“Rəqqas” – Mübariz Cəfərlinin povesti

“Rəqqas” – Mübariz Cəfərlinin povesti
30 iyun 2016
# 16:00

Kulis.az Mübariz Cəfərlinin “Rəqqas” povestini təqdim edir.

Heç kəs inanmazdı ki, ilin-günün qat-qarışıq vaxtında, zəmanənin kəlləmayallaq vədəsində, ölkənin nehrə kimi çalxalanan dövründə məmləkətin tanınmış, daim üzdə olan ziyalısının qapısını ilk baxışdan adi görünən, amma dalısınca qeyri-adiliyə çevrilən bədbəxtlik döyəcək; həmən o ziyalının oğlu müharibədə, Qarabağda həlak olacaq və gözünün ağı-qarası oğlunun ölümündən xəbər tutan ana da hələ ciyərparasının meyitini görməmiş canını tapşıracaq, dalbadal iki böyük itgi ilə üzləşən Cəlil müəllim bir-iki günün içindəcə el-obanın gözündə böyüyüb millət qəhrəmanı qiyafəsinə bürünəcək. Bəs necə? Kim-kim Cəlil müəllim övladını cəbhədən qoruya bilərdi. Ən azı elə düzü-düzünə - yeganə balası olduğuna görə. Qanuni, halalca, tapşırıqsız-minnətsiz-filansız. Vətənin ağır günündə Cəlil müəllimin oğlu könüllü silaha sarılıb torpaq uğrunda vuruşmağa yollanmışdı. Elə işin bu tərəfi məmləkəti silkələmişdi. Ay aman: «Nə ətdi, nə balıq» - dediyimiz Cəlil müəllim ciyərparasını qurban verdi. İlahi, bu kişidə aslan ürəyi varmış, haqqüçünə, el, vətən, torpaq dərdi çəkənmiş...

Qəzet-jurnallarda, televiziya kanallarında Cəlil müəllimin mənalı həyatına həsr olunmuş məqalələri, verilişləri, şairlərin şeirlərini, bəstəkarların həzin, kövrək musiqisini və s. və i.a. bir kənara qoyub bir qədər əvvələ qayıdaq. Əvvəlsə, hər şey elə adidən-adi, sadədən-sadə başladı. Bu elə bir həyati keçid, yüngülvari döngəydi ki, bütün özündəndeyən ataların başına gələ bilərdi.

* * *

Hamı ilə dil tapmağı bacardığından və həmişə güclülərin tərəfini saxladığına görə cavan yaşlarından müxtəlif katibəli, kabinetli, telefonlu vəzifələr dəyişən Cəlil müəllimin başı hökümət işinə elə qarışmışdı ki, günlərin birində oğlu onu təklikdə yaxalayıb evlənmək istədiyini deyəndə kişi əməlli-başlı səksənmişdi, masa arxasında qurcuxub gözlərini ovuşdurmuşdu, başı ilə oğluna əyləşməyə yer göstərib - oğlanın quyruğu qapı arasında qaldığından sir-sifətinə yalançı utancaqlıq vermişdi - yavaşcadan sözə başlamaq istəyirdi ki, bala, sözüm yoxdu, evlən, ancaq bir az gözləməyin məsləhətdi, hələ vəziyyət aydınlaşmayıb, köhnələrdən qalan kadram mən, qoy ayağımın altını qazıyanların əlinə kozır verməyim, qoy orda-burda deməsinlər ki, camaat cəbhədə qan tökür, şəhid olur, torpaqlarımız əldən gedir, Cəlil müəllimsə oğluna zurna-balabanlı, dəbdəbəli toy çaldırır. Fikirlər beynindən axıb dilinə çatanacan xeyli rəndələndi və Cəlil müəllim üzündəki utancaqlığa qətiyyən uyuşmayan rahatlıqla yumşaq stula yayxanan oğluna baxıb gözlərini ovuşdurduğu sağ əlini çənəsinin altına qoydu:

- Axı sən institutu qurtarmamısan...

Oğlan sevincək:

- Diplomdayam da, papa, - dedi. - İki aydan sonra qurtarıram.

- Hə, - Cəlil müəllim nömrəsinin keçmədiyini görüb qaşqabaqla mızıldadı, əlini çənəsinin altından çəkib siqaret yandırdı. «İndiki cavanları qandıranacan gərək bir quranlıq söz danışasan. Nəsil həqiqətən cılızlaşır».

Araya sükut çökdü. Cəlil müəllim siqareti narahat-narahat tüstülədəndə birdən-birə öz acizliyini duydu. Qəfil ürəyi yüngülvari sancdı, o sancıyla bərabər beyninə səssiz siqnal daxil oldu. Dərd gəmisi sahilə yanaşır, daha nə illah eləsən, geri qaytara bilməzsən...

- Gözaltın-zadın var? - əslində sükutun yaratdığı qara-qorxudan yaxa qurtarmaq üçün xala xətrin qalmasın vecsiz-vecsiz xəbər aldı, belə dilbilməz oğuldan düz-əməlli namizəd gözləmirdi də.

- Var... - oğlu arxayınlıqla dilləndi, üzündəki utancaqlıq pərdəsi tamam-kamal çəkildi.

- Kimdi, kimlərdəndi? - Dəlidən doğru xəbər, nə bilmək olar, bəlkə elə adamın adını çəkəcək ki, tə’cili evlənməyi bir gülləylə iki dovşan vurmaqdı. Həm ziyarətdi, həm ticarət...

Cəlil müəllim ağlına gələnlərə inanmasa da marağını boğa bilmədi...

- Əhədullanın qızıdı...

- Əhədulla kimdi? - Cəlil müəllim yarımçıq siqareti külqabına basıb gözlərini qıydı.

- Bizim Əhədullanın... - Cəlil müəllim başını bulayıb sir-sifətini turşutduğundan oğlunun səsi qırıldı...

* * *

Bəri başdan haqq-hesabı çürütmək xatirinə oğlunun cavabını kəsə və birdəfəlik verdi.

Oğul itkisindən sonra da atdığı addımı saf-çürük eləyəndə əməllərindən bədgümanlıq keçirmirdi. İtkinin onu ağrıtdığını demək lüzumsuzdu - əslində «ağrı» kəlməsi yerinə düşmür, o itkini adicə «ağrı» sözüylə tamam-kamal çatdırmaq mümkün deyildi, itirdiyini «ağrı» kəlməsiylə eyniləşdirmək, daş-tərəziyə qoymaq, itkinin, dərdin özünü ucuzlaşdırmaqdı - ancaq bütün iniltili duyğuları ilə yanaşı zərrəcə əmin deyildi ki, işdi-şayəd həmin olayları təkrarən yaşamalı olsaydı başqa üsullara əl atardı.

Hər nəydisə, olan oldu, keçən keçdi. Daldan atılan daş topuğa dəyər. Cəlil müəllimin atdığısa dabana da çatmırdı, çünki bonuna alsa da, almasa da başına gələnlərdə ən böyük günah özünündü. Elə arvadı oğlunun son qərarını deyəndə fələyin qəzavü-qədərindən qaçmaq mümkündü...

«Amma olacağa çarə yoxdu...» - arvadı onu qılıqlayan gecəsi qəfil ağlına gələnlərdən nəşələnib hadisələri zərgər dəqiqliyilə düzüb qoşmasaydı hansı olacaqdan söhbət gedə bilərdi? Əslində zərgər dəqiqliyi-filan da özündən razılıqdı. İşlər faciəvi sonluqla nəticələnmişdisə, dəqiqlik, mizan-tərəzi məsələsini yada salmağa dəyməzdi, ssenariçi fələyin bəndələrdən qat-qat böyük yazar olduğunu nəzərə almamışdı. Sən saydığını say, gör fələk nə sayır! Cəlil müəllim hardan biləydi ki, arvadı gecə yataqdaca oğlunun acığa düşüb könüllü müharibəyə getmək istədiyini deyəndə beyninə girənlər şeytan tələsiymiş? Tələyə düşdü Cəlil müəllim. Çox bilən quş dimdiyindən tora düşər. Oğlunu dəbdəbə ilə cəbhəyə göndərib müdafiə nazirinin müavininə ondan muğayət olmağı tapşırmaq, onu heç bir döyüşə-zada yaxın qoymamaq uğursuzluqla nəticələndi. Hər şey yaxşı gedirdi, xalqın döyüşkənlik ruhunu yüksəltmək üçün tez-tez Cəlil müəllimin oğlunu misal göstərirdilər. Yəni ki, ay camaat şahidlik eləyin, cəbhədə vuruşanlar təkcə kasıb-kusub övladları deyil. Müharibədə varlı-kasıb dilemması arxa plana keçir. Əsas torpağımızın yağılardan təmizlənməsidi. Qəzetlərdə oğlu haqda yazılar da dərc olunmuşdu. O günlər Cəlil müəllimin qılıncının dalı da kəsirdi, qabağı da. Məmləkətdə onun bir sözünü iki eləməyə cəsarəti çatan ixtiyar sahibi tapılmazdı. Cəlil müəllim necə qurmuşdusa həyat o axarda davam eləyirdi, o, hamını özünə borclu sayırdı, hər yerdə başıyuxarı gəzirdi, fəhmən duyurdu ki, tutmaq istədiyi mənsəbin tramplinindədi, bəxti üzünə gülsə ölkədə həqiqətən külli-ixtiyar sahibi ola bilər.

Amma qəfil atılan güllə təkcə oğlunun alnına dəymədi, Cəlil müəllimin ən ali arzularını da çiliklədi.

* * *

Bəlkə də əksinəydi, verdiyi qurbanlarla millətin gözündə milli qəhrəmana çevrilmiş Cəlil müəllim bütün əyər-əskikləri, olub-olacaqları qabaqcadan hesablamışdı. Elə ehtiyatlı adam işin bəd tərəfini nəzərdən qaçıra bilməzdi. İndi qalırdı başına gələn qəzavü-qədərdən istifadə eləyib ən yüksək mərtəbəyə doğru addımlamaq.

Əzizlərinin dəfninin ertəsi yasa gələnlər dağılışandan sonra səhəri öz otağında dirigözlü açdı. «Həyat davam eləyir...» «Başın sağ olsun...» «Bütün millətin oğulları sənin oğlun, qız-gəlinləri ar...» — doğrudan-doğruya ona baş sağlığı verən yekəpər, köntöy nazir elə «arvadındı» - deyəcəkdi, son məqamda udqunub kəlməni dilinin ucundan qaytardı. Deyəsən, özbaşına susmadı, yanındakılar dümsüklədi naziri. Cəlil müəllimin yekəpər nazirdən xoşu gəlmirdi, idarəolunmaz adamdı, gərək ki, nazir də onun dəst-xəttini qəbul eləmirdi. İndisə dəsmalını gözünə sıxıb hıçqırırdı, elə cümləsini yarıda kəsməyini də hıçqırtı ilə dəbbələdi. Ancaq o vay-şüvənin, ağlaşmanın, başsağlığının içində, vəzifə sahibləri qəsdən özlərini Cəlil müəllimə yaxın göstərmək istədiyi dəmlərdə kimsə girəvə tapıb onu bir qırağa, həyətdəki qovaq ağacının altına çəkdi, molla çadırda Quran oxuyurdu. Hava qaralırdı, ağacın yarpaqları aram-aram titrəsə də budaqların üstündə qara ləkəyə bənzəyirdi. O qara ləkələr bir azdan sezilməyərək gecənin rənginə qarışacaqdı. Ətraf qaralanda bütün rənglər öz müstəqilliyini itirir.

- Hə, Cəlil, bu sınaqdan da mərd çıxsan prezidentliyə bircə addım qalır, - qolunu dartan yavaşca dilləndi, sanki kiminsə onu eşidəcəyindən çəkinirdi. - Xalq sənin başına and içir. Bu məqamda səhv eləmək sənə yaraşmaz. Fürsəti əldən versən bəxtin ömürlük yatacaq. - İlahi, onun ürəyindən keçənləri iki daşın arasında, ağır, çətin məqamda üzünə deməyə cəsarət eləyən kimdi axı?

Üz-gözü, sir-sifəti də qapqaradı, heç yerli-dibli çöhrəsi yoxdu, çünki yanında bir kimsə gözə dəymirdi. Sadəcə, ürəyindən keçəni qulaqları eşitmişdi. Əslində belə qeyri-adi olaya sadə yox, qəribə deyilməli idi. Cəlil müəllim yerindəcə dövrə vurub yan-yörəsinə baxdı. Kimsə gözünə dəymədi, yanından keçib çadıra girənlərsə deyəsən onu qovaq ağacının gövdəsindən seçə bilməmişdilər.

* * *

... Hər şey tərsinə fırlandı...

Üstəlik həmin gecəni səhərəcən dirigözlü açdı, dağı arana, aranı dağa qatdı, tez-tez alnını, gözlərini ovuşdurdu, bir gecəyə bir qutu siqaret çəkib otağı tüstü ilə doldurdu, otaq dumanlandıqca öz gələcəyinə sarı boylanaraq işıqlı çalarlar axtarırdı, dumanlıqların arxasında nəsə öləziyirdi, ancaq o öləzik işığa yetişmək üçün indi ilə gələcək arasındakı maneələri bacarıqla keçməli idi. Bəlkə də o nura oxşayan öləzik nöqtə ilğımsayağı bir şeydi, axıracan əli yetişməyəcəkdi? Bəlkə həqiqətən özünü aldatmağı lüzumsuzdu, onun da axırıdı? O dumanlıqların arxasına can atmağa ehtiyac da yoxdu bəlkə? Dan yeri söküləndə beynindəki suallardan yaxa qurtarmaq üçün çıxış yolu tapdı: «Hər şeyi zaman həll eləyəcək. Yaşayarıq, görərik...» Amma nə keçmiş, nə indiki, nə də gələcək zamanda oğlu ilə arvadı görünmürdü. Elə bil itirdikləri birdən-birə xəyalından, yaddaşından da silinmişdi. Bir-iki günün içində yaddaşını itirib eləməmişdi, rəhmətlik ata-anası apaydın xatirindəydi. Uşaqlığı da o gecə arabir gözünün qabağına gəlirdi, hələ desən, qoca nənəsi də; qarının qırışmış çöhrəsi, rəngi qarışmış, bulanıq, balaca gözləri də yadındaydı. Adam yaşlandıqca gözləri də xırdalaşırmış, yoxsa nənəsinin gözləri kimi bapbalaca qara tum dənələrinə bənzəyən gözü qocalıqdan savayı heç nəylə əlaqələndirmək olmazdı. Bəbəkləri güclə görünən gözü Cəlil müəllim sonralar qocalarda da görməmişdi. O bəbəklər gözünün önünə gəldikcə o gecə qulaqları da cingildəyirdi. Çünki o nöqtələnmiş bəbək sahibindən haçansa eşitdikləri təkrarən beynində dolaşırdı. «Dünya alver üstündə bərqərardı. Bir yerdə qazanırsansa, hökmən digərində itirməlisən ki, mizan-tərəzi pozulmasın...» Həmin gecə nənəsi yadına düşdükcə Cəlil müəllim uşaqlaşırdı, guya saç-saqqalını ağartmış, üzü-üzlər görmüş bir adamın ana-atasını deyil, birbaşa nənəsini xatırlamağı uşaqlıq əlaməti idi, beyninin dərinliyində gizlənmiş, indisə gözlənilmədən qabaran keçmişinə qayıtmaq istəyinin özəyi namə'lumdu. O keçmişin dolanbac yollarında itirdikləri - arvadı, oğlu, - irəli-geri adımlamadığından Cəlil müəllim təkrarən böyüyüb ərsəyə yetişə bilərdi, ömrünü tamam başqa cür yaşayardı. Eybi yoxdu, ən azı yeddi gün, daha doğrusu, yeddi gecə düşünüb-daşınıb bir qərara gəlmək olardı...

Beləcə, düşünə-düşünə dan yeri söküləndə lapdan ağlına gələnlər Cəlil müəllimi əməlli-başlı səksəndirdi, dik atıldı, stuldan yıxılacaqdı az qala. Müvazinətini güclə saxlayıb yerini rahatladı və qutudakı son siqareti damağına qoyub alışdırdı. «Bəlkə snayper-zad məsələsi kələkdi? Uşağı məndən qisas almaq üçün də aradan götürə bilərdilər. Dostdan çox düşmən var». Onu oğlunun ölümündən artıq gözəgörünməz düşmənin zərbə vura bilmək ehtimalı ağrıtmağa başladı. Bir də özünün ikicə günün içində doğrudan-doğruya uşaqlaşmağı... Ağlı başında olanın, tükü-tükdən seçənin, siyasət burulğanında üzüb qaydasız döyüşlər məkanında özünəməxsus manevrlər eləməyi bacaranın, neçə-neçə kitab oxuyandan sonra nəhayət: «kitab insana bilik verir, düşünmək, təhlil eləmək bacarığısa müdriklik öyrədir» - qənaətində bulunanın ağlına bu fikir bəd xəbəri eşidən kimi gəlməliydi. «Yazıq balam...» — Cəlil müəllim inildədi. Özü-özünə zəif və köməksiz göründü. Əli heç yerə çatmırdı. Kimdən şübhələnəsən? Düşmən birdi, ikidi? Dost cildinə girənlərin sayı-hesabı itib. Kimdən qisas alasan, kimin başını pambıqla, üzünə gülə-gülə kəsəsən? Ən təhlükəli düşmən tanımadığındı...

* * *

Bəlkə hər şey çoxdan, lap çoxdan başlamışdı, ancaq oyunun ciddiliyi, amansızlığı indi çatırdı ona. Düşüncəlilər, ağı-qaradan seçməyi bacaranlar ağlı kəsəndən döyüşə atılanlardı. Yoxsa... Qırxında öyrənən gorunda çalar. Yadındadı ki, üç-dörd il qabaq Hüseynin qızının yasında - qız pəncərəni siləndə sürüşmüşdü, altıncı mərtəbədən yıxılmışdı yerə - kimsə dodaqaltı pıçıldadı ki, görünür Hüseynin günahı varmış...

Cəlil müəllimsə haçansa günah işlətməyini yaxına qoymurdu, çünki bütün bəd əməllərinə (dəxli yoxdu, şüurlu, ya şüursuz elədiklərinə) bəraət qazandırmağa qüvvəsi çatardı. Ancaq deyəsən rəqibləri indi-indi, oğlunu, arvadını itirəndən sonra peyda olurdular, o vaxtacan gözəgörünməz zərbələr alacağını ağlına sığışdırmırdısa, deməli, fələkdən ala biləcəyi sillələr barədə də fikirləşməmişdi.Bu tamam ayrı məsələydi ki, fikirləşsəydi yol tapa bilərdi-bilməzdi. İstər-istəməz fələyin saydığını saymalısansa müqavimət əbəsdi. Belə-belə işlər… Yüz fikir bir borcu ödəmir... Görəsən, fələk ona qulaqburması vermək fikrinə düşəndə bəndələrin köməyindən istifadə eləməmişdi ki?

