Ah, Smerdyakov, ah! - Ülvi Babasoy yazır

Ah, Smerdyakov, ah! - Ülvi Babasoy yazır
17 fevral 2016
# 11:21

O.Pamukun yeni romanı haqqında

(Bizlərə Türkiyəni, Nazim Hikmət və Atatürkü... sevdirən Can Dündara ithaf olunur)

“The Times Literary Supplement”ın “min ilin ən yaxşı kitabı” sualına Orxan Pamukun cavabı heyrət və maraq doğurdu. Pamuka görə, min ilin ən yaxşı kitabı “Karamazov qardaşları”dır. Çünki bu romanı “atamızı öldürmək istəyimizi və qardaşımıza olan qısqanclığı yaşayırmış kimi oxuyuruq”.

“Karamazov qardaşları” paradoksal həyat təcrübəsinə güzgüdür. Dostoyevskinin həyatını addım-addım güdən ekzistensial təcrübələr “çoxsəsli roman”a çevrildi.

“Bu dünyadakı yerimizi, həyatın mənasını, eşqi, qardaşlığı, Allahın varlığı və yoxluğunu adi bir fikir olaraq deyil, həyəcanla, sarsıdıcı bir hiss olaraq” ifadə edən romana.

Dostoyevski “Karamazov qardaşları”nın dramında tarixin və həyatın hər bir dövründə doyumsuz şəhvətini doyuzdurmağın axtarışında olan insanı anlamağa çalışırdı. Roman Tolstoy, Kafka, Kamyu və Sartrı... özünə heyran etdi. Freydin “Dostoyevski və ata qatili” psixoanalizi “Karamazov qardaşları”nın aktuallığını daha da artırdı.

“Ata və oğul” münasibətləri “Karamazov qardaşları” romanında qərb-xristian dünyagörüşünə daha yaxındır. Orxan Pamuk “Qırmızı saçlı qadın” romanında şərq və qərb mühitinin vəhdəti fonunda “ata və oğul olmağın sirlərini” müasir həyata köçürür. Dəyərlərin bir-birinə qarışdığı sənayesonrası dövrdə şərq və qərb bölgüsü yoxa çıxır. Hələ hadisələr dünyanın mərkəzində yerləşən, multikultural şəhər İstanbulda baş verirsə...

Pamukun “Dostoyevski” essesi çox sentimental əhvalda yazılıb. “Başaq rənglər” kitabının ən təsirli esselərindən olan “Dostoyevski” “saf və düşüncəli romançının” şəxsi və ədəbi dünyasının incə sirlərini ifadə edir. Çünki Pamukda da Dostoyevski kimi atasına qarşı kin var. Ancaq Dostoyevskidən fərqli olaraq, Pamkukun “kini” daha çox ata qayğısının azlığından doğan ruh halıdır. Ata avtoritarizmini qəbul etməməkdir.

“Dostoyevski”dən ilham alan Pamuk modern dastan yazır. “Qırmızı saçlı qadın” Sofoklun “Çar Edip” tragediyası ilə Firdovsinin “Şahnamə”sinin dekonsrtuksiyasıdır. Pamuk “Qara Kitab” və “Mənim adım qırmızı” romanlarından sonra yenidən sənətlərarası əlaqə yaradır.

“Qar” və “Məsumiyyət muzeyi” romanlarında zəifləyən postmodern elementlərin qabarıqlığı hiss olunur. “Qırmızı saçlı qadın” romanında hər bir hadisə tarixdən məlum olan bir çox mətnlər və rəsmlərlə ünsiyyətə girir.

Roman qəhrəmanı Cemin Avropanın müxtəlif sənət muzeylərinə səyahəti “tarix və əfsanələrin taleyimizə təsir gücü”nü xatırladır. Unudulmuş və ya unudulmaqda olan qədim mətnlərin əslində həyatımızın içində yaşaması tablolaşdırılır.

“Qırmızı saçlı qadın” romanında qədim mətnlər və rəsmlər müasir dövrdə yaşanan arxetip, təkrarlanan mifik yaddaşdır. Hər kəsin özünü və atasını bu və digər səviyyədə gördüyü roman axıcı və şeirsəl tonda nəql edilən həyat ritualıdır.

