Anarın namizədliyinə nə dedilər? -SORĞU

Anarın namizədliyinə nə dedilər? -SORĞU
13 iyun 2014
# 14:24

Kulis.Az yazıçılardan AYB sədri, Xalq Yazıçısı Anarın qurultayda namizəd olmasına münasibət bildirməsini xahiş edib. Cavabları təqdim edirik.

Yazıçı Əkrəm Əylisli: Bu siyahıdakı adamların orta yaş həddini hesablasaq, 55-60 yaşdır. Müstəqillik dövründə yetişən ədəbiyyatçılardan bir nəfərin də adı siyahıda yoxdur. Bu yaşda adamların sədrinin 80 yaşlı olması təəccüb doğurmamalıdır. İnsan 80 yaşında vəzifədən gedə bilmir və bunu, ikinci adamın mövcud olmamağı ilə izah edir. Onun sədrliyi dövründə ədəbiyyata gələn iki nəsilin içindən bir adam tapılmırmı? Bu da mənim üçün anlaşılmazdır.

Yazıçı Seyran Səxavət: Mən Anara səs verəcəm. Anarı qoyub Elxan Zala səs verəsi deyiləm ki? Ehtiyac yaransa çıxış da etməyi fikirləşirəm.

Yazıçı Etimad Başkeçid: Anarın yenidən sədr olaçağı bəlliydi onsuz da. Qurultayın öz ənənəsinə uyğun şəkildə, aqressiv susqunluq şəraitində keçiriləcəyi də bəllidir. Anar müəllim II Fiopsun rekordunu təzələmək fikrinə düşsə belə, heç zaman heç bir maneə ilə üzləşməyəcək. yuxarılardan «Yaxşı yol!» diləkləri onun üzünə oxunmayınca. Ona görə də, bu qurultay nizamnaməyə dəyişiklik edib, Anar müəllimi ömürlük sədr təyin etsə daha məntiqli olar, yazarlar dağa-daşa düşməz, birdəfəlik işlərini bilərlər. Bir az da irəli gedib, Anar müəllimi «Bütün Qafqazın yazıçılar birliyinin sədri» elan etmək olar. Hər şey onu göstərir ki, Nəriman Əbdülrəhmanlının istefasına ironik münasibət (hərçənd bunu daha istedadlı ifadə etmək mümkün idi) sərgiləyən təşkilatımız yumor hissindən məhrum deyil.

Şair Zahir Əzəmət: Hesab edirəm ki, Anar gəncdir, onun AYB sədri olması, yaradıcılığı üçün böyük stimul verər, tanınar, kitabları satılar. Ona görə dəstəkləyirəm. Ümumiyyətlə, təklif edirəm ki, qurumun adı bu qurultayda dəyişdirilsin və Anar Yazıçılar Birliyi olsun.

Tənqidçi Aydın Xan Əbilov: Anarın getməsi AYB-nin indiyə qədər qoruduğu nüfuzun və formalaşdırdığı imicin dağılmasına apara bilər. Anar çox düzgün olaraq son 10 ildə daha da genişləndirdiyi kreativ islahatları davam etdirməli, dövlətimizlə, onun ayrı-ayrı qurumları ilə yaradıcı insanların münasibətlərindəki körpü rolunu oynamalıdır. Türk Dünyası Yazıçılar Birliyinə rəhbər seçilən Anarın AYB-nin sədri kimi qalmasına böyük əksəriyyətimiz dəstək vermişik və düşünürəm ki, o, buna layiqdir.

# 2578 dəfə oxunub

Müəllifin son yazıları

# # #