Stolun üstündəki şahmat taxtasına baxdı.İri fiqurlar öz yerlərində müntəzir durmuşdular.Əvvəllər oğlu ilə arabir şahmat oyna-yardılar.Elə sakitcə, səssiz-səmirsiz.

Çox vaxt Cəlil müəllim çətinlik çəkmədən udardı oyunu. Amma hərdənbir oğlu tərs gedişlər eləyəndə məsələ qəlizləşərdi. Oğlu orta məktəbi bitirib instituta daxil olandan şahmat oyunlarının sonu çatdı. Cəlil müəllim stolunun üstündəki şahmat taxtasının arxasında tənha əyləşib doğrudan-doğruya qəliz işdəklər haqqında düşünüb daşınmalı oldu. Rəqibinin fikrindən keçənləri qabaqcadan duyduğundan öz-özünlə şahmat oynamaq həm maraqsızdı, həm mənasız… Ancaq o, çoxdankı vərdişindən əl çəkə bilmirdi və bir çox həyati düyünləri gecəyarısı tək-tənha otağına çəkilib şahmat taxtası arxasında oturaraq siqaret tüstülədə-tüstülədə açmışdı. İndi də qabağına oğlunun arabir şahmat taxtası arxasında onu karıxdırdığı gediş çıxmışdı. Gözlənilməz əks-hücum... Zəhmət çək, çıxış yolu tap... Dəfələrlə bu kəlmələri beynindən keçirsə də, hərlənib-fırlanıb axırda eyni yerə dirənsə də cavab axtarmaqdan bezikəndə beyninə girənlər bütün bədənini soyutdu, nəfəsi kəsilən-təhər oldu, bir neçə dəfə ağzını açıb yumdu, yumub açdı, boğazından boğuq bir xırıltı qopdu. Deyəsən, əcəl başının üstünü kəsdirmişdi. Bircə anın içində ölümdən qorxmağı özü üçün gözlənilməz idi. Elə bil şüurundakıları da Əzrail qulağına pıçıldayırdı:

- Daha itirdiklərini itirmisən, çıxış yolu-filan axtarmağa dəyməz... - Yox, beyindən keçənləri eşitmək olmur, o isə deyilənləri aydınca eşidirdi.

Alnını soyuq tər basdı, dodaqlarının arasından şahmat taxtasına düşən siqareti götürüb külqabına basdı.Vəssalam,bu o deməkdi ki, sənin həyatın da öz-özünlə şahmat oynamaq kimi bir şeydi. Daha baş sındırıb, dağı arana, aranı dağa qatmaq əbəsdi... Bu taleyin təklif elədikləridi. Razılaşmayıb ayrı yollar axtarsan, öz işindi. Amma papağını (yaxud şahmatını) qoy qabağına yaxşı-yaxşı fikirləş. Ürəyindən yüksək mərtəbə, açıq desək, prezidentlik keçir, millət atası olmaq istəyirsən. Noolsun? Sonra?.. Yenə boşluq, vakuum, ənginlik... Bəlkə bu dəfə bütün millətlə şahmat oynamaq arzusundasan? Çoxları sənin istədiyin addımı atardısa, deməli,gediş-gəlişli yoldu, sənsə ürəyincə olan, heç kəsin keçmədiyi yerlərdən ötməlisən, yə'ni qeyri-adi bir qərar çıxarmalısan. Əzrail sənə möhlət verib geri qayıtdısa, özbaşına deyildi,yaradanın əmriylədi. Görünür, bu dünyada hələ işlərin qalıb. Tamam başqa bir ömür yaşamalısan...

Cəlil müəllim şahmat taxtasındakı ağ atı götürüb qara şaha «şah» dedi...

Özünü rahat, sakit hiss elədi. İrəlidə yeni-yeni mənzərələr açılırdı, o rəngarəng mənzərələr elə indicə təzədən doğulmuş Cəlil müəllimi ağuşuna alırdı.

Ən əsası, o rəngarəng mənzərələrin arasında görəcəkləri Cəlil müəllim üçün təzə-tər olacaqdı...

* * *

Deyirdilər guya, Hüseynin qızı pəncərə silirmiş, ayağı sürüşüb, yıxılıb aşağı, amma ayağı sürüşənin kəlləmayallaq yıxılmağı qəribədi. Guya, qəflətən hansı gözəgörünməz qüvvəsə itələyibmiş qızı. Hə, elə beləcə də eşitdi Cəlil müəllim:

- Yazıya pozu yoxdu, o qızı itələyən itələyib, - ilahi, kim idi yanındakı, deyəsən, yaşlandıqca yaddaşı da korşalırdı. - Hüseynin hansı günahısa çıxıb qabağına...

Ancaq itki, qurban tələb eləyən günahı axtarıb tapmaq çox-çox qəliz məsələdi, bəlkə də o qurban bir günaha görə deyil, bir neçəsinin birləşib fələyin səbr kasasını doldurduğundandı. Dərinə gedəndə ağacdan yaşıl yarpaq qopartmağın özü də günahdı, bitkilərin, ağacların, daşın, torpağın, cansız saydığımız əşyaların öz aləmləri, öz aləmlərindəcə canı,qanı, duyumu var axı... Necə fikir verəsən ki, hardansa keçəndə bir qarışqanı tapdalamısan?.. Bunun özünü də günah saymaq mümkündü. Yekəxanalıq adamları uçuruma aparandı. Özünəvurğunluq, özünü dünyanın əşrəfi saymaq elə işlətdiyi, ya işlədə biləcəyi günahlara bəraət üçündü. Ancaq özümüzdən aşağı saydıqlarımızın fazasına girənlər başa düşür ki, hər şey tamam başqa cürdü, aşağı fazalarda («aşağı» kəlməsi şərtidi) əlaqələr daha harmonikdi, daha qanunauyğundu. O harmonik ritmə, ahəngə xələl gətirənlər dünyanın əşrəfi sayılanlardı. Yalançı hökmdarlar sayağı biz də zor-güc taxt-taca sahib olanlarıq bəlkə? Aşağı fazaya enmək üçün nələrisə qurban verib özününkülərə aşağıdan-yuxarı yaxud əksinə - baxanda ona görə yuxarıdakı olaylara uyuşa bilmirik? Yəni bir fazadan digərinə adladınsa geriyə yol yoxdu. Geriyə qayıtdınsa yalandı, digər fazalara buraxılmamısan, elə yerindəcə sayıb özünü və ətrafdakıları çaşdırmısan...

- Qardaş, mən otların, ağacların,quşların, kəpənəklərin dilini bilirəm... - aşağı fazaya enənin sözləriydi bu. Aşağı enən Cəlilin doğma qardaşı idi, ondan altı yaş böyükdü, günlərin birində Cəlilin və ondan altı yaş böyük qardaşı Xəlilin əmisi yaşı qırxı keçəndən sonra ikinci dəfə subaylığın daşını atmaq qərarına gəlmişdi və qonşu rayondan gözəl bir qız almışdı. Bir neçə ay ötəndən sonra digər fazanın qapısı Xəlilin üzünə açılmışdı. Şərti desək: «Xəlil aşağı enmişdi»...

* * *

Cəlil müəllim qəsdən şəraitdən istifadə eləmədi, əksinə olan qalan mövqeyini də özxoşuna əldən verib sakit, burulğansız həyat arzusuna düşdü. Düzdü, ayrı-ayrı ixtiyar sahibləri arabir onu rahat qoymurdular, müxtəlif partiyalarda məsul vəzifələr təklif eləyirdilər. Onunsa qərarı qəti idi. Yox ki yox! Ömrümün çoxu gedib azı qalıb, heç bir vəzifədə-filanda gözüm yoxdu, bundan sonra hay-küysüz yaşamaq istəyirəm. Söz yox ki, öz-özüylə şahmat oynadığı və atla gözlənilməz gediş elədiyi gecədə gəldiyi fikrin üstündə möhkəm dayanmışdı. Qərarının düzlüyünə şübhə eləmirdi, ancaq sakit həyat axtarana ömrünün qürub çağında da səmimi demək olmazdı. Çünki o, daha böyük xəyallara düşmüşdü, bəndələrdən ala biləcəkləri adiləşmiş, mənasızlaşmışdı, o, dünyəvi mövqelərdən imtina eləməklə qeyri-təbii qapılar açmaq arzusunda idi, lap dəqiqi, o qapı öz-özünə açılmalıydı. Qapının o tayında Cəlil müəllimi nə gözləyir - sirr-xudadı. Amma fəhmən duyurdu ki, o tərəfə, o taya keçən çox mətləblərdən hali olur.

Bircə çatışmayan cəhəti vardı ki, o, bilə-bilə tərki-dünya (müasir mənada) yolu tutub əvəzində nə isə umurdu. Əslində o da böyük qardaşı Xəlilin yolunu gedirdi, amma Xəlil alış-veriş işindən baş açmamışdı, gözüyumlu düşmüşdü o yola, Cəlildəsə hər şey irəlicədən hesablanmışdı…

* * *

O vaxtdan çox sular axdı, dünən qəhrəman cildinə girənlər bu gün çarmıxa çəkildi, bugünkü qəhrəmanların işi allaha qalmışdı. Cəlil müəlliminsə yeri etibarlı idi, axırıncı addımının qəti olduğunu görəndən düşmənləri də ona dəyib dolaşmırdı, hələ üstəlik əvvəlki nüfuzunu da itirməmişdi. Ancaq nüfuz, mövqe çək-çevirləri onun üçün rəngarəngliyini itirmişdi. Hər şeyə çox üzdən yanaşmadı yer üzünün olaylarına baxış. Əsas işlər alt qatda həll olunur. O qata, nüvəyə çatmaq üçünsə dözüm lazımdı. Bir də bəxtin gətirməyi...Əgər sonuncudan məhrumsansa heç vaxt, heç yerdə uğur gözləməyə dəyməz. Yavaş-yavaş yaddan çıxmağı, ehtirasların soyumağı, müxbirlərin diqqətini cəlb eləməməyi getdiyi yolun doğruluğundan xəbər verirdi. Bəndələrindən ala biləcəyindən tam imtina. Unudulmağına daxilən sevinirdi də. Demə, təkliyin, tənhalığın, nəzərə çarpmamağın öz ləzzəti varmış. Tənhalıqda gözlərini yumanda, qulaqlarını tutanda başqa üstünlüklər qazanmaq mümkünmüş. İddiasızlıq da demək olmaz buna. Əslində iddia həmişəkindən böyükdü, intəhası, insan duyumu, hissiyatı ilə qavranılmazdı. Əlbəttə, kol-koslu cığırla yerimək çətindi. Həm də ona görə ki, mənzil başında səni nə gözlədiyini kəsdirməyəsən və ümumiyyətlə, mənzil başı deyilən yerə çatıb-çatmayacağına - bir də istiqaməti düzgün götürdüyünə - əmin olmayasan. Üstəlik şeytani olayların müqaviməti... Cəlil müəllimi cidd-cəhdlə dünyəvi işlərə bağlamaq istəyənlərdən biri idi günlərin bir günü qapının zəngini basan. İçəri girib Cəlil müəllimlə xoş-beş eləyənin şeytanın əmrini yerinə yetirdiyindən xəbəri də yox idi. Cəlil müəllimin xətrini istəyən adamdı, əvvəllər yaxşı vəzifələrdə işləmişdi. İndisə xırda bir partiyaya rəhbərlik eləyib məqam gözləyirdi. Bir-iki yaş fərqləri vardı Cəlil müəllimlə. Həmişə söhbətləri tuturdu. Axırıncı dəfə Cəlil müəllimi öz partiyasına dəvət eləmək üçün gəlmişdi. Keçmiş münasibətlərini yada salıb yalvar-yaxar eləmişdi ki, gəl mənim birinci müavinim ol, bizim gələcəyimiz irəlidədi, sənin nüfuzun bir orduya bərabərdi. Cəlil müəllim iki ayağını bir başmağa dirəyib keçmiş dostunu ümidsiz yola salmışdı. O gündən bir igidin ömrüycə ötmüşdü, hakimiyyət də dəyişmişdi və yəqin ki, partiya sədrinin baxışları da. Amma şeytan öz işini gördü: partiya sədrinin şahmat həvəskarı olduğunu yadına salan Cəlil müəllim onun qəfil gəlişinə əməlli-başlı sevindi.

* * *

Yarımca saat sonra şahmat taxtası arxasında əyləşib fikrə getmişdilər. Qulluqçunun gətirdiyi çay buğlanırdı. Partiya sədri həddən ziyadə kök bədəni ilə ahəngdar ağır-ağır nəfəs alırdı, qalın, rəngi bozarmış dodaqlarının arasındakı siqaretin söndüyündən xəbərsizdi.

- Ayrı nə var, nə yox, Cəlil?

- Sağlığın, Elxan,-Cəlil müəllim gözlərini fiqurlardan ayırmadan cavab verdi.

- Səhhətin necədi?

- Babatdı, allaha şükür...

- Biz sənnən çox işlər görə bilərdik. Fürsəti əldən verdik. Qatar getdi...

- Elə ömrümüz də gedir. Bir şey qalmayıb...

- Küçə-bacaya çıxmırsan deyəsən?

- Arabir çıxıram...

- Qəbir üstə-zada getmirsən?

Cəlil müəllim müsahibinin üzünə baxdı:

- Necə ki?

Elxan damağındakı siqareti külqabıya qoydu.

- Heç...

- Bəlkə qəbirləri-zadı uçurublar? - ilk ağlına gələni inamsız-inamsız dilinə gətirdi...

- Ay Cəlil, nə danışırsan? - Elxan yöndəmsiz-yöndəmsiz yerində qurcalandı. - Biz ölmüşük bəyəm? Bilirsən ki, sənə böyük hörmətim var, qıymaram sənin dırnağına daş dəyə...

Elxan danışdıqca Cəlil müəllim anlayırdı ki, köhnə dostu onun kefini xəbər almağa, şahmat oynamağa gəlməyib...

- Qısa elə, Elxan...

Elxan susub sözlərini qiymətə mindirdi, boğazını arıtlayıb ağır-ağır nəfəsini dərdi, guya uzun yol yorğunuydu, çaydan bir qurtum alıb stəkanı nəlbəkiyə qoydu və dodaqlarını marçıldada-marçıldada dilləndi:

- Tez-tez qəbrin üstündə bir adam görür bizim uşaqlar...

- Kişi, ya qadın?

- Orta yaşlarında bir kişidi. Albinosdu...

- Neyləyir ki, orda o?

Elxan çaşqın-çaşqın udqundu:

- Heç nə. Dayanır... Arvadın... - səhvini düzəltdi. - Rəhmətlik arvadın qəbrinə baxır, oğlanın qəbrinə baxır...

- Elə bu? - Cəlil müəllim başını buladı. - Qoy baxsın, qəbiristanlığa gələnə demək olmaz ki, niyə gəlmisən...

- O sizinkilərin qəbri üstünə gəlir...

- Bəlkə sizin uşaqlar yaxınlaşıb sorğu-suala çəkiblər?

- Yox, yaxınlaşmayıblar...

- Şükür...

- Tələsmə, Cəlil, mən uşaq deyiləm ki, boş-boşuna ortaya düşüm. Nəsə var burda. Ehtiyatlı ol. Həmin adamı bir-iki dəfə sizin məhəllədə də görüblər...

- Narahat olma, lazım bilsə evimə də gələcək.

Elxan onun etinasızlığından pərt olub:

- Hər halda ehtiyat igidin yaraşığıdı, - mızıldadı.

Cəlil müəllim əlini yellədi:

- Mənim igidlik eləyən vaxtlarım ötüşüb...

* * *

İgidlik vaxtları ötüşüb-ötüşməmişdi öz yerində, amma haçansa cəngavərsayağı üz-üzə, göz-gözə düşməninə, rəqibinə güc gəldiyini xatırlamırdı. Ən güclü zərbə hansı yöndən aldığını kəsdirmədiyindi. Elə özü də hələ aydınlaşdıra bilmədiyi yerindən (bəlkə də qurşaqdan aşağı) şapalaqlanmışdı. Zərbənin sahibi gözəgörünməzdi. Bütün mənalarda. Bu yerdə bəndələr yalnız itaətcil icraçı roluna yararlıydı. Amma o zərbəni bir daha bütün ağrısı ilə xatırladan və onu öz ailəsindən ayırıb dünyəvi olaylara bağlayan Elxanın qəfil gəlişi idi. Yoxsa, ertəsi doğmalarının qəbrini ziyarət eləməyini başqa cür yozmaq olmazdı. Ruhlar əbədi, ruhların dünyadakı, yer üzündəki simvolu qəbiristanlıq, məzarlar isə dünyəvidi. Deməli, qəbiristanlığa gələn ötəri, dünyəvi duyğulardan qopa bilməmişdi. Lapdan dönüb sürücüsünə:

- Get bala, - demişdi. - Mən özüm qayıdacam evə. Sən işində ol...

Sürücü onun xasiyyətinə bələddi, nəzakət xətrinə də olsa sir-sifətinə hüznlü ifadə verib eləmədi, əksinə iti addımlarla maşina doğru getdi, elə bil qurbağa ilan ağzından qurtulurdu. Deyəsən, tələsdiyindən qəbirlərin arasında bir balaca büdrədi də...

Və ən qəribəsi də buydu ki, o, zorla qəbirlərini ziyarətə gələnlər haqqında düşünməyə, onları yada salmağa çalışırdı, hər iki qəbrin qara qranit lövhəsindən ona dikilən baxışlara, indi nədənsə, kədərli görünən çöhrələrə diqqətlə baxırdı ki, beynindəki yersiz fikirləri qovsun. «Görəsən kimdi, albinos, kimə işləyir? Məqsədi nədi? Vəzifəmi verdim, hər şeydən əl çəkib tərki-dünya oldum, indi məndən nə istəyirlər? Bəlkə Elxan məni qorxudub öz tərəfinə çəkmək fikrindədi? Ya daha qəliz, daha incə mətləbləri alıb nişangaha? Başqa cürdüsə niyə ortalığa atılıb? Guya mənim qeydimə qalır, hə? Demək, onun da marağı var bu həngamədə... Hər nədi...»

- Allah rəhmət eləsin...

Cəlil müəllim diksindi.

Lakin diksinməmişdən oğlunu, arvadını gözünün qabağına gətirmək istəyirdi, onlarla bağlı ömrünün yaddaqalan günlərini xatırlamağa çalışırdı, ayrı vaxt tez-tez beyninə girənlər indi tamam uçub getmişdi, xudaya, dünyadan köçənlər doğrudan-doğruyamı belə dəyişirlər, oğlunun, arvadının saçlarının, qaşlarının ağappaq ağarmasını, gözlərinin göyərib bənizlərinin solğunlaşmağını ayrı necə yozaydı?

«Vəzifəmi verdim, dünya malında gözüm yox, məndən dilədikləri nədi görəsən?»

- Allah rəhmət eləsin...