“Qırmızı saçlı qadın” eramızdan əvvəl və orta əsrlər dövründə baş verən şüur və intuisiya arxetipini təkrarlayır. Ataların oğulların üzərində ağalığı, avtoritarizmi və oğulların atalara olan kin və nifrəti Pamukun qəribə və əyləncəli üslubunda maraq doğurur. “Qırmızı saçlı qadın” romanı Dimitri Karamazovun atası Fyodor Pavloviçə bəslədiyi nifrətin yeni cildə girmiş formasıdır.

Pamuk Dostoyevskidən fərqli olaraq, ataya olan inam və inamsızlığın sirrini çözməyə çalışır: “Atasız böyüsən, dünyanın bir mərkəzi və sərhədi olduğunu anlamaz, hər şeyi edə biləcəyini sanarsan... Amma bir müddət sonra nə edəcəyini bilməz, dünyada bir məna, bir mərkəz tapmağa çalışar, sənə “yox” deyəcək birini axtarmağa başlayarsan”. (Kırmızı Saçlı Kadın. Y.K.Y. İstanbul. Şubat 2016. s, 161)

Pamuk bu məqamda Freydi üstələyir, atalı və atasız olmağın psixoanalizini verir. Atasız olmağın sərbəstliyi ilə atalı olmağın məhdudluğu qarşılaşdırılır.

Dostoyevki oğulların qarşısına əxlaqsız və qəddar atanı çıxarmaqla dramatik gərginlik yaradır. Həyatı mimezis estetikanın kanonlarına tabe edir. Dimitrinin nifrəti və İvanın özündənrazı halı Paveli qatil etməmişdimi? Elə isə gerçək qatil kimdir? Nevroz və epilepsiya tutmaları arasında çabalayan Pavel? (Axı Pavelin soyadı Karamazov deyil.) Yoxsa gəlişigözəl, patetik nitqlər söyləyən İvan? Bəlkə əyyaş və xəsis atanın özü?

Bəs atasını öldürüb anası ilə evlənən Edipə nə deyək?!

Doğmaca oğlunu öldürən Rüstəmin taleyi isə Pamukun fırlanan, dövrə vuran ritual kəfkirində yer dəyişir. Bu dəfə oğul qatil olur.

Calvinonun narahatlığı

“Əslində yazıçı olmaq istəyirdim. Amma danışacağım hadisələrdən sonra geoloq və podratçı oldum. Oxucularım hekayəmi danışmağa başladım deyə, hadisələrin sona çatıb geridə qaldığını da sanmasınlar. Xatırladıqca hadisələrin içinə daha çox girirəm.”, (s. 9) “Qırmızı saçlı qadın romanı” elə ilk cümlədən oxucuda maraq oyadır. Yazıçı olmaq istəyib əvəzində geoloq olmaq?

Bu cür başlanğıc təsadüfi deyil. Romanın giriş cümləsi ilə Quyu qazan Mahmud usta və köməkçisi Cemin hekayəsi arasında simmetrik uyğunluq var.

Pamuk Heminqueyin “Qoca və dəniz” romanında qocanın fırtınalı dənizlə, təbiətlə apardığı mübarizəyə göndərmə edir. Əslində yazıçı olmağın “iynə ilə quyu qazmaq kimi çətin olduğuna” eyham var. Pamukun 40 il boyu “Qırmızı saçlı qadın” romanını yazmaq haqqında düşünməsi maraqlı faktdır.

Orxan Pamuk 40 il əvvəl “Cevdet bəy və oğulları” romanını yazarkən yaşadığı binanın qarşısında quyu qazan iki nəfərə rast gəlir. Həmin şəxslərdən kiçik bir müsahibə alan gənc romançı illərcə bu mövzu haqqında düşünür. İran və Yunanıstana səfərlərində qeydlər aparır.

Sigmund Freud'in “Karamazov qardaşları” romanı haqqında yazdığı məqaləni oxuyur. Edipin atasını öldürməsi və Rüstəmlə Söhrabın kədərli hekayəsinə müxtəlif romanlarında ötəri də olsa, toxunur. Nəhayət, romanı yazmağa 2015-ci ilin yanvar ayında başlayır.

İstanbulun son yarım əsrdəki mədəni inkişaf və dəyişilmə prosesini boza satıcısı Mövludun həyatı fonunda təsvir edən “Kafamda bir tuhaflık” romanından bir il sonra nəşr olunan “Qırmızı saçlı qadın” sürpriz ədəbi hadisə oldu.

