Tanış küçələrdə - Qismətdən YENİ ŞEİRLƏR

Tanış küçələrdə - Qismətdən <span style="color:red;">YENİ ŞEİRLƏR
18 mart 2016
# 15:01

Kulis tanınmış şair Qismətin yeni şeirlərini təqdim edir.

Böhran günləri üçün kaskad

İki dəfə bahalaşıb təbəssüm.

Qəzəbdə də bədxərclikdən qaçmalı.

Bircə öpüşlərdə… yaşasın israf!

Ara-sıra gözlənilməz günəşlər

qımışsa da buludların dekoltesindən,

iki dəfə bahalaşıb təbəssüm.

Dişləri görünən adamlar çoxalıb,

görən əsəbdəndi, yoxsa sevincdən?

Qəzəbdə də bədxərclikdən qaçmalı.

Bir az təbəssüm saxlamalı sabahlar üçün,

Bir az da qəzəb atmalı qara günlər üçün daxıllara.

Bircə öpüşlərdə… yaşasın israf!

Tanış küçələrdə

Axşamüstü saat beş radələrində,

sənədsevər dövlət idarələrində

içindəki şeiri qanunsuz silah kimi

hamıdan gizlədən bir adam

tez-tez saatına baxmağa başlayır;

bir pişik miyoldayır divardakı kölgəsinə,

qalstukunu boşaldır,

dünəndənqalma bir ümid tapıb başını qatır…

Öz adı başqa olan qadınlar küçəsindən keçib düşünür:

çoxdandır yorğun təbəssümlər ayıdır,

ödənişli səadətlər həftəsi.

İndi onun fikrincə,

dostların yarısı xərçəngdən gedib,

yarısı təkəbbürdən…

İndi o bilir ki,

mövsümlərin dəyişməsini çiçək dükanları,

yolların uzunluğunu siqaret qullabları ilə ölçdüyü adam

meşələrin birində ağaclara qonşudu.

Axşamüstü saat beş radələrində,

bir adam mövsümləri masasındakı

təqvim yarpaqlarından cırıb atmağa başlayır.

Bir azdan tanış küçələrdən birində,

əlləri ciblərinin,

gözləri eynəyinin dərinliyində çırpınarkən,

başını qaldırıb buludlara baxacaq və gülümsəyəcək.

Qrammatika

Təbəssümlə tərəddüd arasında susurdu,

telefonuna baxırdı yalandan, üzüsulu.

Səliqəsiz xətlə yazılmışdı

gözlərinin baxmaq üsulu…

Amma çox keçmirdi ki,

dodaqları sətirdən sətirə keçirdi,

nəfəsi sətirdən sətrə keçirdi,

otaq sətirdən sətrə keçirdi,

şəhər sətirdən sətrə keçirdi,

dünya sətirdən səirə keçirdi…

Hara gəldi vergül qoyurdu saçları,

əlləri tez-tez “də”ni bitişik yazırdı,

utancaq-utancaq soruşurdu:

mübtəda ilə xəbər uzlaşırmı?

Zaman haqqında efirə getməyənlər

İstəsəniz, montajda kəsərsiniz.

Keçmiş yaddaşımızda olan qədərdi,

bundan artığı…

Üzümüzü həmişə keçmişə tutduq deyə,

gələcəyə arxamızı çevirdik.

Amma sonraya saxlamasaydıq,

işıq dirəklərinə qonan göyərçinlərin səsini,

körpələrin gülüşünə inansaydıq birinci gündən,

Bu Günü elə Bu gün yaşasaydıq,

onda Zaman axsaq addımlarla

yanımızdan ötüb keçməzdi…

Yağış yağdı, yağmadı,

günəş doğdu, doğmadı,

çay evlərinə tərəf ambulans tələskənliyi ilə

qaçır adamlar, dillərində eyni cümlə:

“Gedək vaxt öldürək”.

Cəmi bircə şəkli olan qocanın dediyi kimi,

“sözlər də ikiüzlüdürsə…”

və həm də “insan öz dilinin altında gizlidirsə…”,

demək,

hamımız qatilik bir az, ən azı dildə.

(Mikrofonunuz işləmirdi, lütfən təkrar…)

Fevral triyolesi

Fevral gecəsində külqabım dolu…

Qar yağır, şəhərin gözləri sulu…

Eyvandakı boş zivələr yellənir…

İztirabım pərdə-pərdə dillənir,

Bəyaz bulud ağ buludnan döllənir,

Qar yağır, şəhərin gözləri sulu…

Yollar uzaq, darıxmaqsa havayı,

Hamı yatıb, küləklərdən savayı,

Yoxdu nə İstanbul, nə də qağayı,

Fevral gecəsində külqabım dolu…

Şənbə günü saat 12-də

Yağış şəhəri güllə-baran edir.

Gedir,

sağ əlində çətir tutmuş bir adam gedir

Nazim Hikmət küçəsilə üzü aşağı.

Göydələnin bahalı kölgəsindəki

evlərin pəncərəsindən

fikirli gözlər zillənir küçəyə.

Qab-qacaqlı,

qaş-qabaqlı xanımların gözləri…

Fikrinin çəkməcəsində

“ehtiyat üçün” bıçaq gəzdirən taksi şoferi

sarıköynək avtomobilin pəncərəsindən

topdan və pərakəndə satışla söyüş satır.

Dabanları şişmiş, düymələri düşmüş,

qırmızı vedrəsi moruqla dolu bir uşaq

üzü yağışa tərəf qaçır.

Elə bil, yox olmaq istəyir yağışın içində…

Külək buludları kart kimi qarışdırır.

Vicvicə keçir gölməçələrdən,

suların üzü qırışır…

Sağ əlində çətir tutmuş adam

Nazim Hikmət küçəsilə üzü aşağı gedərkən,

(düz tapdınız, yəni mən)

üşüyür və düşünür:

Axşamlar Cavid parkında

bir qocanı gəzdirməyə çıxarır nəvələri.

Başı təslim bayrağıtək sağa-sola yellənir;

elə bil ölümün “Gedəkmi?” sualına

“Hələ yox” – deyir.

Nazim Hikmət küçəsilə üzü aşağı gedən adam

dostlarının yanına tələsir qayğılı addımlarla;

ən sadiq dostlarının – kitabların yanına…

sim-sim.az

# 1269 dəfə oxunub

Müəllifin son yazıları

# # #