Elə bilirdi qəbiristanlıqda tək-tənhadı, indi camaat dağa-bağa gedir, dənizə-dəryaya baş vurur, adamı ölməsə kimdi buralara yaxın düşən...

Yox, yanındakı albinos-zad deyildi, qəbiristanlığın gözətçisiydi, başdaşı düzəldəndi, hər kimdisə, məhrəm adamdı bu yerlərə. Cəlil müəllim enlikürək, pəhləvan cüssəli, qarayanız, alnıçapıq kişini qəbiristanlıqda bir neçə dəfə görmüşdü. Kişi qabarlı, yekə əllərinə uyarsız çox kövrək adamdı, səsi də vid-fasonunun tamam əksiydi: cırdı. Cəlil müəllimi qəbiristanlıqda görən kimi iş-gücünü atıb, gəlib dayanardı yanında, pəhləvan cüssəsindən, tunclaşmış sir-sifətindən yazıqlıq, qəm-qüssə yağardı. Bəlkə də işi-peşəsi özgə ölülərinə ağlayıb başını girləməkdi. Ancaq heç vaxt «allah rəhmət eləsin»inə düz-əməlli cavab da almamışdı. Cəlil müəllim razılıqla yüngülcə başını tərpədərdi, vəssalam. Bu dəfəsə yekəpərin gəlişi Cəlil müəllimi - qəbiristanlıqda bu duyğunu keçirmək qeyri-adi görünsə də - rahatlandırdı, toxtatdı və o, ilk dəfə yekəpərin cavabını vedi:

- Allah ölənlərinə rəhmət eləsin.

Yekəpər yuxarıdan aşağı ona baxaraq udqundu, iri hülqumu qalxıb endi.

Cəlil müəllim başıyla qəbirlərə işarə eləyib neçə ilin tanışları kimi:

- Axırımız buradı, - deyəndə yazıq lap çaşıb qaldı.

Boğazını arıtlayıb çaşqın-çaşqın:

- Elədi... - mızıldadı, səsi qırıldı, çəkinirdi ki, yersiz sözlər işlədər.

- Bizdən başqa heç kəs yoxdu qəbiristanlıqda, görürsən də, ölülər dirilərin yadından çıxıb...

- Yox, Cəlil müəllim, həm istidi, gün sınmayıb hələ, həm də cüməaxşamı gələn çox olur qəbiristanlığa...

- Sən elə bütün günü burda olursan?

- Hə. Qaravolçuyam, gündüz qaravolunu çəkirəm qəbirlərin. Qəbirqazanlara kömək də eləyirəm.

- Gözətçi nəyə gərəkdi burda? Özü də günün günorta çağı...

- Elə demə, - yekəpər sənətinin lazımsızlığından pərtləşdi. - Anasının əmcəyini kəsən bədzatlar o qədərdi ki... Düzdü, gecə qaravolçusunun işi lap ağırdı, amma şeytan ki, Adəm övladının ürəyinə yol tapdı, o gecə-gündüz, ölü-diri bilməz. Bura gəlib-gedənlərə göz qoyuram mən. Kimlər gəlir, kimlər gedir, hansı qəbrin adamları kimdi...

- Aha...

- Çoxunu üzdən tanıyıram. İstər...

- Yəqin bizim qəbirlərə heç kim baş çəkmir? - Cəlil müəllim yekəpərin sözünü kəsdi.

- Əvvəllər çox adam gələrdi. Bir ara əsgərləri də gətirib burda and içdirirdilər. Atəşkəsdən sonra səngidi gələnlər. İndi təkdənbir gəlib-gedən olur. Bir o uşaqlı cavan gəlindi, bir də başı-bədəni ağ kişi...

- Albinos?

- Hay? - yekəpər başa düşmədi.

Kölgəliyində dayandıqları ağacın yarpağı da ürpəmirdi, lal-mat idi.

- Vəssalam?

- Bəli?

- Deyirəm ayrı heç kəs gəlmir?

- Yox.

- Bəlkə gələn olur, görmürsən?

- Nə danışırsan, - yekəpər incik-incik cavab verdi. - Qəbirləri nurnan dolsun, yerləri behiştlik olsun, sən ayrı kişisən, əsil kişisən, güvənc yerimizsən, özüm baxıram, sizin qəbirlərin yan-yörəsin özüm təmizləyirəm, güllərə, ağaclara suyu özüm verirəm.

- Çox sağ ol...

- Başdaşıların da tez-tez silirəm. Borcumdu, eləməliyəm. Çünki bu qəhrəman oğul, - yekəpər Cəlil müəllimin oğlunun başdaşına işarə elədi, - sənin kimi kişinin belindən gəlib, bu rəhmətliyin, - indi də Cəlil müəllimin arvadının qəbrinə boylandı, - halal südünü əmib...

Daha yekəpərə qulaq asmırdı, fikirləri qarışmışdı, sözlərini ayırd eləyə bilməsə də səsini eşidirdi, söhbətə utana-utana başlayan müsahibi indi susa bilmirdi.

- Yaxşı, bəs uşaqlı cavan gəlin kimdi? -astadan dedi, sualı öz-özünə verirdi. Səsini ucaldıb: - O ağbaşla cavan gəlin bir yerdə gəlir bura? - soruşdu.

Bayaqdan hüdüləyən yekəpər duruxdu:

- Hansı ağbaşla?

- Qəbir üstünə gələn...

- Yox. Ayrı-ayrı vədələrdə gəlirlər. Ağbaşın başı-qaşı ağdı, özü cavan kişidi. Mərifətli adama oxşayır, neçə dəfə pul da verib mənə. Götürmürdüm a, iki gözümdən olum yalan deyirəmsə, zornan basıb cibimə...

Cəlil müəllimin dalağı sancdı. «Gəlinin kimliyi təxminən məlumdu...»

- Bir şey soruşub eləyir?

- Kim?

- Ağsaç...

- Nə soruşacaq ki, mənnən? - yekəpər çiyinlərini çəkib əlini köynəyinin döş cibinə atdı və siqaret çıxarıb alışdırdı, qutunu təzədən köynəyinin cibinə qoydu, ucuz alışqanı qapqara, qaba barmaqlarının arasında fırlatdı, alışqan onun əlində kiçik və yazıq görünürdü. - Öz can-ciyərinizdi. Hərdənbir dilim dinc durmurdu, mən onu sorğu-suala çəkirdim.

- Nə soruşurdun?

- Soruşurdum ki... - yekəpər siqaretini sümürüb ara verdi, ancaq tərəddüd uzun sürmədi, - soruşurdum ki, nöşün Cəlil müəllim az-az gəlir bura?

- Nə deyirdi?

- Deyirdi işləri çoxdu.

- Sonra?

- Nə sonra?

- Sonra nə soruşdun?

- Soruşdum ki, bu rəhmətliyi niyə şəhidlər xiyabanında dəfn eləmədiz? Dedi ki, ananı baladan ayırmaq istəmədik.

«Bunu da bilir. Yəqin qəsdən pinti işləyir ki, diqqətimi cəlb eləsin. Deməli, üzə çıxmağa məqam axtarır».

- Tək gəlir bura ağsaç?

- Hə, həmişə tək-tənha olur.

Cəlil müəllim qəbirlərdən aralanıb qəbiristanlığın qapısına yönələndə yekəpər fürsəti fövtə vermədi:

- Halal xoşları olsun, qəbirləri tez-tez silirəm, ağacları, gülləri sulayıram, zəhmətim halalları olsun, allah yerlərini behiştlik eləsin...

Cəlil müəllim yekəpəri razı salmasaydı, əl çəkənə oxşamırdı.

Pulu naz-qəmzəsiz götürəndən sonra yekəpərin danışmaq həvəsi öldü və sağollaşıb ayrıldı...

* * *

Azı bir həftə səksəkə içində albinosu gözlədi. Səksəkə qorxu-hürkü ilə bağlı deyildi, sadəcə, dolaşıq, naməlum labirintin yaratdığı nigarançılıq onu daim hazır, marıqda dayanmağa məcbur eləyirdi. Tarımlığın yorğunluğu Cəlil müəllimi əldən salırdı. Hələ desən, daha bir gözlənilməz hadisə üz verdi ki, həmin hadisəni İsrafilin suru çalacağı gün də ağlına gətirə bilməzdi; albinosun əvəzinə gözlənilməz bir qonağı təşrif buyurdu. Əhədulla... Keçmiş şoferi... Ən qəribəsi buydu ki, Əhədulla özünü onun evində ağa kimi aparırdı. Cəlil müəllim Əhədullanı heç vaxt belə yekəxana görməmişdi. Yerişi-duruşu amiranə idi Əhədullanın. Eyvandakın qatlama stolun arxasında Cəlil müəllimlə üzbəsurət əyləşmişdi.

- Hava istidi, - Əhədulla mənalı-mənalı ona baxıb dedi.

- Hə, - Cəlil müəllim dodaqaltı mızıldayıb başını tərpətdi.

- Nə əcəb bağa getməmisən?

«Ay gidi dünya, Əhədullanı dingildədən nədi görəsən»?

- Bağım yoxdu daha. Qaçqınlar doluşub ora, yəqin söküb-dağıdıblar ev-eşiyi...

- Bir çay düzəlt görək...

Cəlil müəllim yerində qurcalandı. «Lənət sənə, kor şeytan! Səbr uğurun açarıdı. Dözək görək bu heyvərənin qarnının ağrısı nədi...» Tərs kimi qulluqçu da üç gündü xəstəydi. Cəlil müəllim mətbəxə keçib çay dəmləməli oldu və ömründə ağlına gəlməyən bir iş gördü; keçmiş şoferinə çay gətirdi. Dilxorçuluqdan özünə çay süzmədi ki, qoy Əhədulla çayını içib sözünü desin və rədd olub getsin. Onu evə buraxdığına peşman idi.

- Necəsən?

- Nə? - Cəlil müəllim yenə Əhədulla ilə üz-üzə əyləşib eyvandan həyətə boylana-boylana sir-sifətini turşutdu.

Əhədulla onun üzünün ifadəsindən ayağını geri qoymadı:

- Deyirəm necə dolanırsan?

- Elə gördüyün kimi...

- Bekar oturub neynirsən bütün günü?

- Qəzet-zad oxuyuram, televizora baxıram...

Əhədulla armudu stəkanı dodağına yaxınlaşdırdı, isti olduğunu görüb təzədən nəlbəkiyə qoydu.

- Tamam tək qalmısan...

Cəlil müəllim səbrini bassa da yavaş-yavaş hövsələdən çıxırdı, çünki müsahibinin sir-sifətindəki istehzanın mənbəyini hələ ki, aydınlaşdıra bilmirdi.

- Əhədulla!

Əhədulla çaşdı, bayaqdan boynubükük-boynubükük onun suallarını cavablandıranın əvvəlki zəhmi-hikkəsi bir anda özünə qayıtmışdı, Əhədulla Cəlil müəllimi neçə il belə görmüşdü. Yazıq az qala qabağındakı stəkanı dağıdıb əl-ayağını yandıracaqdı.

- Bəli, Cəlil mü... - dili dolaşsa da tez toxtayıb «müəllim» sözünü demədi.

- Əhədulla, de görüm niyə gəlmisən? Qısa elə, mənim boş-boş danışmağa həvəsim yoxdu...

Əhədullanın səsi batdı, inildəyə-inildəyə boğazını arıtladı, sanki udlağında nəsə qalmışdı:

- Qardaşın azlıq elədi, gül kimi balanı da güdaza verdin. Allah bunu sənə bağışlamayacaq.

- Moizə oxuma, Əhədulla, mətləbini anlat, çayını iç, get işinin dalınca. Mənnən höcətləşmək sənə baha başa gələr.

Əhədulla susub əlini çal saçlarında gəzdirdi, sonra çaydan bir qurtum alıb siqaret yandırdı. Deyəsən ciddi hazırlaşmışdı görüşə, yayın istisində pencək geyinib qalstuk-zad da vurmuşdu. Cəlil müəllim başa düşürdü ki, keçmiş şoferi üstündə gül-gülü, bülbül-bülbülü çağıran o xaltanı nahaq yerə boynuna pərçimləməyib, bu dekorativ bəzək-düzəyin arxasında «şok açıqlamalar» dayanmalıdı. Zənni onu aldatmamışdı, Əhədulla siqaretini sümürüb stolun üstündəki külqabını qabağına çəkdi, guya qolunu irəli uzatmaq çox ağır işdi, özünü yığıb-yığmalayıb:

- Sənin nəvən var. Oğlandı... – dedi.

- Bilirəm.

Əhədullanın gözləri kəlləsinə çıxdı:

- Hardan?

- Eşitmişəm.

- Axı biz bunu heç kəsə deməmişik.

Cəlil müəllim gülümsündü:

- İstəyirsən de, istəyirsən gizlət, mən bilirəm, Əhədulla. Əgər puldan-zaddan ehtiyacın varsa, çəkinmə, elə kəsəsinə de gəlsin, uzatma...

- Yox, Cəlil, - Əhədulla yarımçıq siqareti külqabına basıb səsinin yoğun yerinə saldı. - Biz acınnan ölmürük. Sənin heç nəyin bizə lazım deyil. Gəldim sənə baş çəkib deyim ki, sən nəvəni heç vaxt görməyəcəksən.

Cəlil müəllim sakitcə:

- Bilirəm, - təkrarladı. Siqaret yandırmaq istədi, qutunu kabinetində qoymuşdu.

Qapıdan çıxanda Əhədulla geri qanrıldı:

- Hə, yaxşı yadıma düşdü, mənim yanıma bir kişi gəlmişdi. Sənin haqqında soruşurdu. Mən də açdım sandığı, tökdüm pambığı... Ancaq deyəsən, o kişi sənin haqqında məndən çox bilir.

Cəlil müəllim özündən çıxdı:

- Cəhənnəmə bilsin, gora bilsin! Mən oğlumu xalqın yolunda qurban vermişəm, arvadımı itirmişəm, vəzifəmdən əl çəkmişəm, deyirsən indi dılğırın biri mənnən qoz-qoz oynayacaq? Hamının yanında başım dikdi, - əsəbiləşsə də səsini qaldırıb çığır-bağır salmırdı, qapı açıqdı. - Yeri, Əhədulla, get, işinlə məşğul ol. Amma yadında saxla, yetimdən soruşurlar kimi xirtdəkləyərsən, deyir çörək verənimi...

* * *

Əhədulla gedəndən sonra Cəlil müəllim tamam dilxor oldu. Gərək hirsini boğaydı. Qılığına girib ondan nələrsə öyrənmək mümkündü. Kimdi albinos, nə istəyir, kimlərin adamıdı, niyə məhz indi düşüb ortaya? İntəhası,Cəlil müəllim kimi bir adam keçmiş şoferini - aralarındakı başqa hadisələr bir qırağa - dilə tutmağı özünə rəva görməzdi. Həm də çətin Əhədulla albinos barədə səhih nəsə biləydi. O, hər kimdisə, bunu yerli-yataqlı sorğu-suala tutub, ancaq hərif deyil ki, özü haqqında ağzı qatıq kəsməyən şoferə tutarlı bir şey söyləsin. Niyə gəlmişdi Əhədulla onun evinə? Təzə nə dedi ki? Nə işi vardı burda? Diqqət kəsiləndə heç nə... Yox, elə deyil. Qapıdan çıxhaçıxda öz missiyasını yerinə yetirdi. Onu göndərmişdilər bura. Yoxsa ağzı nəydi yekəxana-yekəxana qapımı döyməyə hünəri çataydı. Rolunu yaxşı ifa elədi, ya pis, bunu rejissor; onu göndərən bilər. Mən bilənisə budur ki, maraqlı oyun başlayır. Sübut eləməliyəm ki, mənnən oynamaq çətin məsələdi, nə qədər qoca olsam da min cavana dəyərəm.

Beləliklə, Cəlil müəllim tərki-dünya yolun ortasında dayanıb, azca nəfəsini dərməkdən ötrü əməlli-başlı bardaş qurub oturmalıydı. Papağını da qoymalıydı qabağına. Əslində Əhədulla gedəndən üç gün sonrakı telefon zəngi onu bu fikrə gətirib yarı yolda dayanmağa məcbur elədi.

* * *

Nigarançılıq hər şeydən betərdi, başına pislik gəlmək də bundan yaxşıdı. Ya o yanlıq olur,ya bu yanlıq.Belədəsə qalırsan odla su arasında. Tərslikdən qulluqçunun da xəstəliyi qurtarmaq bilmirdi. Heç olmasa evdən hənirti, qab-qacaq səsi gələrdi. İşdən çıxandan birinci dəfəydi ki, möhkəm darıxırdı. Kiminləsə boş-boşuna əngə vermək keçirdi könlündən. Telefon da susurdu. Adamlar həqiqətən unutqanmış. Bel bağladın, belin qırıldı. Guya xalqın dilinə düşdüyü o günlərdən bir igidin ömrüycə adlamışdı? Noldu bəs birdən-birə? Koroğlunu, Babəyi, Nəbini yaddan çıxarmayan millət niyə onu qəhrəmanlar cərgəsindən ayırdı? Bəlkə epik qəhrəmanları da bu xalqa arabir şüar deyib çığır-bağır salanda lazımdı, dirigözlü, sağ-salamat qəhrəmana zərrəcə ehtiyac yoxdu?..

«Tarak-turuk atlılar...»

«Ya turuk-tarak?» - əlini yavaşca masaya vurub ritmli, ahəngli səs salmağa çalışdı.

«Günlər ötüşür, tarak-turuk, turuk-tarak...»

«Çık-çık...»

«Rəqs başladı...»

«Kainat və kainatdakılar, dünya və dünyadakılar oynayır...»

«Rəqs çoxdan, lap çoxdan başlayıb...»

Oturduğu yerdəcə, masanın arxasındaca rəqsə başlayırdı, otaq tərpənirdi, divarlar ləngər vururdu, dünya onun yumulu gözlərinin qabağında həzin-həzin, rahat-rahat ləpələnirdi. İlahi, otura-otura gözlərini yumub oynamaq mümkünmüş. Əslində oyunun, rəqsin məsələyə dəxli yoxdu, əsas dünyanın rəqsinə uyuşmaqdı. Özünü o həzin dalğaların qoynunda duymaqdı. Ancaq dünyanın ahənginə tam daxil ola bilmirdi, beynindəki sual əl-qolunu sıxırdı. «Görəsən mən kimə gərəyəm, hə?» Və beynindəki sualla dünyanın rəqsinə xələl gətirirdi. Bir də hardansa şıdırğı səs qopmuşdu. O nə səsdi elə? Kirpiklərini aralayıb yarıqaranlıq otağa göz gəzdirdi. Ahəng pozuldu, dünyanın oyunu itdi. Hə, telefon zəngidi...Bayaqdan səs-səmir, danışıq həsrətlisi olsa da dilxor-dilxor ayağa qalxıb dolabçanın üstündəki telefon aparatına sarı getdi. Oyuna təzəcə başlamışdı, zəng eləyən allahın bacısı oğlu olsaydı da yersizdi.