“Qırmzı saçlı qadın” romanı İstanbul yaxınlarında kiçik bir qəsəbədə yaşayan ailənin həyatından bəhs edir. Ailə başçısı Akın 1980-ci illər Türkiyəsinin qarışıq siyasi atmosferində sol görüşü təmsil edir. Əczaxana işlədən Akın 1980 hərbi çevrilişi zamanı həbs edilir və o gündən sonra geri qayıtmır.

Cem atasız yaşamağın yollarını öyrənməyə başlayır. Atası yanında olanda ondan xüsusi bir qayğı görməyən Cem yenə də atası üçün çox darıxır. Pamuk atasız uşağın ekzistensial vəziyyətini, çarəsizliyini ən kiçik detallarınacan təsvir edir. İstanbulda yaşamaq çətinləşir, ana və oğul şəhər kənarındakı qəsəbələrdən birinə - Gebzeyə köçürlər. Gebzeyə alışa bilməyən Cem yay aylarında Beşiktaşda satıcı işlədiyi kitab dükanında qalmağa başlayır. Bu zaman çoxlu kitablar oxuyur. Jül Vernin “Yerin mərkəzinə səyahət”, Edqar Ponun hekayələri, müxtəlif şeir kitabları Cemin xəyal dünyasını genişlədir. Yazıçı olmaq fikirləri daha da qızışır.

Gebzedə quyuqazan Mahmudla tanış olan Cemin həyatı və taleyi dəyişir. Universitetə qəbul imtahanlarına hazırlaşa bilmək üçün pul lazımdır. Cem lazım olan pulu qazanmaq üçün Mahmud usta ilə birlikdə İstanbul yaxınlarındakı Öngərənə quyu qazmağa gedir. Hekayəni nəql edən Cemin (Doğurdan, o danışır? “Bəyaz qala” romanındakı kimi olmasın?)

“Əslində yazıçı olmaq istəyirdim. Amma geoloq və podratçı oldum”, cümləsi dinlərin alın yazısı və tale ilə bağlı hökmlərinə işarədir. Din və əfsanələrin “alın yazından xilas ola bilmərsən” hökmü romanın predmeti olur. Pamuk da “Qırmızı saçlı qadın” romanının “püf nöqtəsi dini mövzulardır”, deyir.

Romanda 3 fərqli zaman var. Birincisi, Pamukun romanı yazmaqla bağlı səyləri, ikincisi Cemin atalı və atasız keçən illəri, üçüncüsü təhkiyəçinin hadisələri danışdığı zaman.

Umberto Econun Düma və Coys romanları arasında get-gəllərlə izah etdiyi “təhkiyə meşələrindəki gəzinti” Pamukun roman yazmaq prosesinə uyğun gəlir.

“Bəyaz qala” romanını xatırlayaq. XVII əsr Osmanlı dövründə türklərə əsir düşən Venesiyalı tacirlə osmanlılı xocanın macəralarla dolu hekayətini. Bu qəribə hekayəti kimin danışdığını Pamukun özü belə, “bilmir”. O zaman hekayəti kim danışıb?

Eko həmin şəxsi “emprik təhkiyəçi” adlandırır. “Emprik təhkiyəçi” Dümanın “Üç müşketyor” romanına əyləncəlilik, Coysun “Uliss”inə ciddilik bəxş edir. Pamuk bu ikisinin ortasındadır.

“Qırmızı saçlı qadın” romanına dördüncü bir zaman müddətini əlavə etmək istəyirəm. Pamukun romanı yazdıqdan sonra müxtəlif mətbuat orqanlarındakı çıxışlarını, oxucularına romanla bağlı fikirlərini böyük bir səmimiyyətlə danışdığı zaman müddətini. Məhz bu zamana tamamlayıcı zaman deyə bilərik.

Bütün zamanların unudulmaz romançısı Italo Calvino'nun roman sənətinin gələcəyi ilə bağlı narahatlığı Pamukun çoxsəsli üslubunda rahatlıq və arxayınlığa çevrilir.

