikcə artırdı. İndi sözləri ayırd edə bilirdim. Babakulov durmadan Oyconbiyə yalvarırdı. Oyconbi söyüş söyür, Babakulova qarğış eləyirdi.

Səs kəsildi. Oyconbinin təslim olmasını nə görmək, nə eşitmək istəyirdim.

Qapıya tərəf iməklədim. İstəmirdim, aradakı yarısına qədər qırçınlı pərdə çəkilmiş pəncərədən məni görsünlər. Qapıya çatıb ayağa durdum, əlimi qapının dəstəyinə atan anda Oyconbinin otağında işıq yandı. Cəld divara qısıldım.

Babakulov dizlərini yerə atıb Oyconbinin qarşısında çökmüş, qollarını onun belinə dolamış, başını gecə xalatının ətəkləri arasından soxub alnını qasığına yapışdırmışdı. Oyconbi taxtın tilinə söykənmiş, ayaqlarını aralayıb pəncələri üstündə dayanmış, bir əli ilə boynunun arxasında saçını qamarlamış, başını azacıq dala atmışdı. O biri əli elektrik açarının üstündə idi.

Babakulov başını bir göz qırpımında Oyconbinin paçası arasından çıxarıb dikəldi, dodaqlarını əlinin dalı ilə sildi, Oyconbinin əlini açarın üstündən çəkib işığı söndürdü.

- Başın xarabdı?! – Babakulov az qala bağırdı.

- Dur, rədd ol! – Oyconbi işığı yenə yandırdı.

Babakulov işığı yenə söndürmək istəyəndə Oyconbi onu itələdi.

- Sən sən ol, qaratin, mən də mən, içinə gedən yolların hamısını özüm yoracam, - Babakulov barmağını yelləyib Oyconbini hədələdi.

Yerimə keçsəydim Oyconbi, keçməsəydim, Babakulov məni görəcəkdi.

Hər şey yaxşı qurtardı. Babakulov siqaret yandırıb həyətin çınqıllarını təpikləyə-təpikləyə bulağa tərəf getdi. Oyconbi qapının dalına kətil söykəyib işığı söndürdü.

***

Səhər gec oyandıq. Süfrə hazır idi. Abducabbor kişi körüyü tüstülədib arıları qovdu, pətəkdən bir şan çıxarıb küncündən xırda-xırda kəsib cama yığdı. Yuyunub süfrə başına keçdik. Oyconbi ocaqda qızdırdığı iki nanı gətirib süfrəyə qoydu. Babakulov narahat görünürdü; dinmirdi, çay piyaləsini götürəndə əli əsirdi, mızıldanır, dilinin altında tatarca söyüş söyürdü.

Özümü gecə olanlardan tam xəbərsiz göstərmək üçün dedim:

- Bu gecə getsin, gəlməsin.

Babakulovun üz əzələləri pusquya yatmış pələngin qoxusunu alan qaban burnu kimi gərildi, əlini çəld süfrədən çəkdi, qulaqlarını şəkləyib hürkək səslə soruşdu:

- Niyə?! Gecə nə olmuşdu?

- Heç, - səsimə laqeydlik tonu verdim, - qatmaqarışıq bir yuxu gördüm.

Babakulov dərindən nəfəs aldı.

Oyconbi qaşlarını turşudub mənə tərs-tərs baxdı.

- Gördüm ki, əfi bir ilan siçanı sancır, canına zəhər yerimiş sıçan zorla özünü dəməyə salır, ilan da haça dili ilə havanı iyləyə-iyləyə dəməyi tapır, başını dəliyə soxub siçanı çıxarıb udur.

- Hər ilan siçan dəliyinə girməz, görünür, bizim yerlərin ilanı deyilmiş, - Oyconbi ortaya dedi.

Babakulov dilini sürüyə-sürüyə axşam əliboş qayıtdığımızı Abducabbor kişiyə danışdı. “Özümü qonağa göstərmək istədim, o da xöşək əncir çıxdı” deyəndə Oyconbi rişxənd dolu təbəssümlə yerində konyalı sufi rəqqaslar kimi iki dövrə fırlandı, hər dəfə də çarşabının qırmızı qotazları yellənib üzümə çırpıldı.

Onun bu hərəkəti haqda sonralar xeyli düşündüm və Oyconbinin həmin gecə işığı bilərəkdən, mənim sivişib otaqdan çıxdığımı gördüyü an yandırdığı, bu yolla məndən batmadığım günahın qısasını aldığı qənaətinə gəldim.