- Bəli.

- Axşamınız xeyir, Cəlil müəllim.

- Aqibətin xeyir, – səsi tanımadı. – Kimdi?

- Mən sizinlə görüşmək istəyirəm.

- Sən kimsən?

- Şəxsi dedektivəm…

- Mənim dedektivlə nə söhbətim ola bilər?

- Görüşsək çox şeyləri biləcəksiniz…

- Adın nədi sənin? Kimlərdənsən?..

* * *

Deməli, üstünlüyü əldən verdik. Hələlik albinos diktə eləyəcək. Sonrasına baxarıq. Adın düz deməyə də bilər. Babalı öz boynuna. Necə ki, kimə işlədiyini demədi. Yalandan dedi özümə. Sən kimsən axı? Bəlkə tulufonda açıb ağartmaq istəmədi? Görüşmək istəyirsən, nolar, buyur gəl, gözləyirəm səni, istədiyin yar idi, yetirdi pərvərdigar! Elə bilirdim sevincək heç səhəri gözləməyəcək. Amma yox… deyəsən o, nə istədiyini bilmir. Ya da çox yaxşı bilir. Ya başdan xarabdı, ya da həddən artıq ağıllıdı. Yoxsa nə ad verərsən zənginə: zəng eləyir ki, görüşmək istəyirəm, deyirəm buyur gəl, deyir hələ vaxtı deyil. Bəs onda nə səbəbə zəng eləmisən, hə? Yox, hələlik oturub olub-keçənləri yada salın. Bu çox vacibdi. Görün harda, hansı səhvləri eləmisiniz. Mən də sizə kömək olmağa çalışacağam. Nə kömək? Nəyi salım yadıma? O kimdi ki, mənə şərt qoysun, neyləmişəm mən, günahım nədi? Mən də sənə kömək olmağa çalışacağam. Ancaq səmimi olun… zəhrimar, yaşımın bu çağında dəliyə ilişmişəm. Şəxsi dedektiv! Nə istəyir? Heç nə. Deyir ki, bu gecə papağını qabağına qoy, yaxşı-yaxşı fikirləş. Yox, fikirləş demir. Adam gələcəyi də düşünə bilər. Amma dostumuzun gələcəklə işi yoxdu, keçmişi eşələyir. Özü də məlumatlı adamdı. Qırımından bildim. Alış-verişdən də başı çıxır. Sən yadına sal olub keçənləri – başımızın üstündə Allah var, hələ ki, «sən» demir, qanacaqlıdı – əvəzində elə bir sirdən agah olacaqsan ki, məndən başqa onu sənə heç kəs aça bilməz! Mən təxminən sizin yanınızdayam. Təxminən nədi, yəni çaşıb eləsəm səhvimi düzəldəcəksən?

Əslində başını qatmaq üçün əyləncə tapdığına sevinirdi. Ancaq duyurdu ki, bu əyləncə adi oyun deyil, büdrəsə uçurumun dibinə yumbalanacaq. Di gəl, deyəsən axı, həyatı da, özü də canlanırdı? Keçmişi kimlərəsə gərəkdisə, gələcəyi də maraqsız keçməyəcək. Götürdüyü taym-autun vaxtı bitmişdi. Təzədən oyuna atılmalıydı. Bir şərtlə ki, həmin oyunda dünyəvi tarazlıq pozulmasın. Dünyanın və dünyadakıların rəqsinə xələl gəlməsin...

* * *

Mənim keçmişi xatırlamağımla işlər düzələcəksə, hazıram. Ancaq heç vədə geriyə boylanıb olub-keçənləri düz-əməlli saf-çürük eləməmişəm. Alınmayıb... Gözümün qabağına bir-birinə dəxli olmayan hadisələr gəlib, necə deyərlər o hadisələri birləşdirən, bağlayan «zaman ipi» qırılıb.

Həmişə hansısa olayı yada salmaq istəyəndə əvvəlcə divardakı iri qara kəfkirli saatı görürüəm. Kəfkir öz işindədi, sağa-sola yellənib eyni yolu min, milyon dəfə getməlidi, ordan kənara çıxa bilməz, o yol kəfkirin rəqs meydanıdı. Mən o köhnə saatın üstündəki cızıqları da xatırlayıram. Axırıncı dəfə Xəlili şəhərə gətirmək üçün gedəndə, onu gətirməkdən ötrü dilə tutanda gözüm sataşdı saata. İşləmirdi, həmişəki yerindən çıxarıb qoymuşdular otağın bir küncünə. Özü də üzü divara. Dədəm qədd-qamətli kişiydi, stula-kətilə çıxmamış elə durduğu yerdəcə əl atıb saatı qurardı. Saatın iri qara açarı vardı. Yekə seyf açarına bənzəyirdi. O açarı dədəm özüylə gəzdirərdi. O saat yadıma düşəndə gözlərimi yumuram, oynamağım gəlir, doğrudan-doğruya elə bilirəm ki, mən də o qızılı kəfkir kimi sağı-solu fırlanıb rəqs eləyirəm. Ürəyim elə sakitləşir, elə rahatlanır, sanki indicə xoş bir xəbər eşitmişəm. Oynamaq üçün atılıb-düşmək lazım deyilmiş, oturduğun yerdəcə rəqs eləmək mümkünmüş. Bu mənim kəşfimdi. Elə uşaqlıqdan mənim sısqa boy-buxunuma baxıb: «Bunun yarısı yerin altındadı, - deyirdi. - Məktəbin bələkdə qurtarıb...» Mən ana tərəfə çəkmişdim, Xəlil yekəpər, pəzəvəngdi, mən bapbalaca. O, tez də kişiləşdi, on-on iki yaşında saç-saqqal basdı sir-sifətini. Mənimsə heç indi də üzümə əməllicə tük çıxmayıb. Kosafason bir şeyəm. Bu da sənin üçün səmimiyyət... Ancaq meylim olmasa heç kim məni heç nəyə məcbur eləyə bilməz. İstər ağsaç olsun, istər qırmızısaç!.. İntəhası, yaşımın və başımın elə vaxtıdı ki, o dünyadakı sorğu-suala indidən hazırlaşıb məşq eləməliyəm. Təki çoxları mənim kimi yaşayaydı, vəzifədən öz xoşuna əl çəkmək hər kişinin hünəridi? Bizimkilər kürsüyə, vəzifəyə yox, torpağa həris olsaydılar, erməniyə bircə kənd də verməzdik.

Hərçənd qətiyyən peşman deyiləm, sakit, hay-küydən uzaq yaşamağın da ayrı ləzzəti varmış. Daxilən rahatlanırsan, hadisələri kənar gözlə, bitərəf-bitərəf müşahidə eləyirsən, öz dünyanı yaradırsan, aram-aram öz ömrünü yaşayırsan, gethagetdə maskanı çıxarıb sir-sifətinə baxmaq özü də xoşbəxtlikdi. Ona görə təklifin yerinə düşdü. Çox sağ ol...

«Dəyməz...»

Cəlil müəllim nəinki səs eşitdi, hətta indiyəcən görmədiyi albinosun çöhrəsini də apaydın sezdi.Gözündəki eynəyin şüşəsi rəngli olsa da böyüdücü idi. Üzünün ifadəsindən heç nə ayırd eləmək mümkün deyildi, çünki iri eynək təkcə gözlərini yox, sir-sifətinin ən duyumlu yerlərini gizlədirdi. Ağımtıl sallaq yanaqlarından, yekə burnundan nə anlayacaqsan? Həm də gözəgörünmə anı ani baş verdi, Cəlil müəllim gözünü yumub açınca neqativə bənzəyən albinosun pozitivi itdi. Dodaqları azca aralanmışdı «müsahibinin». Gülümsünürdü deyəsən.

Elm, texnika inkişaf elədikcə millətin başı xarablaşır. Mən də kələfin ucunu itirirəm. Neynək, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Mən hələ heç kimin qabağından qaçmamışam. Görünür son sınaqdı bu. Ya sən mənim axırıma çıxacaqsan,ya da mən səni birtəhər eləyəcəm. Deyəsən səni Xəlillə bağlı məsələlər maraqlandırır.

Mən Xəlili çox istəyirdim. Ondan başqa kimim vardı? Bacım yox, qardaşım yox. Ata-ana da bu gün sağdı, sabah torpaq. Qardaşsa başqadı. Düşmən sözüdü eşitdiklərin, məni nüfuzdan salmaq üçün uydururlar. Mən neyləmişdimsə Xəlilin yaxşılığınaydı. İşin belə gətirməyisə, o yazığın taleyi, baxtıydı. Əvvəldən düz gətirmədi onunku. Baxtı yatana min bəndə yığışıb kəmək eləyə yenə lüzumsuzdu. Mələk kimiydi o. Bu dünya ilə zərrəcə əlaqəsi yoxdu. Əlli səkkiz yaşında rəhmətə getdi,ancaq qətiyyən qocalmamışdı, otuz yaşında ne-cəydisə ölənəcən elə qalmışdı. İnanmırsan ölənəyaxın çəkdirdiyimiz şəkli göstərərəm görüşəndə. Məndədi... Əfqan çəkib sonuncu dəfə kəndə, onu dilə tutmağa gedəndə. Ha yalvardım olmadı, axırda Əfqan qulağıma dedi ki, gəl gəzmək adıyla aldadıb oturdaq maşına, aparaq şəhərə. Ürəyim gəlmədi. Hələ Əfqanı acıladım da. «Cangüdənsən,nə zibilsən, öz işini gör, başından yekə danışma! Mənim qardaşım sənin üçün uşaqdı, bəbədi, dəl...» - «dəli» sözünü dilimin ucundan qaytardım. Amma yazıq Əfqan acıqlanmalı oğul deyildi, sınaqdan çıxmış adamdı. Mənə görə neçə dəfə sinəsini qabağa verib ölümlə üzləşmişdi...

* * *

Yadıma saldıqlarımı bərkdən desəydim, evimə qulaqasan böcəklər yapışdırılsaydı, hər şeyi yerli-yataqlı eşidərdin. İndi fikirləşdiklərimdən nə qanırsan, nə qanmırsan babalı öz boynuna, ancaq hadisələri bir az durultmaq üçün neçə il əvvələ qayıtmalıyam.

Xəlil kimi ağıllı oğul, ağıllı qardaş yox idi. Hər şey əmim evlənəndən sonra qarışdı. Əmim müharibədən qabaq da evlənmişdi, di gəl davadan qayıdanda gördü ki, lələ köçüb, yurdu qalıb.Arvad gedib başqasına. Bu da cavan oğlan. Sinəsi orden-medalla dolu. Şikayət elədi ki, mən qızıl əsgər vətən uğrunda vuruşmuşam, filankəssə əsgərliyə getməyib, üstəlik əsgər arvadını alıb. Aləm dəydi bir-birinə. Bakıdan xüsusi komissiya gəldi, əmim arvadını alanı ora çəkdilər, bura çəkdilər. Yazıq kişi neçə kərə taytıya-taytıya - axsadığına görə əsgər aparmamışdılar - ağsaqqalları götürüb əmimin yanına gəldi ki, istəmirəm sənin arvadını, qaytar apar, halalın olsun, ancaq mənnən əl çək, mən onu zornan almamışam, alsam da Quran mənə qənim olsun ona əlim dəyibsə! Əmimin birinci arvadına nə dəymişdi, nə dəyməmişdi, bilmirəm, amma arvadın ağsaqdan bir qızı olmuşdu. Bunun da çarəsini tapıb düzəlişdilər. Guya uşaq əmimin imiş, intəhası, bir az tənbəl olub bir-iki il artıq qalıb anasının bətnində. İstəyirsən gül, istəyirsən ağla. Əmim əməlli-başlı ina-nırdı buna. Arvadını geri qaytarmaq üçün iki ayağını bir başmağa dirəmişdi. Yoldaşlıq məhkəməsində arvad özündən çıxıb hər şeyi alt-üst elədi:

- Uşaq o kişinindi, bunu hamı bilir. İşdi-şayəd, mən onnan ayrılası da olsam, bu oğraşnan - pencəyinin qabağı orden-medal parıltısından bərq vuran əmimi göstərdi, - yaşaya bilmərəm.

Beləcə, nemesə qalib gələn, Hitleri diz çökdürən əmim yoldaşlıq məhkəməsində birinci arvadına və onun ikinci ərinə uduzdu.

Amma arvadın ikinci əri qorxudan ailəsini qoyub şəhərə köçdü. Arvad da üçüncü dəfə çəkməçi Mahmuda ərə getdi.

Əmim neçə il səfil-sərgərdan dolandı, yedi-içdi, illər keçdi, yaşı qırxı ötəndə eşitdik ki, qonşu rayondan gözəl bir qız gətirib. Qız həqiqətən su sonasıydı. Aya deyərdi sən çıxma mən çıxaram, günə deyərdi mən burdayam, sən get işinin dalınca...

Əmim zurna-balabanlı toy elədi. Əmimin toyunda Xəlilin hönkürtü ilə ağlamağı yadımdadı. Təzəcə qurtarmışdı Xəlil orta məktəbi. Yıxdılar içdiklərinin üstünə ki, çox gillədib, dəmləşib, cavandı, bədəni zəifdi, alışmayıb içkiyə. İndiki ağlımla fikirləşirəm ki, o hönkürtülü, zülüm-zülüm ağlamaqda sirli-sehrli çalarlar varmış. Yazıq Xəlil...

* * *

- Deyəsən səni mənim gec evlənməyim, kimlərin köməyilə vəzifəyə gəlməyim - partiyaya keçəndə dedilər tez-tələsik evlənmək lazımdı, subay-salıqlara pis baxırlar, ailə kiçik cəmiyyətdi axı - bir elə maraqlandırmır, - Cəlil müəllim qızışmışdı, müsahibinin gözünün qabağında olmamasıyla da barışmışdı. - Hündürdən danışmağın lüzumsuzluğunu anlayıb susdu, masa arxasından qalxıb divanda uzandı. Kondisioner uğuldayırdı, küçədən səs-səmir kəsilmişdi. Yerində qurcalandı, siqareti stolun üstündə qalmışdı. Dikəlib əlini stola uzatdı, çatmadı siqaret qutusuna, ayağa durmalıydı.

Siqaret yandırıb otaqda gəzişə-gəzişə dərin bir qullab vurdu. Həmişə elə bilirdi arvadından qabaq öləcək. Atası da anasından əvvəl ölmüşdü...

Əşyalarına heyfi gəlirdi, görəsən eynəyini kim taxacaq, pal-paltarı, darağı, qələmi kimlərə qismət olacaq, kim onun kabinetində oturacaq, illər boyu yığdığı nəfis, ələdüşməz kitabları kim vərəqləyəcək, masanın üstündəki şahmatla kimlər oynayacaq? Öldün, mizan-tərəzi pozuldu. Qalanların dərdini çəksən də xeyri yoxdu. Ancaq o, heç vaxt oğlundan, arvadından nigaran deyildi. Arxayınçılığın, rahatlığın səbəbi dumanlıydı. Məsələn, əşyanın istəyini nəzərə almadan götürüb zibilliyə də tullamaq mümkündü.Canlı insanısa «zibilliyə tullayan» daha böyük varlıq olmalıydı və o «tullanma»nın səbəbi «tullanan»ın keçdiyi yolun əvəziydi. Nigaran oldun-olmadın heç nəyi dəyişə bilməzsən. Getdin qurtardı, daha özünə cavabdehsən, qalanlar birtəhər başını girləyəcək.

Arvadıyla oğlu dünyasını dəyişəndən sonra iri otaqlar bir az da yekəlmişdi sanki. Arvadının pal-paltarını qulluqçuya vermişdi. Oğlununkunusa Allah bilir kim aparmışdı. Bircə saysız-hesabsız fotoşəkillər, albomlar evdəydi. Onlara baxmağı xoşlamırdı. Şəkil başaldadıcı andı. Çox vaxt şəkil çəkdirənin xəbəri olur foto-obyektdən, başlayır artistliyə, üst-başın səliqəyə salır, saçlarını darayır, ağıllı bir görkəm alıb özünü çəkib qoyur dağın başına. Foto, yalançı təbliğat, reklam - eyni şeylərdi.

Ayaq saxlayıb yenə masa arxasındakı yumşaq çexollu stulda əyləşdi və siqareti külqabıya basdı. Su qaba girdi, oldu içməli, əmimin arvadı qonşu rayondan gəldi oldu bizimki. Əstəğfürüllah, dilim-dilim olasan dilim. Ancaq, deyəsən, Xəlil elə beləcə qəbul eləyirdi. Onun boynuna çox işdəkləri yıxmaq olar indi. Ölüb gedib, haqq dünyasındadı, dalınca nə istəyirsən de. Ölənin qarasınca ona görə danışmazlar ki, o, özünü müdafiə eləyə bilmir. Burası bir balaca qəliz söhbətdi ki, eləyə bilmir, ya eləmək istəmir. Qoyub getdiyi yerlər, içərisində çapaladığı situasiyalar öləndən ötrü mənasızlaşır, gözünün önündəki qara pərdə çəkilir, ancaq neçə il o qara pərdə hamımızın gözünü örtmüşdü, heç nə kəsdirə bilmirdik, bəlkə də şübhəmizi zor-güc qovub özümüzü toxtaq göstərirdik. Mən də böyümüşdüm, azdan-çoxdan nələrisə başa düşürdüm, amma dədəm günlərin birində o qara pərdəni xırdaca yırtıb Xəlilə hökmlə tapşırdı ki, bu gündən əmingilə getməyi yığışdır. Anam himə bəndmiş, qızışıb ağzını allah yoluna qoydu: açdı sandığı, tökdü pambığı:

-Xəlil neyləsin? Taxsır sənin xoşqiryət qardaşındadı. Nemesin gülləsi kişiliyini yerindən qoparıbsa, hansı ağılnan evlənib o cür cuanəzəni bədbəxt eləyirsən, ay...

Dədəm anamın üstünə çımxırdı:

- Sən yum ağzını, itin qızı!

Əvəzində mən dilimi dinc saxlamadım:

- Bəs əmi ayaqyoluna necə gedir?

- Görüm onu ayaqyolunda boğulsun...- anam dodaqaltı deyindi, - utandığımdan başımı qaldırıb qonum-qonşunun da üzünə baxa bilmirəm...

Bu söhbət Xəlilə görə açılmışdı, amma ara qızışdı, bir də baxıb gördük Xəlil aradan çıxıb... Hər nə isə o gündən Xəlil bir ara əmimgilə ayaq basmadı...

Dədəmlə anam yüz il yaşayardı, kənd adamlarıydılar, sağlamdılar, onları Xəlilin dərdi çərlədib öldürdü, çünki sonrakı olaylar lap ağlasığmaz idi: indiki kimi yadımdadı, axşamüstü əmim hay-harayla, deyib gülə-gülə gəldi bizə.

