Yazıçılarımızın sevdiyi rejissorlar - SORĞU

Yazıçılarımızın sevdiyi rejissorlar - <span style="color:red;">SORĞU
8 noyabr 2016
# 08:30

Hər kəsin sevdiyi sənət adamı olur. Həmin sənət adamı ona ruhən daha yaxındır. Bu dəfə yazalarımızdan hansı rejissorları və nə üçün sevdiklərini soruşduq.

Kulis.Az cavabları təqdim edir.

Anar

Image result for Anar Rzayev

- Fellini və Çarli Çaplin. Hər ikisi çox xoşuma gəlir. Onların sənəti məni daha çox cəlb edir.

Yaşar

Image result for yazıçı Yaşar

- Biri var, o xüsusidir. Həmin rejissor Tarkovskidir. Müstəsnadır mənim üçün. Daha sonra gəlir İnqmar Berqman, Aleksey German və Luis Bunuel... Hərəsinin öz yanaşması var. Fərqli rejissorlardır. Mənə görə, Tarkovski kinonun peyğəmbəridir. İlahi mistika var onun filmlərində. Bunueldə sürrealizm tamam fərqlidir. Bu mənim diqqətimi çəkir. Germanda da peşəkarlıq xüsusilə seçilir. Bəlkə də ən böyük peşəkardır German. Özünü və kinonu yaradan rejissordur. Bəlkə də Tarkovskidəki ilahi vergi onda yoxdur, ancaq peşəkarlığı birincidir.

İlqar Fəhmi

Image result for ilqar fəhmi

- Lukino Viskontinin estetikasını çox sevirəm. Sanki əski zadəgan estetikasının qürubu kimi bütün daxili xaosu, estetizmin çürüməsini öz filmlərində çox yüksək bədii keyfiyyətlərlə göstərib. Onun ümumiyyətlə kino dili mənə daha fərqli, daha maraqlı görünür. Viskonti haqqında silsilə məqalələrim də çap olunub... Amma ümumilikdə filmlərini sevdiyim rejissorları sadalasam çox böyük siyahı alınar. Hüseyn Mehdiyevdən, Vaqif Mustafayevdən tutmuş Aleksey Germana, Pavel Lungine, Stenli Kubrikə qədər...

Amma təbii ki özümüzünkülər daha doğmadır mənim üçün... Çünki istənilən Avropa, Amerika rejissoru ola bilər ki, sırf bədii-texniki keyfiyyət baxımdan bizimkilərdən üstün film çəksin. Lakin etiraf edim ki, yalnız öz rejissorlarımızın işləri ruhumun ən dərin qatlarına toxuna bilir... Çünki eyni həyatı, eyni mənəvi problemləri yaşayırıq.

Qan Turalı

Image result for Qan turalı

- Hər bir yaradıcı insan öz dünyagörüşünə, yaradıcılığına, təfəkkürünə uyğun sənətkarları seçməyi, onlardan bəhrələnməyi, öyrənməyi bacarmalıdır. Son yüz ildir ki, dünyada kino deyilən bir sənət növü var və ədəbiyyat ona öz təsirində saxlasa belə kino da aradabir sıyrılaraq ədəbiyyata təsir edir. Bu qarşısıalınmaz və dialektik bir prosesdir.

Mənim üçün dünyanın ən böyük rejissoru Fellinidir. Mənə elə gəlir ki, onun düşüncə aləminə girə bilirəm. Misal üçün, “Azərbaycan” jurnalında çap olunacaq “Samir və Samiri” povestim əslində Fellininin “La Dolce vita” (Şirin həyat) filminin müasir bir variantıdır. Bu povestdə mən qədim bir nağılı Fellininin ələyindən də keçirdib ona müasir bir yozum vermişəm. Ya da fahişədən bəhs edən “Film kimi” hekayəm “Kabiriyanın gecələrini” xatırladır. Rastıma çıxmasa da bildiyimə görə Fellininin ssenariləri çox oxunaqlıdır, yəni təkcə kino çəkmək üçün olan sxematik bir yazı deyil, həm də bədii mətndir. Fellini mənə çox təsir edib və mən nəinki bunu danıram, əksinə bununla fəxr edirəm.

Sevdiyim digər rejissor isə Vudi Allendir. Vudi Allen həm də yazıçıdır, bir tərəfdən hekayə yazır, digər tərəfdən isə öz uzun və bərəkətli ömrünün hər ilində bir film çəkir. Yaşı 80-i ötsə də Vudi Allen daim insanı öz novator ruhu, ironiyası və yanaşması ilə təəccübləndirə bilir. Onun artıq klassikaya çevrilmiş “Manhetten”i az qala 50 il bundan əvvəl, elə Fellininin at oynatdığı vaxtlarda çəkilib. Bu möhtəşəm yəhudinin hər şeyə ironiya ilə yanaşması, intellektual, daha çox dialoqlara əsaslanan kino dili və dünyagörüşü mənə çox təsir edib. Diqqətli tamaşaçı “Füzulinin qayıdışı” pyesimdə və digər hekayələrimdə Vudi Allenin izlərini aydın şəkildə sezə bilər. Amansız ironiya, müqəddəs heç nəyin saxlanılmaması və intellektual üslub mənim üçün çoxdan Vudi Allen deməkdir.