Calvino'nun “roman ölmədi, formasını dəyişdi” proqnozu Pamukun 40 illik roman yaradıcılığında yeni və maraqlı quruluş sərgiləyir. Tarixin və sənətin mozaikasından doğan polifonik bir quruluş.

Tarixin unudulmayan yaddaşı

Atası tərəfindən tərk edilən Cem, Mahmud ustanın amiranə davranışlarını qəbul etməklə etməməyin arasında qalır. Atasızlıq Cemi Mahmud ustaya yaxınlaşdırır. Mahmud usta Cemə bir ata kimi təzнiq göstərməklə yanaşı, qayğısını da əsirgəmir.

Quyu qazma işi Cemi həyata hazırlayır. Günlərlə quyu qazan usta və şəyirdi heç bir müsbət nəticə əldə etmir. Mahmud usta hər şeyə rəğmən, qazma işinə davam edir. Ustanın səbr və dözümü heyrətvericidir. “Mədəni dəyişilməni” təsvir etməyi çox sevən Pamuk “Mənim adım qırmızı” və “Kafamda bir tuhaflık” romanlarında olduğu kimi unudulmuş bir məşğuliyyəti, peşəni yada salır.

Cem və Mahmud ustanın sərt qayalara külüng vuraraq mübarizə aparmaları, gündüzləri qızmar günəşlə, gecələri aylı-ulduzlu səma ilə ünsiyyətə girmələri olduqca təsirli peyzajlarla təsvir edilir. İnsanın təbiətlə mübarizəsi və eyni zamanda təbiətin ayrılmaz bir hissəsi olması xatırlanır. Cem quyu qazıldıqca Allaha yaxınlaşdıqlarını hss edir. Səmavi dinlərə görə göylərdə olan Allah Pamukun yeni, postmodern yozmununa tuş gəlir. Cem Allahı yerin mərkəzində axtarır.

Öngörəndə Cemin həyatını dəyişdirən hadisə özündən 17 yaş böyük qırmızı saçlı qadına aşiq olmasıdır. Səyyar bir teatrda aktrisa olan qırmzı saçlı qadın gözəl səsi və cazibədar bədəni ilə Cemin ağlını başından alır. Artıq Mahmud ustanın acılı sözləri və ağır quyu qazma işi Cem üçün xoşdur, çünki aşiqdir. Cem və qırmzı saçlı qadının eşq macərası Mario Vargas Llosa'nın “Culiya xala və ssenari müəllifi” romanını yada salır. Özündən iki dəfə böyük olan qadına aşiq olmağın cazibəsini.

Səyyar teatrda dövrün müxtəlif reklam çarxları parodiya edilir. Teatrın xüsusi tamaşası “Şahnamə”dəki “Rüstəmin oğlu Söhrabı öldürdüyü” səhnədir.

Qırmzı saçlı qadın Söhrabın anası rolunu canlandırır. Aktrisanın yanğılı səsi teatra qırmzı saçlı qadının bədəninə tamaşa etmək üçün gələn avara kişiləri belə, hönkür-hönkür ağladır. Qırmızı saçlı qadın (Gülcahan) Cemin ilk eşqi və ilk cinsi təcrübəsi olur.

Cemin bir qəza nəticəsində Mahmud ustanı quyuda ölümə tərk edib qaçması oğulun atanı öldürməsi kimi yozula bilər. Həmin gündən sonra yazıçı olmaq istəyən Cem “Geologiya mühəndisliyi” ixtisasına qəbul olunur. Ayşə adlı bir qızla evlənir. Ayşə ilə evlilikdən sonra ölkənin ən zəngin iş adamlarından olsa da uşaqları olmur. Bəlkə Cem də atasını öldürən Edip kimi lənətlənir? Cem İranın paytaxtı Tehrana gedərkən Rüstəmlə Söhrabın hekayətini daha dərindən öyrənir. Yunanıstanda Edipin tale ssenarisi yazılmış Thebai şəhərini gəzir.

Pamuk Mahmud usta və Cemin quyu qazmasını, Səyyar teatrlardakı ab-havanı, ata və oğul qatili olan Edip və Rüstəmin hekayətini tarixin ən gözəl və unudulmayan yaddaşı romanda yenidən dirildir. Müasir həyatımızı ədəbiyyat, nağıl və əfsanələr işıqlandırır.