Anam onu uzaqdan görən kimi:

- Nə arı var, nə namusu, dünya vecinə deyil, - donquldadı, dədəm gözünü necə ağartdısa zavallı arvad az qala əmim üçün gətirdiyi çayı aşırıb müharibə veteranının salamat yerlərini yandıracaqdı. Müharibə veteranı olduğunu, qəhrəmanlıq göstərdiyini tez-tez orda-burda danışdığından «veteran» ləğəbi qazanmışdı əmim. Lotu-potular, itoynadanlar şeirfason bir şey də qoşmuşdular ona.

Gəldi qələbə baharı,

Hayıf itirdin xiyarı.

Sinəndəki orden, medal

Razı salmaz gözəl yarı...

Amma bəzi ağzıgöyçəklər danışırdı ki, bəs bu şeir-filan söhbəti, «xiyarı itirmək-zad» məsələsi düşmən işidi, paxıllıqdan kişiyə qara yaxırlar, əslində onun «xiyarı» itib eləməyib, yerindədi. Necə lazımdı eləcə... Camaatdı də biri elə deyir, biri belə, danışanın ağzını yummayacaqsan ki? Bəlkə hər şey dedi-qoduydu, uydurmaydı, əmim müharibədə olmuşdu, keçmiş hərbiçiydi, rus dilini yaxşı bilirdi, bir balaca «urusxasiyyətdi». Başqalarının qəbul eləyə bilmədiyi işlərə adi baxardı, amma o, bizə gələn gün yeyib içib kefi bir az da durulandan sonra üzünü Xəlilə tutub təmiz Azərbaycan dilində elə sözlər dedi ki, mat-məəttəl qaldıq, nəyi, nəyi belə kəlmələri gözləmirdik, başımızı aşağı saldıq, əmimin yanında suçluyduq sanki. Onun bir an öncə söylədiklərindən hələ də qulağımız cingildəyirdi:

- Xəlil, mənim balam, bizə niyə gəlmirsən? Əmidostun darıxıb səndən ötrü...

Araya sükut çökdü, sonra Xəlil ürəklə:

- Gələrəm, ay əmi, - dedi.

- Gəlin də, - guya, evi çox uzaq idi, - mənim sizdən başqa kimim var ki? - əmim köksünü ötürüb ağır-ağır dilləndi.

Əmim gedəndən xeyli sonra, gecə dədəmlə anamın pıçıltısını eşitdim:

- Gördün heç nə yoxdu arada, düşmən dedi-qodusudu? - anam idi. - Əl də basdırdım Qurana. And içdi ki, aramızda heç nə olmayıb. Hələ üstümə bozardı ki, bəs gör nələr gəlir ağlına, o mənim əmidostumdu, mən onun qiryətin çəkməliyəm... Şükür sənə, xudaya! Allah mərdimazarın evin yıxsın.

Dədəm:

- Amin, - deyib xəbər aldı. - Bəs hardadı?

Arvad çiyinlərini çəkdi:

- Bilmirəm... Yoxdu... Yəqin əmisigilə gedib...

* * *

Yer üzündə əksər bədbəxtliklər arvadların əliylə baş verib, müqəddəs kitablarda özünü yer üzünün əşrəfi sayan insan - məlumdu ki, o kitabları, əstəğfürüllah, inək, qoyun, nə bilim qartal qələmə alsaydı həmin sətirləri öz irsinə sərfəli şəkildə yazardı, dünyanın əşrəfi mütləq aksiom kimi qəbul oluna bilməz, o hansı əşrəfdi ki, neçə əsrlərdi arvadların əlində aciz qalıb, yox, kişiləri qadınlardan ayırıb zənənləri insan saymamaq deyil mətləbim, boynumuza alsaq da, almasaq da kişilər və qadınlar tamam fərqlidi, onların bir yerdə yaşamaq məcburiyyəti, birinin digərinin qabırğasından yaranma ehtimalı əhatəli analiz tələb eləyir ki, buna həvəsimiz yoxdu, bu barədə ədəbiyyat da kifayət qədərdi,amma bir detalın üstün-dən sükutla keçmək olmaz: əslində əsrlər boyu fərqlilərin - kişilərlə qadınların - arasında mübarizə gedib. Özlərini Adəmin qabırğasından yaranmış kimi qələmə verməklə onlar rəqiblərini arxayınlaşdırmaq məqsədi güdüdülər.

Bəs Adəmin birinci arvadı Lilit nədən yaranmışdı? Bizim Adəmlə, qadın kişi mübarizəsi ilə işimiz yox, mən hikkəyə düşüb oxuduqlarımdan misal çəkirəm, indiyəcən xatırladıqca tüstüm təpəmdən çıxır, anamın bir cəhətini hələ də bağışlaya bilmirəm — bundan sonra bağışlayacam, ya yox, qiyamətdə bilinəcək — onun həddən ziyadə hövsələsizliyini. Anamın kəmhövsələliyi başımıza bəla açdı. Sonralar dədəm-anam dünyasını dəyişdi,mənsə bu bəlanın altını çox çəkdim. O hay-küy, o yersiz qıy-qışqırıq baş verməsəydi, hər şey başqa səmtə çöşə bilərdi. Guya, anamın qardaşımla əmim arvadını bir yataqda görməsi hələ də ağlıma batmır. Lap elə belə biabırçılığın şahidi gərək təmkinli tərpənəydi. İt-pişik heyvanlığıyla nəcisinin üstünü torpaqlayır, amma anam ayıbını hayqırtı ilə çığırıb el içində hamımızı rüsvay eləyir. Doğrudan-doğruya ağlasığmaz həngamədi, başbir olanlar kinoya-zada çəkilmirdilər ki, ehtiyat tədbirləri görməyəydilər. (Ən azı yatdıqları otağın qapısını yaxşıca qıfıllamalıydılar). Hər halda, şeytana min lənət! Gördün görməmiş ol, dəvə gördün, heç qığını da görmədim! İş işdən keçib, qara-qışqırıqla günaha batanlar aydan-arıya, sudan-duruya çevrilməyəcəkdilər. Əmim arvadı özünü günaha batmış saymırdı, Xəlillə bir yataqda olduğunu danmırdı da. Onun hadisəyə öz baxışı vardı:

- Burda nə var ki?! Mən Xəlili balam kimi istəyirəm. Bir yerdə uzanmışıqsa da, elə ana-bala kimi uzanmışıq...

Necə uzanmışdılar, anam onları nə təhər yaxalamışdı, bilmirəm, mənnən ötrü bunun əhəmiyyəti yoxdu, məqsədim Xəlilin xəstəliyinin səbəbini, kökünü qandırmaqdı. Eşq, məhəbbət dəlisiydi Xəlil. Bu fikir kimin ağlına gəlmişdisə əsassız deyildi. Anam Xəlillə əmim arvadının sirrini aləmə faş eləyəndən sonra əməlli-başlı havalanmışdı Xəlil.

- Bircə o Mahirəni verin mənə... - gecə-gündüz əmim arvadın çağırırdı.

Xəlilin dəli olmağı bütün kəndə yayılmışdı, day cidanı çuvalda gizlətmək müşküldü, Xəlili dəlixanaya aparmışdılar, orda da həkimlər demişdi ki, ay eviniz yıxılmasın, eşq-filan öz yerində, bunun beyni də silkələnib; ya başı harasa dəyib, ya kəlləsinə nəsə vurulub. Və onda anam gözünün yaşın axıda-axıda dədəmə boyun aldı ki, onları çarpayıda lüt-üryan görəndə ağlım başımdan çıxdı, əl atıb iri güzgünün qabağından güldanı götürdüm ki, çırpam Mahirənin başına, Xəlil özünü atdı irəli, xrustal güldan (əmim arvadının cehizi) Xəlilin kəlləsində çilikləndi.

Çox fikirləşmişəm qardaşımın taleyindən... Burda mənim günahım var, yoxdu... Allahın işidi, yuxarıda yazılır, inanırsan inan, inanmırsan inanma...Deyə bilməzsən ki, Xəlili mən başı havalı eləmişəm? Veteran əmim məni bağrına basıb zar-zar ağlayırdı, gözünün yaşı cəhənnəm, ağız-burnunun suyunu da sir-sifətimə silirdi:

- Bu nə qara fikirlərdi gəlib ağlınıza, - deyirdi. - Uşaqdı Xəlil hələ, balamdı o...

Xəlil bığlı-saqqallı kişiydi, dəlixanadakıları gah lərzəyə salırdı, gah da elə sözlər danışırdı ki, bişmiş toyuğu gülmək tutardı. Bibimin əri Gülverdi getmişdi Xəlilə dəyməyə, Xəlil Gülverdi ilə hal-əhvallaşmışdı:

- Necəsən Gülverdi, dədən nə təhərdi? Dədən dünən gəlmişdi bura, oturdu, bir xeyli söhbət elədik. Kişi yaman qocalıb...

Yazıq Gülverdi, qalmışdı çar-naçar, bilməmişdi ağlasın-gülsün, axı Gülverdi özü də dədəsini görməmişdi, körpəlikdən itirmişdi onu. Amma neçə il qohum-qardaşın dilindən düşmədi Xəlilin «kəlamı», Gülverdini görən kimi başlayırdılar cırnatmağa:

- Nə var, nə yox, Gülverdi? Dədən nə təhərdi?

Bilmirəm, həqiqətən bilmirəm hadisələr uydurmaydı, ya doğrudan-doğruya əmim arvadıyla Xəlilin arasında nə isə baş vermişdi, bəlkə güldanın zərbindən Xəlilin olan-qalan ağlı başından çıxmışdı, ona görə gic-gic şeylər dilinə gətirirdi? Beləydisə, deməli anam suçluydu onun bədbəxtliyində. Mən neyləyəydim? Zaman göstərdi ki, bircə güldanın zərbəsiylə başından çıxan ağlı bir də heç vaxt çıxdığı yerə qayıtmayacaqdı. (Sonralar mən də çox çalışdım, çox həkimə göstərdim Xəlili). Nə illah eləyirsən yetərsizdi, bir ara «eşq dəlisini» evləndirmək fikrinə də düşdülər, qohumumuz xallı Çöhrəni gözaltı eləmişdilər. Bəlkə yeganə çıxış yolu idi. Pazı pazla çıxararlar. Qoy arvad başını qatsın, köpünü alsın. Erkək buynuz çıxartdı gərək dişini atasan qabağına hövlü alınsın. Dədə-babadan qalma işdi. İlk dəfə kimin ağlına gəlmişdisə, tədbirli adammış. Di gəl, məsələni Xəlilə açanda qəhqəhə çəkmişdi.

- Çöhrəni alım? Ha-ha... Çöhrəni alınca gedib Məşədi Çöhrəni alaram. - Məşədi Çöhrə qonşumuzdu, dindar, oruc tutan, namaz qılan arvaddı. Yaşı səksəni ötmüşdü, Xəlildən yekə nəvələri vardı.

- Mən Mahirəni alacam...- Bəzək-düzəksiz-filansız Xəlil axırıncı kəlmələri elə ürəklə, elə inamla deyirdi ki, o vaxt mən elə bilirdim haçansa Xəlil hökmən əmim arvadı Mahirə ilə evlənəcək, özü də adi evlənmək, ərə getmək olmayacaq bu, Xəlillə Mahirənin toyu bütün kəndi başına götürəcək və həmin toyda əmim qol götürüb əldən düşənəcən oynayacaq. Sonra da heysiz-hərəkətsiz tirtap yerə yıxılıb sakit-sakit ağlayacaq...

* * *

Atüstü olub-keçənləri vərəqləyəndə bir də tam əmin oluram ki, heç nədə, heç yerdə səhv buraxmamışam, günah eləməmişəm,yəqin rəhmətlik Xəlilin baxtı, taleyi elə, oğlumun alın yazısı da belə yazılıbmış. Əvvəllər tez-tez məndən soruşurdular ki, vəzifədən niyə getdin, daha olan olmuşdu, sən dünya görmüş adamsan, populyarlığının ən uca nöqtəsində geri çəkildin, axı çox geniş perspektivlər açılmışdı, el-oba sənin başına and içirdi, nədi qəfil süstlüyün, mağmınlığın səbəbi? Başa düşürük, bir günün içində oğlunun ölüm xəbərini eşitmək, üstəlik ömür yoldaşını elə həmin gün itirmək ağırdan-ağırdı. Amma sən də uşaq deyildin axı o dəqiqə fələyin qurduğuna mütilik göstərəydin, sən həmişəki kimi bədbəxtlikdən də özünə sərfəli şəkildə istifadə eləməliydin. (Doğrudu, burasını heç kəs soruşmurdu,bu yönümü özü-özünə göstərirdi). Niyə hər şey tərsinə döndü, gözlənilməz şəkil aldı? Bax budu əsas məsələ...

Yaman çətin idi, ilk günlər elə bilirdim dözməyəcəm, ağlım başımdan çıxacaq, heç valideynlərimin, Xəlilin ölümünü belə ağır keçirməmişdim, döşəmə ayağımın altından qaçırdı, üç-dörd dəfə həqiqətən səntirləyən təhər olmuşdum durduğum yerdəcə. Xüsusən evdən əl-ayaq çəkiləndə, tək-tənha qalanda. Adamların arasında nə qədər toxtaq görünsən yenə daxilindəkilər duyulur. Əlbəttə, ariflərin gözündə… Həmin o «arif»lərdən bəzisi mənə çıxış yolu da göstərmişdi:

- Ara sakitləşən kimi bir Ağabəy Sultanova dəy. Xeyri olar sənə... Mən bir-iki dəfə onun yanında olmuşam. Elə buralarda idi, yas yerində gördüm deyəsən onu... Amma indi yeri deyil...

- Cəlil, yası yola verən kimi qiymətli bir şey al. Nə alırsan öz işindi, intəhası, çox qiymətli olsun. Mən öz təcrübəmdən bilirəm, Cəlil, itginin, gethagedin cavabı fələyin yazısını vecinə almamaqdı...

Ancaq elə mən də arif idim, mən də axtarışdaydım. Heç kimin təsəllisinə ehtiyacım yox idi, bu bəlaya özüm öz əlimlə düşmüşdüm, özüm də çıxacaqdım, amma ola bilsin mənim tapdığım çıxış yolu başqalarına məğlubiyyət kimi görünəcəkdi, necə görünür görünsün, kimsə məni ittiham eləyə bilməzdi, çünki yer üzündəki oxşar taleli adamlar da öz ömrünü yaşayır, başqasının əvəzinə hökm verə bilməz. Mən olan yerdə heç kəs yoxdu...

Amma deyəsən, ariflərdən birinin dediyini elədim. Əksinə eləsəm də...

Mən fələyin yazdığına qarşı çıxmadım, onun mənə rəva gördüyündən də özxoşuma imtina elədim; əlimdən əzizlərimi aldınsa, məni bu dünyaya bağlayacaq heç nə gərəyim deyil. İntihar günah sayılmasaydı bircə gün də gözləməzdim. Günahından çox zəiflik sayılmağı məni bu addımı atmağa qoymadı...

Burda da bir dilemmaya ilişdik: bilmək olmaz intihar zəiflikdi, ya güc nişanəsi...

Soruşa bilərsən ki, ay kişi, bayaqdan deyirsən mənim heç nədə günahım yoxdu, bəs oğlunun döyüşə getməyinin səbəbkarı kimdi? Bu suala da cavabım var: mən oğlumun dediyi ilə razılaşsaydım da dərd qapımın ağzındaydı. O dərdi uşaq mənə elədiyi təkliflə gətirmişdi. Hər iki yol qaranlığa aparırdı. Əhədullanın qızı bizim evə gəlin köçsəydi də qapının ağzındakı dərd içəri girəcəkdi.Çünki evimizin harmoniyası pozulurdu, daha dünyaya, kainata qoşulub əvvəlki kimi fırlana bilməyəcəkdik. Əhədulla, onun qızı bizim ailəyə uyuşmayan adamdı. Yaraşmayan yox, uyuşmayan. Yəni söhbət onun kimliyindən getmir. Həyatda da belə rastlaşmalar olur. Görürsən ki, birisi sənin dəst-xəttinə xələl gətirir. Dəxli yoxdu, yaxşı adamdı, pis adamdı, varlıdı, kasıbdı, ancaq münasibətlər üçün yararlı deyil. Əhədullanın görüb görəcəyi də elə mənim şoferim olmaqdı, ondan o tərəfə keçə bilməzdi. Onun nəvəsi dediyi balaca da heç vaxt bizimki, lap dəqiqi, mənimki olmayacaq.

Bu tərəfi gizlidi ki, əgər o biri yolla getsəydim daha böyük bədbəxtlik üz verərdi, ya yüngüllüklə ötüşərdik, addayardıq dərd aysberqini? Bilmirəm. Elə yaşayış var ki, ölüm ondan min pay yaxşıdı. Qazanc da var, əslində itkidi.Gec başa düşürsən, başa düşəndə əlini dizinə vurub kəsdirmirsən başına haranın külünü tökəsən. Dalınca qaçmaq əbəsdi. Qatar gedib...

* * *

Qayıdaq Xəlilin məsələsinə. Sağalmadı Xəlil. İllər ötüşdü, dədəm öldü, anam öldü, Xəlil qaldı tək, qonum-qonşu umuduna. Mənim yerimə başqası olsun, burda, şəhərdə adamın boğazından tikə keçərdimi ki, qardaşın kənddə allah bilir neyləyir, gün-güzəranı necədi? Düzdü, kənddə yaxşı baxırdılar ona, rayon rəhbərliyi də tapşırmışdı kənddəkilərə, elə mən özüm də. Amma nə faydası, orda Xəlil rahat, sakit yaşasaydı da mən burda nigaran qalacaqdım. Axşam yuxumu qarışdıran kimi səhər Xəlil yadıma düşürdü, bütün günü gic-gicələk qalırdım. Mən Xəlili şəhərə gətirmək istəyirdim. İmkan tapan kimi kəndə, Xəlilə baş çəkməyə gedirdim. Axır vaxtlar lap aləm qarışmışdı. Bəzi qəzetlərdə Xəlil barəsində yazılar getmişdi ki, bəs demə, filankəsin qardaşı əsəbidi, ağrısı tutanda vay qabağına çıxanların halına.Kənddə tək-tənha ikimərtəbəli evdə yaşamağına görəsən qardaşı möhtərəm Cəlil müəllim necə baxır? Və sair və ilaxır. Hətta qəzetlərin birində ikimizin də şəklini yanaşı vermişdilər, altında da iyrənc yazılar: «Bəlkə genetikdi böyük qardaşın xəstəliyi?..»

Mən bilirdim o yazıların arxasında kimlər dayanır, o yazılar kimlərin sifarişi ilə yazılır.Qurşaqdan aşağı zərbələr alsam da adi baxırdım yazılara. Mərdlik Koroğlu dövründə qalmışdı. Allah betərindən qorusun. Tamam qətiləşdirmişdim ki, Xəlili şəhərə gətirməliyəm. Mənim yanımda kim onun həndəvərinə hərlənə bilərdi? Görməzə-bilməzə nə istəsələr yazsınlar. Hər halda məsələ yumşalardı. Cəlil müəllim xəstə qardaşını yanına gətirib qayğısını çəkir. Xəstəlik cinayət deyil ki. Kəndə gedişlərimin birində fikrimi Xəlilə açdım, daş atıb başını tutdu. Yox ki yox!