Abducabbor kişi alt dodağı səyriyə-səyriyə, inadla qabanların bu gecə mütləq gələcəyinə bizi inandırmağa çalışdıqca, ötən gecəki uğursuzluğumuzu gah meşədə təzəlikcə bir cüt ayının peyda olmasına, gah da qabanların sava cütləşmə dövrünün başlanmasına bağladıqca, onun təklikdən nə qədər qorxduğunu dərindən anlayır, ömründə yüzlərlə dərdi büküb koslayıb dərə aşağı diyirləmiş bu dünyagörmüşün düşəcək gecə, açılacaq sabah qarşısında xayasını kaftarlar qopartmış kəl kimi ümidsiz, acız durumuna acıyırdım.

- İcazə versəniz, bu gün də qalıb bəxtimizi sınayarıq, - deyib gözucu Babakulova baxdım.

Babakulov tikan üstündə oturmuş kimi qurcalandı:

- Hə, hə, bu gecə, inşallah, iki qaban vurub dünənkinin də əvəzini çıxacam, - dedi, amma dediyinə özünün də inanmadığı aydın sezildi. Sözünü düzəltmək üçün tez əlavə etdi: - Bir dəfə ana qabanı vurdum, ciyirdi-bəyirdi, yanıüstə düşüb ayaqlarını uzadıb qaldı, gözlədim, bir az keçdi, hürküb qaçmış balaları qayıdanda, onlardan da birini aşırdım.

Bu an arzu etdim ki, Babakulovun gözlərini çıxardıb kənardan tutub özünə baxdırım, sifətindəki donuq ifadəni görsün.

Abducabbor kişi dərindən köks ötürdü, seyrək ağ saqqalını tumarladı:

- Qalın, əlbəttə, qalın.

***

Səhər yeməyini saymasaq, günortaya qədər Oyconbi gözə dəymədi; səsi gah çovustandan gəlirdi, gah da evdən, amma çovustandan evə, evdən çovustana neçə keçib qayıtdığını bir dəfə də tuta bilmədim.

Babakulovla bulağın başında yanaşı oturub günü yola verirdik. O, siqareti siqaretə calayır, ovda başına gələn əhvalatları uc-uca düyüb danışırdı. Onu anlayırdım; hər vəchlə söhbəti dünənki gecədən yayındırmaq istəyirdi. Hərdən başını döndərmədən məni dümsükləyib sual soruşur, elə özü də cavab verirdi.

- Bizdə buxaralı bir cühud var idi, gecə işdaşımıydı, əsl adı ayrıydı, özü özünə “Osim Xaim” adı qoymuşdu. “Osim Xaim” bilirsən cühud dilində nə deməkdi?

Başımı buladım.

- Mənə izah eləmişdi, unutmuşam, yadıma düşsə, deyərəm. Qancıq oğlunun əncül-əncül söhbətləri var idi. Deyirdi, guya dünyada ən çətin şey bugünü yaşamaqdı, - Babakulov başala barmağını bir neçə dəfə dizinə döyəclədi, - bax indini, bu saatı. Deyir, guya ən asan iş keçmişdən ləzzət almaqdı, yəni lap ilk öpdüyün qızın alt dodağının qızartısından tutmuş ta qazamata sütül məhbus kimi girəndə “dalını verərsən, ananı satarsan?” sualına cavab axtarınca ayaqqabının dabanı ilə kürəyinə-kürəyinə döşəyənləri yada salıb ləzzət ala bilərsən, gələcəkdə baş verəcək gözəllikləri də düşünüb meyxoş ola bilərsən, amma bax bu saniyəni, - Babakulov bu dəfə barmağını bir neçə dəfə mənim buduma batırdı, - yaşamağı bacarmaq üçün gərək yanbızlarını cidav eləyib həyatı anlayasan.

- Yaşayırıq də, bundan artıq neyləməliyik? Maşallah, bulağımız axır, günümüz əyilir, qabanlarımız qabıq gəmirir, - üzümə qonan arını qovub Babakulova baxdım, - Oyconbimiz də təndir yapır, - laqeydliklə dedim.

- Ay səni, qonaq! – Babakulov uğunub getdi, əlini dizimə şappıldadıb arxası üstə uzandı, - asta ye, boğazında qalar!

Xeyli susduq. Babakulov öz-özünə nəsə danışırdı. Özünü tox göstərsə də, Oyconbinin adını çəkməyim kefini tamam pozmuşdu.