Cemin elektron poçt ünvanına gələn gözlənilməz məktub hər şeyi alt-üst edir. Məktubu yazan şəxs illər öncə ilk cinsi təcrübə yaşadığı qırmızı saçlı qadından olan oğlu Ənvərdir. Ənvərlə görüşə gedən Cem təsadüf nəticəsində oğlu tərəfindən öldürülür.

Cem və Ənvər xarakterlərinə psixoanalitik baxış

Cem doğma atasından qayğı görmədiyi üçün Mahmud ustaya sığınır. Ancaq Mahmud ustanı öldürdüyünü düşünəndə həbsə girmək qorxusu ilə hadisə yerindən qaçır. O gündən sonra ata qatili olmaq hissi Cemi qara kölgətək izləyir. Freydin “Karamazov qardaşları”, “Çar Edip” və “Hamlet” haqqında psixoanalizlərini dəfələrcə oxuyur. Cemin həbs olunmaqdan qorxub Mahmud ustanı ölümə tərk etməsi atasızlığın verdiyi güvənsizlik, qorxu dolu davranışların təxtəlşüura diqtəsidir. Freydin Ediplə bağlı fikirlərini tez-tez xatırlayır. Xüsusən Edipin atasını öldürməsininin qəsdi bir hadisə olması ilə bağlı fikirləri. Çünki ata avtoritarizmi dözülməzdir.

Ənvər də ata qayğısından məhrum, içinəqapalı və aqressiv böyüyür. İlkin uşaqlıq dövründə onunla maraqlanmayan Turqayı atası bilir. Daha sonra Turqaydan boşanan Gülcahan oğluna şəfqət və sevgi göstərsə də birtərəfli böyüyür. Atasızlıq Ənvərə sərbəstıik verdiyi kimi, inamsızlıq, nifrət və dikbaşlıq da aşılayır.

İllərcə yığılan kin və nifrət, aqressiv davranışlar istəməyərək də olsa, Ənvəri ata qatili edir. Ənvərlə bağlı bir sirri də açım: Bir nağıl kimi şirin, bir faciə qədər acı olan “Qırmızı saçlı qadın” romanının “gerçək” yazarı, təhkiyəçisidir.

Cemin ölümündən sonra atası ilə bağlı bütün hadisələri Ənvərə danışan Gülcahan bu haqda roman yazmağı məsləhət görür. Çünki bu roman eyni zamanda Ənvərin müdafiə mətni olacaq.

Kitabın üz qabığına fikir versəz, Dante Rossetti'nin “Regina Cordiuam” tablosunu görəcəksiz. Ancaq kitabdakı tablonun kəsilərək yapışdırıldığı aydın görünür. Bu, qırmızı saçlı qadının oğluna verdiyi “Regina Cordiuam” nüsxəsidir, kəsilib sonra yapışdırlan nüsxə.

Yox, yox əslində bütün bunlar ən oyunbaz və maraqlı romançı Orxan Pamukun postmodern oyunudur. Hərçənd ki, hər zaman oxucunu baş verən hadisələrin sadəcə bir roman olduğuna inandırmaq istəyir, ancaq bir o qədər də kitabın həqiqətlərini qabardır.

Bir az da tənqid edək

“Qırmızı saçlıç qadın” romanında “yeşilçam” türk filmlərinin ab-havası var. Bu ab-hava nostaljiyə parodiyə şəklində olsa maraq doğurardı. Ancaq hadisələrin bəsit şəkildə baş verməsi, süni quramaçılıq halları çoxdur. Mövcud Türkiyə gündəminə toxunan hadisələr (əslində hadisə yoxdu, sadəcə mülahizələr var) diqqət çəkmir.

Türkiyənin İran kimi konservativ, mühafizəkar dövlət halına gətirilməsi ilə bağlı heç bir səhnə yoxdur. Fikir və ittihamlar bədii mətn üçün keeçərli deyil. Təkcə jurnalistlər və kürdlərin həbs edilməsi ilə bağlı təsvirdə real hadisələr işıqlandırlıb. Onu da eşqlə bağlı şirin və təsirli yazıların müəllifi Can Dündarın Silivri həbsxanasında yazdığı həqiqətlərlə tutuşduranda görürük.