Payızın ortaları idi, artırmada oturub çay içirdik. Əfqanla getmişdik kəndə. Xəlil razılaşsaydı ertəsi şəhərə qayıdanda onu da götürəcəkdim. Xəlilinsə ata yurdunu tərk eləmək fikri yox idi. Kəlləsinə çıxmış gözlərindən mən də, çay tədarükündə olan Əfqan da bir az çəkindik. Yaxşı ki, evdə qonum-qonşu yox idi. Xəlil qızışsaydı Əfqan onun öhdəsindən gələ bilərdi. Mən kəndə gedəndə adamlara üz göstərmirəm. Salam, əleykəssaləm, qurtardı. Nə birisinin evinə gedərəm, nə kimsəni yaxına buraxaram. Xəlildənsə çəkinməyə ehtiyac yoxmuş, səsi sakitdi.

- Nə danışırsan, qardaş, mən şəhərə köçə bilmərəm. Burda dədəmin qəbri var...

-Elədi, Xəlil,- başımı tərpətdim, öyrəşmişdim onunla danışmaq qaydasına və «elədi», - dediyim dəmdə ilk dəfə ağlıma gəldi ki, Xəlil qocalıb eləməyib, məndən cavan görünür. Elə Əfqandan da...

- Burda anamın qəbri var...

- Elədi... - razılaşdım.

- Əmimin qəbri var...

- Düzdü, Xəlil...

- Mahirənin qəbri var...

«Ay o qəhbəni gorbagor olsun». Xəlil havalansa da qanacağını itirməmişdi: Mahirənin adını axırda çəkdi.

- Var, Xəlil, var...

- Mahirənin qəbri var...

- Mahirənin qəbri var...

- Mahirənin qəbri var...

Daha cavab verməyin mənası yoxdu, Xəlil tutduğunu buraxmayacaqdı.

Əfqan dedi:

- İstəyirdim evi siləm, həyəti süpürəm, amma hər yer tərtəmizdi.

- Başımın üstündə durma, otur sən də çay iç...

Əfqan aralanıb artırmanın məhəccərinə söykəndi, həyətə baxa-baxa:

- İçmirəm, - dedi.

- Mahirənin qəbri var.

- Çayı təzələ, Əfqan, - dedim. - Amma tünd eləmə. - Xəlilin başını qatmaq istəyirdim ki, o qancığın «qəbrin»dən əl çəksin, qəfil başıma yaxşı bir fikir gəldi. Bu da alınmasaydı, Xəlilin şəhərə getməyi qalırdı qiyamətə.

- Xəlil, burda Mahirənin qəbri var deyirsən?

- Mahirənin qəbri var... - Xəlil gözlərini bərəldib üzümə baxdı, havalı adamın baxışları mənasız olurmuş...

- Şəhərdə də mən varam da... - tapıntıma uşaq kimi sevindim.

- Sən ölməmisən axı... - bilmədim nə deyim, Xəlildən belə cavab gözləmirdim.

Əfqan təklikdə mənə Xəlili aldadıb, zor-xoş maşına əyləşdirib şəhərə aparmağı təklif eləyəndə mən ona acıqlandım...

* * *

Amma parlament seçkilərinə bir-iki ay qalmış Əfqanı göndərdim Xəlilin dalınca. Tapşırdım ki, Xəlili gətir, istəyirsən de Cəlil ölüb. Əfqan onu gətirəndə maşını aşırdı. Bax, bu bəzi ağzıgöyçəklərin ürəyinə şübhə saldı. «Quramadı, təşkil olunub» - qeybət qırmağa başladılar. - Bəs o kişinin niyə burnu da qanamayıb?» Guya, əksər qəza hadisələrində sürücü hamıdan çox əzilir - axmaq söhbətdi, qəzadan-qəzaya fərq var - bəs bu nə oyundu? Birincisi, Əfqan idmançıdı, dəyirmanın boğazına ölü atsan diri çıxar, yəqin qəza zamanı fəhmən canını qorumağa çalışıb. İkincisi, yəni mən o qədər qəddar oldum ki, doğma qardaşımın ölümünə fitva verib yalançı oyun düzəltdim? Nədi, nədi qabaqda seçkilər gəlir, nadürüstlər qardaşımın xəstəliyi ilə məni gözdən sala bilərlər. Cəhənnəmə ki! Deputatlıq yox, padşahlıq ola mən buna getməzdim. Heç o mandat da mənə lazım olmadı, seçkiyə yaxın vəzifəmi dəyişdirdilər, dövlət mə'murunun seçkiyə getməsi mümkün idi, mənə sərf eləmədi. Həm də qəsdən getmədim ki, ağzıgöyçəklərin bəhanəsi kəsilsin. Qardaş qatili – ağır ittihamdı. «Düz adamdısa qardaşını gətirməyə şoferi dura-dura cangüdənini niyə göndərirdi?» Bədzatlar qaşınmayan yerdən qan çıxarırdı. Əhədulla kimdi ki, mən xəstə qardaşımı ona e’tibar eləyim? O vaxt ağlıma da gəlməmişdi ki, hadisələr bu səmtə yönələ bilər, Əfqanın kəndə gəlməyini də şişirdirdilər.

Əfqana heç vədə adi cangüdən kimi baxmamışam. Yaxın, məhrəm adamdı o mənə. Bayaq dediyim kimi o, mənim həyatımın rəqsini, harmoniyasını pozmayıb, əksinə o rəqsə, o harmoniyaya uyarlı adamdı, böyük-kiçik yeri biləndi, kəsdiyi çörəyə qiymət verəndi, ağzıbütövdü, beləsini qoyub şoferi göndərim xəstənin yanına? İnsaf dinin yarısıdı, məqsədə çatmaqdan ötrü bütün yollar məqbul sayılsa da bəzən İmam üçün ağlayanda Yezidi fikirləşmək başucalığıdı. Mən niyə qardaşımın ölümün istəməliyəm? Mətbuatda çap olunan bir-iki qotur yazıya görə? Yox, yox, min kərə yox! Əfqana kömək eləməyimə gəlincə kişilikdən deyildi axı, mən onu darda qoya bilməzdim. Qəzanı qəsdən törətməmişdi ki! Həm də sonralar Əfqan boyuna almışdı ki, yolun dolanbac yerində qəfil Xəlil özünü atıbmış rulun üstünə: saxla maşını, sən yalançısan, Cəlil ölüb-eləməyib...

Yoxsa mən də çaş-baş idim, Əfqanın heç nədən maşını aşırmağı ağlıma batmırdı...

* * *

Telefon zənginə yuxudan oyandı, əl atıb dolabçanın üstündəki aparatın dəstəyini götürdü:

- Bəli.

O başda dəstəyi yerinə qoydular. Kəsik siqnallar eşidildi. «Dud...dud...»

Ayağa qalxıb vanna otağına keçdi. Çimib təzəcə çay dəmləmişdi ki, telefon təkrar zəng çaldı.

- Bəli.

- Yuxudan elədim sizi, Cəlil müəllim?

Dünənki səsi tanıdı:

- Eybi yox, a bala, xoşdu, onsuz da işsiz-gücsüz pensioner adamam...

- Görüşə bilərik, Cəlil müəllim?

Təzə «dost»unun birbaşa mətləbə keçməyi onu karıxdırsa da:

- Buyur gəl, a bala, - dedi. - Yaxşı çay dəmləmişəm.

- Sağ olun, amma ayrı yerdə görüşməyimiz məsləhətdi...

- Harda, a bala?

- Bulvarda, sizə də yaxındı, mənə də... Gəzişək, həm söhbət, həm istirahət...

- Yaxşı, mən razı, - elə gülümsündü ki, o başda hiss olunsun... - Amma yəqin dünən dediklərin yadındadı?

- Şübhəsiz... Mən sözümün ağasıyam...

- Oldu, bala, gələrəm. Elə mənim də bulvara çıxıb gəzişməyim bəd olmaz. Amma qorxuram tanış-biliş yaxınlaşıb söhbətimizə mane ola...

- Bizim söhbətimiz uzun çəkməyəcək. Mən hər şeyi bilirəm. Mən olan yerdə heç kəs yoxdu...

Dəstəyi yerinə qoyub fikrə getdi. «Mən hər şeyi bilirəm. Nə deməkdi bu? Mən olan yerdə heç kəs yoxdu. Bəlaya düşmüşəm, deyəsən, həqiqətən bu albinos köpəyoğlu uzaqdan-uzağa mənim ürəyimi oxuyur axı? Bəlkə Əfqana zəng vurub çağırım? Kimə işləyir bu əclaf, kimin üçün işləyir, məqsədi nədi? Dosye yığır, özü də açıqdan-açığa. Yox, indi açılıb məsələ, bəlkə uzun müddətdi mənim yeddi arxa dönənim, keçmişim, gələcəyimlə məşğuldu? Sonluqda maskasını çıxarıb, girib meydana. Hələ Əfqanı çağırmaq yersizdi. Qoy arxasız, köməksiz, zəif görsün məni. Bəlkə onda pişim-pişimlə nə isə qopartdım, kimdi, nədi, nə istəyir. Az qalıb, lap az qalıb, səbr uğurun açarıdı. Ədalət həmişə qalib gəlir, təki ömrümüz çatsın qələbəni görməyə»

Çaydan bir qurtum alıb siqaret yandırdı...

* * *

Narahat olsa da tək getdi görüşə. Həmişəki kimi səliqəli geyinmişdi. Kostyum, qalstuk. Havanın istiliyi eyninə gəlmirdi, rəsmi qayda-qanuna öyrəşmişdi. Qəfil istədi getməsin, üzünü görmədiyi küçədən keçənin birisi kimdi ki, onunla görüşə dəqiq fikir versin, kim bilir nəticəsi necə qurtara bilər. Ancaq getməliydi. Acığın dövlətə ziyanı, hər zamanın bir hökmü var. Bəlkə o adam elə şeylər bilir ki, məsələni bəri başdan hay-küysüz çürütmək lazımdı?

Gün batsa da bürkü azalmamışdı. Heç kəsə yaxın getmirdi, salam verənləri başı ilə uzaqdan-uzağa cavablandırırdı. Şərtləri beləydi - görüşə çağıran özü ona yaxınlaşacaqdı. Cəlil müəllim onun nəm-nişanəsini də öyrənə bilməmişdi. Əhədulladan və qəbiristanlıqdakı gözətçidən görüşdüyünün albinos olduğunu anlamışdı. Onu da tamam yox. «Bəlkə gələn ayrısıdı, albinos-albinos deyə-deyə özümü dolaşdırıram? Yəqin indi o, mənə göz qoyub məqam axtarır. Ay bala, səni ilişdirmək fikrim olsa özüm əl bulayarammı?» Xəzər qalxanda bulvarın aşağı hissəsini su basmışdı. İndi əməlli-başlı düzəldib əvvəlkindən də gözəl görkəmə samışdılar. Dəniz, bulvar Cəlil müəllimin mənzilinin eyvanından apaydın görünürdü. «Qocalıram deyəsən, yoruldum gəzişməkdən, bəsdi, skamyada oturmaq mənə yaraşmaz, qayıdıram evə. Bulvar adamla doludu, bu əclaf hardan nəzarət eləyir mənə? Baxırsansa bax, əzizim, mən evə qayıdıram...»

- Axşamınız xeyir, Cəlil müəllim.

Qarşısındakı hündür, eynəkli adama aşağıdan-yuxarı baxıb:

- Aqibətin xeyir,- dedi. Gördüyünün sir-sifətini yadda saxlamağa dəyməzdi, çünki bütün albinoslar bir-birinə bənzəyir. - Sən idin mənə zəng vuran?

- Mən idim, - albinos sağ əlini irəli uzatdı. - Xoş gördük...

Cəlil müəllim gülümsünüb onun əlini sıxdı:

- Adın nədi sənin?

- Vaqif...

- Hə, mən tez-tez bulvara çıxıb gəzişirəm, - yavaş-yavaş yanaşı addımlayırdılar.

- Cəlil müəllim, səmimi olun, yoxsa söhbətimiz tutmayacaq, siz buralara çıxan adam deyilsiniz...

Cəlil müəllim müsahibinin dediyini cavbsız buraxdı.

- Sən doğrudan ürək oxuyursan?

Vaqif qımışdı:

- Ürəkoxuma nədi, sadəcə sizin yada saldıqlarınız mənim ovcumun içindədi, - Vaqif barmaqlarını açıb ovcunu əşyayi-dəlil kimi ona göstərdi. - Mən bilirəm hər şeyi, neçə il can çürütmüşəm bundan ötrü.

- Bəs telefonda dediyin sözlər: «Mən olan yerdə heç kəs yoxdu». Mən o kəlmələri tez-tez işlədirəm. Sən necə dedin onları sözbəsöz? Dünən gecə neçə dəfə gözümün qabağına gəldin...

- Adi telepatiyadı, telefonda dediklərimi birər-birər xatırlamıram da... - Vaqif qəfil söhbəti dəyişdi. - Yorulmamısınız ki? İstəyirsiniz çayxanada bir çay içək...

- İstəmirəm, - Cəlil müəllim ayaq saxlayıb yolun qırağındakı daş sürahidən tutduğundan Vaqif də dayanmalı oldu. - Söz vermişdin ki, söhbətimiz uzun çəkməyəcək.

Vaqif başını tərpətdi:

- Düzdü.

Cəlil müəllim ciddiləşdi:

- Eşidirəm səni...

Vaqif pencəyinin cibindən kağız çıxarıb ona uzatdı. Cəlil müəllim ağ kağızı alıb baxdı və çaşqın-çaşqın:

- Bu nədi? - soruşdu.

Vaqif:

- Orda yazılan rəqəm sizin öyrənəcəyinizin qiymətidi. Razısınızsa qulaq asın, anlaşa bilmiriksə, xudahafiz. Amma yadda saxlayın ki, məndən eşidə biləcəyinizi sizə heç vaxt, heç kəs deməyəcək.

- Bilirsən o kağızda nə yazmısan? Bəlkə məhşər gününün vaxtını dəqiqləşdirəcəksən mənim üçün?

- Təxminən. Amma məhşər günü hamıya aiddi, deyəcəklərimsə yalnız sizə..

Cəlil müəllim susub fikrə getdi, bir müddət dillənmədi, pencəyinin cibindən siqaret qutusunu çıxartdı, qutudan bir siqaret götürüb damağına qoyan kimi Vaqif onun siqaretini yandırdı və ovunun baş tuta biləcəyini duyub tamam ürəkləndi..

- Sizin bədxahlarınız o xəbərlərə daha çox pul verər. Ancaq arada sizin reytinqiniz durur. Mən...

- Bəsdi, bəsdi, bala...Mən uşaq deyiləm dilə tutasan, - Cəlil müəllim onun sözünü ağzında qoydu. - Gəl belə şərtləşək: sən bildiklərini danış, əgər doğrudan da qiymətlidisə, üç-dörd gün vaxt ver, dəqiqliyini yoxlayım, hər şey həqiqətən sən dediyin kimi olsa istədiyini alacaqsan...

* * *

Yenə kabinetində, masanın arxasında əyləşib fikrə getmişdi, Vaqiflə olan söhbətini götür-qoy eləyirdi. Şahmat fiqurlarını oynatsa da beyni məşğuldu, albinosun dedikləri qulağından getmirdi, o xırıltılı, yoğun və yorğun, bir az da özündənrazı səs təkrar-təkrar səslənirdi. Qulluqçu qadının qəfil gəlişi yerinə düşməmişdi, Cəlil müəllim qorxurdu ki, həmin səsi mətbəxdə biş-düş tədarükü görən qulluqçu eşidər. Ona «get» - deyə də bilmirdi, çünki beynindəkilər taqətini əlindən almışdı, eşitdiklərini bir daha yerli-yataqlı saf-çürük eləməmiş rahatlanmayacaqdı.

«Sənin oğluna snayper gülləsi dəyməyib...»

«Bəs?»

«O, özünü asıb...»

«Nə danışırsan, mənim oğlum qəhrəmandı... O, niyə özünü asmalıydı?..»

«Bunu siz yaxşı bilirsiniz, arada onun evlənmək söhbəti vardı...»

«Mən razılıq vermədim, o, baş götürüb evdən getdi, istədiyi ilə yaxınlıq elədi. Daha özünü öldürmək nəyə lazımdı, hə? Deyirlər, kəbin-zad da kəsdiribmiş...»

«Fırıldaqdı...Keçmiş şoferin sənin var-yoxuna sahib olmaq istəyir...»

İndi sakitcə - hələ tam sakitləşməmişdi – düşünürdü, amma orda, bulvarda Vaqifə qulaq asanda hirsini-hikkəsini boğa bilmirdi.

«Bəs sən kimsən, mənim barəmdə dosye yığmağı sənə kim tapşırıb?..»

«Mən peşəkaram, bunu sizə deyə bilməyəcəm. Bir cəhəti aça bilərəm ki, siz istefa verən kimi mənə bu işi tapşırdılar. Çünki sizə inanmırdılar, deyirdilər, bir-iki günlük kənara çəkilmədi, Cəlil müəllimin növbəti oyunudu. Amma sonra mənə verilən tapşırıqdan imtina elədilər, inandılar ki, bir də siyasətə, vəzifəyə qayıtmayacaqsınız. Haqqımı ödəsələr də mən heç bir işi yarımçıq qoya bilmirəm. Axıracan getdim, gecə-gündüz işlədim, doğulduğunuz kənddə də neçə dəfə oldum...»

«Uşaqsan sən, bala, belə görüşləri tünlükdə verməzlər. Şəhərin yarısı bulvardadı. Özünü oda atırsan, bala...»

«Narahat olmayın, indi siz heç kimə lazım deyilsiniz. Elə mən özüm də...»

Yaxşı ki, Vaqifin mobil telefonunun nömrəsini ala bildi - hərçənd buna gümanı gəlmirdi, görünür Vaqif çox arxayınlaşmışdı ki, sən darıxma, bala, qoy mən dediklərini yoxlayım, üç-dörd günə, uzaqbaşı bir həftəyə sənə zəng vuraram, görüşərik...

«Bala» da az aşın duzu deyildi, ayrılanda onu bir balaca qorxutmağı da unutmadı:

«Geciksəniz mən bildiklərimi qəzetlərin birinə ötürəcəm...»

Cəlil müəllim özünü toxtaq göstərdi:

«Gecikmərəm, bala, səbrli ol...» -«Amma ehtiyatı heç və’də əldən vermə, bala, ehtiyat igidin yaraşığıdı... » - axırıncı kəlmələri dilinə gətirmədi, elə beynində fırladıb şüuraltına ötürdü.