- Bilirsən bizim işimiz nəyə oxşayır? – asta-asta dedi.

- Bizim, yəni kimin? İkimizin?

- Yox, - əlini yellədi, - ikimizin nə işimiz ola bilər ki?! İnsanları deyirəm... Bir ovçu dostum danışıb. Deyir, bir dəfə ovda idim, çalaya quru yarpaq töküb marığa yatmışdım, tüfəngimi nişana qoyub qabanın güllətutana gəlməsini gözləyirdim. Qabanın yanında səkkiz bala saymışdım. Ana qabanı vurub balalarını tutub böyüdüb satmaq istəyirdim. Birdən hardansa bir ayı peyda oldu. Yanında üç körpə balası vardı. Ayı qabana baxdı, qaban ayıya. Qəflətən ayı qabanın üstünə cumdu. Qaban bir az gözlədi, arada on-on beş metr qalanda o da ayıya sarı götürüldü. Ayı qabana pəncə atdı, qaban da burunsağını ayının pəncəsinə çırpdı. Qabanın balaları bir tərəfdə, ayının balaları o biri tərəfdə ağaca qısılıb durmuşdular. Ayı ilə qaban aralaşıb təzədən bir-birinə girişdilər. Beləcə, azı on dəfə üz-üzə gəlib çarpışdılar! Hər ikisi qanın içində idi. Qan öz işini gördü; hər ikisi əldən düşdü, bir-birindən beşcə metr aralı yıxılıb zarıya-zarıya qaldılar. Bir az da keçdi, artıq heç birinin qarnı qalxıb-enmədi... Təsəvvür eləyirsən? - deyir, ayı balaları ilə qaban balaları analarının sallaq əmcəklərinə cumdular, ölümün qurutduğu bayağın bulaq əmcəklərini sorub ağızlarına bir tam dada bilməyib bir-birinə qarışıb oynaqlaşdılar.

Qocaqurd ovçuların goplayıb xamların başını piylədiyi belə əhvalatları çox eşitmişdim, amma üzə vurmadım, onsuz da vaxtı öldürmək üçün ayrı yolum yox idi.

- Dünyanın gərdişi bax belədi, - Babakulov təzə siqaret alışdırdı, dərin qullab vurub ayaqlarının arasına üfürdü, - insanlıq o ayı balaları, qaban balaları kimi yetimdi.

Babakulov gəldiyi qənaətdən bərk təsirlənmişdi; gah alnını ovuşdurur, gah üzünün dərisini dartır, gah da yasbaz arvadlar kimi əlini dizinə çırpırdı.

***

Gecə düşəndə təzədən ağaclarımıza tərəf getdik. Babakulov tez-tez səmaya baxır, ayın qabağını kəsmiş əlçim-əlçim qara buludların qarasına söylənirdi.

Saat birdən keçmişdi. Bu dəfə də qabanlar gələnə oxşamırdı. Meşə zülmət idi. Qabanlar gəlsəydi də, qaraltılarını görməyəcəkdik, ümidimiz səslərinə qalmışdı.

Yaxınlıqda şıqqıltı eşidildi. Babakulovun tüfənginin lazeri qaranlığı yardı. Güllə açıldı. Qaban qəribə boğuq səs çıxarıb yerə yıxıldı.

Babakulov yıxılı heyvana bir güllə də vurdu. Cəld ağacdan düşüb qalib tonla qışqırdı:

- Düş, hazırdı!

Yaxında inək mələdi. Babakulov fonarı yandırıb inəyə tərəf vurdu:

- Bu burda neyləyir?

Sonra işığı yerdəki heyvana tutdu... Bircə söz dedi:

- Anan mələsin, Oyconbi!

Mən məsələnin nə yerdə olduğunu anlamağa çalışırdım. Babakulov dadıma çatdı:

- Əlimin içi kimi bilirəm! O cızdağıçıxmışın işləyidi! Balalı inəyi o açıb buraxıb bura.

Fonarı buzovun üstünə vurdum. Buzovun parıldayan gözlərinə baxanda üşəndim.

***

Abducabbor kişiyə buzovun pulunu zorla verdik.

Babakulov buzovu soyub təmizləyib qonşu kişlakdakı yeməkxanaya apardı.

Oyconbinin səsi çıxmırdı. Salamlaşanda da eləcə başını tərpətdi. Sifətini yenə yaşmaqlamışdısa da, kefinin köklüyü gözlərindən bilinirdi.