Əlbəttə ki, ədəbiyyat nə siaysi, nə də sosial bir tribuna deyil. Hər hansı bir yazıçının siyasi və sosial problemlərə müraciət etmək kimi öhdəliyi yoxdur. Pamukun buna meyil etməsi və natamam ədəbi şərhi olduqca zəifdir.

Peşmanlığın gözəl sonu

“Qırmızı saçlı qadın” romanında Edipin hekayəsi Qərbin demokratiya və sərbəstlik düşüncəsini təmsil edir. Edipin atasını öldürməsi atanın ağalığını qəbul etmək istəməyən qərb düşüncəsini təmsil edir.

Qərbli bir gənc özünü dərk etdiyi andan etibarən azad və sərbəstdir. “Çar Edip” indiki qərb insanının şüur və davranışının genetik ötürücüsüdür. Rüstəm və Söhrabın həyatı şərq tabularının bədii ifadəsidir. Ataların ağalığı və oğulların mutiliyi dəyişilməz və “müqəddəs” şərq qanunları. Məhz bu səbəbdən qərb hekayələrində oğul atanı, şərq əfsanələrində ata oğulu öldürür.

Pamuk hadisələrin mərkəzinə qadın obrazı yerləşdirir. Qırmızı saçlı qadın gəncliyində Cemin atasının sevgilisi olur. Ondan illər sonra Cemlə yaşadığı bircə gecəlik yataq macərasından hamilə qalır. “Çar Edip”də gözəl İokastenin yaşadıqları biraz dəyişilmiş formatda qırmızı saçlı qadının başına gəlir. Mifik yaddaş durmadan təkrar olunur. İnsanın cinsi arzuları, ailədaxili ünsiyyətlər, inseslər, peşmanlıq hissi, alın yazısı və bütün bunların mərkəzində yerləşən inanc sistemi Pamuk qələmində modern arxetipə çevrilir.

“Qırmızı saçlı qadın” romanında Jean Ingres və Gustave Moreau'nun “Edip və Sfniks” tablolarına postmodern göndərmə var. Hər iki rəssam Edipin Sfnikslə görüşünü çəkir.

Pamuka görə, Edipin atasını öldürməsi və anası ilə evlənməsi Qərb sənətinin diqqətindən kənarda qalıb. Daha doğrusu, bu həssas mövzuya qarşı bir fobiya yaranıb. Təkcə kino sənətinin böyük inqilabçısı Pazolini Edipin anası İokaste ilə sevişdiyi anı ən çılpaq səhnələrlə ekranlaşdırır.

Bu məqamda Ingres və Moreau'nun tablolarına şərh vermək istəyirəm: Sofoklun “Çar Edip” əsərində göstərmək istədiyi əsas məsələ Edipin acı taleyi deyil. Bu taleyi yaşamaqğına səbəb olan tanrıların (Qədim Yunanıstandakı çoxallahlıq nəzərdə tutulur) yazdığı alın yazısıdır. İnsanın durmadan bilik və məlumat əldə edərək tanrı səviyyəsinə yüksəlməsinə çalışmasının zəruriliyidir.

“Edip və Sfinks” tabloları həmin həssas anı ölümsüzləşdirir. Edip Sfinksin mürəkkəb suallarına cavab verməklə qalib gəlir. Ancaq tanrıların yazdığı taleyə məğlub olur. Deməli, insan hələ tanrı səviyyəsinə yüksəlməyib.

Pamuk “Qırmızı saçlı qadın” romanının mərkəzində insan və tanrı münasibətləri dayanır. İnsan bir şeyə həddən artıq bağlanır və inanırsa ondan qurtuluşu yoxdur. Əslində həyatımızı tanrı deyil, özümüz müəyyən edirik. Peşman olmaq isə ən nəcib duyğudur. Peşman olmaq gözəl bir sonluqdur. Ənvər atasını öldürdüyü üçün çox peşman olur.

Həmin peşmanlığın nəticəsi “Qırmızı saçlı qadın” romanıdır. Yazmaq və xəyal etmək. Necə də gözəl bir sonluqdur.

Elə bu an özünü qatarın altına atan Anna Kareninanı xatırlayıram. Kareninanın ölümü çox gözəldir. Çünki peşmandır. Siz də sevin, anacaq peşman olmayın.

Peşman olmamaq diləyi ilə! /oxuzali.az/

# 1513 dəfə oxunub

Müəllifin son yazıları

# # #