Belə-belə işlər, görəsən kimə lazımmış mənim haqqımda bilgilər, nə səbəbə axıracan getməyib? İnam-zad məsələsi boş söhbətdi, kim-kimi ləkələyə bilirsə ağına-bozuna baxmır, çünki çıxmayan cana ümid çoxdu. Hardan biləsən kimin işidi, kimin dəstəsidi. Tayfa, klan birdi, ikidi?.. Amma zaman göstərir mən bağımdan,vəzifəmdən əl götürməkdə düz eləmişəm. Gör ağlım necə itib yıb ki, doğma balamı son mənzilə yola salanda üzünə baxmamışam. Axı mürdəşir-filan da heç nə demədi. Nə ölüyuyan bazlıqdı, mən mürdəşir üzü gördüm? Çaşmışdım, yarıyuxulu kimi idim, anlamırdım ətrafımda baş verənlər rö’yadı, ya həqiqət. Əgər uşağın intiharı qəsdən döyüşdə canından keçən qələmində verilibsə, deməli, yuxarıların tapşırığı olub. Bəs niyə mənə bildirməyiblər?

Yazıq balam, əminə çəkdin sən. Bir ləçərə görə həyatını puç elədin. Vaqifin dedikləri doğru çıxsa Əhədullaya baha başa gələcək. Rahat yat, tifil balam. Sənin ölümünə baiskarlar rahat yaşaya bilməyəcək».

Siqareti külqabına basdı, külqabı siqaret kötükləri ilə, otaq tüstüylə dolmuşdu. Qulluqçu qapıda görünüb nə isə dedi. Qadının pıçıltısı kondisionerin səsinə qarışdığından Cəlil müəllim heç nə kəsdirməyib key-key ona baxdı, siqaret tüstüsü qadını dumana bürümüşdü:

- Nə deyirsən?

- Çay gətirim, Cəlil müəllim?

- Yox.

- Onda mən gedim?

- Get.

Qulluqçu səssiz addımlarla qapının ağzından çəkildi, sanki dumanda əriyib itdi. Cəlil müəllim yerində qurcalandı. «Kim idi o vaxt müdafiə naziri? Allah bilir, ayda bir nazir dəyişirdilər. Qaradaşlı idi deyəsən. O idi, ya Əhmədov? Yox, dəqiq Qaradaşlı idi, neçə gün əl çəkmədi yas yerindən. Bütün cümə axşamlarına gəlirdi. Əhmədovu onda it yerinə qoyan yox idi. Sonralar birdən-birə ortaya çıxdı o. İki-üç ay da nazir işlədi,işdən çıxarılandan sonra getdi Rusiyaya. Qaradaşlı hardadı? Bakıda...İşsizdi mən bilən. Müxalifətə keçib, arabir qezetlərə müsahibə verir, deyir ki, Qarabağ məsələsini bir aya həll eləyərəm...

Kimin yanında hərlənir Qaradaşlı? Deyəsən onlar Qarayevlə yaxındı, qohumluqları da çatır. Hər halda Qaradaşlını tapmaq çətin olmayacaq...»

Qalxıb telefonun dəstəyini götürdü. Axırıncı nömrəni yığmamışdan dəstəyi yerinə qoydu. «Gecənin xeyrindən gündüzün şəri yaxşıdı. Şeytana uyanlar qoymur allaha yaxınlaşasan...»Ağlına gələnlərdən diksindi, eyvana çıxıb qatlama stolun arxasında əyləşdi. Göyün üzü ulduzla dolmuşdu, havadan öləzik neft qoxusu gəlirdi, bu qoxu şəhərin gəlinlik libası idi və bu qoxusuz gəlin çılın-çılpaq görünərdi. Cəlil müəllim gözlərini səmaya dikmişdi. Çalışırdı ki, eyvandan aşağı baxmasın, aşağı baxmaq haçansa boşluğa yumbalana biləcəyini yadına salardı. Lakin deyəsən «yumbalanma» prosesi artıq baş vermişdi axı?..

* * *

Mən neyləməliyəm, neyləyə bilərəm, səhər açıldı yatdım-durdum, inanmırdım gözümə yuxu gedə, yatmaq nədi, mürgüləyəm, amma daş kimi yuxuya getdim, çoxdan belə yatmamışdım, maraqlı, gümüşü rəngli bir yuxu gördüm, aran-saran, dumanlı xatırlayıram, ancaq o yuxuda dədəm vardı, anam vardı, oğlum vardı, qardaşım vardı, Mahirə vardı, bir də tanıya bilmədiyim iki kişiydi, o kişilərdən birini əmimə oxşatdım, tanımadıqlarım kənarda küsülü kimi dayanmışdılar, heç bir səs-səmir gəlmirdi, sanki səssiz kinoya baxırdım, indi ağlıma gəldi, tanımadığım axsaç kişiylə əmimə oxşatdığımı deyə bilmərəm - bəlkə də əmim deyildi - bütün gördüklərim rəhmətə getmişdi, yəqin elə o iki nəfər də dünyasını dəyişmişdi, ölənlər yığışıb, öz aralarında məşvərət eləyib mənə çıxış yolu axtarırlarmış bəlkə?

Vaqiflə görüşəndən sonra özümü günahkar sayıram sənin ölümündə, mənim balam, amma yana bilmirəm, çünki çoxdan külə dönmüşəm, heç olmasa sən məni başa salaydın, mənim balam. Sən mənə röyada gördüklərimdən bir köynək yaxınsan axı, mənim balam. Sən balaca olanda əlindən tutub həyətdə gəzdirirdim, sən təzə-təzə yıxıla-dura yeriməyə başlamışdın, şəhərə möhkəm qar yağmışdı, anan səni bərk-bərk geyindirmişdi, mən səni həyətə düşürmüşdüm ki, ömrünün ilk qarını görəsən. Sən qara maraqla, mat-mat baxırdın, yorulmaq bilmədən ləngər vura-vura yeriyirdin, şaxta burnunun ucunu qıpqırmızı qızartmışdı, həyətdə uşaqlar çoxdu, hamısı səndən yekəydilər, qartopu oynayırdılar, xizəklə sürüşürdülər, ətrafı uşaqların şən qıy-qışqırığı bürümüşdü. Amma qəfil elə bil səs-səmir kəsildi, təxminən otuz-otuz beş yaşlarında qaraqaş, qaragöz, şümal bir qadın qarşımızda dayanıb kirpiklərini də qırpmadan sənə baxırdı, sən karıxıb qalmışdın. Mən o qadını çoxdan tanıyırdım, kəlmə kəsməsək də bilirdim ki, bizim binanın qabağındakı evdə yaşayır, özü də bizimlə eyni mərtəbədə - dörddə. Deyəsən tək yaşayırdı, mən onun balkonunda başqa adam-zad görməmişdim. Qadınla bir xeyli baxışdınız, balaca, totuq əlini mənim isti ovcumdan zorla dartıb çıxaranda əlcəyin qarın üstünə düşdü. Sən bunun fərqinə varmadın, öz aləminə qapılmışdın. Mən əyilib sənin əlcəyini yerdən götürdüm. Qadın sənə tamaşa eləməkdən yoruldu,gözlərini ovuşdurdu, sonra:

- Gözəl uşaqdı, - dedi. - Ancaq hayıf...- Azərbaycan dilində danışsa da qəribə ləhçəsi vardı, əcnəbilər bizim dildə elə danışır...

Qadın getdi. «Hayıf» kəlməsi qəlbimə toxunsa da cavab verməyə macal tapmadım. Bir həftə sonra eşitdim ki, qadın özünü yaşadığı mənzilin eyvanından atıb. Sonra onun mənzilinə başqa adamlar köçdü. Deyəsən qaraqaş, qaragöz qadın ölmüşdü. Sonralar bunu tamam unutdum. Sən dünyadan köçəndə, lap dəqiqi, sənin ölümünün yeddinci günü lapdan o hadisəni xatırladım. Kino lenti kimi keçdi gözümün önündən. İlahi, adi adamın bircə kəlməsi məqamı yetişəndə necə sirli-sehirli görünərmiş! Lakin «hayıf» sözünə mistiklik vermiş o qadın adi adama bənzəmirdi, adi adam iyirmi il qabaq bircə kəlməni zərgər dəqiqliyi ilə işlədə bilməzdi. Zaman və məkan eləydi ki, «hayıf»ı təsadüfün boynuna yıxmaq olmazdı, çünki yer üzündə təsadüfi heç nə baş vermir. Başa düşmədiyimizi təsadüflərin boynuna yıxmağa nə var ki? Ən əsası, niyə o qadın, o hadisə, oğlumun ölümündən yeddi gün sonra beynimin gizli xəzinəsindən aşkara çıxıb bütün varlığımı titrətdi. Hərdən stolun arxasında rahat-rahat əyləşəndə dirsəyimdəki seçilmiş nöqtə masanın küncünə dəyir, qolum qıc olur az qala, əlacsız-əlacsız ufuldayıram. Bu nədi ki, gözləmədiyim halda rahatlığımı əngəlləyib acizliyimi sadə bir üsulla sübut eləyir? Adına «əsəb nöqtəsi»-dən tutmuş nə deyirsən de. Əsas odur ki, gözlənilmədən alır başanın üstünü, zığlı sillə kimi dəyir adama. O qaraqaş, qaragöz qadınla bağlı hadisə yadıma düşəndə dik atıldım, sanki naşı stamotoloq dişimin əsəbinə toxundurmuşdu iynəni. Bəlkə ondan da betər. Diş həkiminin əlinin altında hansısa ağrını gözləyirsən, ağlagəlməz sancısa qəfil yağışdı, seldi, leysandı. O qaraqaş, qaragöz... Nə isə, göylərdən enmək zamanıdı. Mənə qaraqaş, qaragöz qadının haçansa dediyindən çox general Qaradaşlı ilə əlaqə yaratmaq lazımdı. Qoy görüm onun telefonunu hardan tapıram...

* * *

- Salamün-əleyküm, Cəlil müəllim...

Qaradaşlının səsini eşidib sevindi, telefonun dəstəyini qulağına sıxdı:

- Əleykəssalam, əleykəssalam, balam itirib axtarmırsan bizləri, bu necə dostluq, qardaşlıq oldu?

- Bu nə sözdü, sən həmişə mənim ürəyimdəsən, böyüyümüz, ağsaqqalımızsan, eşitdim məni axtarmısan, o saat zəng vurdum, nə qulluğun varsa hazıram.

- Çox sağ ol, əzizim, qul... - «Qulluq sahibi olasan» demək istəyirdi, tamamlamadı ki, birdən keçmiş müdafiə nazirinin, hal-hazırda işsiz-gücsüz olan generalın xətrinə dəyər. - Elə səni görmək istəyirəm...

Bayaqdan kefi doqquz vuran general şübhəli-şübhəli:

- Xeyir ola, Cəlil müəllim? - soruşub qulaqlarını şəklədi.

- Şərə lənət, ancaq və ancaq xeyir ola bilər bizim aramızda. Mənim haqqım yoxdu ki, ayda-ildə bir dəfə köhnə dostumu, can-ciyərimi görüm, söhbətləşim? Haralarda olursan sən?

- Beş ildi sərəncamda olan general harda girlənə bilər? Elə evdə, dost-tanışın arasında. Gələcək döyüşlər üçün güc toplayıram.

- Yaxşı fikirdi...

- Darıxma, az qalıb, axıraxırdı, hamı boğaza yığılıb...

Cəlil müəllim onun siyasətə keçmək istədiyini anlayıb tələsik dilləndi:

- Mən səni harda görə bilərəm?

- Nə vaxt?

- Elə bu gün.

O başda general fikrə gedib bir müddət susdu, araya sükut çökdü, aparat xırıldadı. Nəhayət:

- Bu günə ayrı planın yoxdu ki? - soruşdu.

- Yox mən pensioner adamam. Nə işim olacaq?

General zarafata saldı:

- Yaxşı tapışmışıq...

- Taylı tayını tapar, - Cəlil müəllim borclu qalmadı.

- Elədi, - general köksünü ötürdü, birdən-birə mətləb üstünə gəldi. - Axşam saat altıda blokun qabağında dayan, dalınca maşın gələcək.

İstədi desin narahat olma, hara deyirsən öz maşınımda gəlim. Amma fikirləşdi ki, Qaradaşlı ayrı cür yozar, guya, Cəlil müəllim onun göndərdiyi maşına əyləşməyə qorxur ki, hökumət adamlarından duyuq düşən-zad olar.Camaat qaşınmayan yerdən qan çıxarmağa öyrəncəlidi.

- Yaxşı, gözləyəcəm.

- Onda hələlik, Cəlil müəllim, görüşənədək...

- Hələlik...

Cəlil müəllim dəstəyi yerinə qoyub:

«Bunnan da kəlmə kəsməyə məəttəlsən, adamı zorla qarışdırır öz oyunlarına...» - fikirləşdi.

* * *

Qaradaşlının göndərdiyi maşın beş dəqiqə gecikdi. Həmin beş dəqiqədə Cəlil müəllim: «Görəsən özünü balkondan atan qaraqaş, qaragöz qadının adı nə idi? - düşünürdü.Qara,pəncərələri rəngli maşının gəlib düz qarşısında dayanmağı axtarışını yarımçıq qoydu. Əl atıb arxa qapını açmağa macal tapmadı. Sürücünün yanından keçəl bir oğlan düşüb cəld dal qapını açdı. Kənddə başını ülgüclə belə qırxdırana «danqır» deyərdilər. İşım-işım işıldayan baş yekəpər bədənə uyarsızdı - balacaydı...

Cəlil müəllim yerini rahatlayan kimi «danqır» qapını örtdü və keçib qabaqda, sürücünün yanında əyləşdi. Sürücü də yanındakı kimi danqır idi. Cəlil müəllim:

- Uşaqlar, hara gedirik? - soruşanda ikisi də birağızdan:

- Mərdəkana, - dedilər.

Cəlil müəllim: «Yəqin Qaradaşlının Mərdəkanda bağı var, - fikirləşdi.

- Onun malı-mülkü birdi-ikidi...»

Maşın sərin idi. İçəridə kondisioner işləyirdi. Yol boyu dillənən olmadı.

Cəlil müəllim yumşaq, rahat oturacağa yayxanıb mürgüləyirdi...

* * *

Mərdəkanda bağa yox, əzəmətli bir restorana gəldilər. Maşın restoranın həyətində dayanan kimi sürücünün yanındakı «danqır» tələsik arxa qapını açdı, Cəlil müəllim maşından düşəndə gördü Qaradaşlı önündə qollarını geniş açıb:

- Daraqoy, - general onu bərk-bərk qucaqladı, yanaqlarından öpdü.

Allah boy-buxun paylayanda Cəlil müəllim axıra qalmışdı, generalsa ilk sıralardaymış, indi də qabağa qaçmağının altını çəkirdi: Cəlil müəllimi qucaqlayıb öpmək üçün az qala ikiqat əyilmişdi.

- Kak ya rad... - general elə bil ən əziz adamını görmüşdü, min ilin həsrətlisiydi, gözləri də yaşarmışdı deyəsən.Cəlil müəllimə imkan vermirdi ağzını açsın, onun qoluna girib restoranın içinə gətirdi. - Gəl, gəl, bizim dərdləşməyimiz çoxdan lazım idi. Çünki ürəyimiz doludu.

Uzaqdan dəniz, sahil görünürdü, onlar ikinci mərtəbəyə qalxanda Cəlil müəllim fikir verdi ki, maşındakı «danqır»lardan restoranın həyətində çoxdu və deyəsən, Qaradaşlı burda tamam məhrəm adam idi.

* * *

Oğlu öləndən içməmişdi, ancaq generalla vururdu, Qaradaşlı ya həqiqətən istiqanlı adammış, ya da vəzifədən çıxmaq onu kövrəkləşdirmişdi. Stol üstündə quş südü desən tapılardı, kabinetdə rəngbərəng işıqlar yanıb sönürdü, həzin musiqi çalınırdı. İçəri sərin yox, soyuq idi, pencəksiz oturmaq mümkün deyildi.

- Nə var, nə yox, nəylə məşğulsan, niyə hamımızdan uzaq düşmüsən? Axı biz ağır günün dostu olmuşuq... Niyə axtarmırsan bizləri?

- Axtardım, - dedi Cəlil müəllim, - bu da nəticəsi, üzbəüz oturub yeyib-içirik, dərdləşirik...

- Əcəb elədin, axtardın, əcəb eləyib yeyib-içirik...- general qəhqəhə çəkdi.

Ofisiant təkrarən içəri girib, badələri doldurub getdi.

Cəlil müəllim dedi:

- Deyəsən burda rahat dərdləşə bilməyəcik axı, hə...

General:

- Narahat olma, - dedi, - hamısı bizim uşaqlardı. İstəyirsən deyim çağırmamış gəlməsin?

- Yox, zərər yoxdu... - içəridəki həzin musiqi ona özünü balkondan atan qadını xatırladırdı və qəfil Cəlil müəllimə elə gəldi ki, əslində o qadın heç vaxt tapa bilmədiyi yarısı imiş, Cəlil müəllim istəyirdi musiqi kəsilsin, ancaq dillənmədi.

- Cangüdənsiz gəzirsən, Cəlil... - general səmimiyyəti artırmaq üçün «müəllim» kəlməsini ixtisara saldı.

- Mənim heç vaxt cangüdənim olmayıb, başımızda bəla varsa, cangüdən nəkarədi?..

- Zəmanənin zayı çıxıb, daraqoy. Kimin kimdən xoşu gəlmir, sənnən iraq, başına bir güllə çaxır...

- Day mənim üçün fərqi yoxdu, mən itirdiyimi itirmişəm...

- Elə demə, Cəlil, elə demə.Allah balana rəhmət eləsin, hamımızın balasıydı o. Amma əl-qolumuzu uzadıb haqsızlıqla barışsaq bi-rinci o cavanın ruhu bizi bağışlamaz, - general hüznlü görkəm alıb kədərli-kədərli onu süzdü. - Atəşkəslə torpaq almaq olmaz, hamı bilir bunu. İstəyirsən göyə çıx, baş tutan sevda deyil, daraqoy. Camaatın güzəranı da pis gündə. Mamlı-matan qızlarımız Dubayda, İstanbulda, bığıburma oğlanlarımız Rusiya bazarlarında... Bəs sən, mən səsimizi çıxarmasaq kim dillənəcək? - Yeməkdən əl götürmüşdülər, şüşədəki araq yarıya çatsa da Qaradaşlı kefli-zad deyildi. - Sənin zəngin yerinə düşdü, biz çoxdan gözləyirdik bunu, - Cəlil müəllim anlamırdı general «biz» deyəndə kimləri nəzərdə tutur, ancaq aydındı ki, müxalifətin hansı qanadıylasa əlbirdi, belə incəliklərdən Elxan yaxşı baş çıxarırdı. - Böyüyümüzsən, ağsaqqalımızsan, Allah eləməmiş, ləkələnməmisən, yeganə oğlunu el yolunda, torpaq uğrunda qurban vermisən, hörmət-izzət sahibisən, düş qabağımıza, xalqı bu bəladan qurtar. Sənin bircə işarənə bənddi bütün vətənpərvər oğullar! Yığışarıq ətrafına...