Hə, bir də Lars fon Trier… Trierin mənə təsiri Dostoyevskidən az olmayıb. Hərçənd onları ayırmaq da çətindir. İnsanın qaranlıq dünyası, onun içindəki canavarı və şüurun gizli qatlarını xüsusi bir amansızlıqla ifşa etmək… Trierin filmlərinin proza variantını yazmaq mümkün olsaydı bu yazı qətiyyən Dostoyevskidən aşağı yerdə dayanmazdı. Hətta mənə elə gəlir ki, “Dalğaları aşmaq” filmi Dostoyevski prozasından ucada dayanır.

Qismət

Image result for qismət

- Bir-ikisini deyim:

1) Robert Bresson - çünki o, kinonun işi təkcə qeyd almaq olmadığını anlayan ilk rejissordur. Suzan Sontaqın sözləri ilə desək, Bresson kinoda dərin düşünməyi kəşf edən adamdır.

2) Jan Lyuk Qodar. Mənə görə, Qodarın böyüklüyü texniki yeniliklərdən, radikal montaj fəndlərindən başqa həm də ondadır ki, o, Floberin ədəbiyyata gətirdiyi “flaneur”lüyü - sərgərdanlığı kinoda kəşf elədi.

3) Devid Linç. Heç kim onun kimi sona qədər öz üslubi subyektivliyini qorumağı bacarmaz. Onun filmlərinin mövzusunda və quruluşunda XX əsrin böyük modernist ədəbiyyatçılarını xatırladan çox şey var. Təhtəlşüurun labirintləri!

4) Alfred Hitçkok. Hitçkok təkcə özündən sonrakı rejissorlara yox, ədəbiyyatçılara da təsir edib. Mənə Hitçkokda iki şey həmişə çox cazibədar gəlib: birincisi, bütün dünyanı novella kimi görmək bacarığı; ikincisi, insanın bitib-tükənməz sirr çözmək axtarışını, hekayə uydurmaq bacarığını sezməsi ilə.

5) Orson Vels. Mənə görə, o, çox gənc yaşda möcüzəvi şəkildə başa düşmüşdü ki, insanı sona qədər anlamaq mümkün deyil, cavablar yoxdur, yalnız ehtimallar var. Rozbad! Kafkanın məşhur əsərini çəkməsi təsadüfi deyil.

İndiki əhvalıma bu siyahı uyğundur, sabah soruşsanız, dəyişə də bilər.

Ayxan Ayvaz

Image result for Ayxan ayvaz

- Mən kinonu Antonioninin filmlərindən sevmişəm. Qəribədir ki, onun filmlərindən sonra bütün səslər qulaqlarımda cingildəyirdi. Antonionini doğma edən də məhz budur: o, sanki hadisəyə mikrofon qoyur. Bu şeir kimi gəlmişdi mənə. Filmi şeir kimi danışmağına heyran qalmışdım. Sonralar sistemli baxdım filmlərə. Bir ara Qodar məni öz ağuşuna aldı. Məndə belədir: bir rejissorun bir filminə baxıram, əgər məni özünə çəkirsə, dalbadal bütün filmlərinə baxıram. Qodarın çevikliyi mənə xoş gəlmişdi. Qısa, lakonik süjeti çatdırırdı. Özü də uzun filmləri bəyənmədiyini demişdi. Uzun film demişkən... Tarkovkskini “Stalker”dən tanımışdım. Sonra “Nostalgiya”ya baxdım. Ancaq “Stalker” ağlıma taxılmışdı. Bir gün o filmi təkrar izlədim. Tarkovskinin sehrinə düşdüm yenə. “Stalker”in möcüzə olduğunu anladım. Bəzən Tarkovski məni qorxudub. Ona çox böyük aralarla baxmışam. Və həmişə baxdığım filmə təzədən bir də qayıtmışam. Onun Antonionidən təsirləndiyini bilirdim. Ancaq Tarkovskinin kamerası həm də beynin içinə qoyulub, təkcə hadisənin deyil, düşüncələrin də səsini eşidə bilirsən. Tarkovski şübhəsiz, kinonun şairidir. Bir də var Kieslovski. “Dekalog”, “Üç rəng”, “Veronikanın ikili həyatı”. Kieslovskidə sevdiyim nə idi? Onun filmlərində hadisə bitib, bitmiş hadisənin verdiyi travmalar göstərilir.

Ömər Xəyyam

Image result for ömər xəyyam

- Rejissordursa, fərqi yoxdur kimdir, necə çəkir – mütləq-əl-vacib sevirəm, bu, onun cəhdinə, enerjisinə olan sevgidir.

Sənədli filmləri daha çox sevirəm. Bədii filmin rejissoru insandırsa, material qurmadısa, sənədli filmlərin materialı birbaşa Yaradandan gəlir, rejissor da O-du. Adını bildiyimiz sənətçilər sadəcə həmin materialı təqdim edirlər.

Komediya janrı ümumiyyətlə əsəbiləşdirir məni, izləyə bilmirəm, tarixi, birbaşa detektiv filmləri də sevmirəm. Əsasən psixoloji-fəlsəfi mövzuda ekran əsərləri maraqlandırır məni. Ki, bu sahənin də dünyanın o ucunda Kurosava, bu başında da Trier kimi nəhəngi var.

# 1145 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #