AYB-nin qurultay söhbəti MƏHKƏMƏYƏ GEDİR

AYB-nin qurultay söhbəti MƏHKƏMƏYƏ GEDİR
12 may 2014
# 11:17

“2003-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olsam da, məni qurultaya nümayəndə seçmək üçün Mingəçevir şöbəsində keçirilən konfransa çağırmadılar. Konfrans çox ciddi nizamnamə pozuntuları ilə keçirilib”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada Mingəçevirdə yaşayan şair Elşən Əzim bildirdi.

Elşən Əzim nizamnamə pozuntularının nədən ibarət olduğunu da söylədi: “Mingəçevirdə 9 AYB üzvü var, onlardan cəmi 4 nəfər konfransa dəvət olunub. Aralarından yalnız bir nəfər püşkatma yolu ilə qurultaya nümayəndə seçilib. Beləliklə, bizim həm seçilmək, həm də seçmək hüququmuz pozulub. Bundan başqa biz konfransda iştirak etməsək də, iclasın protokolunda Mingəçevirdə yaşayan bütün şair və yazıçıların, o cümlədən mənim adım yazılıb”.

Elşən Əzim qeyd etdi ki, AYB Mingəçevir şöbəsinin rəhbəri İsmayıl İmanzadə yalnız onun jurnalı ilə əməkdaşlıq edənləri irəli çəkir: “Mən özüm də “Mingəçevir leysanı” jurnalı ilə əməkdaşlıq edirdim, amma orada təmənnalı yazıları görüb uzaqlaşdım”.

Kulis.az AYB Mingəçevir şöbəsinin rəhbəri İsmayıl İmanzadədən Elşən Əzimin ittihamlarına münasibət öyrəndi.

İsmayıl İmanzadə dedi ki, Elşən Əzimin söylədikləri ağ yalandır:

“Mən ona həmişə köməklik göstərmişəm. İlk yazılarını çap etdirmişəm, kitabının işıq üzü görməsi üçün əlimdən gələni əsirgəməmişəm. İndi onun belə açıqlama verməsi, mətbuata yalan məlumat ötürməsi əndazəyə sığmır. Bu adam dərman alveri ilə məşğul olur, həm də qaçqın məktəbində müəllim işləyir. Bizim tədbirlərə çağıranda deyir ki, vaxtım yoxdur. 3 ildir ki, bizimlə əlaqəni kəsib. Onu konfransa dəvət etmişdik. Uşaqlara demişdim, ona da xəbər etsinlər. Özü gəlməyib. Elşən Əzimin nizamnamə pozuntuları ilə bağlı dediklərinin də heç bir əsası yoxdur. Hər şey nizamnamə çərçivəsində baş verib. Onun bu cür danışığından sonra məcburam ki, məhkəməyə müraciət edim”.

# 2570 dəfə oxunub

Müəllifin son yazıları

# # #