- Bu xırda şeylərdi. Məni daha böyük məsələlər düşündürür...

- Mən elə lap böyüyü nəzərdə tuturam, böyüyümüz sən olacaqsan, - general əlini süfrəyə uzatdı. - Yediklərimiz mənə qənim olsun, səni bu xalqa başçı eləmək yolunda ölümə getməsək. A kişi, dünyagörmüş adamsan, neçə il neçə-neçə vəzifələrdə can qoymusan, şəraitdən istifadə eləyib xalqa bir gün ağlamasaq Allah bizi bağışlamaz… - general qızışıb qalstukunun düymünü boşaltdı və ağ köynəyinin birinci düyməsini açdı. - Nəyi gözləyirsən, a kişi?

- Sən məsələləri tündləşdirmə, şükür Allaha, camaat yavaş-yavaş dolanışığın təhrini tapır, həll olunmayan işlər də yoluna düşər asta-asta. Əgər millət nədənsə narazıdırsa gələcəkdə kimi istəsə özünə başçı seçə bilər. İndi demokratiyadı, istəsək də, istəməsək də o yolnan gedirik, - Cəlil müəllimin aram danışmağı generalın köpünü aldı və o, çar-naçar razılıqla başını tərpətdi. Bu arada ofisiant qapıda göründü, Qaradaşlı əli ilə ona işarə elədi ki, gəlmə, geri qayıt, ofisiant görünməz olan kimi otaqdakı həzin musiqi kəsildi.

- Düzgünlük olsa millət bir nəfər kimi sənə səs verər.

- O sonrakı söhbətdi, seçkiyə bir igidin ömrüycə qalıb. Nisyə haqq-hesabdı, kim bilir sabah nolacaq? Mən başçı-maşçı olmaq da istəmirəm. Başçı olmaq istəyən o boyda vəzifədən könüllü istefa verib, gedib evində oturmazdı. Məni daha böyük məsələ maraqlandırır.

Qaradaşlı narahat-narahat yerində qurcalandı. «Bu kişi dəmləşib nədi, prezidentlikdən də böyük məsələ var?»

- Buyur, Cəlil müəllim, - həvəssiz-həvəssiz rəsmiyyətə keçdi. - Dinləyirəm səni... - və diqqət kəsildi.

Cəlil müəllim siqaret yandırdı:

- Bilirsən, əzizim, - siqaretdən dərin bir qullab vurub tüstünü havaya buraxdı, - burda özgəsi yoxdu, mən səni doğmam, can-ciyərim bilməsəydim, açıq danışmazdım.

Qaradaşlı təsdiqlədi:

- Elədi, daraqoy, biz bir adamıq, - amma dalağı sancmışdı, müsahibinin ağzına marıtlamışdı.

Cəlil müəllim siqareti külqabının içinə qoyub alışqanı oynada-oynada davam elədi:

- Məndə olan məlumata görə bizim rəhmətlik uşağa...

General onun sözünü kəsdi:

- Allah rəhmət eləsin.

- Allah ölənlərinə rəhmət eləsin. Bizim uşağa snayper gülləsi dəyməyib...

Qaradaşlı udqundu, hulqumu qalxıb endi, sifətindəki öləzik təbəssüm tamam silinib getdi.Əl atıb stolun üstündəki piyaləni birnəfəsə başına çəkdi. Su boğazında qaldı, nədisə, çeçədi, cib dəsmalını çıxardıb ağız-burnunu sildi. Elə ağzını silə-silə guya, sözarası:

- Bəs kimin gülləsi dəyib? - soruşdu.

- Onu sən yaxşı bilərsən... - Cəlil müəllim soyuq-soyuq cavab verdi. General ağız-burnunu sildiyi dəsmalı alnına sürtdü, sanki istidən tər puçurlanmışdı alnında.

- Sən bilmirdin?

- İndi bilirəm.

- Mənə belə baxma, Cəlil, mən neyləmişəmsə sənin xeyrinə eləmişəm.

- Mən səni günahlandırmıram, - Cəlil müəllim əlindəki alışqanı stola qoydu. - Ancaq mənim də qabaqcadan bilməyim pis olmazdı.

- Mən hardan biləydim ki, sən xəbərsizsən? Milli təhlükəsizlik nazirliyində də bilirdilər bunu. Dedim onlar bilirsə, sən də xəbərdarsan. O vay-şivəndə təzədən danışıb yaranı qoparmağın nə mənası vardı?

- Özünü təmizə çıxarma, səni suçlamıram. KQB-filan öz yerində, sən mənə bir köynək yaxınsan axı...

Qaradaşlı köksünü ötürdü:

- Daraqoy, hər nə olubsa, xeyirliyədi. Onsuz da uşaq ölmüşdü. Təsəvvür elə ki, biz o uşağı gözümüz üstə saxlayırdıq.

- Bilirəm, sənin müavininə tapşırmışdım.

- Müavin kimdi, özüm nəzarət eləyirdim oğlana. Gündə neçə müxbir göndərirdim yanına. Qəzetdən, radiodan, televizordan. Döyüşlərin şıdırğı vaxtı əsl təbliğat vasitəsiydi sənin oğlun. Cəlil müəllimin yeganə oğlunun cəbhədə vuruşmağı kasıb təbəqəyə əyani dəlil-sübutdu; görürsüz varlıların, vəzifə sahiblərinin də balaları torpaq uğrunda mübarizəyə qalxıb. İndi qeyrət dəmidi, torpaq hamımızındı. Hər gün sənin oğlunun növbəti şücaəti barədə informasiya verirdi mətbuat. Ancaq təhlükəsizlik nazirliyinə də, müdafiə nazirliyinə - yəni şəxsən mənə - tapşırılmışdı ki, o uşağı qorumaq bir nömrəli vəzifəmizdi. Bizim üçün ən uca yüksəklikdən əhəmiyyətli idi bu. Onun döyüşdə nə işi vardı. Arxada pişim-pişimlə qoruyurduq uşağı. İşlər əla gedirdi, amma kimin ağlına gələrdi ki, düşmən gülləsindən qoruduğumuz uşaq özü öz əlilə kəndiri boğazına keçirəcək? Eşidən kimi dünya gözümdə qaraldı, təcili vertolyotla uçdum hadisə yerinə, cəbhəyə... Gördüm təhlükəsizlik naziri də ordadı, qaş-qabağını elə sallayıb çırtma vursan qanı damar. Mən başımı itirmişdim, bilmirdim neyləyim, əslində bu ideya təhlükəsizlik nazirinindi. Hazır gəlmişdi Bakıdan. Ekspertiza dəstəsi-zad da gətirmişdi özüylə. Bütün cəbhələrdə döyüşlər səngimirdi, baş o qədər qarışıqdı ki, təhlükəsizlik naziri məndən tədbirli tərpənmişdi. Deyəsən, ona da yuxarıdan vermişdilər ideyanı. Rəhbərliyi o, eləyirdi. Mən özümü təmizə çıxarmıram, ancaq yenə təhlükəsizlik nazirinə tərəfəm. Ölən əlimizdən gedib, durub həqiqəti aləmə faş eləyək; hamıya nümunə kimi göstərdiyimiz qəhrəman sevgilisindən məktub alıb, oxuyub, özünü asıb. Hər şey bir qırağa, sən nə qazanacaqdın, Cəlil? İndisə işlər elə düzülüb qoşulub ki, yüz ildən sonra da balamız qəhrəman kimi yada salınacaq. Hər şey yerli-yerindədi, ekspertiza rəyi, ölüm arayışı, bütün sənədlər qaydasında. Döyüşün şıdırğı yerində alnına düşmən gülləsi dəyib... Necə deyərlər bu daş, bu tərəzi, şübhəlisən diqqətlə bax. Amma iş elə gətirdi ki, kənar adamları meyitə yaxın qoymadıq...

Cəlil müəllim külqabına qoyduğu siqaretin külə dönüb söndüyünü görüb siqaret qutusunu açdı. Hiss elətdirmək istəməsə də siqaret yandıranda əli yüngülcə əsdi, ancaq general ona fikir verəcək halda deyildi.

- Sən nə danışırsan, «diqqətlə bax» nə deməkdi?

Qaradaşlı baxışlarını qaçırıb gözlərini məchul bir nöqtəyə zillədi:

- De, de, üstündən gör neçə il ötüb, mən sənin yanına dost, qardaş kimi gəlmişəm.

- Sən meyitə baxmışdın?

- Necə ki? - Cəlil müəllim siqaretin tüstüsünü havaya buraxıb gözlərini müsahibinə zillədi.

Qaradaşlı köynəyinin ikinci düyməsini açdı:

- Baxsan da bir şey anlamazdın. Hərbiçi deyilsən axı... Onu profesionallar bilər ancaq. Bağışla, Cəlil, yaranı qopardıram, amma indi ki, məni özünə dost, qardaş sayırsan deyəcəyəm, - general qısaca ara verib özünü yığıb yığmaladı. - Alnındakı güllə meyitə vurulmuşdu, uşaq dünyasını dəyişəndən sonra. Elgözünə, hər ehtimala qarşı... Baxan kimi bilinirdi, yaxından, bir addımlıqdan vurulduğuna görə... Həm də canlıyla cansıza dəyən güllədə yernən göy qədər fərq var axı...

Cəlil müəllim özünü saxlaya bilməyib inildədi:

- Yazıq balam...

General ağır-ağır:

- Qisməti beləymiş, - dedi. - Yazan belə yazıbmış. Qəbri nurnan dolsun...

Cəlil müəllim gözlərini süfrəyə dikib siqaretini sümürdü, nədənsə, Qaradaşlının üzünə baxmaq istəmirdi...

* * *

Gecə yuxu dərmanı atmışdı. Bilirdi ki, yoxsa, yata bilməyəcək. Həb təsirini tez göstərmişdi - yəqin içkinin də köməyi vardı - daş kimi yuxuya getmişdi. Səhər gec oyanmışdı.

Yerinin içində sağa-sola qurcalanıb tənbəl-tənbəl əsnədi. Axşamkı içki başağrı-zad da vermirdi, əyyam dəyişmişdi, xırda-para problemlərə çarə tapılırdı. Qalxıb yuyundu, qurulana-qurulana mətbəxə keçmək istəyəndə qapının zəngi çalındı. Səhər-səhər qulluqçu gəlirdi həmişə.

Qulluqçuya tapşırdı ki, kofe dəmləsin, özü isə balkona çıxıb «xala xətrin qalmasın», yalançı bir idman eləyirdi ki, telefonun zəngi çalındı. Elxan idi, salam-kəlamsız soruşdu:

- Bugünkü «Gələcək» qəzetini oxumusan?

- Yox, nə var ki, orda?

- Oxu, mən yarım saata sənə zəng vuraram.

Cəlil müəllimin yadına Vaqif düşdü. Axı razılaşmışdılar ki, bir həftə vaxt versin.

- Yenə ucundan-qulağından...

- Oxu, yarım saatdan sonra danışarıq, - Elxan dəstəyi yerinə qoydu. Cəlil müəllim mətbəxə gəlib qulluqçuya:

- Fatma, - dedi, - düş həyətə, qəzet köşkündən bugünkü bütün qəzetləri al.

- Yaxşı.

«Deyəsən, məsələ qəlizləşir,» - Fatma qayıdınca Cəlil müəllim eyvanda bir siqaret çəkdi. Ayrı vaxt səhər-səhər ac qarına siqareti yaxın qoymazdı. Amma «Gələcək» qəzetindəki özü balaca başlığı böyük, gözəgirən yazını oxuyub qəhqəhə çəkdi. Soyumuş kofeni birnəfəsə başına çəkdi, qulluqçu dən düşmüş saçlarını alnından itələyib çar-naçar qımışdı.

- Oyunun olsun, Elxan, - Cəlil müəllim yazıya bir də baxdı.

«Cəlil müəllimlə general Qaradaşlı «Nur» restoranında nədən danışdılar?»

Demə, onlar dünən axşam ölkədəki siyasi-iqtisadi durumu müzakirə eləyiblərmiş. Və axırda belə qərara gəliblər ki, bundan sonra ayda bir dəfə görüşüb məsləhətləşmələr aparsınlar.

Yazının sağında onun, solunda Qaradaşlının şəkli verilmişdi. Vəssalam...

Məlumatın general tərəfindən məqsədli sızdırıldığına şübhə yox idi. Yəqin Elxanı da bu hövsələdən çıxarmışdı ki, qatar gedir, Cəlil müəllimi gözaltı eləyiblər. Cəlil müəllim Qaradaşlı təmsil elədiyi adamlarla danışığa başlayıb...

«Qaradaşlı pis adam deyil, kefkomdu, amma marığa yatıb, harda işıq ucu gördü istifadə eləməyə çalışır. Onsuz da indi dəstə-məstə, partiya-filan başaldadıcı buferdi, hərə özünə işləyir.Ayının min oyunu bir armudun üstündədi...»

Eyvandakı qatlama stolun arxasında əyləşmək istəyirdi ki, telefon zəng çaldı. «Elxandı...» - fikirləşdi.

- Fatma, - dedi ucadan. - Telefonun dəstəyini gətir.

Səhv eləməmişdi. Elxan yenə salam-kəlamsız mətləbə keçdi.

- Oxudun?

- Oxudum...

- Necədi?

- Yaman operativ işləyir.

- Zarafata salma, bəs sən bilirsən o qəzetin arxasında kimlər dayanır, o paqonlu - Qaradaşlını nəzərdə tuturdu - kimlərlə əlbirdi?

- Bilmirəm.

- Bəs bilmirsən ki, torpaqlarımızın itirilməyində onun da suçu böyükdü?

- Bilmirəm, Elxan, bilmirəm. Bircə onu bilirəm ki, mənim bir oğlum vardı, onu da torpaq, vətən uğrunda qurban verdim.

Elxan sakitləşdi:

- Allah rəhmət eləsin...

- Allah ölənlərinə rəhmət eləsin...

- Bu gün işim çoxdu, ancaq sabah mütləq görüşək. Sənnən əməlli-başlı danışmalıyıq...

- Partiya rəhbərləri niyə özlərindən cəm halında danışırlar, baş açmıram...

- Zarafat eləmə, kefim yoxdu. Sən uşaq kimi səhvlər eləyirsən... Sabah mütləq görüşək, sonra gec olar...

- Buyur gəl, qapım dostların üzünə həmişə açıqdı...Səninlə şahmat da oynayaram.

- Onda sabahacan. Hələlik...

- Hələlik...

«Bu hay-küyü də yatırtdıq. Qaldı Vaqiflə bağlı həngamə, - Telefonun dəstəyini stolun üstünə qoydu. - Onun Qaradaşlı tərəfindən öyrədilməsi, dünənki görüşün qurma olması absurddu, ağlabatan deyil. Çünki albinos peşəkara oxşamırdı. Əlindəki kartları o dəqiqə yerə atmaqla yüngülbeyinliyini göstərdi. Üstəlik bulvarda, izdihamlı yerdə görüş, görüşün sonunda uşaq kimi xox gəlmə... Görünür, pul qoparmaq istəyəndi, ayrı məqsədi yoxdu. Elə bilirdim onu Xəlilin ölümü-filan maraqlandırır, demə, adicə şantacçıymış... Məlumatı hardansa əldə eləyib. Neynək, ona göstərərəm başqasının işinə burun soxmaq nə deməkdi. Sonra qalır Əhədullagillə haqq-hesabı çürütmək...»

- Fatma...

Qulluqçu eyvana çıxdı:

- Nədi, Cəlil müəllim?

- Mənə bir çay gətir...

Fatma:

- Baş üstə, - deyib gedirdi ki, Cəlil müəllim onu saxladı:

- Dayan görüm,- telefonun dəstəyini stolun üstündən götürüb qulluqçuya uzatdı. - Bunu apar qoy yerinə, mobil telefonumu gətir...

Qadın telefonun dəstəyini alıb getmək istəyirdi ki, Cəlil müəllim yenə dilləndi:

- Özün də get evə, birisigün gələrsən...

Qulluqçu sevincək:

- Yaxşı, - dedi.

Cəlil müəllim mobil telefona baxırdı,çay içirdi, həyətə boylanırdı, tanrı ondan boy-buxunu, qədd-qaməti əsirgəsə də səhhəti qaydasında idi, onun yaşıdları çoxdan ora-burasını tutub şikayətlənirdilər. Elə Elxanın özü xəstəliklərini sadalayanda uzun bir siyahı alınırdı. Hardansa oxumuşdu ki, onun kimi çəlimsiz adamlar çox yaşayır. Göz dəyməsin, yaxşı qalmışdı. Hərdənbir yuxusuzluqdan əziyyət çəkirdi, onun da çarəsi balaca bir həbdi. Mobil telefonu götürüb əlində sanballadı, guya birinci kərəydi gördüyü, telefonun çəkisini yoxlamaq fikrindəydi. «Görəsən qarlı gündə qabağımızı kəsən qaraqaş, qaragöz qadının adı nə idi? O dünya deyilən şey var görəsən?»

Siqaret yandırmaq istədi, qutunu otağında qoymuşdu.Ayağa qalxmağa ərindi. Ona elə gəldi ki, qalxsa bir də heç vaxt belə rahat əyləşə bilməyəcək. «Şeytana uyanlar qoymur allaha yaxınlaşasan...» Neçə gündü təkrar-təkrar, ritmik-ritmik beyninə dolan bu kəlmələr bir də yadına düşdü...

«Mən balaca olanda dədəm vardı, anam vardı, əmim vardı, qardaşım vardı, sonralar əmim arvadı gözəllər gözəli Mahirə vardı, - əstəğfürüllah, istəsə də, istəməsə də Mahirəni olmuşların arasından silmək mümkün deyildi və lapdan ona elə gəldi ki, başındakı bədbəxtliklərin bünövrəsi Mahirə zamanından qoyulub, Mahirə qoyub özülü, amma bu saat Cəlil müəllimin ürəyində rəhmətlik əmisi arvadına qarşı zərrəcə kin-küdurət yox idi, - sonra arvadım, oğlum vardı, doğrudanmı mən onları bir də görməyəcəm?» - Qəribədi, o, Mahirəni də görmək istəyirdi...

Düymələri basıb Əfqanın nömrəsini yığdı. «Mənəm, Əfqan...Sağ ol, yaxşıyam. Axşam bir mənə dəy... Elə evdə gözləyəcəm səni... Yaxşı, hələlik...»

Bir az da oturub armudu stəkandakı soyumuş çayla nazik dodaqlarını islatdı, sonra tənbəl-tənbəl qalxdı ayağa, getdi otağından siqaret gətirməyə...

2001

# 1923 dəfə oxunub

Müəllifin son yazıları

# # #