***

Əşyalarımızı maşına yığanda çovustandan Oyconbinin qəhqəhəsini eşitdik. Dayanmadan gülür, arada səsini qısıb “qonaq buzovu öldürdü” deyir, yenə qəhqəhəsinə davam edirdi.

Maşına minməyə çəkinirdik. Abducabbor kişi, Babakulov və mən arxamızı çovustana çevirmişdik, guya ətraf mənzərəni seyr edirdik, əslində isə qulaqlarımızı şəkləyib Oyconbinin rekviyemə bənzər qəhqəhəsini dinləyirdik.

Abducabbor kişi bircə dəfə qanrılıb çovustana tərəf baxdı, əlini dizinə çırpdı və səsi titrəyə-titrəyə dedi:

- Gedin, yoldan qalmayın, ona da fikir verməyin, ağlayıb-ağlayıb kəsəcək.

***

Havalıca səfərindən sonra Babakulov məndən qaçmağa başladı. Nahara ayrıca gedir, işə də axırıncı doğulmuş qaban balası kimi sonuncu gəlirdi.

Bir gün Babakulovu yanladım:

- Timurçin aka, Peyğəmbərin adam öldürüb Həzrət Əlinin qapısına gəlməsi rəvayətini bilirsən? - Babakulovun cavabını gözləməyib rəvayəti danışdım: Peyğəmbər dostlarını sınamaq üçün bir keçi kəsir, torbaya qoyub belinə şəlləyir, qapı-qapı düşüb dostlarına deyir: “Əlimdən xəta çıxıb, adam öldürmüşəm, kömək elə, basdıraq”. Həzrət Əlidən savayı bütün dostları qorxub köməkdən imtina eləyirlər. Həzrət Əli Peyğəmbəri zeytun bağının ayağına aparır, arxın yanında yer qazır, torbadakı cəmdəyi basdırır, arxın istiqamətini dəyişib basdırdığının üstündən axıdır. O gündən hər dəfə Həzrət Əli Peyğəmbəri görəndə deyir: “Ya Peyğəmbər, ürəyini buz kimi saxla, suyun nəyin üstündən axdığını heç kim bilməyəcək”.

- Yaxşı söhbətdi, bilmirdim, - Babakulov dedi.

- Dedim, sən də bil, özün deməsən, heç kim qaban əvəzinə buzovu öldürdüyümüzü bilməz”.

Babakulov minnətdarlıqla mənə baxdı, dərindən nəfəs aldı. “O qızın söhbətini də buzovun yanına qoşa bilərsən?” – tərəddüdlə soruşub təvərə papağının dimdiyinə çırtma vurdu. Gözünün yan damarları durmadan səyridi. “Əlbəttə, Oyconbi o qırmızı buzovdan da müqəddəsdi” cavabımdan sonra üz cizgiləri yerinə oturdu.

***

Havalıcaya bir də dörd ay sonra, Babakulovun ölüm xəbəri gələndə getdim.

Sahə müvəkkili obaşdan başılovlu idarəyə gəlib xəbəri birnəfəsə çatdırdı: “Babakulov gecə qaban vurub, güllə qabanın qarnına dəyib, qaban qaçıb, Babakulov qabanın dalınca düşüb, yaralı qaban qayıdıb, Babakulovun qarnını çırıb..., Babakulov qanaxmadan ölüb”.

Biz çatana yas uralanmışdı. Yas çayçısının dediyinə görə, Babakulovun meyitini milis həkiminə aparmışdılar.

Yasa gələnlər həyətə dövrələmə salınmış kilimin üstündə bardaş qurub oturmuşdular. Biz də keçib bir qıraqdan oturduq. Abducabbor kişi danışırdı: “İş əyri gətirəndə, quymaq da diş çıxardar. Gecədən o yazığa dedim ki, cümə gecəsi qara yuxu görmüşəm, ehtiyatlı ol. Mən boynu sınmış, gərək qoymayaydım... Qaban kinli heyvandı, adamın üzünə qayıdır... Səhər oyananda yerində yox idi. Yatacağına baxdım, maşına baxdım, yağlı əppək olub yoxa çıxmışdı. Meşəni axtardım, gedib bir çinar ağacının altında tapdım. Bağırsaqları pırtlayıb yerə tökülmüşdü, toplayıb qarnına yığdım, çınar yarpaqlarını yarasına düzdüm, can köynəyimlə sarıdım”.

Gözüm Oyconbini axtarırdı. Bir neçə dəfə siqaret bəhanəsilə yas məclisindən çıxdım, həyətdə ora-bura boylandım, onu heç yerdə görmədim. Qonşu arvadlar hər dəfə məni görəndə səslərini kəsib pıçıldaşırdılar.

Abducabbor kişi bizə, biz də ona başsağlığı verdik. Kişinin üzündə açıq sezilən pərtlik, dərin narahatlıq var idi. Girəvələyib məni yana çəkdi:

- Bala, açıb-ağartmağı saqqalıma yaraşdırmıram... Gəlin qaçıb... Yoxa çıxıb. Bir inni-cinni görməyib. Elə bil, toz idi, külək sovurdu, apardı.

- Qaçıb?! Hara? – səsimi qısmaq üçün əlimlə ağzımı tutdum.

- Bilmirəm. Milislərə dedim ki, iki gündü şəhərdə xalasıgilə gedib, amma dünən axşam evdəydi, çörəyimizi-çayımızı verdi.

- Tapılar, ürəyini qısma, kişi, - dedimsə də Oyconbinin birdəfəlik getdiyini yəqin etdim.

Abducabbor kişi ilə qabanın Babakulovu öldürdüyü yerə getdik. Burda adət beləydi, deyirdilər, ölənə ölüm duasını öldüyü yerdə verəndə Allaha tez çatır. Abducabbor kişi meyiti tapdığı yeri göstərdi. Qan otların üstündə qalıb qaralmışdı.

***

Tarzobda altı aylıq səfərimi başa vurub qayıtdım. İl yarımdan sonra yenə Tarzoba ezamiyyətə getdim. Həmişəki kimi şəhərin mərkəzi küçəsinə paralel özbək məhəlləsindəki qonaq evinə düşdüm. Yolun yorğunluğunu canımdan çıxartmaq üçün yellənən kətilə oturub gözlərimi yumdum.

Telefon zəng çaldı:

- Aka, - qəbul otağından idi, - burda bir qız var, səhərdən sizi gözləyir, nə deyim?

- Nə istəyir, - narazılıqla soruşdum.

- Aka, deyir, sözüm var, bir də sizə nəsə bir bağlama vermək istəyir.

- Ver, danışım.

- Akacon, adım Minobonudu, - qız salxaq rus dilində dedi, - sizə bağlama çatdırmalıyam, tapşırıblar ki, ancaq özünüzə verim.

- Xoharcon, vallah, çox yorğunam, üzürlü sayın... Bağlamanı aşağıda qoyun, götürərəm.

- Aka, mən buralı deyiləm, sizin gəlişinizi iş yoldaşlarınızdan öyrənmişəm, dörd saatdır gözləyirəm, ayağıma su enib, hələ Muminobada qayıtmalıyam... – qız bir az fasilə verdi,

- Oyconbi tapşırıb ki, bağlamanı əlinizə verim.

Oyconbinin adını eşitcək bağırdım:

- Gəlirəm! Elə indicə gəlirəm!

Həyətdəki skamyada oturduq.

- Abducabbor əminin qardaşı nəvəsiyəm, - Minobonu dedi, - əmimizi keçən il, o tatar ovçu öləndən sonra neçə dəfə milisə çağırdılar, çox sorğu-sual elədilr, deyirdilər, guya qaban işi deyil. Əmim sıxma-boğmaya dözməyib öldü.

- Allah rəhmət eləsin! Bəs Oyconbi?

- Bilmirəm, - Minobonu baxışlarını gizlətdi, - axırıncı bildiyim odur ki, Oyconbi bəbəsini də götürüb doğum evindən qaçandan bəri heç kimlə əlaqə saxlamayıb.

- Bəbəsini?! Oyconbinin uşağı var?! – elə təəccüblə bağırdım ki, sinidə bizə çay gətirən uşaq dayandı, bir neçə addım geri çəkildi.

- Hə, sapsarı bir qız doğdu.

Minobonu bağlamanı sakitcə mənə uzatdı. Yaşıl yumaq ipi ilə bərk-bərk sarınmış karton qutunu açdım. Qutuda parçaya bükülü nəsə var idi. Parçanı qaldırdım... Qırmızı naxışlı, şirmayı saplaqlı həmin ət bıçağı idi.

Həyəcandan ürəyim qalxdı.

- Aka, - Minobonu ağır tərəddüdlə dilləndi, - dedim bəs bilirsiniz... Düzü, bilmirəm necə deyim... Oyconbi boylu olanda qulağıma pıçıldamışdı ki, qızın atası sizsiniz.

# 8924 dəfə oxunub

Müəllifin son yazıları

# # #